Sonsuz savaş sürəci
Rusiyadan sonra Osmanlı ilə ortaya çıxan barış bağlaşması başladığı reformaları uğurla başa çatdırmaq baxımından Abbas Mirzə üçün böyük önəm daşıyırdı. Ona Rusiya ilə gözlənilən savaşın 10-15 il ertələnməsi gərək idi. Bu sürəcdə o, uğurlu revormalar sonucu olaraq ölkəni ekonomik baxımdan qalxındıracağını, ordunu yetərincə gücləndirəcəyini düşünürdü. Belə düşüncələrlə də Abbas Mirzə ruslarla barışı saxlamaq, 10-15 il sürdürmək üçün əlindən gələni edirdi. Qafqazdakı Rusiya yetkililəri ilə görüşüb-qonuşur, onlara sovqat verir, barışı saxlamaq üçün gərəkən nə varsa hamısından yararlanır, yararlanmağa çalışırdı.
Bu arada Rusiyada da Qacarlar dövləti ilə barışı saxlayacaq olaylar baş verirdi. 1826-cı ildə imperator Aleksandr öldü. Onun yerini qardaşı I Nikolay tutdu. Bu çağlar Rusiyada dekabristlər üsyanı baş vermiş, Rusiyanın başı iç sorunlarına qarışmışdı. Türküstanda da yeni siyası sürəc başlayırdı. Birada iki qoçun – Rusiya ilə İngiltərənin – başı bir qazana təpilmək istəyirdi: Türküstanda Rusiya ilə İngiltərə baş-başa gəlməkdə idi. Buna görə də hələlik Araz çayınadək tutduqları ilə yetinən Rusiya başlıca gücünü Türküstana yönəldirdi. Üstəlik, I Nikolayın Yermolova antipatiyası vardı. Elə buna görə də o, tezliklə Yermolovu Qafqazdan uzaqlaşdırdı. Yermolovun yerinə general İ.F.Paskeviç göndərildi. Bu çağlar Abbas Mirzənin diplomatik çalışmaları sonucu olaraq Talışla Muğanı dinc yolla geri qaytarmaq boyun olunmuşdu.
Abbas Mirzəni savaşdan çəkindirən bir də Qacarlar dövlətinin Rusiya boyda gücün qarşısında tək qalması idi. Bir daha demək gərəkir: Osmanlı ilə savaş yenicə bitmiş, indiyədək Qacarlara yardımda bulunan Fransa yenilib sıradan çıxmış, İngiltərə yeni, daha aktual geopolitik amacına uyğun olaraq, bağlaşma borcundan yayınmağa başlamışdı. Ortada Abbas Mirzənin özünə bəlli başqa ilginc faktor da vardı. Avropalı danışmanları ona dönə-dönə tapşırmışdılar: Avropa yöntəminə (yöntəm – üsul) yenicə alışdırmaq istədiyin ordunu Avropa sistemini mənimsəmiş, Avropa texnologiyası ilə donatılmış ordu ilə savaşa soxma! Bu sayaq uzman uyarmaları baxımından da Abbas Mirzə I Pyotr reformalarının sonucu olaraq Avropa ordu sistemini çoxdan mənimsəmiş, Avropa ordu texnologiyasına çoxdan yiyələnmiş rus ordusu ilə belə tez savaşa girmək istəmirdi. Bütün bu obyektiv, subyektiv nədənlər üzündən o, 10-15 illik bir çağ uduşuna çalışırdı.
Abbas Mirzə ruslarla diplomatik çalışmalarını sürdürməklə, rus yetkililərlə yaxınlaşmaqla yetərlənmir, gec-tez böyük savaş başlayacağını göz altına alaraq durmadan gözlənilən savaşla bağlı gərəkən işləri görürdü. Bu işlərsə Təbrizdə başlayıb, İrəvanda bitirdi. Abbas Mirzə Rusiya qarşısında öndayağa – forposta çevrilmiş İrəvana ayrıca önəm verir, onun əldən getməməsi, düşmən qarşısında duruş gətirə bilməsi üçün çox çalışırdı. Di gəl, burada o, İrəvan elbayı Hüseyn xanla toqquşmalı olurdu. Qacarlar soyundan olan Hüseyn xan döyüşkən adam adı qazanmışdı. Ancaq hər baxımdan qoca Hüseyn xan özünün gerilikçi düşüncəsi üzündən yenilikçi-reformist Abbas Mirzəni düşmən gözündə görürdü. İrəvan xanlığının birbaşa şahlığa bağlı olması Hüseyn xana ayrıca status qazandırdığından o, Abbas Mirzəni çox da eşitmirdi. Şahlıqdakı durum isə Abbas Mirzəni bütünlüklə dışlayan durum idi.
Belə bir atalar sözü var: “Dığdığ qardaşı qardaşdan ayırar”. Bilməyənlər üçün: dığdığ dedi-qodu, arası kəsilməyən söz-sov deməkdir. Abbas Mirzənin reformist uğurları ölkənin gerilikçi, yeniliyə düşmən kəsimini özündən çıxarır, onlar – başlıca olaraq din xadimləri, ağalıq adamları – bu reformaları durdurmaq üçün durmaz dığdığla şahı başdan çıxarırdılar. Onlar Abbas Mirzəni necə olur olsun ruslarla savaşa sürükləməklə işi bitirmək, bu yolla Abbas Mirzədən can qurtarmaq istəyirdilər. Bundan ötrü onlar bir yandan Abbas Mirzəni dığdığla şahın gözündən salır, o biri yandan şahın özünü qızışdırıb ruslarla savaşa sürükləyirdilər. Şah da öz sırasında Abbas Mirzədən yapışır, onun ruslarla savaşa başlamasını istəyirdi. Abbas Mirzə ordunun hələ yetərli döyüş bacarığı qazanmadığını bildirəndə atası onun ordusundakı yenlikləri – qıvraq Avropa ordu geyimindən tutmuş, gündəlik taktiki çalışmalaradək hamısını – ələ salıb gülürdü. Şah Abbas Mirzə ordusunun gündəlik taktiki çalışmalarını “gülünc idman oyunu” adlandırırdı. Şahın qohumu, özünə yenicə baş vəzir elədiyi Allahyar xan da Abbas Mirzənin gerilikçi düşmənləri sırasında başlıca yer tutmaqla, ölkəni ruslarla savaşa sürükləyirdi. Abbas Mirzə bir belə düşmən gücün qarşısında, demək olar, təkbaşına düruş gətirməli olurdu. Ancaq bu sürəc uzun çəkmədi. Ortaya Abbas Mirzənin əl-qolunu bütünlüklə bağlayan aşılmaz əngəl çıxarıldı. Din xadimləri Abbas Mirzəni, Abbas Mirzə yandaşlarını susdurmaq üçün belə bir fətva verdilər: “Ruslarla savaşa qarşı çıxan kafirdir, dindən çıxmışdır, öldürülməsi gərəkdir”. Savaşan, Abbas Mirzə komandanlığında Azərbaycan ordusu olacaqdı, savaş üçün fətvanı din xadimləri verirdi: hamılıqla Ölkə, Ordu quruculuğundan qıraqda qalan, savaşdan uzaqda duran… din xadimləri!
Ortaya istər-istəməz Abbas Mirzəyə qarşı yönəlmiş başqa bir faktor da çıxmışdı. Başlanğıcda könüllü olaraq Rusiya ağalığı altına keçmiş bir çox xanlar Rusiyadan gözlədiklərini görmədiklərindən qaçıb Təbrizə doluşmuş (üç yüzlük, beş yüzlük atlı qoşunları ilə), Abbas Mirzəyə sığınmışdılar. Yalnız itirdiklərini, başqa cür desək, rusların gəlişinədək olan ağalıq yetkilərini qaytarmaq üçün alışıb-yanan bu adamlar da Abbas Mirzə düşmənlərinə qoşularaq savaş körüyünü basanlardan olmuşdular. İndilikdə, ruslardan öc almaq üçün harın at kimi yüyən gəmirən, “savaş başlasın, görün rusların başına nə oyun açırıq” deyən bu adamlar tezcə savaş başlamasını istəyən bir çox başqa ağalıq adamları, din xadimləri kimi, az sonra Abbas Mirzəni savaş meydanında tək qoyacaqdılar…
Şah savaşı
Çoxsaylı qızışdırmalardan, yalançı-gopçu “mənəm-mənəmliklərdən” sonra savaşa yararsız, yeyib-yatmış ordusu ilə şah özü savaşı başlamaq istəyində bulunmuşdu. Buna görə o, böyük bir ordu ilə Azərbaycana gəlmişdi. Şahın ordusu dirək ordusu olaraq dəyərləndirilsə də, dirək ordusu o deyil, Abbas Mirzənin yaratdığı Azərbaycan ordusu idi. Elə savaşın ağırlığı da başlanğıcdan Azərbaycan ordusunun üzərinə düşdü.
Abbas Mirzə ordusunu Gəncə üzərinə yönəltmiş, Gəncəni geri qaytarmaq üçün plan qurmuşdu. Qarabağlı erməni general Veniamin Mədətov ermənilərdən partizan qrupları yaratmışdı. Bu qruplar Azərbaycan ordusunun keçib getdiyi yerlər boyunca gözlənilməz basqınlar yapmaqla ordunu itkiyə uğradırdılar. Ruslarla ilkin toqquşmaların birində Abbas Mirzə 1000 rus çəriyini tutsaq götürmüşdü. O, çəriklərdən bir neçəsinin başının kəsildiyi sorağını alınca, baş kəsənlərin güllələnəcəyini bildirməklə bu vəhşi görənəyə son qoymuşdu.
Başlıca ordu güclərini Gəncəyə yığan ruslar buradan gərəkən döyüş bölgələrinə yardım yollayırdılar. Abbas Mirzə Gəncəni ələ keçirməklə rusların başlıca ordu güclərini yenib aradan qaldırmış olacaqdı. Gizli planı ələ keçirib general Paskeviçə çatdırmaqla, ermənilər Abbas Mirzənin planını alt-üst etdilər. Bir yandan savaş planının ələ keçirilməyi, o biri yandan başlayan yağış, üstəlik, rusların qabaqlama girişimləri Abbas Mirzə ordusunun tezliklə yenilib geri çəkilməsinə gətirib çıxardı.
Baş vəzir postuna gətirilib Asəf-əd Dövlə kimi gurultulu ada yiyələnən Allahyar xan komandanlığındakı qoşun da, başqa şah qoşunları da hər yerdə yüngülcə bir çatışma nədənilə rusların qabağından çəkilməklə bütün ağırlığı Azərbaycan ordusunun üzərinə salmışdılar. Ruslarla savaş meydanında başlıca olaraq başında Abbas Mirzənin iki oğlu (Cahangir Mirzə, Bəhram Mirzə) ilə durduğu Azərbaycan ordusu qalmışdı. Arxadan – şah qoşunundan yardım olsaydı, rusları yenmək oardı. Yardım olmadı.
Abbas Mirzə ordunun qalanını Arazdan keçirib yeni savaş üçün toparlamağa başladı. Gəclər adlanan yerdə Abbas Mirzə ordusu ilə rus ordusu arasında yeni savaş başladı. Kazaklar aldıqları tapşırığa uyğun olaraq, bu savaşda necə olur olsun Abbas Mirzəni sağ ələ keçirməyə çalışırdılar. Bundan ötrü onu bir neçə yol qısqaca da saldılar. Abbas Mirzənin bayraq tutanlarından neçəsi öldürüldü, neçəsi tutsaq düşdü. Çərikləri canlarından keçməklə Abbas Mirzəni dönə-dönə ölümdən, ələ keçməkdən qurtardılar. Kazakların nəyə çalışdıqlarını başa düşən Abbas Mirzə tutsaq düşməmək üçün atdan enib çəriklərilə birgə düşmənlə savaşa atıldı. Ölüm-dirim savaşı gedirdi. Rus ordusu ilə Azərbaycan ordusu iç-içə vuruşurdu. Qılınc, süngü savaşı başlamışdı. Abbas Mirzə savaşın ortasında idi. Özü qabağa düşməklə, çəriklərini ölənədək savaşmağa çağırmışdı. Sevimli komandanlarını savaşın ən qızğın yerlərində görən hər bir Azərbaycan çəriyi bir aslana dönmüşdü. Can qorxusu unudulmuş, mənlik duyğusu başa vurmuşdu. Topdan qılınca, tüfəngdən süngüyə keçilmişdi. Abbas Mirzə özü də gərəkirkən qılıncı, gərəkirkən süngünü işə salmaqla çəriklərini daha da qızışdırırdı. Bu savaşda o, ruslarla sonadək vuruşmağı kəsdirmişdi. Özü bir çərik kimi ölüm-dirim savaşına atılaraq, çəriklərinə də sonadək savaşmaq buyruğu vermişdi.
***
Abbas Mirzəni sağ ələ keçirməyin olamaz olduğunu görən düşmən onu öldürmək yolu seçmişdi. Ruslar bu savaşda Abbas Mirzəni öldürmək üçün çox çalışdılar. Azərbaycan çərikləri özlərini güllə, süngü, qılınc qabağına atıb canlarından keçməklə sevgili komandanlarını sonadək qorudular. Qırılsa da yenilmək bilməyən Azərbaycan ordusu ilə savaşda saysız itki verən ruslar savaşı dayandırmalı oldular. Çərikləri, yaralansa da savaşı sürdürən sevgili komandanı əlləri üstündə savaş meydanından çıxardılar. Asəf-əd Dövlə Azərbaycan ordusuna yardıma gəlmək yerinə, qoşunu ilə birlikdə savaş meydanını qoyub qaçmışdı. Bu savaşla bağlı yazdığı memuarlarında general Paskeviç başlıca amaclarının Abbas Mirzəni sağ ələ keçirmək olduğunu bildirir. Paskeviçin özünün də yazdığı kimi, Azərbaycan çərikləri ilə birgə başarılı savaşı üzündən, ruslar Abbas Mirzəni ələ keçirə bilməmişdilər. Paskeviç bu savaş sürəcində Abbas Mirzəni satan, onun hansı yöndə olduğunu dönə-dönə düşmənə çatdıran adamın adını da açıqlayır: Ehsan xan. Abbas Mirzə Naxçıvan yörəsində tikdirdiyi, fransız uzmanların yaxından yardımı ilə güclü savunma sistemi qurduğu Abbasabad qalasının qorunmasını Ehsan xana tapşırmışdı. Ehsan xan Abbas Mirzəni satdığı sayaq, qalanı da satdığından qala tezliklə rusların əlinə keçmişdi. Ehsan xan Kəngərli alayını da özü ilə iş birliyinə qoşaraq dönüklüyə dönüşdürmüşdü…
Savaş sonrası
Azərbaycan ordusunun ruslara yenilməyi din xadimləri başda olmaqla Abbas Mirzə düşmənlərini çox sevindirirdi: Abbas Mirzəni vurub sıradan çıxarmaq üçün gözəl olanaq yaranmışdı. Ordu-savaş taktikasının nə olduğunu bilməyə-bilməyə savaş-cihad fətvası verənlər, onların çoxsaylı gerilikçi yandaşları öz suçlarını çox asanlıqla, nəsə olmamış kimi Abbas Mirzənin üstünə atırdılar. Onlar azacıq da olsa utanıb-qızarmadan Abbas Mirzəni – bu dünyalarca TƏPƏRLİ Azərbaycan ƏRİNİ suç keçisinə çevirmişdilər. Din xadimləri, ağalıq adamları (kimi azğınlıq-özbaşınalıq istəklərindən , kimi gerilikçi düşüncəsi üzündən) savaş uğursuzluğunu boynuna yıxıb, üstünə atmaqla Abbas Mirzəni biryolluq gedər-gəlməzə göndərmək istəyirdilər. Onlar “kafir ölkələrdən qaynaqlanan reformaların, yeniliklərin savaşı uduzmağa nədən olduğu” ilə bağlı dedi-qoduda bulunur, durmadan, elə hey şahın qulağını doldururdular.
“Adımı sənə qoyaram, səni də yana-yana qoyaram”, – Abbas Mirzə din xadimlərinin, onların yandaşlarının yaratdıqları belə görsənişlə üzləşmişdi. Aradan çox keçməmişdi: vur-tut bir neçə il qabaq şahı qızışdırıb ERKƏN savaşa sürükləyən kimsələr (başlıca olaraq din xadimləri) “müqəddəs müsəlman torpaqlarını kafir tapdağından” qurtarmağa çağıranlar, bununla bağlı savaş-cihad fətvası verənlər, üstəlik, savaşa qarşı çıxanları susdurma fətvası verənlər, iki yeniyetmə oğlunu yanına alaraq Ölkə, Mənlik, eləcə də din xadimlərinin sözdə çox sevdiyi namus, şərəf, qeyrət uğrunda düşmənlə ölüm-dirim savaşı aparan Abbas Mirzəni indi bütün ölkə boyu quru yuyub, yaş sərirdilər.
Gərəkən əkləmə: ruslarla toqquşmaların birində Şəki xanı Hüseyn xan öldürülmüşdü. Onun cibindən Abbas Mirzənin bütün xanlara yazdığı məktub çıxmışdı. Məktub belə idi: “Məndən soruşursuz: “Savaşdan əlimi çəkmişəmmi?” Yox, savaş mənim üçün bundan belə başlayır”.
Allahsızcasına suçlamalarla topa tutulan Abbas Mirzə durub baxır, baxıb dururdu. Belədə onun yerinə kim olsaydı dözməzdi; o dözürdü. Dözməli ourdu! “Baxıb dururdu”, dedim. Yox, durmurdu. Durmadan Azərbaycan uğrunda özünün savaşını aparırdı.
Savaş başa çatar-çatmaz şah qoşunuyla Tehrana üz tutmuş, baş vəzir Asəf-əd Dövlə Təbrizə çəkilmişdi. Onlar savaş bölgəsindən tez-tələsik qaçıb uzaqlaşırkən Abbas Mirzə savaş sınırlarına yaxın bir yerə – Xoya gəlmişdi. Xoyda onun saxlanc ordusu vardı. Ordu, komandanı böyük sayğı ilə qarşıladı.
Abbas Mirzə Xoya yeni planla dönmüşdü. Rusların tezliklə İrəvan üzərinə yürüşə başlayacağını bilirdi. Buna görə ordusunu toparlayıb İrəvanı qorumağa qalxacaqdı. Abbas Mirzənin çoxdan ürəyində gəzdirdiyi bir dilək vardı: Azərbaycan ordusu üçün Avropa standartlarına uyğun sayru evi – xəstəxana yaratmaq. Belə bir istəklə yaşayırkən o, gəlib çıxılmaza dirənmişdi: ordunu saxlamaq gündən-günə çətinləşirdi. Tehrandan azacıq da olsa yardım edilmir, ordunu saxlamağın bütün yükü Azərbaycanın üzərinə düşürdü. Rus ordusu gündəlik isti yeməklə donatılırkən Azərbaycan ordusu quru yeməklə də yetərincə donatılmırdı. İş budunun yükünü ağırlaşdırmağa, vergiləri artırmağa qalırdı. Bunlar azmış kimi hələ Tehrana da verdi verilməliydi. Yenicə dirçəltməyə başladığı budunu üzməmək baxımından Abbas Mirzə ağırlaşdırıcı vergi siyasətinə əl atmaq istəmir, Tehranın vergi yükündən qurtulmağın yollarını arayırdı.
Din xadimləri, ağalıq adamları ən azı ordunun ərzaqla donatılmasında Abbas Mirzəyə yardımçı ola bilərdilər… onlar bunu da etmirdilər! Özlərinin başlatdıqları uğursuz savaş sonrası çoxsaylı, yersiz qırğınlara, itkilərə nədən olmuş bu adamlar çəkilib yerlərində oturmaq yerinə, Abbas Mirzəyə düşmənçiliklərini daha da artırmışdılar. Varis-reformist-yenilikçi Abbas Mirzənin şahlığa yiyələnəcəyi onlara gecə-gündüz dinclik vermirdi. Abbas Mirzə şahlığa yetişsəydi, Azərbaycanda başladığı revormaları, yenilikçi düzəni bütün Qacarlar dövlətinə yayacaqdı – qorxduqları bu idi. Din xadimləri, gerilikçi ağalıq adamları buna görə rusların üstünlüyünü istəyirdilər. Buna görə onlar savaş sonrası yeni bir qızğınlıqla dığdığa başlayaraq, şahın qulağını doldurmağa, Abbas Mirzəni biryolluq Azərbaycandan uzaqlaşdırmağa girişmişdilər.
Bu arada Ehsan xanın dönüklüyü üzündən ruslar Abbasabad qalasını əngəlsiz ələ keçirdilər. (Bu, İrəvanın qısqaca salınması yolunda rusların atdığı önəmli addımlardan idi). Bununla ruslar İrəvanın dövrələməsini, demək olar, başa çatdırırdılar. Abbasabadın alınmasının ardınca Xoya başında A.S.Qriboyedovun durduğu elçilik gəldi. Savaşın anlamsız olduğuni bildirən Qriboyedov özü ilə barış planını gətirmişdi. Plana görə Arazın quzeyindəki torpaqlar ruslara keçməli, Qacar dövləti savaş suçlusu olaraq 700 min tümən qızıl pul ödəməli idi.
Xəzinəsini ölkədən üstün tutan Fətəli şah rusların pul istəyindən çox acıqlansa da, birbaşa “yox” deməkdən çəkinərək Böyük Şuranın toplantısını çağırdı. Abbas Mirzə düşmənləri bu toplantıda da özlərinin yersiz düşmənçiliklərini yeritməyə çalışırdılar.
İrəvan elbəyi Hüseyn xan şahı irəvanlıların ruslara üstün gələ biləcəyinə inandıra bilmişdi. Daha çox xəzinəsini düşünən şah özü də ortadakı gerçəkliyə deyil, uğurlu savaş söyləmələrinə inanmağa üstünlük verirdi. Şahın xarakterinə, istəklərinə yetik olan bir çoxları yersiz yerə, yalnız özlərini şaha yaxmaq-sırımaq üçün savaş yanlısı olmuşdular.
Abbas Mirzə çevrəsinə baxıb susurdu. Onu istəmədən savaşa soxan, savaş sürəcində gözəgörünməz olan, dalda-bucaqda sürünən bu adamlar şah qulluğunda savaşdan dəm vururdular. Azərbaycanın gücünün tükəndiyini, rusların qat-qat üstün güc yiyəsi olduğunu görən Abbas Mirzə bilirdi: şahın “yox” deməsindən sonra ruslar var gücləri ilə İrəvanı tutmağa çalışacaqlar.
Belə də oldu: şahın “yox” yollamasından sonra rusların İrəvan üzərinə böyük yürüşü başladı.
İrəvan uğrunda qızğın savaş oldu. O üzdən də, bu üzdən də qırılan çox idi. Qabaqca (başlıca olaraq Abaran savaşında) Azərbaycan ordusu ruslara üstün gəlmişdi, ancaq ardıcıl yardımlar, itkilərin yerinin yubanmadan doldurulması sonda ruslara üstünlük qazandırırdı. Ağır, qanlı döyüşlərdən sonra, 1827-ci il oktyabrın 1-də ruslar İrəvanı ələ keçirdilər. Abbas Mirzə İrəvan uğrunda savaşa uğraşırkən sarsıdıcı soraq aldı: ruslar Təbrizi tutublar!
Təbrizin tutulması
Nəyə desən inanardı, bircə buna yox. İnanmırdı, inana bilmirdi. Göndərdiyi çaparlar da bir soraq gətirirdi: “Təbriz tutulub! Ruslar Təbrizə girib! Ruslar Təbrizi ələ keçirib!” Ona gözləmədiyi yerdən sarsıdıcı zərbə vurulmuşdu. Olana, baş verənə inanmırdı, ancaq inanmaya-inanmaya da içində nəsə sınmış, qırılmışdı. Təbrizin azacıq da olsa dirəniş göstərmədən, könüllü olaraq düşmənə yenilməsi sorağı onu daha çox üzür, içini göynədirdi. Şah oğlu, üstəlik, varis olsa da, yeniyetməlik çağlarından consuzca bərkə-boşa düşən, saysız savaşlarda bişib-bərkiyən, hər cür itkilər görən bu adamın Təbriz itkisindən ürəyi sıxılır, boğazı tıxcanırdı. Ağlamaq! Bu adam ağlaya da bilərmiş! Onu ən çox yandıran, bir də özü özündən utandıran rusların Təbrizi dirənişsiz ələ keçirməyi idi. Təbrizi!!!
Hələ İrəvan yörələrində savaş sırasında Abbas Mirzə Tehrana məktub göndərmişdi: “Savaş gücümüz qalmayıb, barışa getməliyik”. Təbrizdə də, Tehranda da nələr baş verdiyini gözəl bilən Paskeviç Abbas Mirzənin arxasız olduğunu da gözəl bilirdi. Təbrizdə onun gizli işbirliyinə gedib ələ aldığı adamlar vardı. Paskeviç Abbas Mirzədən can qurtarmağın yolunu Abbas Mirzə Təbrizdən uzaqlarda ikən Təbrizi ələ keçirməkdə görürdü. Belə bir plan qurdu, planı uğurla başa vurdu. Ruslar çox asanlıqla, itki vermədən Təbrizə girdilər.
Abbas Mirzənin oğlanları, onu sevən bir çoxları ordu-savaş işləri ilə bağlı ayrı-ayrı bölgələrə yayılmışdılar. Böyük oğlanlarının biri Ərdəbildəki, o biri Xoydakı ordunun başında dururdu. Qalanları da başqa yerlərdə Abbas Mirzənin tapşırıqlarını yerinə yetirirdilər. Eləcə də Abbas Mirzəyə bağlı olan bir çox başqaları. Baş vəzir Asəf-əd Dövlə şahın buyruğuna uyğun olaraq qoşunu ilə birlikdə Təbrizdə yerləşmişdi.
Rusların Təbrizi dirənişsiz ələ keçirməsi belə olmuşdu. Təbrizin baş mollası (müctəhid), var-dövlət düşkünü olan Ağa Mir Fəttah Təbatəbai ruslara satılmış, Asəf-əd Dövləni də ələ alaraq Təbrizin qapılarını rusların üzünə taybatay açmışdı. Ağa Mir Fəttah belə fətva vermişdi: “Artıq müqəddəs İslam-Kafir savaşı bitmişdir, Tanrı rusların yardımçısı olmuşdur, Tanrının buyruğuna uyğun olaraq ruslara boyun əyməliyik. Tanrı buyruğuna qarşı çıxmaq suç işləməkdir”. Ağa Mir Fəttahın adamları onun göstərişilə Təbrizin qapılarını düşmənin üzünə açmış, Paskeviç Təbrizə Ağa Mir Fəttah yandaşlarının çoşqulu qarşılaması ilə girmişdi. Üstəlik, Ağa Mir Fəttah Paskeviçin ayaqları altında qurban da kəsdirmişdi. Özünün etdiyi azmış kimi Ağa Mir Fəttah Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazaraq “Allah buyruğuna uyğun olaraq” ruslara boyun əyməyə çağırmışdı. Ağa Mir Fəttah bir yandan Abbas Mirzənin arvad-uşağının düşmən əlinə keçməsinə nədən olmuş, o biri yandan dünənədək Abbas Mirzəyə qarşı əlbir olduğu baş vəzir Asəf-əd Dövləni ələ vermiş, ruslar baş vəziri gizləndiyi yerdən tutub aparmışdılar.
Gərəkən əkləmə. Ağa Mir Fəttah Təbatəbai (? – 1852) tanınmış müctəhid Mirzə Yusifin oğlu idi. Təbrizin baş mollası (müctəhid) olan Ağa Mir Fəttah rusların Təbrizi tutmasında göstərdiyi qulluğa görə Paskeviçin önərgəsi ilə Rusiyanın gözətimi altına alınmış, şeyxülislam görəvi ilə ödülləndirilmişdi. Sonralar (Paskeviçdən sonra) Rusiya dövləti onu gözdən salmış, çar buyruğuna uyğun olaraq, Rusiya yurddaşı olmaq hüququ əlindən alınmışdı.
Aradan illər keçəcək, təbrizlilər Mir Fəttah Ağanın satqınlığını biləcək, onu daşqalaq edəcəkdilər. Eləcə də, Təbrizi başqa kimlərin satdığı bilindikcə onları da bircə-bircə yaxalayıb öldürəcəkdilər. Təbrizdə olduğu çağlarda Abbas Mİrzə çox çalışsa da, bu ellik acığın, bu ellik öcalmanın qarşısını ala bilməyəcəkdi. Abbas Mirzə Təbrizin tutulmasına nədən olanları – onu satanları, ona dönük çıxanları bağışlasa da, təbrizlilər bağışlamadılar! Kimin necə, hansı baxışlar sistemindən baxıb yanaşmasından, dəyərləndirməsindən asılı olmayaraq, budunun mənliyinin tapdanmasına, hüquqlarının pozulmasına (burada, başlıca olaraq, yurddaş hüquqlarının) nədən olanlardan, buna yol açanlardan öc alınması dünən üçün də, bu gün üçün də, gələcək üçün də gərəkli, alqışlanası görsənişdir. Bu, budunun hüququdur, kimsə bu hüququ onun əlindən ala bilməz!
Təbriz tutulandan sonra
Abbas Mirzə azasıq atlı qvardiyası ilə Urmiya çevrəsinə gəlmiş, oralardan da keçib Səlmasda sığınacaq salmışdı. Kürd çapqınlarına, oğru-quldur basqınlarına son qoyaraq ölkədə yeni düzən yaratdığına görə bu yerlərin adamları onu böyük sevgiylə, sayğıyla qarşılayırdılar. Ancaq o, qabaqkı durumunda deyildi; başını qaldırıb adamların üzünə dik baxa bilmirdi. Rusların Təbrizi dirənişsiz tutmaları, üstəlik, Paskeviçin ayaqları altında qurban kəsilməsi faktı onu yalnız üzməklə, sarsıtmaqla qalmır, eləcə də utandırırdı.
Dünənədək Azərbaycanı qoruyan Abbas Mirzə indi özünü qorumalı olmuşdu. Təbrizin tutulması ilə şahın Abbas Mirzədən üzü dönmüşdü. Bunu bilən düşmənləri hər yandan onun üstünə ayaqlanmışdılar. Onlar Abbas Mirzənin bütün yetkilərinin tezliklə əlindən alınacağı günü gözləyir, o gün üçün marığa durmuşdular. Bu günlər onları daha çox belə bir soru düşündürürdü: görəsən, Abbas Mirzənin yetkilərini şah alıb oğlanlarından hansına verəcək? İndidən onlar ona yol tapmaq, yanaşmaq, yollaşmaq, yalmanmaq istəyində idilər.
Abbas Mirzə bir çox xanların onu düşmən əlinə vermək üçün girəvə güddüyünü bilir, buna görə də hara getsə atlı qvardiyasından ayrılmırdı. Bütünlüklə təklənmiş durumda idi. Ürəyini boşaltmağa, acılarını bölüşməyə, gərəkirkən arxalanmağa, yardım ummağa elə bir kimsə də qalmamışdı. Beləsi Səlmas sığınacağında özü gəlib onu tapdı. Bu, İngiltərənin yeni diplomatı Mək Donald idi. Rus ordusu Təbrizi tutan kimi Abbas Mirzə faktoru yenidən İngiltərə üçün aktuallıq qazandı. İngiltərə yenidən Abbas Mirzə ilə yaxınlaşmaq yolu tutdu. İngilislər rusların planlarını anlamışdılar: Rusya Qacarlar dövlətini ələ keçirməklə Hindistana gedən yolunu açmaq istəyirdi. İngiltərə necə olur olsun bu planın qarşısını almağa girişmiş, güvənli, üstəlik, başarılı ortaq olaraq şaha deyil, Abbas Mirzəyə üstünlük vermişdi. İngiltərə Rusiyanın Arazdan aşmasına, güneyə ayaq basmasına yol vermək istəmirdi.
Memuarlarında yazdığı kimi, albay Mək Donald Abbas Mirzəni olduqca üzgün durumda bulmuşdu. Şah ona yardım etmirdi. Bütün qaynaqları tükəndiyindən ona bağlı qalan bir az adamın da gərəklərini ödəyə bilmirdi. İngilislər üçün yenidən çox gərəkli adama çevrildiyini görən Abbas Mirzə onların onu ələ verməyəcəklərindən arxayın idi. Buna görə Mək Donalda ürək qızdırır, bir sıra gərəklərini dilə gətirməkdən çəkinmirdi. Mək Donald dövlətinin tapşırığı ilə 1814-cü il bağlaşmasından bir neçə ögəni (ögə – maddə) çıxarmaqla, ona pulla yardım edəcəklərini bildirmişdi. İngiltərə 1814-cü il andlaşmasından iki ögənin çıxarılmasını istəyirdi. Bu andlaşmaya görə Qacarlar dövləti Rusiya ilə savaşa girərkən İngiltərə ona yardım etməli idi. İngiltərə 250.000 tümən verməklə bu ögənin çıxarılmasını istəyirdi. Bu, rusların savaş itkisi olaraq istədikləri pulun yarısı idi. Ruslar bir belə pulun ödənməsini, ödənməsə, Qəzvinədək yürüyəcəklərini bildirmişdilər. Abbas Mirzə Mək donaldın bu istəyinə qabaqca boyun qoymadı, ancaq rusların ələ keçirdiyi bir çox bölgələri sonralar pulla geri qaytarmalı olanda başqa yolu qalmadı.
Abbas Mirzə Təbrizdə oturan Paskeviçlə barışıq danışıqlarına başlamaq istəyirdi. Qvardiya komandanı Bijən xanı bundan ötrü Paskeviçlə görüşə göndərmişdi. Paskeviş hələlik düşünüb-daşınır, Bijən xanı gözlədirdi. Mək Donald da öz adamını arabuluculuq missiyası ilə Paskeviçin yanına göndərmiş, Paskeviç İngiltərənin arabuluculuğunu istəmədiyindən onu əliboş geri qaytarmışdı. Bijən xan gözləməkdə idi. Paskeviçin Abbas Mirzə elçisini gözlətməsi başlıca olaraq onun əlində olan baş vəzir Asəf-əd Dövlə ilə bağlı idi. Asəf-əd Dövlə Rusiya ilə barış danışıqlarında Abbas Mirzənin deyil, özünün başda durmasını istəyir, buna görə şahın Abbas Mirzədən üz döndərdiyinə Paskeviçi inandırmağa çalışırdı. Üstəlik o, Paskeviçi satqıncasına öyrətməkdən də qalmırdı: şah xəzinəsini hər nədən çox sevir, tez barışıq olmasını istəyirsinizsə, ondan çox pul istəyin.
Paskeviç bir ara nə edəcəyini kəsdirə bilmədi, ancaq Asəf-əd Dövlənin danışığından, davranışlarından gözü su içmədiyindən, sonda üstünlüyü Abbas Mirzəyə verdi. Paskeviçin bu seçimində İngiltərənin Abbas Mirzəyə verdiyi önəm də öz işini görmüşdü. Paskeviç İngiltərə elçisinin Abbas Mirzə ilə birgə olduğunu bilirdi.
Abbas Mirzənin o çağlar necə təkləndiyini, hansı duruma düşdüyünü Paskeviçin yazdıqlarından da görmək olur: “Abbas Mirzəni ələ keçirə bilərdim. Bir sıra xanlar mənimlə ilişki quraraq, onu tutub ələ vermək üçün mənim göstərişimi gözləyirdilər”. Yalnız bir sıra xanlar deyil, bir çox ağalıq adamları, din xadimləri Abbas Mirzəni ələ vermək üçün buyruq gözləyir, girəvə gəzirdilər…
Türkmənçay tutacağı
Abbas Mirzə ruslarla tezliklə bağlaşma bağlanmasına çalışırdı. Bundan ötrü o, Paskeviçlə görüşə can atırdı. Görüş Miyana yaxınlığındakı Tufarqan köyündə baş tutdu. Paskeviç Abbas Mirzəni böyük sayğıyla qarşıladı. Abbas Mirzə Paskeviçə savaş suçlusu olmadığını anlatdı, bu işdə suçlu olanların çağında bəlli olacağını söylədi. (Çox ola bilsin, özünün şah olacağı çağı deyirdi). O, uğursuzluğunun nədənini də gizlətmədi: özü ilə bağlı ölkəni saran dönüklük-satqınlıq torundan danışdı. Paskeviç təkcə Təbrizdə deyil, Tehranın özündə belə baş verənlərdən soraqlı idi. Təbrizin baş mollası Mir Fəttah ona hər yerdən, Tehranın özündən də gərəkən bilgiləri çatdırırdı.
İki aylıq danışıqlar sürəcində Paskeviçlə aralarında yaranan yaxınlıqdan yararlanan Abbas Mirzə rus ordusunun tutduğu bir sıra bölgələri pul verib geri ala bildi. Abbas Mirzə pulu borc olaraq ingilis diplomatdan alırdı. Paskeviç özü də bağlaşmanın tez bağlanmasını istəyirdi. Sözsüz, savaş ödüncünü önə çəkməklə. Abbas Mirzə də, Paskeviç də, ingilislər də tezliklə bağlaşma bağlanmasına çalışırdı. Bircə şahın nə istədiyi, işi nəyə görə yubatdığı bəlli deyildi. Yenə ingilis diplomatiyası! İngilislər qabağa düşüb, şahı yola gətirdilər. Abbas Mirzə düşmənləri savaş uğursuzluqlarını – əldən çıxan qalaları, tutulan torpaqları, itirilən topları, dağılan orduları – bir-bir şahın yadına salaraq bütün bunların suçlusu olaraq Abbas Mirzəni göstərir, beləliklə, şahı ona qarşı qaldırırdılar. Kim bilir, bəlkə də, din xadimlərinin, azğın ağalıq adamlarının bütün bu fitnə-fəsadlarından sonra şah Abbas Mirzənin ölümünə buyruq verəcəkdi – araya ingilislər girməsəydi. Abbas Mirzəni güclü komandan, güvənli-dayanıqlı dövlət adamı, eləcə də Rusiyaya qarşı dura biləcək başlıca kimsə olaraq tanıyan ingilislər onu şahın gözündə doğrulda bildilər. Abbas Mirzə bundan sonra ruslarla danışıq aparmaq yetkisinə yiyələndi.
Danışıqların uzandığını görən Paskeviç Tehran üzərinə yürüşə başlayacağını bildirmişdi. Azərbaycanın bir çox qalalarını, bölgələrini tutmuş ruslar Ərdəbili tuta bilməmişdilər. Ərdəbili Abbas Mirzənin iki oğlu – Məhəmməd Mirzə ilə Cahangir Mirzənin komandanlığı altındakı qoşunlar qoruyurdu. Benədəti adında bir italiyalı topçu Ərdəbilin qorunmasında böyük rol oynamışdı. Abbas Mirzə rusların Tehrana yürüşünü durdurmaq üçün Ərdəbili ruslara verməyi kəsdirmişdi. İngilis diplomatiyası bu arada öz işini gördü: şah yetki ilə yanaşı, Abbas Mirzəyə ilkin ödünc olaraq ruslara vermək üçün 500.000 tümən pul, eləcə də barış bağlaşması bağlamaq buyruğu verdi.
1828-ci il fevralın 10-da Miyananın kiçik Türkmənçay köyündə Paskeviçlə Abbas Mirzə arasında barış bağlaşması bağlandı. Bu andlaşmaya görə İrəvan, Naxçıvan, Talış bölgəsinin bir bölüyü rusların yönətiminə keçir, Astara sınır olaraq tanınırdı. Çox ola bilsin, keçirdiyi sarsıntıdan Abbas Mirzə bu arada bərk ağrıyıb yatağa düşdü. Bunu eşidən Paskeviç ona dəyməyə getmiş, özü ilə iki top da aparmışdı – bağışlamaq üşün!
Ruslarla tezliklə bağlaşma bağlamağa çalışan Abbas Mirzənin istəyi savaşa son qoymaq, başladığı reformaları sürdürüb, başa çatdırmaq idi. Bu baxımdan Türkmənçay bağlaşması ondan ötrü bir tutacaq idi. Çox keçmədən o, Təbrizə yığışıb yenidən ordu yaratmağa, yarımçıq qalmış reformaları sürdürməyə başladı. Ruslar Təbrizi tutandan sonra tacirlər, din xadimləri, bir çox soy-boy başçıları ruslarla iş birliyinə getmişdilər. Onlar böyük, güclü rus ordusunun bir daha Təbrizdən çıxmayacağını düşünərək satqınlıq yolu tutmuşdular. Bu satqınların çoxu rus ordusuna qoşulub Təbrizdən qaçası oldu. Abbas Mirzə ayrıca buyruqla satqınları bağışlamış, onları Azərbaycanın qalxınması uğrunda əl-ələ verib birgə çalışmağa çağırmışdı. Yuxarıda bildirildiyi kimi, təbrizlilər gizlində öz işlərini görür, satqınları bircə-bircə öldürb, Təbrizin öcünü alırdılar…
Gərəkən əkləmə. Müsəlman din xadimləri (bu yerdə daha düzgünü: İran din xadimləri) öz ölkələrini dünya malına satmaq uğrunda bir-birilə qızğın yarışa girirkən, erməni din xadimləri katalikos Nerses başda olmaqla, Rusiyanın üstün gücündən yararlanaraq Azərbaycan – İran torpaqlarında özlərinə ölkə yaratmağa girişmişdilər. O çağlar katalikos Nersesin ayağı yerə dəymirdi: o, əlindən iş gələn bütün erməniləri, başlıcası da Rrusiya qulluğunda olan erməniləri, bir araya gətirərək Rusiyanın ələ keçirdiyi Azərbaycan – İran torpaqlarında erməni dövləti yaratmaq üçün özünü oda-közə vururdu. Katalikos başda olmaqla ermənilər onlar üçün olduqca əlverişli bir çağın çatdığını düşünərək yeni durumdan yetərincə yararlanmağa çalışırdılar. Katalikos komandası bir yandan ermənilərin yeni Rusiya işğal zonasına köçürülməsi üçün Türkmənçay bağlaşmasına ayrıca bənd salınmasına çalışır, o biri yandan onlar Paskeviçi dilə tutaraq sınırların elə çəkilməsini istəyirdilər, bu sınırlar içində erməni dövləti yarada bilsinlər. Paskeviç Nerses komandasının birinci istəyini yerinə yetirsə də, ikincidən boyun qaçırdı.
Hələ I Pyotr çağlarından Türkiyəyə, İrana dönüklük etməklə ermənilər Rusiya dövləti üçün önəmli adamlara çevrilmişdilər. İçəridən satmaqla, arxadan zərbə vurmaqla ermənilər Rusiyanın Qafqazı işğalında çox böyük rol oynadılar. Ortada dövləti olmayan ermənilərin Rusiya ordusunda çoxlu sayda generalları vardı. Yüz illər boyu müsəlmanlar arasında yaşamış ermənilər Rusiyanın müsəlman ölkələri ilə apardığı savaşlarda başlıca alət rolunu oynayırdılar. İstər katalikos Nersesin, istərsə də Rusiya ordusuna doluşmuş, yaltaqlıq, yarınma yoluyla, rusların saqqızını oğurlamaqla tezliklə yüksək çin qazanmış çoxsaylı erməni generallarının ardıcıl çalışmalarının ilkin sonucu olaraq I Nikolay 1828-ci il martın 21-də belə bir buyruq verdi: “İrəvan, Naxçıvan xanlıqları Erməni vilayəti adlandırılsın”. Beləliklə, Azərbaycan torpaqlarında “Ermənistan” dövləti yaradılmasının özülü qoyuldu. Erməni generalı K.Arqutinski sevinc içində demişdi: “İranla bağlanmış barış bağlaşması mənə gözəl dəqiqələr qazandırdı. Naxçıvanla İrəvan əyalətlərinin “Erməni vilayəti” adlandırılması… bizim soydaşlarımız “Erməni vilayəti” adında… ödül alır”. Ödül! Necə də yerində deyilib. Min illər dinclik, güvənlik-arxayınçılıq içində yaşadıqları ölkələrə-dövlətlərə – İranla, Türkiyəyə dönüklük etdiklərinə, onları sonadək satdıqlarına görə hər iki dövlətin sınırları boyunca (Azərbaycan torpaqlarında) ermənilərə dövlət yaradılmasının özülü qoyulurdu.
Türkmənçay bağlaşmasına uyğun olaraq, ermənilər İrandan, Türkiyədən Qarabağa, yenicə “Erməni vilayəti” adlandırılan İrəvan-Naxçıvan bölgələrinə köçürülüb yerləşdiriləcəkdi. Bağlaşmanın 15-ci ögəsinə uyğun olaraq. Bu ögənin bağlaşmaya salınmasında erməni generalları ilə yanaşı, katalikos Nerses çox böyük rol oynamışdı. Nersesin Qriboyedova başvurusundan: “İndi bizim erməni millətinin sədaqətli müdafiəçisi A.S.Qriboyedovdan ƏSİR DÜŞMÜŞ XRİSTİANLARLA bağlı ( katalikos başda olmaqla, ermənilər İranda yaşayan erməniləri ruslara “müsəlmanların əlində əsir qalmış xristianlar” olaraq tanıdır, bununla da rusların saqqızını çox asanlıqla oğurlaya bilirdilər. – X.B.) mənim xahişimi unutmamasını, onları rus ağalığının güclü bayrağı altına almasını istədim. Mən eləcə də İranda olan bütün ermənilərlə bağlı zati-alidən (Paskeviçdən. – red.) xahiş etdim. Indi cənaba (Qriboyedova. – red.) bununla bağlı yazmaqla cənabınızdan da istəyim budur: İvan Fyodoroviç Paskeviçi yönəldəsiz barışıq çağında İranın şəhərlərində, köylərində yaşayan ermənilərin böyük Rusiyanın gözətməsi altında özgürcə öz vətəni Ermənistana qayıtması ilə bağlı maddəni bağlaşmaya salmağı unutmasın”(Parsamyan V.A. A.S.Qriboyedov i pereselenie armyan // İz istorii vekovoy drujbı. Erm., 1983, s. 136-137). Azərbaycan torpaqlarında “Ermənistan” yaratmaq ideyasının başlıca ideoloqlarından olan, bu planın başında duran katalikos Nerseslə general Moisey Zaxaroviç Arqutinski-Dolqorukov üçün I Nnikolayın yaratdığı “Erməni vilayəti” onların çoxdan düzüb-qoşduqları “Doğu Ermənistan” projesinin özülü-başlanğıcı idi. Onların genəl planlarına görə Rusiya I Pyotrın uyarılarına uyğun olaraq Türkiyə ilə İranı bütünlüklə işğal edəndən sonra “qalan torpaqları da birləşdirməklə dənizdən dənizə Böyük Ermənistan” yaradılmalı idi.
Min illər boyunca İranda dinclik, güvənlik içində yaşamış ermənilər yeni ortaya çıxan böyük, üstün rus gücündən yararlanmaqdan ötrü tez-tez, yeri gəldi-gəlmədi rusların qarşısında quyruq bulayaraq bildirirdilər: “Rus otunu yemək İran çörəyini yeməkdən daha yaxşıdır”. Onlar beləcə quyruq bulamaqla şox asanlıqla rusları ələ alıb öz ideyalarını, istəklərini yeridə bilirdilər. Yeri gəlmişkən, erməni katalikosi İlya 705-ci ildə ərəbləri çuğulluq yolu ilə Azərbaycana çəkib gətirərək o çağlar Qafqazda ən güclü dövlət olan Albaniyanın varlığına son qoyduğu kimi, katalikos Nerses də Sankt-Peterburqun özünə yol taparaq, çuğulluq yolu ilə 1836-cı ildə Alban katalikosluğunun varlığına son qoydu. Beləliklə, Qarabağda albanların din yolu ilə erməniləşdirilməsi sürəcinin başlanğıcı qoyuldu.
İki diplomatik plan
Abbas Mirzənin diplomatik alanda tezliklə gerçəkləşdirmək istədiyi iki planı vardı: 1) qarşılıqlı soyuqluğu, inamsızlığı aradan qaldırmaq yolu ilə Azərbaycan-Osmanlı ilişkilərinə gerçək – işlək qardaşlıq xarakteri qazandırmaqla böyük bölgəsəl (regional) güc yaratmaq; 2) Peterburqa gedib çarla görüşmək, bir sıra itirilmiş bölgələri dinc danışıqlar yoluyla qaytarmaq, geri almaq.
Tezliklə Peterburqa getmək istəyirdi. Bununla bağlı Tehranda şahla görüşüb danışmış, hər yerdən əli üzülmüş, ən başlıcası, xəzinəsi böyük itkiyə uğramış şah özü də bu gedişi gərəkli saymışdı. Təbrizə qayıdıb Peterburqa getməklə bağlı işləri sahmanlayarkən çapar ona gecəylə sarsıdıcı soraq gətirdi: Qriboyedovu bütün elçilik adamları ilə birlikdə öldürüblər! Aldığı bu gözlənilməz soraqdan suya-buza döndü, dünya başına dar oldu, quruyub qaldı! Bu, Abbas Mirzə düşmənlərinin – din xadimlərinin, dönük, başıpozuq ağalıq adamlarının – ona vurduğu yeni, sarsıdıcı zərbə idi.
Qriboyedovun öldürülməyi
Peterburqa getməklə bağlı işləri sahmanlayırdı. Çapar gecəylə sarsıdıcı soraq çatdırdı: Qriboyedov öldürüldü! Dünya başına uçmuş kimi oldu. Çətinliklə əldə edilən barışın qaçılmaz, üstəlik, uğursuz savaşa dönüşəcəyi durum yaranmışdı. Onun Peterburq yolçuluğu kəsinliklə əngəllənmişdi. Hansısa dönüklər Savaşdan Barışa gedən yolu bircə zərbəylə baş-ayaq eləmiş, Barışdan Savaşa yönəltmişdilər. Düşmənləri onun qarşısına AT gedişi ilə çıxmışdılar. Indi o, var gücüylə Rusiyadan gözlənən savaşın qarşısını almağa çalışmalı idi.
Yaşamının son çağlarında yazdığı məktublarda Azərbaycanın parçalanmasından belinin büküldüyünü bildirirdi. Beli bükülsə də, təpəri toxunulmaz – yenilməz idi: Azərbaycanı birləşdirməyə olan inamı itməmişdi. Buna görə durmadan, sürəkli olaraq ordu quruculuğuna girişmiş, az bir arada 14 alayı 14 topla döyüş durumuna gətirmişdi. (1929-cu ilin yayında o, yaratdığı yeni Azərbaycan ordusunun paradını da keçirmişdi). Yeni yaradılan Azərbaycan ordusu Abbas Mirzənin yenidən ayaqda durmasının, yenidən ölkədə üstün gücə çevrilməsinin görsənişi demək idi. Ruslarla sonuncu uğursuz savaşdan sonra Abbas Mirzənin bir daha dirçəlib baş qaldıra bilməyəcəyini düşünən dönük, başıpozuq ağalıq adamları, din xadimləri yanıldıqlarını görüncə, yenidən Abbas Mirzəni yıxmaq planlarına baş vurmuşdular. Yenidən güclənmiş Abbas Mirzənin şahlığa gedən yolunu bağlamaq üçün onlar yenidən çeşidli fitnə-fəsadlara əl atır, onunla bağlı gizli fətvalar verirdilər.
Onların Abbas Mirzəni yıxmaq üçün yenidən qızışmalarının ikinci bir nədəni də vardı: Türkmənçay bağlaşmasına görə Rusiya Abbas Mirzəni Fətəli şahdan sonranın şahı olaraq tanıyırdı. Ingilislər kimi ruslar da Qacarlar dövlətində önəmli dövlət adamı olaraq Abbas Mirzəyə üstünlük verirdilər. Üçüncü qızışdırıcı nədən Abbas Mirzənin imperator I Nikolayla tezliklə baş tutması gözlənən görüşü idi. Onlar bu görüş sonucunda Abbas Mirzənin daha da güclənəcəyini düşünürdülər. Göstərilən bu üç nədən bir yerdə Qriboyedovun öldürülməyinə gətirib çıxarmışdı.
Ortada başqa, dördüncü nədən də vardı. Türkmənçay bağlaşmasına görə qafqazlılar başda olmaqla xristianların Qacarlar dövlətindən çıxıb getmək hüququ tanınmalı idi. (Bilindiyi kimi, bu ögəni bağlaşmaya katalikos Nerses başda olmaqla ermənilər saldırmışdılar). Qriboyedov, bir daha vurğulamaq gərəkir, ermənilərin istəyinə uyğun olaraq bağlaşmaya salınmış bu ögənin gerçəkləşməyinə ayrıca önəm verirdi…
Ruslarla sonuncu savaş sürəcindəki yaramazcasına davranışları üzündən şah Asəf-əd Dövləni görəvindən uzaqlaşdırmışdı. Din xadimləri kimi Asəf-əd Dövləni də hər nədən daha çox Abbas Mirzənin şahlığa yetişəcəyi qorxudurdu. (Daha çox da Təbrizi düşmənə buraxması baxımından). Buna görə də o, din xadimləri ilə birləşərək Abbas Mirzənin şahlığa gəlməsinin qarşısını almağa çalışırdı. Tehranın Adna məscidi Asəf-əd Dövlə başçılığında Abbas Mirzə düşmənlərinin başlıca yığıncaq, fitnə-fəsad yerinə çevrilmişdi.
Asəf-əd Dövlə dalda-bucaqda dolandığı Qafqaz savaşından əliboş qayıtmamış, iki erməni qadınını gətirib özünə siğə arvad eləmişdi. Qadınların evlərinə qayıtmaq istədiklərini öyrənən Qriboyedov Qafqaza yola salmaq üçün onları Rusiya elçiliyinə gətirmişdi. Çox ola bilsin, bu işdə Asəf-əd Dövlə ilə Qriboyedov arasındakı qarşılıqlı antipatiyanın da rolu olmuşdu. Beləcə, aranı qarışdırmaq üçün Abbas Mirzə düşmənlərinin əlinə gözəl girəvə düşmüşdü. Din xadimləri Adna məscidində Qriboyedovun ölümünə fətva verdilər. Mollaların “din əldən getdi, müsəlmanların namusu tapdandı” deyə qızışdırdığı kütlə namaz sonrası məsciddən çıxıb əlinə keçənlə yaraqlanaraq Rusiya elçiliyi üzərinə yürüdü. Qriboyedov kütlənin başı üzərinə pul yağdırmaqla qırğını sovuşdurmağa çalışdı. Mollalar necə qurğu qurmuşdularsa pula baxan olmadı. Adamların gözünü qan örtmüşdü. Kütlə qarşısına çıxanı vurub-dağıtmaqla, qırıb-yıxmaqla elçiliyə doluşdu. Elçilikdə olanların hamısı qırıldı. (Bircə adam qaçıb canını qurtara bilmişdi).
Savaşsız savaş labirintində
Qacarlar dövləti olduqca ağır duruma salınmışdı. Ruslar yenidən savaşa başlasaydılar, bütün ölkəni ələ keçirə bilərdilər. Bunu bilən şah qorxuya düşmüşdü. Ölkədə güvəniləcək, rusların savaşının qarşısını ala biləcək bircə kimsə vardı: Abbas Mirzə. Şah tez-tələsik Abbas Mirzəyə məktub yolladı: əlindən gələni elə, savaşı əngəllə. Abbas Mirzə savaşın qarşısını almaq üçün ən sevimli oğlunu – Xosrov Mirzəni görəvləndirdi. Bu görəvləndirmədə bir qurbanlıq payı da vardı. Başqa yol qalmadığından Abbas Mirzə sevimli oğlundan keçməli olmuşdu: ölkəni gözlənilən qorxunc-uğursuz savaşdan yalnız bu yolla qurtarmaq olardı.
Xosrov Mirzə Türkmənçay danışıqları ilə bağlı atasının danışmanı olmuşdu. Ağlına, siyasi davranışlarına görə atasına çox oxşayan Xosrov Mirzəni Paskeviç “yarım Abbas” adlandırırdı. Başında Xosrov Mirzənin durduğu elçilik çoxlu dəyərli daş-qaşla (Nadir Şahın Hindistandan gətirdiyi dünyada ən böyük brilyant da onların arasında) Peterburqa yollandı. Özünü atasına qurban verməyi kəsdirmiş Xosrov Mirzə I Nikolayın qarşısında diz çöküb, baş əymiş, ucunu köksünə sarı tutmaqla qılıncını imperatora sunmuşdu. Bu, “məni öldürə bilərsiz” demək idi. Xosrov Mirzə bir sürə Peterburqda saxlanmış, savaş əngəllənmişdi.
Savaşın əngəllənməsinin üç başlıca nədəni vardı: 1) dekabristlərlə bağlılığı olan, Rusiyanın qabaqcıl aydınlarından biri olaraq tanınan Qriboyedovu I Nikolay sevmirdi; 2) Orta Asiyaya yiyələnmək uğrunda Rusiya ilə İngiltərə arasında çarpışma getdikcə kəskinləşirdi; 3) Rusiya ilə Osmanlı dövləti arasında yeni çatışmalar başlamış, üstəlik, ruslar Abbas Mirzənin Osmanlı dövləti ilə gizli anlaşmalarından soraq tutmuşdular. Bütün bunlara görə Rusiya Qacarlar dövləti ilə ədə edilmiş barışı qoruyub saxlamağa üstünlük verməli olmuşdu. Beləliklə, Abbas Mirzə düşmənlərinin – dönük, başıpozuq ağalıq adamlarının, din xadimlərinin daha bir fitnə-fəsadı boşa çıxmış, uğursuzluqla sonuclanmışdı.
Ən böyük biclik – düzlük
Çoxsaylı savaşlar ölkəni tükətmiş, xəzinəni boşaltmışdı. Şah boşalan xəzinəsini doldurmağın çox asan yolunu tapmışdı: bölgələri ən çox pul verən oğullarına, torunlarına satırdı. Vəziri Qaimməqam da Abbas Mirzənin belə bir yol tutmasını gərəkli bilmiş, Abbas Mirzə buna getməmişdi. Azərbaycana otuz illik başçılığı boyunca o, bir dənə də görəvi pula satmamışdı. Elə hər yandan Abbas Mirzənin üstünə yağan qadalar da daha çox buna – onun doğru-düzgünlüyünə görəydi. Bugünkü dillə desək, o da korrupsiyaya qurşanaraq görəv satmağa girişsəydi, nə ağalıq adamlarından bir elə düşmən qazanardı, nə də din xadimlərindən. Elə olsaydı, pul verib ələ aldıqlarına görə onlar onu düşmən gözündə deyil, ortaq gözündə görərdilər – oğurluq, rüşvət, korrupsiya ortağı. Elə olsaydı, o onların qarşısında gözükölgəli, diligödək olar, beləliklə, sevilən, sayılan başçıya çevrilərdi: sözsüz, yolsuzluq yolçularının – dönük, başıpozuq ağalıq adamlarının, din xadimlərinin gözündə. Bax, bu baxımdan Abbas Mirzə onlara sayğısızlıq göstərmiş, onların istəyinə uyğun davranışlarda bulunmamaqla onları özünün barışmaz düşmənlərinə çevirmişdi.
***
Abbas Mirzənin Avropaya oxumağa göndərdiyi gənclər də yavaş-yavaş geri dönürdülər. Onlar çoxaldıqca, onların sayı artdıqca ölkədə oxumuş, bilikli, gözüaçıq adamların sayı artır, bu isə öz sırasında ölkədəki qaranlıq yolçularının – gerilikçi, başıpozuq ağalıq adamlarının, din xadimlərinin qayğılarını artırırdi. Oxumuş, bilikli, gözüaçıq adamların sayının artması onların gözündə Abbas Mirzənin ölkə boyu artması, çoxalması demək idi. Onlar düşünürdülər: bu sürəcin qarşısı alınmasa, bu sürəc durdurulmasa nə baş verə bilər? Aydındır: başında din xadimlərinin, gerilikçi, başıpozuq ağalıq adamlarının durduğu qaranlıqlar yarılar, ölkə başdan-başa işıqlığa bürünərdi. Onda bu adamların hansı dəyəri olardı?! Belədə onları indiki kimi kim eşidər, kim dinləyər, kim sayğılı-urvatlı tutardı?! Belədə onların indiki kimi sözü keçməyəcək, atı işləməyəcəkdi. Demək, durmadan işləmək, çalışmaq, fitnə-fəsadın, fətvaların sayını artırmaq, ölkə boyu qaranlıq qurğusunu qaranlıq quyusuna çevirmək, ölkədəki tək işıq qaynağını – Abbas Mirzəni o qaranlıq quyusunda yox etmək gərəkdir. Yoxsa, Abbas Mirzənin Azərbaycan ordusu ilə yanaşı ortaya oxumuşlar ordusu da çıxarması onların sonu demək olardı.
Xorasan xalısı
Böyük, güclü, yenilməz düşmən – Abbas Mirzə qorxusu dönük, satqın, başıpozuq ağalıq adamlarını: gerilikçi düşüncə yiyələrini, din xadimlərini bir araya gətirmiş, bu birlikdən ortaya bütöv bir qaranlıq qurğusu çıxmışdı. Qaranlıq qurğusu bütün gücü ilə işə düşmüşdü. Təbrizdən Tehrana – şah sarayındadək qurğu öz işində idi. Qocalmış şah bu qurğunun qarşısında duruş gətirmək gücünü itirmişdi. Şahın qocalıb əldən düşdüyündənmi, rüşvətin, korrupsiyanın geniş yayıldığındanmı, çoxsaylı uğursuz savaşların etkisindənmi imperatorluğun bir çox yerlərində elbaylar baş qaldırmağa, Tehrandan asılılıqlarına son qoymaq kimi dağıdıcı işlərə baş vurmağa başlamışdılar. Belə baş qaldıranlar arasında şahın oğlanlarından da vardı. Şah özü bu başqaldırma, ayrılma sürəcinin qarşısını almaq gücündə olmadığından yenidən Abbas Mirzəyə üz tumalı, onun yaratdığı güclü Azərbaycan ordusundan yararlanmalı olmuşdu.
Xorasanda başlayan başqaldırma, ayrılma sürəci imperatorluğun dağılması baxımından daha böyük qorxu törədirdi. Abbas Mirzənin əlilə, Kirman başda olmaqla bir sıra bölgələrdə düzəni yoluna qoyan şah günlərin bir günü böyük toplantı keçirib Abbas Mirzəni Azərbaycanla yanaşı, Xorasana da elbayı qoyduğunu bildirdi. Şah bu dərindən-dərinə düşünülmüş gedişlə özünün bir çox sorunlarını çözmək istəyirdi. Birinci, dığdığları ilə onun qulağını yağır eləyib Abbas Mirzəni Azərbaycandan uzaqlaşdırmaq istəyən Qaranlıq Quyusunun istəyini yerinə yetirirdi; ikinci, özünün “Abbas Mirzə güclü ordusu ilə səni devirmək istəyir” inandırmalarından doğan qorxusunu aradan qaldırırdı; üçüncü, Abbas Mirzənin əlilə Xorasandakı başqaldırmalara son qoyacaqdı. Qaranlıq Quyusu Abbas Mirzənin Azərbaycandan bütünlüklə uzaqlaşdırılmasını istəyirdi. Şahın bunu etməməsi (başqa cür desək, yarımçıq etməsi) onların ürəyincə olmasa da, Abbas Mirzənin Xorasana göndərilməyinin özünü də bir uğur sayırdılar: kim bilir, orda onun başına nələr gələcəkdi. Şah illər öncəsi verdiyi sözü tutmuş (“Səni Azərbaycandan ayırmayacam”), Abbas Mirzəni Azərbaycandan de-yure ayırmamış, ancaq de-fakto ayırmışdı.
Oğlu Firudin Mirzəni öz yerinə başçı qoyan Abbas Mirzə sevgili Azərbaycanından üzülə-üzülə ayrılırdı. Könülsüz olaraq, istəməyə-istəməyə o, yalnız özü Azərbaycandan ayrılmır, böyük çətinliklə yaratdığı Azərbaycan ordusunu da özü ilə aparmalı olurdu: batıdan doğuya, imperatorluğun bu başından o başına.
Azərbaycan ordusunun gəlişi yalnız Xorasanda deyil, Xorasana yaxın yerlərdə də qorxu yaratmışdı. Uzun savaş yolu keçmiş bu ordunun söz-sovu çox uzaqlara yayılmışdı. Çoxları bu ordunun çoxsaylı savaşlardan vəhşiləşdiyini düşünür, onların qorxusu da belə bir düşüncədən qaynaqlanırdı. Abbas Mirzə bölgədəki ən alınmaz qalaları belə bir-birinin ardınca alaraq az bir arada böyük uğur qazandı. İmperatorluğun sınırlarını bir az da genişləndirən Abbas Mirzə Herat üzərinə yürüşə başlayarkən əski sayrusunun baş qaldırması üzündən ölüm yatağına düşdü. İstəyi başa varmadı. Onun istəyi sınırları genişləndirməklə ayrı-ayrı xanlıqları bir dövlətdə birləşdirmək idi…
Abbas Mirzə Xorasanda ingilislərlə yenidən qarşılaşdı. Özü də necə! Xorasan, bütün yaxın bölgələr ingilislərlə dolu idi. Ərəb, fars, türkmən, eləcə də başqa bölgə dillərini bu dillərdə danışanların özləri kimi bilən ingilislər bu yerlərdə yaşayanların milli geyimlərində bölgəni doldurmuşdular. Onların bir çoxu əbaya bürünərək molla, dərviş, din xadimləri olaraq bölgəni dolaşır, İngiltərə dövlətinin geopolitik planlarına uyğun çalışmalarda bulunurdular. Onlardan köçərilərə qoşulub, köçərilər kimi yaşayanlar da vardı. Bütün bunlar İngiltərə dövlətinin bölgəyə içdən, özü də uzun illərə yiyələnmək planları ilə bağlı idi.
Onun Təbrizdən tanıdığı, dost olduğu Mək Nil də burada idi. Di gəl, bu ingilislər o ingilislər deyildi. Azərbaycandakı ingilislərlə Xorasandakı ingilislər bütünlüklə başqa-başqa adamlar idilər. Azərbaycanda ikən, ağır günlərində, çıxılmaz çağlarında ona dönə-dönə əl tutmuş, yardımlar etmiş ingilislər Xorasanda bütünlüklə başqa adamlara çevrilmişdilər. Təbrizdə, Tehranda yerli din xadimlərinin düşmənçiliyi ilə qarşılaşan Abbas Mirzə Xorasanda ingilislərin qondarma din xadimlərinin düşmənçiliyi ilə qarşılaşmalı olmuşdi. Abbas Mirzənin Xorasandakı uğurları İngiltərə dövlətinin bu yerlərdəki geopolitik planları ilə uzlaşmadığından ingilis-islam din xadimləri Abbas Mirzəni bölgə müsəlmanlarının gözündən salmaq üçün çeşidli yalanlar uydurub yayırdılar. Olduqca ilginc görsəniş: bəlli bir dövlət üçün bəlli bir dövlətin batısı ilə doğusu ayrı-ayrı, bir-birinə yad, yağı geopolitik yük daşıyırdı. İngiltərə bölgədə böyük dövlətlərin yerinə xırda xanlıqlar görmək istəyirdi. Bu baxımdan da Abbas Mirzənin bölgədəki planları ilə İngiltərənin planları üst-üstə düşmür, ortaya barışmaz baxışlar çıxırdı…
***
Oğulları başda olmaqla hamını tutulmasına böyük önəm verdiyi Herat üzərinə yürüşə göndərmiş, evdə 12 yaşlı qızı ilə qalmışdı. Onlar ata-bala bir-birlərini çox istədiklərindən ayrılmazmışlar. Abbas Mirzə sonadək Herat üzərinə yürüşə özü başçılıq etmək istəmiş, ancaq varlığını bürüyən ağrılar onu yatağa salmışdı – ölüm yatağına. Qızının dediyinə görə, atası iki yol “Azərbaycan… Azərbaycan…” deməklə can vermişdi. 46-48 yaşlarında!
***
Abbas Mirzənin Azərbaycana sonsuz sevgisi, Azərbaycanla bağlı yaşantıları, necə böyük ürək yiyəsi olduğu, Xorasan məktublarından ortaya çıxır. Oğlu Firidun Mirzəyə yazdığı məktubların birində deyilir: “Orada işlərin öz yoluyla yürüməsi üçün gərəkənləri etməyinizi istəyirəm. Azərbaycan mənim evim, adamları doğmalarımdır… Yenidən Azərbaycana dönəcəyim günü gözləyirəm. Gərəkən nə varsa sənə söyləmişəm, bir daha deyirəm: Azərbaycanın qorunması üçün nə gərəkirsə hamısını edin. Bunu da bilin: bütün Azərbaycan xalqının sizi sevməsi gərəkir”. Məktublarında oğluna ölkəni doğru-düzgünlüklə yönətməyi aşılayır. Oğlanlarına məktublarında əski arxadaşı Laçın xanı da böyük sayğıyla yada salır, onların da ona sayğı göstərmələrini, qayğısına qalmalarını istəyir. (Laçın xanın başqa bir oğlu – Yusif Topçu Xorasan döyüşlərində öldürülmüşdü).
Deyilməmiş söz yanqısı
Ölümündən az qabaq Tehrana gedib şahla görüşmüşdü. Ölümünün yaxınlaşdığını düyduğundan ürəyini şaha boşaltmaq istəmişdi. Görünür, Xorasandakı uğurlara görə şahın özündə də onunla baş-başa qalmaq istəyi yaranmışdı. Bir gecə şahla təkbətək qalıb ürəyini boşaltdı. Çoxillik uğursuzluqlarının nələrdən, kimlərin düşmənçiliyindən qaynaqlandığını açıb-tökdü (bunları məktublarında bildirir). Onun atasına dediklərindən : “Bilirəm, sağlıq durumum Azərbaycanı yenidən birləşdirməyə yol verməyəcək. Bu da mənim üçün çox ağır bir dərddir. Çünki Gəncədən, Dərbənddən, Qarabağdan, Naxçıvandan rusların zülmündən qaçan xalq din xadimlərinə, mənımlə düşmənçiliyə çıxan qardaşlarıma sığınmırdı. Onlar Azərbaycan ordusuna, mənə sığınırdılar. Mənə sığınan bu adamlara yardımçı ola bimədiyimə görə gündə yüz yol ölüb-dirilirdim. Məni ayaqda tutan Azərbaycan əhalisi, Azərbaycan ordusu oldu. Xorasanda düzəni qoruyan da Azərbaycan oğulları oldu. Mən bugünkü ad-sanıma, az-çox uğurlarıma görə Azərbaycana borcluyam. Tehran bütünlüklə mənə qarşı çıxanda mənə arxa duran, məni ürəkləndirən, sınmağa qoymayan Azərbaycan oldu. Bütün ruhumla, varlığımla, uğurlarımla Azərbaycana borcluyam”. Abbas Mirzə illərlə başına açılan oyunlardan – din xadimlərinin, başıpozuq ağalıq adamlarının ara qarışdırmalarından, su bulandırmalarından, çoxsaylı fitnə-fəsadlarından danışdıqca şahı ağlamaq tutmuşdu…
***
Xorasandan Azərbaycana qayıdan hər bir Azərbaycan çəriyi getdiyi yerə özü ilə Abbas Mirzə sevgisi aparırdı. Onların danışdıqlarından Azərbaycanın hər yerində Abbas Mirzə söyləncəsi yayılmaqda idi. Azərbaycanın hər yerində yeni doğulan oğlan uşaqlarına Abbas Mirzə adı verilirdi…
Son söz yerinə
“İçimizdə düşmən axtarmayaq” deyən kimsələrdən soruşmaq gərəkir: içimizdəki düşməni qıraqda axtarmaq bizə nə verər?! İçəridən arınmadıqca, iç düşmənlərdən qurtulmadıqca dış düşmənlər yenilməz! Bizim son iki yüz illik tariximiz bunun açıq-aydın göstərgəsidir. Düşüncələri dəyişməli: dinindən-inancından asılı olmayaraq hamıya ölkəni sevməyi aşılamalı, bu yola gəlməyənləri düşmən deyə danışıqsız dışlamalı!
Abbas Mirzənin başına gələnlər Abbas Mirzə ilə bitsəydi… bitmədi. 1920-ci ildə Azərbaycanda islamçı din adamları (İttihadi-islam partiyası) rus-erməni birliyinə qatılıb Demokratik Respublikanı devirməklə ölkədə çoxillik qırğınlara, çoxsaylı itkilərə yol açdılar. Təkcə Gəncədə az bir arada 13 min adam öldürüldü. 12 general, 27 albay (polkovnik), 46 kapitan, 148 gizir-çavuş, 267 başqa ordu qulluqçusu öldürülənlər arasında idi. Yeri gəlmişkən, Rus-erməni-bolşevik hakimiyyətinin Gəncədə güllələdiyi 12 generalın dördü (4 general!) Qacarlar soyundan idi Rusiya işğalına qarşı qalxımın başında general Mirzə Kazım Qacar dururdu. Ayrıca vurğulamaq gərəkir: onlar yağı ağalığına qarşı çıxdıqlarına görə güllələnmişdilər. (Az bir arada, 1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min adam erməni-bolşevik terrorunun qurbanı olmuşdu). Sonralar “37” kod adı ilə tanınan repressiyalar dönəmində 40 minə yaxın Azərbaycan AYDINI – ölkənin ən İŞIQLI, ən DƏYƏRLİ adamları (1940-cı ilədək 600 minədək adam) öldürülmüşdü. 1920-ci il aprel çevrilişinin sonucu olaraq Azərbaycan torpaqlarından dönə-dönə pay verməklə qondarma “Ermənistan” dövlətinin sınırları genişləndirilmişdi. 1920-ci il aprel çevrilişinin sonucu olaraq “Ermənistan” – Batı Azərbaycan torpaqları bu torpaqların yiyələrindən – TÜRKLƏRDƏN bütünlüklə arınmışdı!
1993-cü ildə islamçı din adamları (İslam Partiyası) yenidən rus-erməni birliyi başda olmaqla antiAzərbaycan güclərinə qatılıb Xalq Cəbhəsi hakimiyyətini devirməklə ölkədə yenidən çoxsaylı qırğınlara, çoxsaylı itkilərə nədən oldular. 1920-ci ilin 28 aprelindən sonra olduğu kimi, Azərbaycanda yenidən sonu görünməyən qırğınlar, itkilər dönəmi başladı. Azərbaycan 7 qıraq rayonla birlikdə bütün Yuxarı Qarabağı itirdi. Azərbaycan islamçıları, din xadimləri ən azı islam peyğəmbərinin “Ölkə sevgisi imandandır” buyruğuna SAYĞI sərgiləsəydilər… bu çağadək də, bundan belə də biz bir sıra sorunlardan sığortalanmış olardıq!
Aradan, az qala, 20 il keçməsinə baxmayaraq, 1993-cü il çevrilişinin sonucu olaraq Ölkəmiz hələ də QIRĞIN, DÜŞKÜNLÜK, YOLSUZLUQ yolundadır…
Gərəkən əkləmə. Molla – ayətullahların Türkmənçay bağlaşmasını “ləğv” etməklə bağlı Azərbaycanı indiki qorxutmalarına gəlincə, onlar çox gecikiblər. Türkmənçay bağlaşması 1922-ci ildən gücünü itirmiş sayılır. Istəsələr, bunu çox uzağa getmədən, Tehrandakı parlament arxivindən öyrənə bilərlər.
***
Bu esseni İctimai Palatada ortaya çıxan bır sıra ANTİMİLLİ, ANTİDEMOKRATİK görsənişlərdən sonra yazası oldum. İctimai Palatanı ALTERNATİV adı ilə hakimiyyətin KLONUNA, İran İslam Respublikasının filialına çevirən sapqın liderciklər var… Yazının “Azadlıq” qəzetində çapını dayandırdılar. Əliyevlərin diktaturası pisdir, bunların diktaturası yaxşı; əliyevlərin senzurası pisdir, bunların senzurası yaxşı; əliyevlərin seçki saxtakarlığı pisdir, bunların seçki saxtakarlığı yaxşı; əliyevlərin korrupsiyası pisdir, bunların korrupsiyası yaxşı… Buna “öz gözündə tiri görməyib, özgə gözündə tük axtarmaq” deyilir. Buna bir də, “öz əskiyinə kor olmaq” deyilir. Biz bu müxalifətlə – yeniliyə yad, dəyişmək düşüncəsindən uzaq, başqa baxış tanımayan müxalifətlə! – hara, hansı gələcəyə gedirik? Yıxacağımız bəlli, quracağımız nə? Ortadakı görsənişlərdən göründüyü kimi, burası… söyləncə!
Çağdaş dünyanın ən ünlü liderlərindən olan V.Havel deyirdi: “Praqmatiklər çoxdur. Adamlara dəyişməz dəyərləri yadda saxlayan bir kimsə də gərəkdir”. Bəlli olduğu kimi, Havel özü istər müxalifətdə, istərsə də prezidentlik dönəmində belə bir kimsə olmuşdu. Bizə belə bir kimsə – belə bir lider gərəkdir. Hələlik beləsi yoxdur. Bizdə tanınmışların, öndə gedənlərin hamısı praqmatikdir. Bizim son 20 ildəki ardıcıl uduzmalarımızın, uğursuzluqlarımızın başlıca nədənlərindən biri budur!
Çağımızın çoxsaylı iç-dış sorunları ilə bağlı bizə hər hansı ideologiya deyil, milli-demokratik ideologiya gərəkdir. İndiki korrupsiya hakimiyyətinin belə bir ideologiyası yoxdur, ola da bilməz. Müxalifətin də belə bir ideologiyası yoxdur, indiki çoxu qondarma, yalançı-yarımçıq liderlərlə olmayacaq da! Bizə milli-demokratik ideologiyaya uyğun strategiya, bu strategiyanın başında duracaq, onu gerçəkləşdirəcək strateqlər gərəkdir – indilikdə bu da yoxdur. (Son iki yüz ildə yığılıb qalan çoxsaylı sorunlarımız bizdə milli demokratiya başlanğıcını qaçılmaz edir, ancaq milli demokratiyadan sosial demokratiyaya keçid qabaqcadan göz altına alınmalı, birinci ikinci üçün bəri başdan özül rolunu oynamalıdır!) Ulusal (milli) ideologiyası olmayan hakimiyyət qorxulu hakimiyyətdir, ulusal ideologiyası olmayan müxalifət daha qorxuludur! Bizə bütünlüklə yeni düşüncəli, gerçəkdən demokrat, doğru-düzgün liderlər gərəkdir. Yalnız belə liderlər Ölkəmizə gərəkən gələcəyi gətirə bilərlər!
P.S. Çox istərdim bu yazını oxuyan bir sıra kimsələr əski davranışlarına-alışqanlıqlarına uyğun olaraq, onları əyri göstərən GÜZGÜNÜ sındırmaq, ondan can qurtarmaq yönündə düşünmək, gərəksiz öcalma işlərinə baş vurmaq yerinə, dəyişib-yeniləşmək, əyər-əskiklərini düzəltmək yolu tutaydılar. Ölkəmizlə, ölkəmizin yararları ilə bağlı düşüncəmizdə, baxışlarımızda gərəkən köklü dəyişiklik baş vermədikcə QARANLIQDAN QURTULMAYACAĞIMIZI bəlli bilməliyik!
Satılmışlarla savaşımız sonadəkdir!
AntiÖlkə-antiYurd yolu tutanlarla gedəcəyimiz yol yoxdur!
İşığa doğru!
Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycan uğrunda!
Yanvar – Mart 2012




Aprel 4th, 2015
admin
Posted in
Tags: 