Paşa Talıblı. Şeirlər

Fəxri xiyaban …
…nə qədər yer desən – Allahın altda
səhra uzununda, düz enində, bax!
Mövlam tərəfindən ismarlanmışam;
diriyəm həmişə söz önündə, bax!
Mənəm – ayağı cüt, izləri tək-tək!..
Yoxuşum boydadı enişim mənim…
…təkkə türbəsidi, şah məzarıdı –
Baş xiyabanlarda nə işim mənim?

Mənim də dünyada öz ölümüm var…
…gecə qəmərinə, gündüz oduna.
Fəxri xiyabanda nə işim mənim?
Gömülüm bir tənha ulduz altına…
Hamı üzü yuxarıya…
Gərək elə nəsə yazım…
Yazısız oxunsam necə?
…gülü görüb, keçmək varmı?
Ya gülə toxunsam necə?
Hansı feyzdəndi, bilmirəm –
gecə dönmək yalquzağa…
Çöllənsə getdiyim hər yer…
Getmək…getmək ən uzağa!
…sirli bir səs eşidincə
baxmaz dama, buxarıya.
Üzü yuxarıya baxar,
hamı üzü yuxarıya!
Hər şey yuxarıda, hər şey –
köçümüz sirr örtüyündə!
Göylərdə hilal görünər,
nə var cəllad kötüyündə?
Hamının yerinə…
…dörd yanım bomboşdu, boşdu dörd yanım,
nə səs eşidirəm, nə səsim çıxır!
Səndən ötrü görür gözüm nə görür…
Kimsən, səndən ötrü nəfəsim çıxır!
Bir bax, səndən ötrü ayaqlarım var,
yeriyib gəlirəm üstümə hər gün!
Kimsən, səndən ötrü vurur ürəyim,
səndən ötrü durur qəsdimə hər gün!
Bildinmi, min ildi ötürürəmmiş
daşacan…güləcən…evəcən səni!
Sevməyə bir özgə kimim var mənim,
hamının yerinə sevəcəm səni!
Əvvəlin – sonun dostuyam…
Şair deyiləm, arkadaş,
mən söz qoşanın biriyəm.
…xəlbirim su gətirmədi,
suyu daşanın biriyəm.
…ağlımın mənə qəsdiyəm,
yolam, yolun üstüyəm.
…əvvəlin-sonun dostuyam-
Haqqa qoşanın biriyəm.
Halımın xoş halı…keçmir
tez dolur, boşalır…gecmi?..
Könlümdən paşalıq keçmir,
könlü paşanın birliyəm.
Qolları qələmtək kitabçıların…
(İbrahimxəlil)
Poeziya ümmətinin oğluyam,
əvvəl-axır ümmətimi dərk etdim.
Ümmətçiyə nə fəlsəfə-nə zad, eh…
Çox fəlsəfi doğmaları tərk etdim!
Bir də burda fəlsəfəlik nə var ki…
Mən də belə: fəlsəfəmə lüt dedim!
Xanəgahda xan deyənlər yalanmış…
Yalançının imanının it yedi.
Çox fəlsəfi doğmaları tərk etdim…
Doğmalaşmır atəşlərdə yanmaqla!
Ümmətimə bağışladı cəllad da
qələm bilib “qollarımı  yonmaqla”!
Mənəm eşqin sultanı da…
Mənəm eşqin sultanı da…
Nə gileyim?…sultanıyam!
…dost əlindən alıb içdim,
şirin meyin sultanıyam!
…bir dəm eşqin töhvəsiyəm,
bir dəm günah tövbəsiyəm!
…bir dəm Yunus təəbəsiyəm,
bir dəm göyün sultanıyam!
…axan suydum, yağan qardım —
görün necə bərqərardım!
…bir köy bildim— eşqə vardım,
mən bu köyün sultanıyam!..
Paşa Talıblı
You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv