Azman Sovet dövləti Böyük Məhəmməd Əmin Bəyin yaratdığı Müsavat partiyası – Müsavat ideologiyası ilə 70 illik uzun sürəli dönəm boyunca ardıcıl çarpışma apardı. Apardı, ancaq Müsavat adını, Müsavat ideologiyasını gözdən sala bilmədi. Bacarmadı! Sovet dövlətinin 70 il boyunca edə bilmədiyini bəlli bir qruplaşma – İsa Qəmbər, Pənah Hüseynov, Arif Hacılı, Rauf Arifoğlu qruplaşması – çox böyük uğurla 20 ilə etdi. Onlar Müsavat partiyası, “Yeni Müsavat” adl altında gerçək Müsavat adına, Müsavat ideologiyasına sarsıdıcı zərbə vurdular – yalançı müxalifətçiliklə! Buna görə mən illərdir keçmiş Müsavat gerçəyi ilə indiki “Müsavat” yalanının bir-birindən ayrılması üçün MÜSAVAT yerinə İsavat anlayışını işlədirəm. Məhəmməd Əmin Rəsulzadə yolçusu, onun ideoloji yandaşı olduğuma görə gerçəyin yalandan, arı-durunun bulaşıqdan ayrılmasına çalışıram. Bunun üstündə illərlə məni söyüb-yamanlayanların bir çoxunun gec də olsa, gerçəyi anlayıb geri çəkildiyini görürəm. Hamımız bilməliyik: Çağdaş dünyada Azərbaycan xalqı olaraq bizi bir araya gətirib birləşdirəcək BÖYÜK, GÜCLÜ AZƏRBAYCAN uğuruna çatdıracaq bir başlıca dəyər var: Məhəmməd Əmin!
Bugünlərdə “Yeni Müsavat”dan çıxıb sosial şəbəkələrdə yayılan “Hakimiyət yeni idarəçiliyə keçir – nə olacaq…” yazısı 1998-ci ildən bu yana “YeM” qəzetinin, partiya qarışıq onun arxasında duranların yürütdükləri müxalifətiçi siyasətin, o başdan bu başa götürdükləri kursun, daha doğrusu, müxalifət adına oynadıqları oyunların bir parçasıdır. Buna oxşar yazılar illərdir, illərdir, illərdir bu dırnaqarası müsavat qəzetinin səhifələrini “bəzəyir”: “… bu seçkidən sonra hakimiyət komandası dəyişdiriləcək, rüşvətdən, korrupsiyadan uzaq yeni komanda formalaşdırılacaq”. İllərlə o qəzetdə belə yalançı yazılar yazılıb, yazılır. Nəyə görəsə partiyadan kimsə bu yazılara reaksiya göstərmir. Ən azı, topluma sayğı üçün belə yalançı yazılara – rejimə qulluq kursuna – təpki göstərilməliydi, göstərilməlidir. Belə bir təpki illərlə, illərlə, illərlə olmayıb, yoxdur.
Yenə də anonim “mənbələrdən”, eləcə də anonim “analitiklərdən” yararlanmaqla Azərbaycanda İ.Əliyev başçılığında “yeni bir dövrün” başlanması kimi topluma yalançı mesajlar ötürülür. Neftin qiymətinin düşməsinin ardınca baş verən iki devalvasiyadan sonra belə, xalq ayağa qalxmayıb. Niyə qalxmayıb? Deməzsən: “Qərb dairələrinin planları əngəllənib”. Bunlar bizə bəlli olmayan, qəzetə bəlli olan siyasi dəyişiklik planları imiş. Sən demə, “hakimiyyət Qərblə korlanmış münasibətlərinə yeni düzən verib, Avropa institutları (Avropa Birliyi, AŞ PA) və ABŞ-la siyasi, hətta hərbi əməkdaşlığı bərpa edib”. Burada olduqca önəmli bir fakt unudulub: yoxsul Azərbaycan xalqının soyulub-yağmalanması yoluyla Vatikan kimi gərəkən “obyektlərə” ötürülən milyonlar, milyardlar! Bunun üstündən… oğurlanıb-mənimsənən neft-qaz milyardlarının ardınca Avropanın ən yoxsul ölkələrinin birindən – Macarıstandan alınan 200 milyon dollarlıq kredit: bunlar biriləri üçün “yerinə düşməyən”, işə yaramayan faktlardandır. Belə faktları ortaya çəkib qabardanları “yuxarılarda” yağı gözündə görürlər, özlərininki saydıqlarına ev, villa, qəzet-məzet üçün ofis, pul verirkən… “özgələri” ilə yağıcasına davranırlar – korrupsiya dövlətində gerçəyə yer olmadığı üçün!
Azərbaycanda siyasi dəyişiklik istəyən, buna çalışan “Qərb dairələrinin planlarının əngəllənməsi”, Azərbaycan üçün milyonlar, milyardlarla itki deməkdir – ölkəmizə çox gərəkən siyasi dəyişiklik dünyada çoxdan keçərli olan “dollar diplomatiyası” yoluyla illərdir ertələnir, ertələnir. “YeM” bunu – Azərbaycanın bir sıra bəlli siyasi çevrələr üçün böyük yem bazasına çevrilməsi faktını – rejimin uğuru sayır. Bu, gerçəkdən rejimin uğurudur, ancaq, Azərbaycanı quyunun dibinə salan, Azərbaycan xalqını yoxsulluq, yolsuzluq yoluna sürükləyən bir uğur!
Ölkədə az-çox demokratiya daşıyıcısı olan kimsələrlə bağlı çeşidli repressiyalara son verilmir; daşlaşmış korrupsiya komandası olduğu kimi qalır; bütünlüklə qanunçuluqdan uzaq məhkəmə-hüquq sistemi dəyişmir; antidemokratik siyasi sistemə getdikcə daha çox toxunulmazlıq qazandırılır; gerçək Yurddaş Toplumu yerinə, bütün əriş-arğacıyla rejimə bağlı “Vətəndaş cəmiyyəti” düzəldilir… bunların hamısı gözardı, müxalifət çıxdaş edilməklə “şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi başlayıb”, kimi xalqa açıq yalan sırınır. Əliyevçi siyasi sistem KQB metodlarına uyğun olaraq, başlanğıcdan indiyədək qapalı xarakter daşıyırsa, burada “daha geniş formada şəffaf idarəçilik ” nə deməkdir? Başqa bir yandan, məhkəmə-hüquq sistemi başda olmaqla dövlət qurumlarının bütünlüklə korrupsiyalaşdığı rejimdə, eləcə də bu rejimi oluşduranların toxunulmaz qaldığı ölkədə “şəffaflıq” ola bilərmi?
2007-ci ildə R.Mehdiyev dünyanın yarısını Bakıya yığıb demişdi: “Azərbaycan indiyədək keçid dönəmini yaşayırdı (14 illik keçid dönəmi – Baltik ölkələri bu dönəmi bir neçə ilə başa vurmuşdu! – X.B.), biz bundan sonra demokratiyaya keçəcəyik”. Bunun ardınca İ.Əliyev demişdi: “Azərbaycan 2008-ci ildən demokratiyaya qapılarını açacaq”. “YeM” qəzeti indi, 2016-cı ildə, İ.Əliyevin “indikindən üstün olan Heydər Əliyev idarəçilik metoduna” qayıdacağını bildirir. Belə yerdə, “yalançının yaddaşı olmaz”, deyirlər. Beləliklə, qəzet özü də istəmədən böyük bir gerçəyi ortaya qoymuş olur: indiki rejim xaraktercə Azərbaycanın gələcəyinə deyil, keçmişinə yönəlikdir, bu, Azərbaycana gələcək qazandıracaq rejim deyil, Azərbaycanın gələcəyini əlindən alan, onu yalnız keçmişə yönəldən rejimdir!
Görünür, ölkədə sosial-ekonomik durumun ağırlığı üzündən “əski-yeni idarəçilik” qulluqçusu qabaqkı yazılarındakından “daha effektli” yalanlara əl atmalı olub: “iqtidar bəzi antiAzərbaycan dairələrinin həm Avropada, həm də Amerikadakı fəaliyyətlərinin yerli hökumətlər tərəfindən nəzarətə alınmasına nail olub ki, bu da xaricdən “ixrac olunan inqilablar” ssenarilərini birdəfəlik gündəmdən çıxarıb”. “Birdəfəlik!” Elə bu abzasdaca müxalifətin “birdəfəlik” yox olması “faktı” önə çəkilməklə xalqa yenilgənlik aşılanır. Bütün bunlarla yanaşı, Pentaqon “Bakının əsas dəstəkçisi olan” güc kimi göstərilir. Yazının gizli amacı da burada açılır: Pentaqon Ağ evə daha bir seçkidə, 2018-ci il seçkisində, İ.Əliyevə səs verməyi buyurur. Demək, praymeriz olaraq Pentaqon İ.Əliyevi dördüncü yol prezident seçir. Bunu Pentaqona Yeni Müsavatın kursu da diktə edir…
P.S. Yazı “Azadlıq” senzurasından keçməyib – (ÇQQ). Qarşıdan seçki gəlir…




Aprel 4th, 2016
admin
Posted in
Tags: 