XALİQ BAHADIR. “REAL VƏZİYYƏT” SİYASƏTÇİLƏRİ

Qarşıdan gələn saxta parlament seçkisi saxta müxalifət liderlərinin iç üzünü bir daha açmaqdadır. Onlar bir yandan saxta seçki keçiriləcəyini bildirir, o biri yandan seçkiyə getmək gərəyindən danışırlar. Tutarqaları nədir? “Seçki saxtakarlığını ifşa etmək”! Gerçəkliksə bu deyil. Gerçəklik rejimə təslim olmaq, rejimlə hansısa bazarlıqlarda bulunmaqdır.
Çoxdan rejimlə “demokratik” əməkdaşlıq yolu tutmuş ADP sədri S.Cəlaloğlu rejimlə dialoq-seçki əməkdaşlığını demokratiyanın konsensus prinsipi ilə bağlamağa çalışır. Çalışır, ancaq, real rejim siyasətləri onun çalışmalarını bəri başdan heçə-puça çıxarır. “Konsensus prinsipinin mahiyyəti ondan ibarətdir ki, çoxluq səviyyəsindən asılı olmayaraq, azlıqla razılaşmaya gəlməlidir. Azlıqla razılığa gəlməyən çoxluq bolşevizmdən başqa bir şey deyil və bu, demokratiyaya xidmət edə bilməz”.
Bütünlüklə doğrudur, bu doğrular seriyasını S.Cəlaloğlu uzada-uzada gedir, sonra da “real vəziyyətin” necə olduğunu göstərmək üçün çox düzgün olaraq praktik örnəyə üz tutur: “Şəxsən biz ADP olaraq neçə illərdir konsensus siyasəti aparırıq”. Çox gözəl! Bizsə neçə illərdir ADP-nin, eləcə də bir sıra bəlli başqalarının bu boşuna “konsensus siyasətini” izləməkdəyik. S.Cəlaloğlu “illərdir apardıqları bu “konsensus siyasətinin” nədən boşuna olduğunu göstərmək üçün çox düzgün olaraq “məsələn” deməklə oxucunu gerçəkliyə yönəldir.
Daha doğrusu, onun “illərdir apardığı” konsensus siyasətinin nədən boşa çıxdığını, “məsələn” deməklə gerçəyi ortaya qoyacağını düşünür, gözləyirik. O, düz deyir, konsensus demokratiyanın önəmli prinsiplərindəndir, bizdə bu prinsipin gerçəkləşməməsini, bu baxımdan demokratiyanın oluşmamasını o, “məsələn” belə bir faktla bağlayır: “Bu gün, məsələn, Əli Kərimli heç bir məsələdə iqtidarla konsensusa gəlmək istəmirsə, bu, o deməkdir ki, o, Azərbaycanda ümumiyyətlə demokratiyanı istəmir. Çünki konsensus üçün ilk növbədə özün nədəsə güzəştə getməyə hazır olmalısan. Güzəştə getmək isə satqınlıq, məğlubiyyət kimi qiymətləndirilməməlidir”. Siz bu adamın bir az qabaq dediyinə də baxın, indi dediyinə də. Yuxarıda demokratiyanın prinsipindən danışanda “azlıqla razılığa gəlməyən çoxluluq bolşevizmdən başqa bir şey deyil və bu, demokratiyaya xidmət edə bilməz” deyirdi – düz deyirdi. Sonra bu adam ölkədə demokratiyanın kökünü qazıyan, bütün parametrlər üzrə konsensuz bağlarını qıran rejimin üstünə getmək yerinə, görünür, dostu Rauf Arifoğlu kimi, özünə daha artıq düşmən saydığı Ə.Kərimlinin üstünə gedir: Ə.Kərimli konsensusa getsəymiş, ölkədə konsensus hökuməti qurularmış! Bunu kim deyir? Rejimlə “iİllərdir konsensus siyasəti aparan” S.Cəlaloğlu. “llərdir aparılan” boşuna konsensus siyasəti!
Bir yanda, özünün dediyi kimi, bolşevik-faşist hakimiyyəti, o biri yanda bu hakimiyyətlə konsensus siyasəti – biz istəsək də, istəməsək də bunun adı satqınlıq-məğlubiyyət-təslimçilik siyasətidir! Axı, qarşındakı “çoxluluq” sənə azacıq da güzəştə getmir: sənin xalqını əzib-tapdayır; sənin ölkəni soyub-yağmalayır, sənin dövlətini bir ailənin əlində oyuncağa çevirərək “dövlət mənəm!” prinsipi ilə yönətir! Qoy o, 22 ildə ardıcıl prinsipiallıqla yürütdüyü ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətlərdən geri çəkilərək üzünü xalqa çevirsin, yalandan deyil, gerçəkdən sosial dövlət quruculuğuna girişsin – mən sənə qoşulub candan-könüldən onunla KONSENSUSA getməsəm, mənə nə istəsən, de!
İndi, indi yox. İndi mənim Xalqımı əzib-tapdayan, Ölkəmi soyub-yağmalayan, Dövlətimi dəyərsizləşdirən bir rejimlə konsensusa-uzlaşmaya getməyi, ən azı, yolverilməz sayıram. İndi bu ölkədə demokratiyanın son qalalarını dağıdıb-uçuran, müxalifətdəki bir sıra satılmışlar-əlaltılarla birgə diktatura qalaları quran bir rejim var – antikonsensus rejimi!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv