Yadigar Türkel. LEV TOLSTOYUN DOĞRU DEDİKLƏRİNDƏN, YA DA BU NƏ AKADEMİKLİKDİR?!

«…Dünyəvi…» Azərbaycan Respublikası bir yana, «…Layiq…» Türkiyə Respblikasındakı ay yarımlıq «Ramazan bayramı» göstərilərindəki bezdirici söyləncələrdən yenicə qurtulmuşduq, Türkiyədəki «İmam Fetö çevrilişi» yurddaşlarımızın, soydaşlarımızın necə başsız, geriçi, dinçi, geopolitik düşüncəsiz adamların əlində qaldığını göstərdi… İyulun 29-da, bəlkə Bülbülün, Rəşidin, Xanın, Lütviyarın, Müslümün, Şövkətin, Saranın, Rübabənin, Zeynəbin, Floranın, Nərminənin… gözəl səsini eşidim deyib,  «Mədəniyət» telekanalını açdım. Ekranda Türk dilinə uyğunlaşdırılmış iki Ərəb sözü yazılmışdı: «Haqqın dərgahı», türkcə desək, «Tanrı qapısı». Bir an sonra sunucu, akademik Vasim Məmmədəliyev bu gün «Səmavi dinlər»dən danışacağını bildirdi. Sevindim, dedim nə yaxşı, bəlkə bir şey öyrəndim, dini məndən yaxşı bilir.
Sayğılı akademik bir-iki cümlə ilə  «Səmavi dinlər»in nə olduğunu söyləyib, DİNİN ALLAHLA İNSAN ARASINDA MƏNƏVİ İLİŞKİ olduğunu dedi. Bu yerdə  Vasim müəllimə deyirəm: bəlkə Səmavi dinlər yerinə, türkcə, Göy dinləri, Göy inancları deyək? Bilmirəm, mən önərdim, dilçilər, bilənlər baxsın… Ucalığa, yüksəkliyə yönəldən bilimsəl baxışlar umduğum akademik keçdi söyləncəyə, nə keçdi… Rəhmətlik Söhrab Tahirin «Mən haqqı itirdim güman içində» sözləri yadıma düşdü…
Akademik Vasim Məmmədəliyev allahla bağlı söyləncələrdən sonra endi mələklərə; «cəbrail, mikayil… Onların sayı çoxdur, saysızdırlar, allahın buyuruqlarını insanlara, peyğəmbərlərə, Həsənə, Hüseynə. Birinin də adı əzraildir. Əzrail gələr… Ölənlər cənnətdə diriləcək…». XX yüzildə belə söyləncələrin Azərbaycan Televiziyasından verilməsi  geriçilik, çağdışılıq, ayıbdır! Sayğılı akademik, peyğəmbəri anladıq, bəs bu Həsən, Hüseyin kimdir, allah mələklərlə onlara ismarıc göndərsin? Bu akademiklər «…Dünyəvi…» Azərbaycan Respublikasını, onun sevimli yurddaşlarını hara aparırlar? Soran yox, sorğulayan yox! Azərbaycan aydınları da yatıb!!!
Yurdsevər aydınlardan Araz Gündüz çox böyük iş görərək, Rus bilgini Lev Tolstoyun «Ruhanilərə çağırış» adlı taysız bilim, kültür, yüksək düşüncə anıtını Rus dilindən Türk dilinə çevirib, son 27 ilin demokratik, özgürçü, gəlişmiş, çağdaş Azərbaycan savaşçısı «Azadlıq» [Özgürlük] qəzetinin iyul saylarında yayımlamışdır. 2016-cı ildə Azərbaycan akademiklərinin düşüncəsilə 120 il qabaq yaşamış Lev Tolstoyun düşüncəsini, insan sevgisini tutuşduranda, utandım!
Vasim bəy, siz dinin nə olduğunu, onun geriçi ortamlarda toplumun yaşamını poza biləcəyini də yaxşı bilirsiniz. Ancaq istəməsəniz də, «…Dünyəvi…» dövlətdə fanatizmin yayılmasına olanaq saxlayır, yurddaşlara dolandırıcı söyləncələr danışırsınız. Az da olsa, quşqum yoxdur: son 25 ildə Azərbaycanda din fanatizmini etkiləcəyək bilim, kültür, sağlamlıq, idman işləri yüksək demokratik dövlətçilik ilkələrilə yürüdülsəydi, Qusarın hasısa köyündən olan bir yurddaşın ölkəsini atıb İŞİDə, ya da başqa bir fanatik dəstəyə qatılmazdı! Bunun kökündə, oxumamışlıqla sosial ədalətsizlik durur! Bir ölkənin yurddaşı oxumamış, yoxsul olarsa, dövlətinin onunla ilgilənmədiyini, yaşamını yüngülləşdirməyə çalışmadığını görüncə, fanatizmə qapılar, yolundan azar, yad əllərə düşər! Bu çəkişilməzdir, aksiomdur!
Bir şeyi unutmayın: bilimlə din doğadakı olaylara yanaşmada yaxın görünsələr də, yolları heç kəsişməz! Bilim bilgi-bilik-bilim, türkcə oldubitdinin, ərəbcə mütləqin, din tanrının qavranması yolu ilə gedir. Bilim dinlə qovuşsa, bilim bitər, bəlkə yer üzündəki yaşam da sona çatar. Buna görə də dünyəvi dövlət Nizamülmülkün  min il qabaq  «Siyasətnamə» anıtında dediyi kimi, din, şəriət, bu kimi şeyləri öyrənib, dini gözləmdə saxlamalıdır! Bu yöndən yanaşaraq, yüksək bilim, eyitim, kültür, çağdaş düşüncə ilə Azərbaycana Türkiyədən, İran İslam Respublikasından (Ərəbistanın başqa geriçi müsəlman ölkələri ayrı bir bəladır…) yayılan din fanatizminin qarşısını almalıyıq! Baxın, son 14 ildə Türkiyə Respublikasında yeridilən dinçi, yolçu-məzhəbçi politika «demokratik, layiq, sosial, hüquq dövləti»ni dağılmaq durumuna çatdırıb. Azərbaycanda bunların qarşısı Kamal Abdullayevin multikulturalizm toplantılarındakı «boğazdan yuxarı» danışıqlarla alınmaz!!!
Hər yanda islam dinin yaxşılıqlar yaymasından danışırsınız. Ancaq Quran başqa dinlərə sayğısızlıq, onları aşağılamaq, tanımamaq üstündə qurulub. Ramazan (Qabaqlar orucluq deyərdilər. Burada da irəli getmişik. «…Dünyəvi…» dövlətdə bir din bayramı qurtarmamış, o biri başlayır…?) bayramında Türkiyənin «Dolunay» televiziyasında bir imam belə söyləncə danışırdı: Mehdi sahibəzzaman – çağın yiyəsi gələcək, müsəlmanları bir yana yığacaq, müsəlman olmayanların boğazını XIRT kəsəcəkdir. Bu gün dünyanın YİYƏSİ olan, onun geopolitik yaşamını, yarınını bəlirləyən Yəhudilərə («Onlara harada olursa olsunlar zillət damğası vurulmuşdur!») bir, Xristianlara («Yəhudilərlə xristianlardan özünüzə dost tutmayın, onlar bir-birinin dostudurlar») başqa damğalar vurub, islam dininin son din, Məhəmməd peyğəmbərin sonuncu peyğəmbər olduğunu bar-bar bağırır, sonra da bu «yağı dinlər»in QORUCULARINDAN sizə inanmalarını istəyirsiniz! Olası şey deyildir, bəylər, bəyimlər! Bunu bilin, anlayın, düzgün geopolitika yürüdün!
«Cənnət alverçiləri» islam dinində ancaq allahın müqəddəs olduğunu unudub, hər şeyə müqəddəs deyir, Kəbə, Məkkə, Mədinə, Kərbəla… cihadı belə müqəddəs adlandırırlar. Olurmu, bəylər, bəyimlər! Belə olmaz! Bütün günü ölənlər diriləcək, cənnətdə görüşəcəklər, cənnətə ancaq müsəlman «usta zeynallar» gedəcək… Canlı da dirilərmi? Canlının, insanın da içində ruh olarmı? Öldü, çürüdü, getdi. Yaranışdan belədir! Bunu doktorlar, bütün doğa bilimçiləri bilir, sizsə  anlamaq istəmirsiniz! Özünüzü «əsil müsəlman» sayır, ancaq kitabınızda «Ey Məhəmməd (səndən ruh), ruhun mahiyətini, keyfiyətini sorsalar, de, ruh rəbbimin əmrindədir (Allahın əmrilə yaradılmışdır). Sizə ondan çox az bir bilgi verilmişdir» buyuruğuna uymursunuz!!!
Bir bəla da hamının özünü əsil müsəlman saymasındadır. «Yoldan azsa» da, şiə özünü əsil müsəlman sayıb, allahu əkbər, çığıraraq sünni məscidini partladır, o da özünü əsil müsəlman bildiyindən, allahu əkbər, deyib şiə məscidini partladır. Belə də ərəbcə ixvan dediyiniz, türkcə qardaş, qardaşlıq olarmı, EY MÜSƏLMANLAR?!
Siz Qurandakı «kişilər qadınlar üzərində ixtiyar yiyəsidirlər», «kişilər qadınlardan bir dərəcə yüksəkdirlər», «Adəmdən yaradılmış» «bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz…» kimi çağ dışı düşüncənizlə yaranmışların tacı qadınları aşağılayır, əksildirsiniz! Qadınların başına qara çadra keçirib, küçəyə çıxmağı yasaqlayanda  ucalırmı, yüksəlirmi onlar?! Qadın Günaydın! – deyib, bir kişilə əl verib görüşəndə hansı əxlaqsızlığa yol verir?! XXI yüzildə sizə Azərbaycan qadınları ilə belə davranmaq hüququnu kim verib?! Budurmu, allahın adı ilə yaydığınız ədalət?! İçində ədalət-allah olan insan «ideal» yaşamağa çalışar, oğurluq etməz, heç kimin haqqını, malını yeməz, arvadına, uşağına sataşmaz! Siz müsəlmanlarsa özünüzə allahdan çəpər çəkib, arxasında qara işlər görürsünüz. Azərbaycan Respublikasının akademik adı olan bilimçilərin bu çağ dışı axına qatılıb, Türk ulusunu, Azərbaycan ellərini din adı ilə qaranlığa çəkməsi bağışlanmazdır!
Vasim bəy, siz Azərbaycanın qaragünlü insanlarını doladığınız verilişlərin birində aşağıdakı söyləncəni söylədiniz; «Məhəmməd peyğəmbər getdi allahın yanına. Allah ona dedi: müsəlmanlar 50 ürkət namaz qılmalıdırlar. Məhəmməd peyğəmbər gəldi, Musa peyğəmbər dedi yox, əlli ürkət çoxdur, beş ürkət bəsdir. Məhəmməd peyğəmbər yenidən getdi allahın yanına. Allah dedi yaxşı, beş ürkət qılsınlar…».
Bu dediklərinizdə bir məntiq, bilik varmı? İnsan yeri-yurdu bilinməz allahın yanına necə gedə bilər? Bir də müsəlmanlara neçə ürkət namaz qılmağın gərəkliyini allah bilmədi, Musa peyğəmbər bildi?! Özü də, Musanın Məhəmməddən bir neçə min il qabaq öldüyünü deyirsiniz. Bu necə olur? Allahın «qəbul saatları» varmı, istəyən onun yanına getsin? Bu söyləncəni hansı oxumamış uydurub? Siz bu yalanı Azərbaycanın qara günlü yurddaşlarına niyə sırıyırsınız?! İstəyiniz nədir? Çoxmu irəli getmişik?!
Ağrı-acı sizinlə bitsəydi nə vardı? Görün, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə internetdə özündən nə quraşdırıb: «25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kökləri ilə respublikanın bir çox görkəmli şəxsləri ilə bağlıdır. Onlardan Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadəni, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycan Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni, Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağamehdi oğlu Əlizadəni və başqalarını göstərmək olar». «Şeyx Nəsrullah» demişkən: Bərəkallah!!!
Ağamehdi doktorla Əfşan xanımı sayğı ilə anmaqdan başqa düşüncəm olmaz! Ancaq bir az doktor olduğumdan, eləcə də Türk dilini, onun deyimlərini, anlayışlarını Akif Əlizadədən yaxşı bildiyimdən bir neçə söz deyirəm. 1950-60-cı illərdə, Azərbaycanda «tanınmış həkim» deyəndə Mustafa bəy Topçubaşov, Fuad Efendiyev, Məmmədemin Efendiyev, Zülfüqar Məmmədov, Cahangir Abdullayev… yada düşürdü… Ağamehdilə Əfşanı Azərbaycanın «tanınmış həkimi» etməyə çalışmaq anlamsızdır, yurddaşların düşüncəsini dolaşdırmaqdır.
Türk dilindəki Ərəb sözü ailə cansızdır, cansız şeyin başqa ailələrlə genetik kökü olmaz! Bunu bilmək, anlamaq gərəkdir! Rusca düşünüb, türkcə yazmayın! Qoyun, belə «brilyant»larınızı Türk dilini yaxşı bilənlər düzəltsin, sonra yayın!
Akademik Akif Əlizadənin vikipediyasındakı «uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycan Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni»n babası olması sözlərini də islam dininə uyğun araşdıraq. Sən şiəsən, sünnisən, vahabisən, cəfərisən… demək, gerçəkdə  sən müsəlman yox, islam dinini bölənsən, bölücüsən deməkdir! «Ramazan bayramı» günlərində «Mədəniyət» telekanalında  yuxarıda adı çəkilən seyiddən danışılan veriliş göstərilirdi. Bir çox yol göstərilmiş, Nəriman Nərimanovun «Pir»indəkinə bənzər fırıldaq, geriçilik-nadanlıq yayan bu verilişdə Məhəmməd Əmin Rəsulzadənin, Seyid Hüseynin tez-tez «Mirmövsüm ağanın yanına gəlmələri» uydurması ilə özlərinə dayaq, tutalqa yaradılmağa çalışılmışdır.
Seyid Hüseyni bilmirəm, bəlkə uzaq qohumu olan xəstə adama baş çəkib, ancaq saysız yazılarında ulusunu geri çəkən din dəllallarını söyən Nəriman Nərimanovla, «behişt alverçiləri»ni qamçılayan Məhəmməd Əmin Rəsulzadənin tez-tez ora gəlməsini demək çox yanlışdır, ulusal, toplumsal düşüncəni dolaşdırmaqdır!
Çağdaş dünyada kiməsə din pasportu verilmir. Kimin hansı dindən olduğunu sorğulamağa da kimsənin hüququ yoxdur! İnsan dinli də, dinsiz də ola bilər, bu onun haqqıdır, dinçi olmasa yaxşıdır. Dini özünə sayğı tutalqası etmək, ondan toplumu dolamaq üçün yararlanmaqsa yasaqdır! Akademik Akif Əlizadənin dini özünə qalxan etməyə çalışması isə AMEA-nın bilimə dayanan içdənliyinə tərsdir, yolverilməzdir! Bunu bilən Akif Əlizadə bu «yararlama»nı Rus dilindəki vikipediyasına qoydurmayıb. Demək, təkcə bizi … sayır.
Akademik Akif Əlizadə YAP-da girlənib, özünü göstərməyə, anlamazların başını qatmağa çalışmaqdansa, son üç ildə dağıtdığı AMEA-nı bilimə, anayasaya, çağdaş çoxluqçu demokratiya ilkələrinə dayanan yenidənqurma yolu ilə qorumalı, gəlişdirməli, ucaltmalı idi. Ancaq o, tərsini etdi! Bilgi agentlikləri, qəzetlər «Hesablama Palatası»nın AMEA-nın Fizika İnstitutundakı «büdcə yeyintisi»ni ortaya çıxarmasından yazır. «Hesablama Palatası»nın sayğılı bəyləri, bəyimləri, «Fəlsəfə-Hüquq»u, «Geologiya»nı… da yoxlayın, görün,  Azərbaycan Prezidentinə sözdə «sadiq» olan, bu «akademik mollalar» AMEA-nı necə dağıdır, Prezidentə necə dönük çıxırlar!
AMEA-nın prezidenti Akif Əlizadənin tibdə anadangəlmə serebral iflic sayılan xəstəni «Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri» adlandırıb özünə reklam etməsinə, eləcə də yuxarıda deyilən başqa gerçəklərə bircə ad vermək olar: geridüşüncəlik! Bu geridüşüncəlikdən də bircə çıxış yolu vardır: Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv