Almaniya Bundestağı da yalançı erməni “soyqırımını” tanıdı. Almaniyanın çoxillik kansleri Angela Merkel bu faktı “demokratiya kültürü” adlandırdı. Bu yerdə söz tapmaq, dillənmək, danışmaq çətindir. Çətinlik nədədir? İllərlə bütün dünyaya demokratiya örnəyi olaraq böyük sayğıyla yanaşdığımız, oxşamağa, yolunu getməyə çalışdığımız Avropanın bir belə cılızlaşmasında, xırdalanmasında, gözgörəti ölüşgəməsindədir. Biz demokratiya parlaqlığı ilə işıq saçan bir Avropa yolçuluğuna yüklənirkən “demokratiya” faşızminə yüklənən Avropa ilə qarşılaşırıq.
Merkelin “demokratiya kültürü” dəyərləndirməsinə, gərəkirkən, aşırı anlayışla yanaşardıq, ancaq burada ən saya anlayışa belə yer yoxdur. Ortada olan gerçək bir demokratiya kültürü deyil, gerçək bir “demokratiya” faşizmidir. Ortada olan DANILMAZ TARİX GERÇƏYİNƏ tüpürmə faktıdır. Amac nədir? Amac bir çox yüzillər öncədən Vatikanın öncüllüyü ilə başladılmış Türkiyəni bölüb-parçalama, Türklüyü yenmə politikalarını yenidən gerçəkləşdirməyə girişmədir. Ortada olub-keçənlərlə bağlı yalnız Türkiyədə, Azərbaycanda deyil, Amerikada, Avropada, ayrıca olaraq Rusiyada yazılmış çoxlu kitab – faktiki materiallar var. O kitabların çoxunu baş verənləri gözüylə görənlər yazıb. Bir daha vurğulamaq gərəkir: onlar türklər deyillər, onlar Rusiyadan tutmuş Amerikayadək yazdıqlarında yalana yol verməyən, yalnız gördüyü, bildiyi gerçəkləri yazan kimsələrdir. Aralarında polkovniklər, generalllar da var, diplomatik personalar da, tanınmış bilim adamları, politiklər də. Avropa onları – erməni yalanlarını, erməni uydurmalarını yalana çıxaranları, alt-üst edənləri – saymır, saymaq istəmir. Tanımır, tanımaq istəmir. Nə üçün? Çoxillik antiTürk politikalarını sürdürmək üçün! Merkelin “demokratiya kültürü” adlandırdığı budur!!
Biz bilirik: Türkiyənin üzləşdiyi indiki bir çox sorunların başlıca suçlusu Ərdoğandır – “Yeni Osmanlı” yalanlarıyla içdə Türkiyəni, dışda yüz il öncəki Osmanlını bölüb-parçalamağa yönəlik iç savaşları yaratmış Avropanı. Vatikan başda olmaqla Avropa çox-çox yüzillər qabaqdan Osmanlını bölüb-parçalama politikalarına baş vurmuş, bu politikalar daha çox 19-cu yüzilliyin ikinci yarısından uğur qazanmağa başlamışdı. Bu isə Osmanlıda böyük sayğıya, bu sayğı ilə yanaşı böyük yetkilərə yiyələnmiş erməniləri, erməniliyi ələ almaqla olmuşdu. Durmadan çalışmalar, qızışdırmalar, yönətmələr, hər baxımdan arxa durmalar sonucda ermənilərin az qala hamılıqla Osmanlı dövləti üzərinə ayaqlanmalarına gətirib çıxarmışdı. Sonralar böyük gücə çevrilmış, Osmanlının, ardınca Türkiyənin çoxlu sayda dövlət, ordu yetkililərinin, qırxadək diplomatının öldürülməsinə gətirib çıxarmış qorxunc erməni terrorunun özülü də o çağlar qoyulmuşdu. Erməni terrorçular tutulurkən illərlə Avropa onlara – erməni terrorçularına! – arxa durmuş, onların tutuqlanıb gərəyincə yarqılanmalarına yol verməmişdi – bu gün 50 mindən artıq Türkün ölümünə nədən olmuş Öcalan faktında olduğu kimi.
Yüz il qabaq ortada belə bir plan vardı: Osmanlını xırda dövlətlərə bölüb-parçalamaq, başlıcası, orada Türkə, Türklüyə düşmən “böyük Ermənistan” yaratmaq. İlkin versiyaya görə sözügedən erməni dövləti indiki Türkiyə coğrafiyasında yaradılmalı idi. Ancaq Atatürk kimi bir azmanın ortaya çıxması Avropanın planlarını pozdu. Bundan sonra onlar Azərbaycan coğrafiyasında erməni dövləti yaratmaq planlarına baş vurdular. Necə? Antanta qoşunlarının (başlıca olaraq ingilis-fransız qoşunları) işğalı altında olan Güneyli-Quzeyli Azərbaycanda, daha çox da Batı Azərbaycanda ermənilərin əlilə soyqırım törətməklə! Avropa patronatlığında baş verən soyqırım sonucunda ermənilərin Batı Azərbaycana axını yaradıldı. Antanta komandanlığı sonra Azərbaycan Demokratik Respublikasını basqı altında tutmaqla İrəvanı ermənilərin başkəndinə çevirdi. Avropa bu gün yeni qoşullar içində əski politikalarını sürdürməkdədir…
P.S. Nəyə görəsə Avropanı ÖZÜMÜZDƏN çox sevənlərdə bu yazı böyük acıq doğurduğundan, onu “Avropaya söyüş yazısı” olaraq dəyərləndirməklə “Azadlıq”ın saytına yaraşdırmayıblar. Görün içimizdə nə çox cem özdəmir kimiləri var!




İyun 6th, 2016
admin
Posted in
Tags: 