XALİQ BAHADIR. DİN DİKTATURA QULLUĞUNDA

Qafqaz müsəlmanları ruhani idarəsini Rusiyanın yaratdığını bizdə çoxları bilmir. Rusiya bu idarəni Rusiyada yaşayan müsəlmanları kontrol altında saxlamaq, gərəkirkən bu idarədən yararlanmaqla onları öz siyasətinə uyğun istədiyi yerə yönəltmək üçün yaratmışdı. Bunu bugünlərdə “Qafqaz müsəlmanları ali din şurası” adına ortaya çıxan bir bildirgə də açıq göstərir.
Qroznıda “Qafqaz xalqları ali din şurasının” toplantısı keçirilib. Faktik olaraq şura iki bildirgə yayıb. Birinci, müsəlman ölkələrində, özəlliklə də Misir, Suriya, İraqda baş verənlər, oralarda axan qanlarla bağlıdır. Birinci bildirgədə deyilir: ”Biz, Qafqazın din xadimləri, dərin ürək ağrısı ilə bir sıra müsəlman ölkələrində qanlı olayları izləyərək, buna soyuqqanlı qalmayıb acıdığımızı bildirməyə bilmərik”. Bunun ardınca yuxarıda adı çəkilən müsəlman ölkələrində axıdılan qanlar, minlərlə insanın ölümü, bu ölkələrdə geniş yayılmış qarşılıqlı düşmənçilik, qardaşın qardaşı qırması, soydaşlar arasında nifrət, yadlaşma uçurumunun dərinləşməsi faktlarının aradan qaldırılmasına çağırılır. Çox gözəl, sözümüz yox. Ancaq bu gün adı çəkilən ölkələrdə baş verənlər: tökülən qanlar, insanların qırılması, qardaş-soydaş düşmənçiliyi nədən doğur, haralardan qaynaqlanır – bunlara toxunulmur, bunların üzərindən səssizcə keçilir. Niyə? Müsəlman din liderləri, İslam Konfransı Təşkilatı, Qafqaz müsəlmanları ruhani İdarəsi başda olmaqla müsəlman din institutları da işdə suçlu olduğuna görə!
Bəlli olduğu kimi, burada adı çəkilən, eləcə də çəkilməyən, demək olar, bütün müsəlman dövlətləri çoxillik diktatura rejimləri ilə tanınır. İllərlə bu rejimlər oxşar metodlarla xalqın qanını içib, hakimiyəti uzun illər qoruyub saxlamaq, əldən verməmək üçün getdikcə dərinləşən, barışmaz xarakter alan qardaş-soydaş düşmənçiliyi yaradıb. Rejim başında duranlar xalqı soymaqla, ölkənin yeraltı-yerüstü var-yatırına təkbaşına yiyələnməklə, “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipinə uyğun ölkə-dövlət yönətimi ilə bugünkü, gələcək qanlı qırğınları, barışmaz qardaş-soydaş düşmənçiliyini stimullaşdırıblar. İndiki Azərbaycan bu stimillaşdırmanın parlaq örnəklərindəndir. Sözü gedən stimullaşdırmada diktatura rejimlərinin ən önəmli yardımçısı rolunu din institutları, din liderləri oynayır.
1993-dən bu yana Azərbaycanda KQB generalının başçılığı ilə diktatura rejimi qurulub. 20 ildir bu rejim ölkədə korrupsiyanı DÖVLƏT SİYASƏTİNƏ çevirməklə demokratik dəyərlər bir yana, milli-mənəvi dəyərləri aşındırır, dağıdır. Biz nə görürük? Biz Qafqaz müsəlmanları ruhani idarəsini, bu idarənin başçısı A.Paşazadəni 20 ildir bu rejimin başlıca yardımçıları sırasında görürük. Xalqa gərək olan yerdə “Mən siyasətə qarışmıram”, deyən A.Paşazadə hər prezident seçkisi öncəsi rayonlara çıxıb “müsəlman bacı-qardaşlarımızı Allahın yerdəki kölgəsinə – möhtərəm prezidentimizə” səs verməyə çağırır.
Gəlib çıxdıq ikinci bildirgəyə, daha doğrusu, “müraciətə”. Qroznıdan yayılan “müraciət”Azərbaycanın bütün din adamlarına, xalqa ünvanlanıb. Onlar İlham Əliyevə səs verməyə çağırılır – din dəyərlərinin qorunmasındakı roluna görə. İslam peyğəmbəri deyirdi: “Ümmətim üçün mənəviyatı dağıdan mühitdən qorxuram”. Qafqaz xalqlarının ali din şurası faktik olaraq belə bir mühiti… qoruyub saxlamağa çağırır. Ərəb ölkələrindəki diktatura rejimlərinin doğurduğu qanlı qırğınlar Qafqaz ali din şurasında “dərin ürək ağrısı” doğursa da, əliyevçi diktaturanın doğurduğu insan faciələri onlarda yüksək sevinc duyğuları doğurur. Doğurur!!!
Putin Bakıya siyasi simvolika olaraq ordu donanması ilə gəlmişdi, indiki “Qafqaz xalqları ali din şurasının müraciəti” Putinin Bakıya DİN DONANMASI göndərməsi deməkdir. Əliyevlər rejimini qorumaq üçün indiyədək Bakıya seçki öncələri Ruşaylo, Lebedev kimi KQB generalları göndərilirdi. Qarşıdakı çətin seçki nədənilə indi DİN DONANMASI da göndərilir.

27.08.2013.

P.S. Dinin müqəddəsliyini “qorumaq üçün” qəzetdə çapına qadağa qoyulub – ÇQQ.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv