İSA MEHDİOĞLU. YİYƏSİZ BORÇALININ HARAYI!

Borçalı bölgəsi Gürcüstanın cənub-qərbində yerləşən ən qədim türk obalarından biridir. Hələ XI əsrdə Qurucu Davudun dövründə “Didi Türkoba” (Böyük Türk eli) kimi çar Davudun dövlət xəritəsində adı çəkilir. Borçalıda yüzdən çox qədim türk tarixi abidələri mövcuddur. Ancaq səksən il ərzində bir dəfə də olsun, nə Azərbaycan nə də Türkiyə mütəxəssisləri bu abidələrlə maraqlanmamışlar. Elə ona görə də çox asanlıqla bu abidələrə gürcülər bu gün özlərinin tarixi abidələri kimi yiyələnirlər. Onları istədikləri kimi təmir edib, içərisində otururlar. Bu qədim tikililər körpülərdən, qalalardan və kilsələrdən ibarətdir. Onlardan bəziləri haqqında qısa bilgilər vermək məqsədindəyəm.
Bolus (Bolnisi) rayonunun Kəpənəkçi kəndinin şərqində “Sarı kilsə” adlı yarısı uçmuş kilsədə 1960-70-ci illərdə “Gürcüstan arxeoloji ekspedisiyası” kəşfiyyat işləri aparan zaman üç metr dərinlikdə IV əsrə aid edilən gənc oğlan qəbri tapılmışdır. Sinə daşında qədim türk dilində yazı aşkar edilmişdir. Yazıda deyilir: “Kəpənəkçi xaqanın oğlu gənc, “Kəpənəkçi çayı”nda boğulub öldü”. Həmin daş iki il Tiflis tarix muzeyində saxlanıldı, iki ildən sonra muzeydən götürüldü.
Kəpənəkçinin içində Çataq (Poladauri) yolunun sağında “Qoçdu kilsə” V əsrə aid edilir. 1930-40-cı illərdə kilsənin ətrafında yüzlərlə qoç heykəlli qəbir daşları var idi. Bu gün bir dənəsi də yoxdur. Deyilənə görə nə vaxtsa gürcülər maşına doldurub aparmışlar. Hal-hazırda kilsə sağlam vəziyyətdə, işlək haldadır. Gürcü keşişi yiyələnib içində yaşıyır.
Xaçın kəndi ilə Ağalıq arasında Bolus (Bolnisi) siyonu deyilən böyük, əzəmətli kilsə yerləşir. Kilsənin ətrafında çoxlu qəbirstanlıq var. Vaxtilə burda çoxlu qoç heykəlləri də var idi. Bu gün kilsə gözəl təmir olunub, içərisində keşiş oturur.
Kəpənəkçinin qərbində “Kəpənəkçi çayı”nın sağ sahilində “Yazılı kilsə” adlı kilsə bu gün yaxşı təmir olunmuş və içərisinə keşiş qoyulmuşdur.
Kəpənəkçinin cənubunda Talıflıdan bir kilometr aralı, meşəlikdə Kilsəli deyilən yerdə qədim kilsə və ətrafında qəbirstanlıq var. Onu da təmir edib içinə keşiş qoymuşlar. Çataq yolu meşəsində “Cinni binə” deyilən yerdə (həmin yerə Mehdilli yurdu deyilir) içərisi bəzədilmiş halda balaca bir kilsə var. Ətrafında isə əlləri çarpazlaşmış insan fiqurlu qəbir daşları vardır. Ondan bir kilometr aralı, dağın başında əzəmətli bir kilsə də var. Bu gün hər ikisində keşiş durur.
Port-port deyilən yerdəki kilsənin də ətrafında qəbirstanlıq var. Qəbirstanlıqda əli çarpazlaşmış daş heykəllər, qoç heykəlləri var idi. İndi qoç heykəlləri yox olmuşdur. Kilsə baxımlı haldadır, içərisində keşiş durur.
Saray yerindəki, “Yazılı kilsə”nin də ətrafı qəbirstanlıqdır. Qapısında kitabə mövcuddur. Mütəxəssislərin dediklərinə görə, kitabədəki yazılar gürcü dilində deyil.
Abdallı kəndi ilə Kveşi kəndi arasındakı təpə başında çox əzəmətli olan “Abdal qalası” ucaldılmışdır. Deyilənə görə qala 5-6-cı əsrlərə aid edilir. 1940-45-ci illərdə qalanın qapısının üstündə iki metrdən artıq uzunluğu olan nəhəng bir kitabə var idi. Yerli xalqın dediyinə görə, Tiflisdən gələn mütəxəsislər demişlər ki, yazı qədim türk-moğol dilindədir. 1955-ci ildə yolum bir daha ora düşdü. Ancaq artıq kitabə götürülmüşdür. Yerli xalq dedi ki, Tiflisdən gələn briqada daşı çox çətinliklə söküb Tiflisə apardılar. Əgər yazı gürcü dilində olsa idi, belə bir əzəmətli qalanın kitabəsini sökməzdilər. Demək “çuvalda pişik gizlənmişdir”.
Tarixdə bir çox olayların şahidi olan başı bəlalı Başkeçid (Dumanıs (Dmanisi)) qalasında da kitabə var idi. Ancaq son zaman kitabəni görmədim.
Şəmşoğlu kəndindəki kilsələr hələ yararlı haldadılar. Ordakı xaçların üzərində buta şəkilləri həkk olunmuşdur. Belə xaçları gürcülər harda tapsalar oxalayıb məhv edirlər. Bu kilsəyə oxşar digər bir kilsə də, “Səkkiz ayaq” adı ilə Faxralı yaxınlığındadır. O da sağ-salamatdır.
Darbazla Gülöyür yaxınlığında Alban kilsəsi adında salamat saxlanılmış bir kilsə var. Deyilənə görə çar Rusiyası Qafqaza gələnə qədər bu kilsədə ətraf xalqlar ibadət etmişlər. Onu da qeyd edim ki, kilsənin ətrafında yalnız Azərbaycanlılar yaşayır.
Kolagir kəndinin cənubunda Xram çayının sol sahilində dörd künc hörülmüş, 4-5 hektar sahəni əhatə edən çox əzəmətli “Ağca qala” ucalır. Tarixin dediyinə görə Ağca qala Qazan xanın, Həsən padşahın, onun oğlu Sultan Yaqubun yurd yeri olmuşdur. Qalanın içərisində 4-5 metr hündürlüyündə bir türbə var idi. Türbənin ətrafı ağ parlaq çini üzərində, ərəb yazıları ilə doldurulmuş saxsı ilə örtülmüşdür. Xalq onu “Ağ Pir” deyə ziyarət edirdilər. 1935-ci ildə qalanı təmir etmək adı ilə “Ağ pir”i sökdülər. Bütün yazılı çini saxsıları arabalara yükləyib Xram calasına tökdülər. İndi həmin pirin yerində gürcülər kilsə tikmişlər. İçərisində keşiş oturub, qalanı monastr ediblər.
Tiflisdə Sənan dağının güney tərəfində müsəlman qəbirstanlığının yaxınlığında şeyx Sənan türbəsi ucalırdı. Vaxtilə böyük şairimiz Hüseyn Cavid türbəni ziyarət edən zaman, qarşısında duraraq ona şeir ithaf etmişdir. Bu gün türbə xarabalığa çevrilmişdir. Şeyx Sənanın dastanından, onun haqqında yazılan dram əsərlərindən, haqqında yazılan şeirlərdən mənəvi qida alan sələfləri, heç bilmirlər ki, Şeyx Sənan türbəsi var, ya yoxdur.
Bolus (Bolnisi) rayonunda Bolnisi ilə Kəpənəkçi arasında Yıl (Yel) baba dağı ucalır. Ən qədimlərdən bu günə qədər ətrafındakı yerli xalqlar onu ziyarət edir. Dağın zirvəsində 2×3 metr ölçüdə ən qədim bir tikili var. Rəvayətə görə qədim türk xalqlarının peyğəmbəri Zülqədər Zülmət dünyası səfərindən qayıdan zaman ölmüş və burada dəfn olunmuşdur. Onu Yıl dağının başına basdırmışlar. Həmin tikili onun qəbri üzərindədir. Dağa niyyət edənlərin niyyətlərinin, arzularının çin olması üçün, öz qurbanlarını, bacaran dağın başında kəsir, bacarmayan isə ətəyində kəsir. Dağı azərbaycanlılarla bərabər yerli qreklər də ziyarət edirlər. İndi gürcü höküməti dağın başında Zülqədər peyğəmbərin qəbri üstündə böyük bir kilsə tikdi. Hazırda bizimlə bərabər, gürcülər də dağı ziyarət edirlər.
Ayvazalıoğlu Hamzanın oğlu Mahmudun dedikləri: 1980-ci illərdə lesxozda (mərkəzi meşə idarəsi) buldozerçi işləyirdim. Quzey kilsə deyilən yerdə meşənin dərinliklərinə yeni yol açırdım. Buldozerin ağzına üç metr uzunluğunda dördkünc yonulmuş, hər təfrəfi yazılı bir qaya çıxdı. İşi dayandırdılar. Tiflisdən 10-na yaxın mütəxəssis gəldi. Daşı təmizləyib oxudular və dedilər ki, bizə xeyir verən yazı deyil. Mənə əlli manat pul verib dedilər ki, bu daşı dərin eşib yolun altına basdırım. Üstünü də qalın torpaqla örtüm. Mən elə də etdim. Onlar mən daşı basdırana qədər gözlədilər, sonra getdilər. Borçalının vəziyyəti haqda 1995-ci ildən bu günə qədər hər yana vəziyyətimizin acınacaqlı olduğu haqda yazıram. Bunun da səbəbi odur ki, gürcülər bizə qonaq deyir. Və uşaqlara dərslikdə oxudurlar ki, Borçalıya azərbaycanlıları 17-ci əsrdə Şah Abbas kütləvi surətdə yerləşdirmişdir. Ancaq bizim yerli “oborogen” olmağımızı təsdiq edən bir çox tarixi abidlərimiz var. Çalışıram ki, mütəxəssislər gəlib, o abidələrin kimə məxsus olmasını təsdiq eləsinlər. Və gürcülər öz dərsliklərindən azərbaycanlıların qonaq olmasını götürsünlər ki, gürcü gəncləri bizə ədavət gözü ilə baxmasınlar. Odur ki, Türkiyənin Araşdırmalar Mərkəzi Vəqfinə, Azərbaycan Elmlər Akademiyasının Arxiologiya və Tarix institutlarına, “Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsi”nə və bir çox mətbuat orqanlarına müraciət etmişəm. Heç yerdən bizim “gəlmə” adımızı ortadan götürmək üçün dəstək tapa bilməmişəm. Nəhayət, yeganə şahid olan Ayvazov Mahmud dünyasını dəyişdi. Mənim də varlığım bu gün və ya sabahdır. Ona görə də bu məqaləni yazıb qoyuram ki, bəlkə nə vaxtsa Borçalıya canı yanan bir şəxs çıxdı. O vaxt mənim bu yazım ona yolçuluq edə bilər.
Zəruri qeyd: AMEA-nın nəşr etdirdiyi Azərbaycan milli ensiklopediyasında yazılmışdır ki, Borçalıya azərbaycanlılar XVII əsrdə kütləvi surətdə köçürülmüşlər. Bu cümlə də gürcülər üçün əllərinə düşmüş bir fürsət oldu. Dərsliklərdə də olduğu kimi yazmışlar. Ancaq bu cümlə Borçalı xalqı üçün təhqirdir. Bu təhqiri götürtmək üçün 20 ildən artıqdır ki, hər il AMEA-nın Tarix institutuna yazılı müraciət edirəm ki, Borçalıda borçalılara gəlmə damğasını ilk öncə AMEA vurmuşdur. Bu ləkəli damğa sizin səhvinizdir. Zəhmət çəkib öncə siz səhvlərinizi düzəldin, sonra da gürcülərə müraciət edək. Yuxarıda göstərdiyim kimi, bizim Borçalıda ən qədim xalq olduğumuz haqqında çoxlu sübutlarımız var.
Hörmətli Yaqub müəllim cavabında deyir ki, sizdən ötrü mən gürcülərlə vuruşmayacam ki. Yaqub müəllim, bu gün siz bizim öndə gedən alimlərimizdən birisiniz. Sizə demirik ki, get ağac götür və gürcülərlə vuruş. Ancaq siz qələmlə, elmi dəlillərlə vuruşmalısınız. Bizim gəlmə yox, yerli bir xalq olmağımızı tək gürcülərə yox, bütün dünyaya isbat etməlisiniz. Onsuz da çox gecikmisiniz. Əgər bu gün də geciksəniz Borçalını əbədi itirmiş olursunuz. Ömrümüz boyu yiyəsizlik ucbatından dədə-baba torpaqlarımızı itirə-itirə gedirik. Bizim elm və hökumət adamları, papağınızı qabağınıza qoyun, fikirləşin ki, biz nə vaxta qədər itirə-itirə gedəcəyik?!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv