Soylu Atalı. Qloballaşmanın Qlobal Dağıdıcılığı

Acınacaqlıdır. Siyasi dünya vəhşi cəngəlliyi xatırladır. İnsan öz növündən olanlar arasında xoşbəxtlik haqqında düşünə bilmir. Güvəniləsi heç nə qalmayıb. Harda yaxşı bir münasibət, proses baş qaldırır, dərhal onun üstünə yeriyirlər və heçə çevirirlər. Sanki öhdəlik götürülüb, – ümidverici heç nə olmamalıdır. Elmi-texniki inkişafın həyata gətirdiyi ab-hava budur. Bu inkişaf maddi üstünlük uğrunda yarışmanın meyarıdır.

Belə gedişatın təzahürləri bizim ölkəmizdə daha qabarıq şəkildə özünü göstərir. Ailələrin dağılması, ailəni dolandıra bilməmək üzündən intihar hallarının çoxalması, insanların bir-birinə inamlarının itməsi, hətta öz gözlərindən düşməsi bu yarışların oluşdurduğu mühitdir. Həyat uğrunda mübarizə həyatı gözdən salır. İnsan həyatının mənasını təşkil edən nəsnələrin hamısı xurafatlaşır. Məsələn, idman, musiqi, ədəbiyyat, hətta toy-vay ənənələri və b.k. Sağlamlığın fiziki üsulu sayılan idman indi qladiator dövründə olduğu kimidir, – hakim qüvvələrin əyləncə vasitəsinə çevrilib. Hələ biz bu məsələnin yetərincə siyasiləşməsini bir qırağa qoyuruq. Əgər idman təkcə sağlamlıq kimi düşünülsəydi belə, bu sənətə qoşulanların pulçuluq mühitində sağlam olacaqlarını demək çətin olardı. Çünki milli və sosial problemlərin əhatəsində sınağa çəkilən insanların ruhi və psixoloji durumları fiziki sağlamlığın əksinə yönəlir. Ruhu sağlam olmayanların fiziki sağlamlığı axıra qədər baş tutmaz. Yaxud ruhsuzun fiziki sağlamlığının milli-insani önəmi olmaz. Ancaq nəzərə alaq ki, idman inhisardadır. Bu sahədə üstünlük əldə edənlər kimlərinsə qazanc mənbəyi olduqlarından özləri də maddi imkanlar əldə edirlər. Ona görə də hakim qüvvələrin idman siyasətinə xidmət edənlərdən xüsusi vətənpərvərlik gözləmək mümkün deyil. İdman elə bir təlimdir ki, onun nəzəri-ideoloji yönü hakimiyyətçiliyə bağlıdır. Hakimiyyətçiliyə xidmət isə vətənə xidmət deyil. idmanda tək-tək adamlar tapılar ki, bu qəlibə girməsinlər.
Siyasət musiqini də xurafata çevirib. Üzümüzü Avropaya tutandan bəri ictimai həyatda ən böyük təsirə çevrilən də musiqi xurafatıdır. Hər şey qazanc vasitəsinə çevrildiyindən məsələnin milli-insani, əxlaqi tərəfi nəzərə alınmır. Tamaşa effktli musiqilərdə ifaçının yarımçılpaq, yaxud çılpaq səhnəsi, hərcayi davranışları biznes tələbləri ilə idarə olunur. Təbii ki, belə bir geyim və davranışlarla mənalı söz də ifa eləmək mümkün deyil. Mənalı söz ifaçının hərcayi sərbəstliyinə mane olardı. Bu gedişat televiziya ekranlarında, eləcə də konsert zallarında gəncliyin tərbiyəsini məhv edir. Müasirlik, yeni sivilizasiya, inkişaf etmiş mədəniyyət adı altında milli-mənəvi keyfiyyətlər sıradan çıxarılır. Özləri və himayədarları üçün pul qazanan hərcayi musiqinin aparıcıları gənclikdə qibtə hissi yaradır. Belə bir mühitin aparıcılarına rəğbət bəsləyən gənclikdə vətənsevərlik və millətsevərlik hissi ömürləri tərk edir.
Hər yerdə hərcayi musiqi münasibətlərə hökm edir. İctimai nəqliyyatlarda, dayanacaqlarda, küçələrdə… həmin musiqinin səsi qulaqları doldurur. Həşirə düşən, kütləşən beyinlərdə sağlam düşüncə yaranmır. Hərcayi musiqi gəncliyin qulağını tıxayır. İctimai həyatın pozuntularını yaradan səbəblər dərk olunmur. Əslində musiqi bolluğu siyasi idarəetmənin bir üsuludur. Ona görə də vətən ancaq zorakı üsullarla qorunur. Çünki vətən məzmunsuzlaşdırılır. Vətəni ordu sınırlardan, qıraqdan qoruyur. Orduya gedənin əksəriyyəti qürur hissindən uzaqdır. Gənclik orduya gedənə qədər milli-insani dəyərləri görmür, tanımır. Vətən bu dəyərlərlə sevilə bilər. Onu yalnız coğrafiya kimi dərk eləmək mümkün deyil.
Təəssüf ki, ədəbiyyat da ölçü tapa bilmir. Ölçüsüz ədəbiyyat xurafatlaşan ədəbiyyatdır. Belə ədəbiyyat ictimai həyatın pozuntularının səbəbləri ilə döyüşmür, onun (ictimai həyatın) yönünü izah edir. Hətta bəzən müasir gedişatdan dala qalmaqda ictimaiyyəti qınayır. Məsələn, Avropaçılığa meyilli ədəbiyyat ictimai pozuntuların səbəbini Avropa dəyərlərinə biganə qalmağımızda axtarır. Milli yönə üz tutanların böyük əksəriyyəti isə bizi ərəb-islam mədəniyyətinə biganəlikdə qınayır. Əslində bizə görə hər iki baxış millilik, hətta bəşərilik baxımından konservatik xarakter daşıyır. Başqasını yamsılamaqla milli mədəniyyət yaratmaq olmaz.
Biz döyüşkən ədəbiyyat ideyasının yoxluğundan bəhs edirik. Bəzi düşüncə sahibləri hesab edirlər ki, ictimai, ideoloji mübarizə ədəbiyyatın işi deyil. Ədəbiyyat bəşəri məzmun daşımalıdır. Bu fikir və istək o vaxt özünü doğruldar ki, ictimai həyat anarxiyadan ibarət olmasın…
Xurafatlaşan ənənələr sırasında toy-vay kurallarının da adını çəkdik. Toy millətin təməl prinsipi olan ailəçiliyin başlamasının rəmzidir. Ona görə burada milli keyfiyyətlər ifadə olunmalı və təsir yaratmalıdır. Hadisə – səbəkarları və izləyənləri tərəfindən dərk olunmalıdır. Ailə millətin var olmasının fiziki və mənəvi nizamıdır. Təəssüf ki, bu gün ailəçiiyin başlama rəmzi olan toy milli keyfiyyətlərlə deyil, restorançılıq tələbləri ilə idarə olunur. Milli dəyər sayılan toy pulçuluq tələsinə salınıb. Ona görə də həm biçim gözəlliyini itirib, həm də məzmun. Hər şey standart, bayağı. Tamada əzbərçiliyi, musiqi həşiri, rəqs sürülüyü müqəddəs bir hadisəni heçə döndərir. Həyatı bütünlüklə pulçuluq idarə edir.
Yas törənlərimiz toydan betər standartlaşıb. Mollanın vaizliyi və törənin süfrə mənasızlığı kədəri həşirə salır. Kədər yaşanılmır, yola verilir. Burada da insan tanınmır, həyat dərk olunmur. “Nə baş verir, ölüm nə deməkdir, insan kimdir, kədərin mənası nədir?!” kimi suallara əslində yas törənlərində cavab tapılmalıdır. Ancaq dediyimiz kimi, mollanın xudbinliyi, kuralları ərəb dilində icra eləməsi, ərəblərin mifləşmiş hadisələrini və şəxsiyyətlərini mövzuya çevirməsi milli hadisəni və kədəri kölgədə buraxır.
Göründüyü kimi, XXI yüzil ötən yüzillərlə müqayisədə heç də az xurafatlaşmayıb. Biz hesab edirik ki, xurafatlaşmanın üzərinə Mənəvi-Ruhani İntibahla getmək gərəkdir. Qloballaşmanın qlobal oyunları həyatımıza ancaq dağıdıcılıq gətirir. Biz, Mütləqə İnam Ocağı öz yolumuzun – Mütləqə İnam Ruhaniyyatının zəruriliyini getdikcə daha aydın dərk edirik. Yeni sivilizasiya müjdəsi verməyimiz həvəskarlıqdan gəlmir, insani-bəşəri ehtiyacdan doğur.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv