ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası

İkinci bölüm:

GERÇƏKLİK – ATA SINAĞINDA

Siyasətə yönəlik Ata Söyləmləri –
Dəyərləndirmələri

QAZAX BİLİYİ

Şərə qəzəbləndilər. Şəri qəzəbləndirdilər.
Şər şərliyini daha artıq bildirəcək.
Şərin şərliyi daha artıq bilinəcək.

15 İnam günü, Köçəri Ay, 8-ci il. Bakı.

QARABAĞ MƏSƏLƏSİ

1. Qarabağın hər qarışı üçün ölümə getmək gərək.

2. Erməni sionistləri bədnam edilməli.

3. Təzə hal yaranıb Məmləkətdə. Rəsmiyyətə qarşı mütəşəkkil Etiraz – Amala Doğma!

4. Xalqa Sahibsizliyini anlatmaq, Ata ətrafında Birliyə çağırmaq – Tədricən, Səbrlə, Dözümlə.

5. Çıxış Məktəbi keçmişlərdən Evlad hazırlamaq Ataya.

Qaranlıqlar Yarılsın!

26 Qismət günü, Köçəri Ay, 9-cu il. Bakı.

QARABAĞ HADİSƏSİ

Azərbaycana qarşı xain Qəsd!
Qorunmalı, gözləməli, verməməli!

1 Günəş Ayı, Ümid günü, 10-cu il. Bakı.

QARABAĞ HADİSƏSİ

1.Təzə Şərbaşı Qarabağı Erməni sionistlərinə verirdi.

2. Qarabağı Universitet tələbələri, Sumqayıtlılar, Türkiyə, Geosiyasət, “Qarabağ” komitəsinin çılğın Səfehliyi xilas elədi.

3. Yurdumuzda Amalın Xeyrinə təzə hal yaranıb, bundan istifadə etmək Labüddür.

4. Xalqa üz tutmaq, xalqın İçində olmaq, Xalqın içindən Ailə, Evlad seçmək!

Qaranlıqlar Yarılsın!

25 Qismət günü, Günəş Ayı, 10-cu il. Bakı.

İŞIQ AYINDA BAKI NÜMAYİŞLƏRİ

1. Camaat bildi ki, respublika rəhbərliyi Şərin əlində oyuncaqdır və kəndxuda səlahiyyətinə belə malik deyil.

2. Bəlkə də Şər Dağlıq Qarabağda Azərbaycanla formal əlaqəsi olan, Ermənistana meyil eləyən cırtdan bir dövlət yaratmağa səy göstərsin.

3. Camaat bilməlidir ki, Şər boyunduruğundan xilas olmadan nə Cənubi Azərbaycan, nə də Qarabağ məsələsi həll olunma¬yacaq.

4. Son hadisələr camaaatı Amala ruhən yaxınlaşdırdı, Amal onu öz arxasınca aparmalıdır.
Tədricən, Müdrikcəsinə, Yetkin səviyyədə, Ailələşmə biçimində.

20 Qismət günü, İşıq Ayı, 10-cu il. Bakı.

NƏTİCƏ

1. Erməni sionistlərinin hay-küyü Təzə Şərbaşını qorxuzdu və o, ətəyini yavrularından çəkdi.
Erməni “müdrikliyi” öz heçliyini tam aşkara çıxartdı.

2. Azərbaycan qaçqınları Oğuz ənənələrinə sadiq qalmadılar, qorxdular; ellərindən, obalarından didərgin düşdülər.

3. Nəbi Xəzrinin dostu və Tofiq Bayramın ağası Rəsul Həmzətov Azərbaycana düşmənçiliyini büruzə verdi, “torpaq vətən deyil” – deyə Azərbaycan ləzgilərinin könlünə ayrılmaq havası saldı.

4. Ermənilər səfehcəsinə gülünc və bədnam oldu, Şər geri çəkildi, qəzəbini yeyə-yeyə.

5. Əslində Azərbaycanlı Türklərin – Dünyada və SSRİ-də təpərli və inamlı dostu yoxdur. (Türkiyəlilər elə bizik, bu səbəbdən də özümüzdən başqa dostumuz yoxdur).
Dünyada və SSRİ-də düşmənimiz hədsizdir.
Nəticənin əsas səbəbi Ermənilərin başsızlığı, əksər hallarda qaş qayırdığı yerdə göz çıxarmağı, mərkəzi ayıq salmağı oldu.
Astronom və general yetirmək hələ böyük xalq olmaq deyil!

6. Cənubi Azərbaycan məsələsi ön plana keçir.
Ocaq qalanmalıdır orada.

7. Mütəşəkkillik əslində Anti Azərbaycan hərəkatının belini qırdı, şairlər öz çığırtılarıyla İmperiyanı oyatdı, burada Füzulinin sözü yada düşür: Şairlərin arxasınca gedən yolunu azır.
Göz qamaşdıran mitinqlər, xəyalı qanadlandıran tətillər, möcüzəli kassalar, heybətli qarasaqqallar, hökumətlə xalqın “tarixi vəhdəti” əslində köpük idi, köpükləndilər ermənilər yamanca, köpüyə uydular və məğlub oldular.

8. Bir az arı kimi vızıldayacaqlar, kimisə çalacaqlar, sonra Şərə xidmətlərini davam etdirəcəklər, təzə şər arayacaqlar və tapa¬caqlar, təzədən məğlub olacaqlar.
Bir xalq kimi gələcəkləri yoxdur, arxdırlar – axacaqları çayları, dənizləri yoxdur, özləriylə də dostluq eləmək olmaz, yola çıxmaq olmaz – satarlar, satılarlar, qapıdan içəri qoyulası deyillər – çünki evinə yiyələnərlər.

9. Məqsəd – Qisasçılıq idi – cavan türklərin hayıfını bizdən çıxmaq idi, Məqsəd Daşnakların Böyük Ermənistan sərsəriliyini həyata keçirməyə başlamaq idi, Qarabağ əhalisini etnik ölümdən xilas eləmək bağırtısı üsul idi, siyasət idi, olduqca bəsit, ibtidai.
Ermənilər özlərinə ölüm hazırlayırlar.

10. Antistalinizmdən istifadə eləmək istədilər – alınmadı, demokratikləşməyə çox uydular, Zora bel bağladılar, axmaqcasına aeroport həşiri yaratdılar və Şərbaşını özlərindən uzaqlaşdırdılar, hökuməti qorxuzmaqla səfehliyin həddini tam aşdılar və Şərbaşı məcbur oldu gədələrini döysün.
Bəlkə də tarixdə belə səfeh üsyan olmayıb.

11. Xalq başsızların arxasınca getdi, çünki başı havalandı, beyni qızdı, qızışdırdılar erməniləri, idraksızlaşdırdılar və urvatdan saldılar həmişəlik!

20 Dözüm günü, Od Ayı, 10-cu il. Bakı.

ŞƏRİN XEYRİNƏ

Icazəli Mitinqlər, Təşkilatlar Şərə xidmət edirlər.
Yalançı Xalq haqqı, Sərbəstlik, Çoxrəylilik yaradırlar ki, Şəri yaşatsınlar.

26 Arzu günü, Ata Ayı, 10-cu il. Bakı.

QORBAÇOVŞİNA TƏKAMÜLÜ

Anarxiya, xaos, gərginlik üstəgəl psevdostalinizm.

ERMƏNİ MİLLƏTÇİLİYİ

Həm Ağılsız, həm Vicdansız…
Ağılsız – çünki Türk Dünyası boyda düşmən qazanır özünə.
Vicdansız – çünki Yalana arxalanır.

ŞƏR ÜÇÜN

Mərkəzi Komitənin rəhbərliyi altında yaradılan Milli Cəbhə Şərə xidmət eləyir, yəni xalqın Şər əsarətində həmişəlik qalmasına yarayır.

İNQİLABİ FƏLAKƏT

İnqilab – yeni Dünya doğmur – saldırır.

3 Xəzan Ayı, Arzu günü, 10-cu il. Bakı.

LİTVALILARIN MİLLİ BAYRAĞI

Milli Bayraq milli azadlığı təmsil eləyir.
Milli azadlıq olmayanda, o, Şərin əlində əsarət vasitəsi rolu oynayır.
Şər xalqa milli bayraq verir ki, onu əsarətdə saxlasın.
Yalançı müstəqillik xülyası yaratmaq istəyir xalqda Şər, ömrünü əbədiləşdirməkçün.
Xalqa güzəştə gedir ki, xalq Zənciri qırmasın, Zəncirin üstündən ipək dalğalandırır.

BUGÜNKÜ DÜNYA

Bugünkü Dünya Qərb Demokratiyasına meyl eləyir.
Bu, Şərin ziyanınadır.
Həm də Amalın Yayılması üçün imkan artır.
Avropalaşma Şərin alternativi ola bilməz, ancaq İnamımızın dünyalaşmasına xeyir verə bilər – son nəticədə öz ziyanına…

8 Murad günü, Xəzan Ayı, 10-cu il. Bakı.

ESTONİYADA MİLLİ CƏBHƏ

Boyunduruğa salınanların boyunduruqdan çıxmaqdan başqa Müstəqilliyi yoxdur.
Müstəqilləşdirirlər ki, boyunduruqda saxlasınlar.

10 Arzu günü, Xəzan Ayı, 10-cu il. Bakı.

YALAN YARIŞI

Sovetlər ilə Qərbi “barışdırırlar”.
Barışıq Yalanını elan elədi təzə Şər.
Barışıq vasitəsiylə Yiyələnmə izlənir Yalanda.
Qərb də öz növbəsində Sovetləri aldadır, onun daxildən Qırılmasına çalışır.
Yalan Yarışındadır ictimai sistemlər – İnsan Hayında deyillər.

12 Ümid günü, Xəzan Ayı, 10-cu il. Bakı.

YAD DOĞMALIQ

Torpağı kəndliyə kirayə verir ki, kəndli onu özünə doğma saysın!
Müəssisəni təsərrüfat hesabına keçirir ki, fəhlə onu özünə doğma saysın!
Torpaq kəndlinin olmur.
Müəssisə fəhlənin olmur.
Yad doğmalaşmır.

KENTAVR

Sosializmlə kapitalizmin qarışığından ictimai-siyasi Kentavr yaradırlar – eybəcər, ölümlü…
“Dirildə-dirildə” öldürürlər sosializmi.

BÜROKRATİK SİSTEM

Sosializm – cəmiyyətin hərtərəfli (total) Dövlətləşməsi deməkdir.
Dövlətləşmə – çoxrəislik, çoxmərhələlik, çoxkağızlıq, formalçılıq yaradır, – bu baxımdan, sosializm elə bürokratizm deməkdir.
Bürokratizmin ləğvi sosializmin ləğvini tələb edir.
Sosializm ölməsə – bürokratizm ölməz!

TƏZƏ KÖHNƏLİK

Bəşərin Vahid aqibəti deyəndə Kommunist imperiyasının başçılıq eləyəcəyi Vəhdət nəzərdə tutulur.
Bütöv Bəşər deyəndə Kommunist imperiyasının başçılıq eləyəcəyi Bütövlük nəzərdə tutulur.
Erməni qəsdinə obyektiv münasibət deyəndə “parçala və hakim ol!” siyasəti nəzərdə tutulur.
Təzə Köhnəlik yetirirlər Təzələr.

QORBAÇOV YALANI

Sosializm daxilində əməkçi müstəqilliyi – Yalançı müstəqillik!
Sosializm daxilində demokratiya – Yalançı demokratiya!
Sosializm daxilində bəşərilik – Yalançı bəşərilik!
Sosializm daxilində çoxrəylilik – Yalançı çoxrəylilik!
Sosializm daxilində milli muxtariyyat – Yalançı muxtariyyat!
Sosializm daxilində azad seçki – Yalançı seçki!
Sosializm daxilində qanunçuluq – Yalançı qanunçuluq!
Sosializm daxilində beynəlxalq təhlükəsizlik – Yalançı təhlükəsizlik!
Böyük yalan və Möhtəşəm özünüaldatma!

TƏSLİMÇİ XƏTT

Qorbaçovşina – opportunizmdir, yəni gerçəkliyə təslim olmaqdır, bu baxımdan o, əslində, antimarksizm və antileninizmdir, ancaq gizlin, zahirdə o, marksist və leninçi kimi bilinməyə çalışır.
Qorbaçov Lenindən yapışır ki, yıxılmasın – əslində o, leninizmi yıxır.
Stalinlə döyüş əslində marksizmlə döyüşdür, çünki stalinizm marksizmdən başqa bir şey deyil.
Stalinlə döyüş həm də Leninlə döyüşdür, çünki Stalinlə Lenin arasında yalnız taktiki fərq var, strateji fərq yoxdur.
Sosializm potensiyasından danışırlar, əslində sosializmin stalinizm potensiyasından başqa potensiyası yoxdur; digər potensiyalar marksizmin lənətləndirdiyi – “burjua”, “kapitalist” potensiyalardır.
Qorbaçovşina – Əqidə riyakarlığı yaradır – marksist olmaya-olmaya marksist görünmək, leninçi olmaya-olmaya leninçi görünmək!

MİLLİ BARIŞIQ SİYASƏTİ

Dostu bəd ayaqda qoyub qaçmağın siyasi biçimi.

NƏTİCƏ

Ya sosializmin ardıcıl şəkildə öldürülməsi, ya çevriliş – təzə müstəbidliyin təsdiqi!

VƏZİYYƏT

Rus İmperiyası sosializm doktrinasından əl çəksə – yıxılar.
Bu səbəbdən də İmperiya başçılarının heç biri sosializmi açıq şəkildə rədd etmir.
Ehtimal ki, sosializmin yıxılması “xalq demokratiyası ölkələrindən” başlasın.
Hər halda, sosializmin Süqut dövrü başlanıb.

MÜNASİBƏT

Rus İmperiyası Dünyaya qarışır ki, Dünyanı qarışdırsın!
Dünya Rus imperiyasına qarışır ki, İmperiyanı udsun.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv