Onunla ilk tanışlığımız 19 fevral 1988-də olmuşdu. Ermənilərin Qarabağdakı “Miatsum” qışqırıqları, Əskəranda, Kərkicahanda suçsuz gənclərimizin öldürülməsi bizdəki hakimiyətin bütün bunlara soyuqqanlı qalması xalqda, ən çox da tələbə gənclik arasında böyük acıq doğurmuşdu.
Bütün bunlar, ən başlıcası, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istəkləri M.S.Qorbaçovun ekonomik danışmanı A.Aqanbekyanın Paris çıxışından başlamışdı. Aqanbekyan Parisdə, erməniliyin güclü olduğu Fransada, demişdi: “Dağlıq Qarabağ sosial-ekonomik baxımdan Ermənistana bağlı olduğundan Ermənistanın yurisdiksiyasına verilməlidir. Bu, Dağlıq Qarabağ ermənilərini ayağa qaldıran mesaj olmuşdu.
O çağlar Dağlıq Qarabağa gedib-gələnlər orada ermənilərin necə üstləndiklərini, bizdən qat-qat yaxşı yaşadıqlarını görür, bilirdilər. Buna baxmayaraq, ermənilər hüquqlarının tapdanması, sosial-ekonomik baxımdan Bakının onları gözardı etməsi ilə bağlı Moskvaya çoxlu giley məktubları göndərirdilər. Moskva sonda Dağlıq Qarabağın sosial-ekonomik gəlişməsi yönündə qərar verdi. Daha böyük istəklərə yol açmaqla bu qərar erməniləri daha da qudurtdu.
Başlanğıc bunlar deyildi. 80-ci illərin başlanğıcından Moskva basınında Qarabağın “tarixi erməni toprağı”, Şuşanın “tarixi erməni şəhəri” olması ilə bağlı yazılar görünməyə başlamışdı. Demək, işin kökündə Kremlin oyunları dayanırdı. Azərbaycan KP MK-nın Mərkəzi komitəsi, hökumətin başında duranlar bütün bu baş verənlərə yad planetdə baş verirmiş kimi səssiz qalırdılar. Bu fakt sinirləri daha çox tarıma çəkir, admları daha çox acıqlandırırdı.
Aqanbekyanın Paris çıxışından bir neçə gün sonra mən Radionun otaqlarının birində mənə yaxın jurnalistləri yığıb yığıncaq keçirdim.”Qarşıda bizi çox böyük çaxnaşmalar, sarsıntılar gözləyir, – dedim, – Ermənistanda, ermənilərdə xalqla hakimiyət, xalqla intelligensiya birdir, bizdə necə olduğu hamımıza bəllidir. Gəlin biz də yığışıb bir iş görək, ən azı xalqımızın yanında olmaqla az-çox gərəkənləri edək”. Dediklərimi hamı bəyəndi, ertəsi gün yenidən yığışmaq istəyi ilə dağılışdıq.
Ertəsi gün Komitə sədrinin Radio üzrə yardımçısı Aqşin Babayev məni yanına çağırdı. Bizim redaksiya Radio binasının sonuncu – beşinci qatında idi. Bizdən altda, dördüncü qatda, A.Babayev otururdu. Məni acıqlı qarşılayan keçmiş KQB polkovniki elə acıqlı-acıqlı da soruşdu: “Dünən harda yığışmışdız?” Çaşqınlıqla soruşdum: “Nə yığışmaq?” Komitədə bütün otaqlar nömrəli idi, o, yığışdığımız otağın nömrəsini bildirməklə dedi: “Orda nə danışılıb, hamısını bilirəm. Çəkilin, oturun yerinizdə, bizim dövlətimiz var, hökumətimiz var, nə lazımsa hamısı ediləcək, – onun gündoğana baxan pəncərəsindən KQB-nin binası görünürdü, barmağını binaya tuşlayıb, dedi: – Səni ora göndərərəm”. İşimi bildim. O gündən çalışmalarımı daha çox Komitədən qıraqda sürdürdüm.
O gün iş yerimdə idim. Şəhərdən gələn xanım jurnalist tələbələrin “Qarabağ!” çağırışlarıylaAli sovetin qarşısından keçib üzüaşağı getdiklərini dedi. Bizlər – işin içində olanalar – bu başlanğıcı günbəgün gözləyirdik. Tez işimi qurtarıb, kimsəyə nəsə bildirmədən Komitədən çıxdım. (O gün İrəvanda kütləvi mitinqlər başlamışdı. Sözsüz, bu fakt aşağıdan yuxarıya bizdə də öz etkisini göstərməli idi).
Oçağkı Lenin, indiki Azadlıq meydanına getdim. Aktiv universitet tələbələrinin hamısı məni tanıyırdı. Tribunaya mikrofon qoyulmuşdu, ancaq aşağıdan çıxıb danışan yox idi. Danışmaq üçün pilləkənə doğru yönəldim. KQB əməkdaşları qabağımı kəsib: “Olmaz!” dedilər. Teleradio verilişləri komitəsinin qırmızı vəsiqəsini çıxarıb göstərdim. Məni hökumət adamı bilib geri çəkildilər. Qalxıb çıxış elədim. Sonra: “Burda durub danışmaqla iş aşmayacaq”, deyə, MK-nın qabağına getməli olduğumuzu bildirdim. Getdik. Orada meqafonla çıxış elədim. NK katibləri bir-bir çıxıb gəlir, meqafonu almağa çalışırdılar. Aşağıdan gələn güclü qışqırıqlar, mənim dirənişim onların geri çəkilməsinə nədən olurdu.
Çıxışımı bitirib: “Bugünlük bəsdir, – dedim, – gəlin sonra daha çox olmaqla daha böyük güclə yığışmaq üçün indi dincliklə dağılışaq”. Bu arada “layka” plaşda hündürboy, idmançı görkəmində yaraşıqlı bir oğlan yaxınlaşıb məni qucaqladı: “Çox sağ ol, eloğlu, qəhrəmanlıq elədin, böyük iş gördün”. KQB əməkdaşı olduğunu düşündüyümdən ona yanaşmam soyuq oldu.
Sonralar dediyinə görə, o gün baş verənləri yazıb ondakı “Azərbaycan” qəzetinə aparıb. Qəzetdə mənim adım yazıdan çıxarılıbmış. Gedib niyəsini soruşmuş, “belə gərək oldu” demişdilər. Sonrakı illərdə “belə gərək oldu” qarşılaşmalarından yenə olacaqdı: istər hərəkat, istər partiya dönəmində. Bu görsənişin özümlü “fəlsəfəsi” var: mən qorxub qabağa çıxa bilmirəmsə, sən niyə çıxmalısan?! Başqa sözlə, mənim yiyələnə bilmədiyimə sən niyə yiyələnməlisən?! Burası illərin bərisində bəlli oldu: arxadakı yönətici gücə “öz liderləri” gərəkmiş. Demək, biz illərlə bizi yenməyə yönəlik iki başlıca güdüklə qarşılaşmalı olmuşuq: 1) özəl mənəmlik (özəl ambisiya) güdükləri; 2) ötədəki gücün güdükləri…
Aradan neçə günsə keçmiş işdə dişimdən ağrı tutdu. Yoldaşlar yaxınlıqda, Ali sovetin böyründə stomatoloji poliklinika olduğunu dedilər. Getdim. Qapıdan içəri girəndə bir sola, bir sağa koridor vardı. Bir az o üz, bu üzə baxıb sağa yönəldim. Qarşıdakı kabinetə çataçatda qapı açıldı, içəridən ağ xalatda hünüdrboylu bir həkim çıxdı. Baxışdıq. O idi. Məni içəri çağırdı, dişimə baxıb: “Müalicə olunmalıdı,- dedi,- başlayaq”. İşini qurtarandan sonra pul verdim, götürmədi. Mənim “ogünkü” çıxışımdan söz saldı: “O, çox yaxşı başlanğıc oldu, – dedi, – adamalarda qorxu vardı, sən o qorxunu götürdün”. Bir az söhbət eləyib ayrıldıq. Gedəndə mənə dedi: “Biz bundan sonra tez-tez görüşməliyik, görək neyləyirik, ermənilərdə aşağısı-yuxarısıynan hamı birdi, bizim xalqımız başsızdı”.
Orda-burda yığıncaqlar, gizli-açıq görüşlər çox çağ apardığından görüşə bilmədik. Sonra mən tutuldum. Çıxandan sonra daha gərgin çalışmalarda bulundum. Biz bir də 89-cu il mayın 28-də görüşdük, o da qaçaraq.
“Çənlibel” yığıncağında mənim 28 mayla bağlı hərəkatı dirçəltmək çağırışıma biriləri qorxaqcasına qarşı çıxdılar. Biz, bir qrup adam, üzü Mərkəzi komitəyə doğru yürüşə başladıq. Yürüşün, demək olar, başlanğıcında Yadigar bəy gətirib mənə Azərbaycan SSR-nin üç boyalı ADR bayrağına çevrilmişini verdi. Bayrağı götürüb qabağa düşdüm. Milislərlə dartışma içində hərəkatı yenidən başlatdıq.
AXC hakimiyəti gəldi, getdi. O hakimiyətdə Yadigar Türkel kimi çoxlarına yer olmadı. Nədən? Hakimiyətdə elə dəyərli kimsələrə dəyər verib qabağa çəkəcək strateqlərin-uzaqgörənlərin yoxluğu üzündən. Yadigar bəy cəbhəçi deyildi, hərəkatçı idi. O çağlar Cəbhədə, hərəkatçılar arasında çoxlu dəyərli adam var idi, ancaq onları gərəyincə seçib yerləşdirəcək kimsə yox idi. Elçibəyin sevimlisi olaraq AXC hakimiyətində baş kontrabasa çevrilmiş Pənah Hüseynov, yanılmıramsa, 92-nin avqustunda dövlət qəzetində demişdi: “Komunistlər sözəbaxan olduqları üçün mən kadr seçimində cəbhəçilərə deyil, komunistlərə üstünlük verirəm”. Günü bu gün də demokratik dəyərlərdən uzaq olan P.Hüseynova onunla polemikaya girəcək, gərəkirkən işin yararı üçün ona dirəniş göstərəcək prinsipial adamlar deyil, onun dəyərli-dəyərsiz, gərəkli-gərəksiz bütün göstərişlərini “bəli”, “baş üstə” ilə yerinə yetirəcək, ardından da, sonralar bəlli olduğu kimi, saman altından su yeridən komunistlər gərək idi. Bəlkə də, onlar Pənaha gələcəyə köprü atmaq, sonrakı uğurlu dialoq bazarlığı üçün gərəkmiş…
Yadigar bəy sonralar həkimlikdən uzaqlaşıb AMEA-nın Fəlsəfə, hüquq, sosiologiya institutunda işləməyə başladı. Çox keçmədən fəlsəfıə elmləri doktoru adını aldı. Bu adı o, çoxları kimi tapşırıqla, pulla deyil, gərgin əməyi ilə qazanmışdı. Yadigar bəy azacıq da əyrilik bilməyən gözü-könlü tox doğru-düzgün adam idi. Onda Türklərə özgü ayrıca bir açıqürəklilik, kimə desən tez inanma vardı. O, institutun Siyasi nəzəriyələr şöbəsində aparıcı elmi işçi idi.
Hə, açıqürəkli idi, gördüyü çatışmazlığı qarısındakı kim olsa üzünə deyirdi. Bu isə onun iş yerindəki ortamla tutmurdu. Orada çox az gerçək bilim adamı var idi. Akademiyanın bir sıra başqa institutlarında olduğu kimi, orada da bir çoxları başqa yerlərdə özünü tutandan sonra gəlib dinc daldalanacaq tapanlar idi. Yadigar bəy yorulmaq bilməyən çalışqanlığı, özü-özünü gəlişdirmə yoluyla qabaqcıl düşüncəyə yiyələnməklə qalmayıb, düşüncəsini başqalarına da aşılamaq baxımından aşağıdan yuxarıya çoxları üçün dözülməz adama çevrilmişdi. Onun dönə-dönə dediyi nə idi: “Biz bir ulus olaraq başqalarından çox geri qalırıq, əl-ələ verib hamılıqla irəli getməliyik”. O özü bundan ötrü çox çalışırdı, elə o “hamılıqla” çalışmalarıyla da istər işdəki, istərsə də işdən qıraqdakı yaxın çevrəsində çoxlarını bıqdırırdı. Sözsüz, o, düzgün düşünürdü, düzgün yolda idi, ancaq, nə etməli, politik sistemə bağlı gerilikçi yönətim üzündən bizdə qabaqcıl düşüncələri gerçəkləşdirmək çalışmaları, ən başlıcası, bu yöndə dirəniş göstərmə çabaları yalnız ağrılı bumeranq effekti doğura bilir. Burada uğursuzluq qarantiyası çox yüksək, mən deyərdim qaçılmaz olur. Yadigar bəy belə bir nədənlə 2016-cı ildə “Milli Elmlər Akademiyası” adlanan daha çox antimilli xarakterli “elm məbədindən” uzaqlaşdırıldı. O, düşüncələri, davranışları ilə çox, lap çox MİLLİ idi!
Bizim Yadigar bəylə yaxın, ardıcıl ilişkilərimiz Məhəmməd Əmin Rəsulzadənin “Milli birlik” bitiyindən başladı. Bir gün Yadigar bəy kitabın bilgisayarda yazılmış variantını mənə gətirdi. Bəlli olduğu kimi, Məhəmmədəmin mollxanada oxuyub, ərəb-fars dillərini yaxşı bilib. Sonralar o, texnikumda oxumasını yarımçıq qoyub politik yaşama atılıb. Bir sıra çağdaşları, politik çarpışma yoldaşları kimi yüksək oxul bitirməsə də, öz üzərində gərgin çalışmalarla, çağının ən böyük intellektuallarından birinə çevrilib. Bunu onun çoxyönlü parlaq yaradıcılığından aydın görmək olar. Bu gün onda bəyənilməz olan yalnız ərəb-fars sözlərinin çoxluğu üzündən yazı dilinin indiki gənclik üçün anlaşılmaz olmasıdır.
Yadigar bəylə danışığımız belə idi: bugünkü, gələcək soylara anlaşıqlı olması üçün Məhəmmədəmin bəyin daha güncəl olan yaradıcılıq örnəklərini çağdaş dilimizə uyğunlaşdıraq. Yadigar bəy “göz sorunumla bağlı” kitabı mənə bir həftəliyə verdi. Mən “Milli birlik” kitabını bir həftəyə oxuyub gərəkənləri etməklə geri qaytarmalıydım. Gözlərim məni çox incitsə də, 174 səhifəlik kitabı bir gecəyə oxudum, dilinin üzərində işləyib geri qaytardım. Düzünü desəm, mən o çağadək Məhəmmədəmin bəyi yetərincə oxuyub öyrənməmişdim. Mənim onunla yaxından tanışlığım 2009-cu ildə “Milli birlik” bitiyi ilə başladı. Məndə bu kitaba vurğunluq bir də bir sıra baxışlarımızın üst-üstə düşməsi ilə bağlıydı.
Onlardan biri millətçilik, o biri milli demokratiya ilə sosial demokratiyanın birgəliyi ideyası idi. O çağadək mən iki ideologiyanıın birliyi platformasında dövlət qurmalı olduğumuzu bildirir, bu yöndə çoxlu təpkilərlə üzləşərək, duruxmalı olurdum. Oxşar ideya ilə “Milli birlik”də qarşılaşdıqdan sonra düz yolda olduğumu kəsdirdim.
Kitabı çap etdirmək üçün nə mənim pulum var idi, nə də Yadigar bəyin. Buna görə o, pul ayrılması üçün kitabı aparıb işlədiyi institutun direktoru İlham Məmmədzadəyə vermişdi. Direktor yoldaş “kitabı bəyənsə”, institutun büdcəsindən pul ayırmağa söz vermişdi. Aradan aylar keçir, Yadigar bəy soruşanda direktor kitabı “hələ oxumadığını” bildirirdi.
Üç ay sonra Yadigar bəy acıqlanıb kitabı götürməyə gedəndə direktor demişdi: “Kitabın çapına bir şərtlə pul ayırıram: ora Heydər Əliyevin adını salasan”. Yadigar bəy şaşaraq soruşmuşdu: “Bu kitabı yüz il qabaq Məhəmmədəmin bəy yazıb, mən ora necə Heydər Əliyevin adını yaza bilərəm?” Direktor: “Onu etməsən, pul buraxmayacam”, demişdi. Dediyinə görə, direktoru acılayıb kabinetdən çıxmış, o çağdan onların arasında konflikt yaranmışdı.
Bundan sonra Yadigar bəy kitabı nisyə çap edəcək nəşriyat axtarmağa başladı. Tapdı. Danışdı. Qabaqcadan bir az verməklə pul aybay ödənməli idi. (1994-ün mayında Televiziyadan gedəndən, demək olar, işsiz idim, çətinliklə dolanırdıq. Mən də azacıq yardım eləməklə qabaqcadan veriləsi pul çatdırıldı. Kitab çıxdı. İkimiz də çox sevinirdik – elə bil əlimizdəki öz kitabımız idi.
Məhəmmədəminin yeni-yeni kitablarını çağdaş dilimizə çevirib çap etdirmək üçün Yadigar bəy durmadan işləyirdi. Onlar Yeni Yasamalda bizim binadan yuxarıda, həkimlərin binasında olurdular. O, mənim “gözlərimi qorumaq üçün” belə yol düşünmüşdü: tezdən xanımını maşınla xəstəxanaya aparır, qayıdan baş birlikdə onlara gedirdik. Onun ucadan oxumasıyla, birlikdə kitabın dilini çağdaş Türkcəmizə uyğunlaşdırırdıq. Belə demək asandır: “uyğunlaşdırırdıq”. Söz-söz dartışırdıq, sonda yerinə daha uyğun sözü tapıb, uzlaşırdıq. Beləcə “”Milli birlik”dən sonra Məhəmmədəminin 5 kitabını (“Qafqaz Türkləri”, “İran Türkləri”, “Çağımızın Siyavuşu”, Panturanizm”, “Azərbaycan cümhuriyəti”, kitablarını, bir də Əlimərdan bəy Topçubaşının “Azərbaycan cümhuriyətinin yaradılması” kitabını birgə işlədik.
Qabaqkı illərdə onun başqa kitabları çıxmışdı:
“İnsan, təbiət, cəmiyət”, “Biləsuvar”, “Dünyanın mahiyəti və dərki haqqında”, “İnsan, təbiət, cəmiyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)”, “Yazışma və kargüzarlıq” (1997, 1999, 2007), “Demokratik cəmiyətin milli-mənəvi problemləri”, “Azərbaycan və Azərbaycançılıq”, “Politologiya (açıqlamalarla sözlük)”, “Politologiya (açıqlamalarla sözlük və ya milli kimlik dərsləri)”, “Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları”.
Bunlardan başqa o, M.Ə.Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsərini bitkinləşdirib çap etdirmişdi. Onun arxivlərdə çalışmaqla üzə çıxarıb çap etdirdiyi son kitabları bunlardır: “Doklad o spornıx kavkazskix territoriyax, na kotorıe imeet prava azerbaydjanskie tyurki” (A.Şepotyev), “İstoriya vozniknoveniya azerbaydjanskoy respubliki” (M.E.Rasulzade). Azərbaycanın bəlli bir dönəm tarixini öyrənmək baxımından bunların ikisi də olduqca dəyərli, mən deyərdim, taysız qaynaqdır.
“Məhsul” stadionunda keçirilən mitinqlərə onunla birgə gedirdik. Onu stadionun qapısı ağzında qoyulmuş kamaredan tanımışdılar. Bu tanışlıqdan sonra onun qara günləri başladı. Onu (AMEA-nın aparıcı elmi işçisini, fəlsəfə elmləri doktorunu!) 29-cu polis bölməsinə çağırıb sorğu-suala tutmuş, bir daha mitinqlərə getməyəcəyi ilə bağlı polis qarşısında öhdəlik götürməsini istəmişdilər. O isə: “Mən aliməm, elmlər doktoruyam, hara getməyi, harda olmağı özüm bilərəm”, demişdi. Bundan sonra bir neçə saatın içində onun Bakıdan Biləsuvaradək bütün yaxınlarını işdən çıxarmışdılar – hardasa santexnik işləyən qardaşını belə!
Onu saat 16-17 arası polisə çağırmışdılar. Çağrıldığını zəng vurub mənə demişdi. “15 dəqiqəliyə” çağırmış, axşam saat 9-dək bölmədə saxlamışdılar. Bölmədən çıxandan sonra, saat ona işləmiş, mənə zəng vurdu: “Bölmədən indi çıxdım, ora gəlirəm, aşağı düş, danışaq. Gəldi, olduqca üzüntülü idi. Onu bölmədən buraxanadək, dediyim kimi, Bakıdan Biləsuvaradək bütün yaxınlarını işdən çıxarmışdılar. Yaxınlarının bir-birinə qarışmış acıqlı zəngləri onu ölümcül duruma salmışdı, qəhərdən boğulur, özünü ağlamaqdan güclə saxlayırdı. Arada, dili söz tutanda, deyirdi: “Mən bacıma, qardaşıma neynəmişəm, nə yamanlıq eləmişəm- tökülüşüblər üstümə. Mən illərlə yorulmaq bilmədən ulusum, dövlətim üçün çalışmışam. Mən bu ulusun aydınıyam, alimiyəm, aydın kimi, alim kimi borcumu yerinə yetirirəm. Gör bu ulusu, bu ölkəni nə günə qoydular!”. O danışdıqca məni də qəhər boğurdu… olduqca ağrılı durum idi.. O anlarda biz, iki arxadaş, bir Ulusun, bir Ölkənin, bir Dövlətin faciəsini yaşayırdıq. Bu, çəkilməz bir acı idi – anlamaq acısı!
Ertəsi gün axşamüstü o yenə zəng vurub gəldi. İşdən çıxarılmış yaxınları o gün tökülüşüb onun evinə gəliblər. Başlıca çığır-bağır, ən ötə qınaq bu olub: “Sən bizim balalarımızı ac qoydun!”
Bir neçə gün sonra o mənə yaxşı işdə işləmiş, ona görə işdən çıxarılmış qardaşının səs yazısını göndərdi. Telefonda ağlaya-aylaya danışırdı: “Bunlar qardaşı qardaşa yağı eləyirlər!”. Səs yazısını dinlədikcə məni də ağlamaq tuturdu: qardaş qardaşa, (Özü də hansı qardaşa!) necə də yağıcasına qarğış eləyərmiş, eləyə bilərmiş! O səs yazısı mənim bilgisayarımda indi də durur…
Bir sıra rejim əlaltıları çıxıb dövlətdən, dövlətçilikdən danışır, “dövlət, dövlətçilik” ritorikasına bürünərək rejimə qulluq edirlər. Yapma-yalan dövlət ola bilər, ancaq gerçək dövlət, gerçək dövlətçilik belə olmur, belə olamaz!
Dediyinə görə, atası 37-lərdə qurama suçlama ilə tutulub on il iş almış, onlar bu üzdən çox ağrı-acı çəkməli olmuşdular. Soruşulur: biz indi hansı dönəmi yaşayırıq? İndi nə Sovet var, nə də qaniçən Stalin. Belədə olan nədir: Etibar Məmmədov kimi qondarma liderlərin istədiyi “milli diktatura” görsənişləri: Tərtərdən Yadigar Türkelədək…
2016-ci ildə direktor İ.Məmmədzadə onu qondarma suçlamalarla işdən çıxardı. İ.Məmmədzadə Y.Türkeli formal olaraq “günlərlə işə gəlməməklə əmək intizamını pozmaqda” suçlayaraq işdən çıxarmışdı. Araşdırmaçı alim Y.Türkelin 30 ildə çap etdirdiyi kitabları burada sadaladım. İ.Məmmədzadənin uzun illərdən bəri başında durduğu institutda, bəlkə də, belə göstəriciləri ilə tanınan ikinci bir alim tapmaq olmaz. Bunu o özü də bilməmiş deyil.
Yadigar bəy hansısa sözün türkcəsini, yerinə görə daha uyğun olanını öyrənmək üçün mənə tez-tez zəng vururdu.Ən çox da iki yerdən: arxivdən, evindən. Öz düşüncəsindən çıxış eləyən İ.Məmmədzadədən soruşmaq gərəkir: araşdırmaçı alim nəyə görə bütün günü iş yerində oturmalıdır? Araşdırmaçı alim ( bizim dildə – bilgin, İ.Məmmədzadə bizim dili çətin anladığı üçün mən “alim” yazmalı oluram) bütün gününü işdə keçirərsə, onun “araşdırmalarının” hansı dəyəri ola bilər?!
Dediyim kimi, Yadigar bəy mənə tez-tez zəng vururdu, ən çox da hansısa arxivdən. Bir çox zənglərində o, yana-yana danışırdı: “Bəy, bilirsən burda ulusumuz üçün necə gərəkli, dəyərli materiallar var? Ən azı daha önəmli olanları işləyib ortaya çıxarmaq gərəkdi, çatdıra bilmirəm”.
“Çatdıra bilmirəm…” – bu onun çox dediyi sözlərdən idi. Üstəlik, onun bir sıra xəstəlikləri vardı: ağrıyırdı. Ağrıyırdı, ancaq ağrılarını İ.Məmmədzadənin yaratdığı yaltaqlıq-yaramazlıq, dedi-qodu ortamından uzaqlarda, tozlu arxivlərdə unutmağa çalışırdı. Onun arxiv qaranlığından tapıb çıxardığı son iki materiala – M.Ə.Rəsulzadənin “İstoriya vozniknoveniya Azerbaydjanskoy Respubliki” eləcə də A.Şepotyevin “Doklad o spornıx kavkazskix territoriyax , na katorıe imeet prava Azerbaydjanskie tyurki” əsərlərinə görə necə sevindiyini, arxivdən çıxmadan onlarla bağlı necə sevinərək danışdığını mən görmüşəm, mən bilirəm. O sevinirdi, məni də sevindirirdi: bilirdi kimə zəng vururdu, bilirdi arxiv qaranlığından tapıb işığlığa çıxardığı o dəyərli tapıntılara görə özü təki kimi sevindirə bilər.
Arada mənə deyirdi: “Gözlərin elə olmasaydı, arxivlərə birlikdə gedərdik, birlikdə çalışardıq. O, yaxşı bilirdi, mən də yaxşı bilirdim: onu çox sevindirən arxiv tapıntıları, – ən çox da M.Ə.Rəsulzadə ilə bağlı olanlar, – İ.Məmmədzadə üçün də, “Milli” Akademiyada yüksək görəv yiyəsi olan bir çoxları üçün də qanqaraldıcı bilgidən savayı nəsə deyil. Yadigar bəy o sayaq tapıntıları ilə onlarda yalnız acıq-qıcıq doğururdu.
Burada adını çəkdiyim sonuncu kitaba gəlirəm. Yadigar bəy faktiki olaraq bu kitaba görə işdən çılxarılmışdı. Y.Türkel İ.Məmmədzadənin onu yalanla, qondarma suçlamalarla işdən çıxarmasını sosial şəbəkdə yayandan sonra ikinci özünün “işgüzar nüfuzunu qorumaq üçün” mediada “müraciət” yaymışdı. O yenə də Yadigar bəyi tez-tez işə gəlməməkdə suçlayırdı, ancaq Y.Türkel kimi bir tanınmış bilginlə bağlı bu düşük “arqumentin” ona uğur gətirməyəcəyini bilən direktor başlıca gerçəyi açıb deməli olmuşdu. Qondarma-yalançı suçlamalarının ardınca o deyirdi: “Bundan başqa, Aleksandr Şepotyevin “Azərbaycan türklərinin hüququ olan Qafqazdakı mübahisəli ərazilər haqqında məruzə” kitabının AMEA Fəlsəfə və Hüquq İnstitutunun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işçisi Yadigar Türkel Sahibəli oğlu tərəfindən yazılmış “Ön sözündə “Heydər Əliyevin dövlət çevrilişi nəticəsində hakimiyətə gəlməsi” ifadəsinin işlədilməsi ilə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin şərəf və ləyaqətinin ləkələnmə və alçaldılması əməlinə yol vermişdir”.
Bundan sonra o, CM-nin 278-ci, 15.5, 216.2 maddələrini uyğun bilməklə Y.Türkelə üst-üstə 20-ilədək iş “oxumuşdu”.
Özünün dedikləri azmış kimi, o, sevimlisi, “AMEA-nın Fəlsəfə və Hüquq İnstitutnun şöbə müdiri, hüquqşünas alim Hacı Xaliq Bəşər” (“Moderator. Az saytı onu belə tanıdırdı) adlı plagiat-dələduzu qabağa vermişdi. Y.Türkelin “cinayət maddələrinin” sayını daha da artıran bu antibəşər X.Əhmədzadə deyir: “Onu dəfələrlə Fəlsəfə və Hüquq İnstitutunun direktoru, şəxsiyyətinə böyük hörmət etdiyim, ziyalı, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə otağına çağırdı. Y.Türkelə bir neçə insanın iştirakı ilə səhvini anlatmağa çalışdı. Bu, təxminən 3-4 dəfə baş verdi. Əvəzində Y.Türkel hər çağırışda İ.Məmmədzadəni, məni və digərlərini jarqon ifadələrlə təhqir edib qapını çırpıb çıxıb getdi. Hesab etdi ki, öz mövqeyində düzgündür. İ.Məmmədzadə və Fəlsəfə və Hüquq İnstitutunun rəhbərliyi qərara aldı ki, kollegial iclas çağırılsın, Y.Türkelin əməlinə mənəvi-hüquqi və elmi qiymət verilsin. Bu barədə stenoqramlar və çəkilişlər var, hansı ki, artıq Respublika Prokurorluğuna və AMEA rəhbərliyinə göndərilib. Y.Türkelin məsələsinə bir neçə nəfəri çıxmaq şərti ilə, yəni şöbə müdiri, Milli Şura üzvü Əli Abbasov istisna olmaqla, hamı yekdilliklə səs verdi və onun əməlini pislədi”.
Birincisi, tanıyanlar bilir: Yadigar bəy söyüş-təhqirlə, jarqonla danışmaqdan çox uzaq idi. İkincisi, İ.Məmmədzadə, X.Əhmədzadə cütlüyü Y.Türkelə etmədiyi “səhvi anlatmağa” çalışırkən o, nə etməliydisə, onu edirdi. X.Əhmədzadənin geniş söyləməsindən bilindiyinə görə, şöbənin 30-dək əməkdaşından (çoxu “elmlər doktoru”) yalnız biri – Milli şura üyəsi Əli Abbasov başında direktor İ.Məmmədzadə ilə X.Əhmədzadənin durduğu kriminal kampaniyaya qol qoymayıb. Kişi belə olur, kişilik belə olur! Sağ olun, KİŞİ adam!
X.Əhmədzadə kim idi? Plagiat-dələduz birisi. Onun qondarma-plagiat alim olması ilə bağlı bizə bilgilər çatdırılmışdı. Ancaq… İ.Məmmədzadə nəyə görəsə onu birdən-birə çəkib hamıdan başa çıxarmışdı. Tanınmış elmlər doktorları üçün oturub işləməyə normal iş ortamı yaratmayan direktor X.Əhmədzadəyə iki otaq ayırmış, özünün sözükeçər sevimlisinə çevirmişdi.
X.Əhmədzadə “iki ali məktəb, ardınca aspirantura bitirdiyini, çox gənc olmasına baxmayaraq,42 kitab müəllifi olduğunu, 60-a yaxın elmi məqalələri çıxdığını, doktorluq işinin adının “beynəlxalq terrorizm” olduğunu, az vurulan kitabının tirajının 100 mini ötdüyünü” böyük ürək genişliyi ilə “Moderatora” danışırdı. Bunların doğru olub-olmadığı “Moderator” üçün önəmli deyildi. Önəmli olsaydı, ax, olsaydı, ortaya izləyici sayını qat-qat artıracaq sensasiya dolu çoxlu şaşırdıcı faktlar çıxaracaqdı. Gerçəkdən şaşırdıcı faktlar. “Beynəlxalq terrorizm uzmanına” parlaq ad- san qazandıracaq faktlar!
Y.Türkelin işdən çıxarılmasında direktorun “hüquqşünas alim” əlaltısı, “beynəlxalq terrorizm uzmanı” X.Əhmədzadə başlıca katalizator rolunu oynamışdı. Deyildiyi kimi, X.Əhmədzadə “Moderatora” söyləməsində özünün “hüquqşünas alim” fantaziyasına geniş meydan verməklə Y.Türkelin “cinayət maddələrinin” sayını daha da artırmışdı.
İşi prokurorluğa göndərən direkorla direktor əlaltısının çoxsaylı “cinayət maddələri” Yadigar bəyi qorxutmuşdu: “Xəstə adamam, məni tutsalar, bir neçə aya tutsaqlıqda öləcəm”, deyirdi.
Vəkillə danışandan sonra Yadigar bəy işi məhkəməyə verdi. Məhkəmədən bir gün qabaq gəldi, görüşdük. Çox üzgün görünürdü. “Gəl,- dedi,- buralarda gəzişə-gəzişə danışaq, görək sabah neyləyirik”.
- Sabah məhkəmə başlayacaq. Hakim Rəfail Əliyevdi. Allahşükür Paşazadənin bacısı oğludur. Sabir Rüstəmxanlı Paşazadəynən yaxındı, dünən zəng vurdum, dedim, Şeyxlə danışsın, başqa nəsə istəmirəm: prosesi düzgün aparsın, qanunla qərar çıxarsın.
- Nə oldu, danışmadı?
- Danışıb, ancaq düzəlməyib.
- Niyə? Bacısı oğluna sözü keçmir?
- Sözünün keçmədiyinə inanmıram. Ola bilməz sözü keçməsin.
- Bəs nə deyib?
- Deyib, mən onun nömrəsini bilmirəm.
Ayaq saxladım, o da durdu, onun tutqun üzünə uzun-uzadı baxıb dedim:
- Bunun adı “nömrə gəlməkdi”. Sonra nə oldu, söhbət elə də bitdi?
- Hə də, başqa nə olasıdı, deyib, nömrəsini bilmirəm.
- Sən də ona inandın?
- İnandım, niyə inanmayım? – bir az duruxub dedi: İnanmaya bilmərəm.
Onun bu sözləri məni özümdən çıxardı, acıqlı-acıqlı dilləndim:
- Sən onu tanımırsan, bilmirsən o kimdi?
Yazıq-yazıq üzümə baxıb, suçlu kimi dedi:
- Mən onu hardan tanıyım, özün bilirsən: mənim dinlə, dinçilərlə aram yoxdur.
- Bilirəm, ancaq sən onu da, bir sıra başqalarını da ən azı politoloq kimi tanımalısan, tanımağa borclusan. Üstəlik, bilirsən nə?- dayanıb onun üzünə baxdım. O da dayanıb nə deyəcəyimi gözlədi.
- Nə?
- Yazılar yazmalısan, xalqın anlamadığını xalqa anlatmalısan.
- Sən deyən jurnalist işidi, sənin işin.
- Yox, elə işlər tək jurnalistlərin deyil, eləcə də politoloqların işidir. Bilirəm, sən demək istəyirsən, politologiya hara, din hara: politoloq dinə, din işlərinə qarışmamalıdır. Ancaq mən deyirəm, qarışmalıdır. Biz axı, bütün sorunların qanunlarla, qanunçuluqla çözüldüyü, düzənləndiyi demokratik dövlətdə yaşamırıq. Elə bir dövlətdə yaşamaq istəyirik. Bu istəyimizin gerçəkləşməyi üçün çoxyönlü çalışmalarda bulunmaq hamımızın borcumuzdur. Din, din böyükləri politikaya qarışırsa, sən niyə özünün politologiya səngərində oturub qalmalısan? Başqa faktlar bir yana, yadından çıxıb, şeyxülislam adını daşıyan adam hakimiyətin çətin çağlarında seçki öncələri ölkəni bu başdan o başa gəzib deyirdi: “Bütün müsəlman bacı-qardaşlarımızı yerdə Allahın kölgəsi olan zati-aliləri möhtərəm cənab prezidentimizə səs verməyə çağırıram”. Birincisi, şeyxülislamın politikaya o sayaq qarışması suçdur; ikincisi, politikaya qarışmaya bilmirdisə, onda o, yurddaşların aktivliyi, hamılıqla seçkiyə qatılmaları üçün müsəlman bacı-qardalarına belə şağırışda bulunmalı idi: hamılıqla seçkiyə qatılın. Gedin, doğru-düzgünlüyə, haqqa, ədalətə səs verin! Ancaq o nə edirdi? Tapşırıq yerinə yetirirdi. Yeri gəlmişkən, səndən bir söz soruşum.
- Tutaq, başqası yox, iraq olsun, sən özün Azərbaycan kimi balaca bir ölkədə şeyxülislamsan. Özü də uzun illərin şeyxülislamı. Üstəlik, hakimiyətlə də, türkiyəli qardaşlarımız demiş, çoox sıcaq ilişkilərin var. Ölkədə sosial liftin işləmədiyini, hakimiyətin birinci, ikinci qolundan üçüncü qoluna- məhkəmə hakimiyətinədək kadrların tapşırıqla, “hörmətlə” yerləşdirldiyini bildiyindən sən də “palaza bürün, elnən sürün” düzəninə düzlənirsən. Deyək, sənin yardımınla bacın oğlu gəlib olur Yasamalın, başqa bir rayonun məhkəmə hakimi. De görüm, sən onun telefon nömrəsini bilməyə bilərsən?
O, üzümə matdım-matdım baxıb kəsinliklə dedi:
- Yox, bilməyə bilmərəm.
Əlimi ona uzatdım.
- Yarınkı gün gəl məni götür, gedək görək nə olur.
Ertəsi günü biz məhkəmə binasına girəndə içəridə qadınlı-kişili bir topa adam gördük. Yadigar bəy məni qıırağa çəkib, demək olar, pıçıltıyla dedi: “Bunlar bizim şöbənin əməkdaşlarıdı. İlham Onları mənim üzümə durğuzmaq üçün gətirib, o başda, qırada dayanan da o özüdür”. “Hə, – dedim-, yaxşıdı, 89-cu ildən bu yana çox məhkəmə prosesində olmuşam, milis-polis işverənləri olan çoxlu üzəduran görmüşəm, indi erkəkli-dişili elmlər doktorlarının üzəduranlığınnı görəcəm”. Ancaq, görə bilmədim.
Bir azdan bizi proses gedəcək zala çağırdılar. Məmmədzadə iyirmiyədək adamını birinci çəkib içəri apardı. Onlar sağdakı oturacaqlarda oturmuşdular, biz solda oturduq. Vəkillə birgə biz beş-altı adam idik.
Proses başladı. Vəkil çıxışından sonra R.Əliyev çıxış üçün “Fəlsəfə və hüquq institutunun direktoru İlham Məmmədzadəyə” söz verdi. Onun çıxışını dinlədikcə bizi gülmək tuturdu: bir çağlar Bakıda tanıdığımız çoxlu erməni vardı- onlar belə əzik-üzük, düşük dildə danışmırdılar. Bakıda yaşayan ruslar da bizim dildə belə yadlar kimi danışmırlar. Açıq görünürdü: Bakıda doğulub-böyüyən (onun atası Ramiz Məmmədzadə MK-da işləmişdi), uzun illərdən bəri Akademiyanın strateji institutlarından birinin başında duran bu adam içdənliklə bizim xalqımıza, dilimizə yad birisiydi. Başqa sözlə, konyunkturanın içindən gəlmiş birisi…
Onun çıxışı bizdə istər-istəməz gülüş doğururdu- acı gülüş! İstər-istəməz düşünməli olurdun: “Gör bu hakimiyət kimləri görəvləndirir, bu hakimiyətdə kimlər kimlərə ağalıq eləyir, kimlər kimlərin əlində məhkəmə obyektinə- suçluya çevrilir. Gülənlərdən biri olsam da (arxada oturmuşdum), R.Əliyev tək məni gördü, tək məni zaldan çıxardı. Görünür, dayısının acığını çıxırdı: bir neçə yol onun şeyxülislam dayısından “yaxşı” yazı yazmışdım.
Gözlədiyimiz kimi, Yadigar bəy prosesi uduzdu. İş Çoxdan Avropa məhkəməsindədir, ancaq indiyədək bir soraq yoxdur. Yadigar bəy Avropa məhkəməsində işi udub pulunu alandan sonra mənim kitablarımın çapına yardım edəcəyini deyirdi. Yeri gəlmişkən, o mənə arada, özünün dediyi kimi, qardaşcasına pul vermək istəyirdi, götürmürdüm. Deyirdi* “Sən işsizsən, evinizə də qazanc gəlmir, bizim evə azdan-çoxdan qazanc gəlir. Bizim uşağımız da yoxdur- ikimizik, sizin uşaqlarınız var”.
Onun azdan-çoxdan çoxlarına əl tutduğunu bilirdim: öyrənci olan qardaşı, bacısı uşağına, işdə çətin dolanan bir neçə adama. Kitablarını danışıb nisyə çap etdirirdi: danışılan puldan ayda bir az verməklə. Kiməsə çöçün gələ bilər, ancaq belə idi: çox kövrək, ürəyiyumşaq, bacardıqca hamıya əl tutmaq istəyən…
M.Ə.Rəsulzadənin kitablarının yüksək tirajla çap edilib müxalifət arasında yayılması üçün bir sıra partiya sədrlərinin ona yerdım etməsini istəmişdim. Yardım edən olmadı. Adı çəkilən birisi “pulun yox idi” deyə bilər, ancaq mən də: “pul var idi” deyə faktlar göstərə bilərəm.
Pul verməkləri cəhənnəmə, onlar o kitabların tanıtımını (Yadigar bəy “tanıtım” yerinə “gördü” deyirdi) da keçirmədilər. O tanıtımlarla Rəsulzadəni ölməz ideyaları ilə müxalifətə gərəyincə tanıtmaq, çağdaşlığını qoruyuib saxlayan Rəsulzadə ideyalarını müxalifətə dərindən-dərinə aşılamaq olardı. Olmadı.
Olan nədir? Göstəri yapmaq: ildə iki yol (yanvarın 31-i, mayın 28- bir-bnirindən uzaq, barışmaz kolonlarla Novxanıya gedib ötən il, ondan qabaqkı illərdə dediklərini bir də demək. Belədə soruşmaq gərəkir: adına “beşinci kolon” dediyiniz hakimiyət sizə düşməndir, siz niyə bir-birinizə düşmənsiz, illərdən bəri nəyiniz ortaq düşüb, nəyi bölə bilmirsiz?
“Azadlıq” qəzetində işlədiyim çağlarda ərəb-fars sözlərini atmaqla dilimizə, birilərinin düşündüyü kimi, Türkiyə türkcəsindən deyil, özümüzün dil saxlancımızdan çoxlu söz gətirmişdim. Birilərinin dönməz geriçiliyi üzündən o sözlərin biri də savaşsız, sinir sarsıntısı olmadan çapa getmirdi. Ən qızğın savaşsa qəzet çapdan çıxandan sonra yeni sözün məndən gizlin olaraq yazıdan çıxarıldığını görəndə olurdu. Boynuma alıram: sinir sarsıntısından belədə söyüşədək gedib çıxmışam. Biriləri mənim düz yolda olmadığımı, deyək, “müvəffəqiyyət”, “məğlubiyyət”, “nailiyyət”, “əhəmiyyət”, “əlaqədar” , “müasir”, “nöqtey-nəzər”, kimi gəlmə sözləri dilimizdən çıxarmaqla dili “yoxsullaşdırdığımı”, xalqın öyrəşdiyi sözləri dildən çıxarmağın düzgün olmadığını deyirdilər. O adamların yaxından tanıdığım ikisi indi filologiya elmləri doktorudur, mən isə indi də “çoban” olaraq qalıram. Mənim dilimizə gətirdiyim QANI QANIMIZDAN, CANI CANIMIZDAN olan çoxsaylı Türk sözlərini indi onlar da işlədir, açınun ən geridə qalmış televiziyaları olan Az TV-lər də. Onların dilimizdə çoxdan işləklik qazanmış Türkcə qarşılıqlarına baxın, tutuşdurun: uğur, yenilmə, yetənək, önəm, bağlı, çağdaş, baxım.
Bunları niyə yazıram? Yadigar bəylə məni bir də dil yeniliyinə olan canatım yaxınlaşdırdı. Mən 1996-cı ildən dilimizi bütünlüklə TÜRKLƏŞDİRMƏK istəyinə yüklənmişdim. Bütünlüklə, ancaq yavaş-yavaş. “2009-cu ilədək yazılarında hamı kimi ərəb-fars sözlərinə geniş yer verən Yadigar bəy sonradan kəsinliklə dildə yeniləşmə yolunu tutdu. Düzdür, Yadigar bəy qabaqlar da dilcə başqalarından seçilən yazılar yazırdı, ancaq bir elə də yox.
Mən ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdim, Yadigar bəy Tibb institutunda oxumuşdu. Dildəki yeniliklərlə bağlı bizi tez-tez dalaşdıran bu qaynaq idi: onun dilə yanaşması doktor yanaşması idi: kəsək, ataq. Mənsə dildə radikalizmə qarşı çıxırdım: oxucuların bizi gərəyincə anlaması üçün. Mənim baxışıma görə, təhsil sistminin darmadağın edildiyi, müəllimlərin özlərinin yaprıxmış dil düşüncəsindən qopub ayrıla bilmədiyi ölkədə radikal dil yeniliyi (novatorluğu) bizə uğur gətirə bilməzdi. Yeri gəlmişkən, Təhsil naziri tez-tez dəyişdirilsə də, təhsilin dili eləcə dəyişməz qalır: ərəb-fars sözləri ilə dolu. Nədən? Kadrların korrupsioner rejim düzəninə (konyukturasına) uyğun seçilib yerləşdirilməsi üzündən!
Yazı dilimizə “gələrsiniz, gedərsiniz” ağırlaşdırıcı deyim yerinə “gələrsiz, gedərsiz” çevikliyini də gətirdim. Bunun üstündə də Yadigar bəylə dönə-dönə öcəşmələrimiz olmuşdu. O, məni dilimizin qramatik normasını pozmaqda suçlayırdı, mənsə deyirdim: “Normaları biz yaradırıq, gərəkirkən biz də poza bilərik”. “Biz, – deyirdim, – özümüzdən asılı olmayaraq çevikliyə yönəlik bilgisayar çağında, klip düşüncə dönəmində yaşayırıq, dilimizi bu gerçəkliyə uyğunlaşdırmağımız qaçılmazdır”. Aradan vur-tut beş-on il keçib, indi çoxlarının danışıqda, yazıda sözün çevik biçiminə üstünlük verdiyi ortadadır.
Yadigar bəyin yenilikçi düşüncəsi məni çox sevindirir, mənə ayrıca enerji verirdi. Öz üzərində yorulmadan çalışmaqla o, az arada böyük yetənəyə yiyələnmişdi. İşdə, keçirdiyimiz yığıncaqlarda, yas yerində belə o, kiminsə ərəb-fars sözü işlətməsinə dözmüsüz yanaşır, beləsinə sərt təpki göstərirdi. Dillə bağlı belə kəskin davranışa görə onu ikilikdə qınayırdım, o isə acı-acı deyirdi: “A bəy, yaşamımız tükənir, bu ulusu ha çalışdıq, irəli apara bilmədik. Bu özünün olduqca gözəl dilini öyrənmək, özünün olduqca gözəl dilində danışmaq istəmir, necə acıqlanmayasan? Belə ulus olar?! O, yüzə yüz doğru deyirdi, ancaq nə etməli: “olanımız bu idi”. Belədə o daha çox AXC hakimiyətini “yad əllərə ötürənləri” qınayır, “indiyədək biz ulusu gəlişdirib nələrə çatdırardıq”, deyirdi…
Çoxdan tanıdığım, yaxın olduğum iki adam – Yadigar Türkellə Soylu Atalı (biri doktor, o biri mühəndis) ardıcıl çalışmalarla seçkin dilə yiyələndilər. Bizdə ərəb-fars qarışıqlı dillə “ortaq türkcə” yaratmaq çağırışında bulunan filologiya elmləri doktorları var. Mənim dilimizi yeniləşdirmə-Türkləşdirmə çağırışlarıma sosial şəbəkədə müxalifətçilər illərlə belə qarşılıq veriblər: “Xaliq bəy, tələsməyin, hakimiyətə gələk, hamısı düzələcək”. Bildirirəm: yanlış yanaşmadır, özünü aldatmaqdır: bizim dilimizi gərəyincə öyrənməyimiz üçün hakimiyətə gəlməyimiz gərək deyil, dilimizi sevməyimiz, sevərək öyrənməyimiz gərəkdir.
Arada onun ayrı zəngi olurdu: “Boşsansa, – deyirdi, – gəlim götürüm, gedək şəhəri gəzək, bir az başımız açılsın”. Yazı-pozum olmasaydı, “Gəl” deyirdim. Gedib saatlarla Bakının görməli yerlərini gəziridik. Ancaq, demək olar, başımızın “açıldığı” olmurdu: addımbaşı qarşılaşdığımız düzənsizlik-qanunsuzluq görsənişləri, ucdantutma “ingilisləşmə”, qulağı dələn yad musiqilər – bunlar bizi özümüzdən çıxarırdı. Bizə bizim doğma Bakımız gərək idi: düşüncəmizi pozub-dağıdan deyil, düşüncəmizə düzən verəcək Bakımız.
Mayın başlanğıcında (2021-ci il) bağa köçəcəkdim. Gəldi, görüşdük, danışdıq. Gedəndə: “Məni unutma”, dedi. Sonra da harasa baxa-baxa yorğun-üzgün səslə: “Mənim yazımı sən yazarsan”, dedi. Niyə belə dedi, bilmirəm.
Bağda olanda yenə tez-tez zəng vururdu. Bir neçə gün ondan soraq çıxmadı. Zəng vurdum. Çətinliklə danışırdı. Başıma gələndən onun koronaya yoluxduğunu bildim. Xəstəxanaya getməsini çox istəsəm də, boyun qaçırdı: “Qəmər də yoluxub, – dedi, – adam var, danışmışıq, evdə müalicə olunuruq”. Sonra onun Zığ modula aparıldığını bildim. Uzun axtarışdan sonra ondan soraq verəcək doktor tapdım. Doktorun dediyi bu oldu: “Reanimasiyadadır, durumu ağırdır”.
İyunun altısında ondan sonuncu soraq gəldi – son soraq!
Dilavər Əzimlini yalnız yaxşı tarixçi kimi deyil, eləcə də, dediyi kimi, ulusa bağlı birisi olaraq yüksək dəyərləndirir, çox istəyirdi. Fevralda zəng vurub ağlaya-ağlaya Dilavər Əzimlinin Zığ modulda koronadan öldüyünü bildirmişdi. Dalıyca da bunu demişdi: “Bir dəyərli aydınımızı da itirdik”. Onunla bağlı aldığım soraqdan oxşar duyğuları, oxşar yaşantıları yaşayırdım…
Badamdarda bağı vardı, satıb olduğu binanın həyətində xeyir-şər evi tikdirmişdi. Qazanc üçün yox, qonşuların gərəyi üçün. Biz bir çox yığıncaqlarımızı orda keçirmişdik. Onun bitiklərinin gördüsünü də. Yeni bitiyinin gördüsünü də mayın 26-da orda keçirəcəkdik. Mayın ortalarında bitiyin çapının yubandığını, gördünü avqusta keçirdiyini demişdi. Yoldaşlar-arxadaşlarla danışmışıq: bir gün yığışaq, onun gördüsünü keçirək.
Yadigar bəy böyük ürək ağrısıyla, Elmlər akademiyasının durmadan çoxalan hacı, kərbəlayi, məşədi, başıbağlı sayından İranın filialına çevrildiyini deyirdi. Yuxarıda sözü gedən, onun işdən çıxarılmasında başlıca katalizator rolu oynayan hacı dələduz-plagiata gəlincə, onun gerçəkdən belə olduğu faktlarla bəlirləndi. Sonuncu olaraq o, Adıgözəl Məmmədovun “Siyasilərin psixoloji portretləri” kitabını bütünlüklə köçürüb öz adına çıxmışdı. İşə Müəllif Hüquqları Agentliyi qarışmış, onun plagiat-dələduz olduğu dövlət düzəyində doğrulanmışdı. Beləliklə, o, Akademiyadan dələduz kimi qovuldu. Dələduz qovuldu, ancaq o dələduzu başa çıxarmış direktor Yadigar Türkeli işinə qaytarmadı. Yeri gəlmişkən, uzun illər prokuror işləmiş Bəhram Zahidov “hacı” titulu ilə Fəlsəfə-hüquq institutunda direktor yardımçısı işləyir. İllərlə rüşvət al, sonra “hacı” ol, Akademiyada fəlsəfəyə yön ver! Kərəmi burda ağlamaq tutur. Baxır, baxır, deyir: dağıl, a dünya!
Yadigar bəyin mənə verdiyi son yazısı belə adlanır: “Azərbaycan Respublikasının Qarabağı geriyə alandan sonrakı strateji yaşam ilkələri”. 30 oktyabr 2020-ci ildə yazdığı o yazını “bəlkə, baxıb nəsə götürdülər” deyə, Prezident administrasiyasına göndərmək istəyirdi. Bilmirəm, göndərdi, göndərmədi. İndiki politik gerçəkliklə çox da uyuşmayan, ancaq dəyərli konseptual yaz idi. Oxuyub tanış olandan sonra nə düşündüyümü soruşmuş, “gərəkli yazıdır, ancaq keçərsizdir”, demişdim.
Bayırda gözəl gün çıxıb. Qış ayları daha çox belə günlü gündə zəng vurub deyirdi: “Boşsansa, çıxaq şəhəri gəzək”. İllərdən bəri işsiz olsam da, boş olduğum az olurdu: çoxu boşuna gedən yazı-pozu nədənilə. “Boşam”, dediyimi eşidən kimi: “Gözlə, gəlirəm”, deyirdi. Bizim yaşam qrafikimiz üs-üstə düşmürdü: o, tez yatıb, tez dururdu, mənsə gec yatıb, gec dururdum. Onun çox zəng vurmalarına (ən çox da tezdənlər) acıqlanmalar olurdu. Düzü, arada mən özüm də onun zənglərinə acıqlanırdım. Bu isə yazı yazarkən olurdu. O hərdən “bir söz soruşacam” deyib, sözdən-sözə keçir, yazı ilə bağlı mənim düşüncə sistemimdə qırıqlıq yaranır, bu üzdən acıqlanır, ancaq acığımı ona bildirmirdim.
İndi mən onun zəng vurub lap elə məni acıqlandırmasını çox istəyirəm. Ancaq o, bir daha zəng vurmayacaq. Getdi o günlər. Getdi, getdi!..
Keçən günə gün çatmaz,
Calasan günü günə!
P.S. Başıma dalbadal bir sıra işlər gəldi: korona nədənilə gözlərim görməz oldu, sonra qolum, qıçım qırıldı – o üzdən bu yazı da, yazacağım başqa bir yazı da bir belə yubandı.
21.01.22.