Tayfaçılıq Millətçiliyin ölümüdür (Asif Ata ilə müsahibə)

  – İndi «millətçilik» sözü dəbdədir. «Millətçilik» sözünün yanında hər hansı «izm» olanda özgələşmə baş verir. Bu məsələyə münasibətinizi bilmək istərdim.
– Millətçilik öz mahiyyəti etibarilə marksizmə qarşı, yəni vahid ictimai varlığın imkanına qarşı duran uzunömürlü ideal və etiqaddır. Bu etiqadı və idealı ifadə eləyən şəxsiyyətlər Azərbaycanda çoxdur. «Azərbaycan millətçiliyi»nin Sabir, Hadi kimi idrakçıları və müsavatçılar kimi siyasətçiləri olub. Millətçiliyi qəsdən, imperialist niyyətlə xalqın gözündən salmaq, onu mürtəce, antiəxlaqi bir hadisə kimi şərh etmək, SSRİ tarixinin ən ardıcıl siyasət yönlərindən biri olub. Millətçilik damğası həm siyasi, həm də inzibati hüquq səviyyəsində cinayətkarlıq kimi qiymətləndirilib. Çoxlu millətçilər tutulub, sürgün edilib, güllələnib. Mahiyyətcə millətçiliyi xalqçılığa qarşı qoyublar. Əslində isə millət və xalq bir sözdür, bir mənadır. Millətçi elə xalqçı deməkdir. Ancaq süni surətdə xalqçılıq və millətçilik arasında sədd yaradıblar ki, millətçiliyi bədnam eləsinlər. Bu, siyasi bir xətt kimi aramsız və amansız şəkildə davam etdirilib. Millətçiliyi şovinizm ilə birləşdiriblər. Şovinizm isə bir xalqın bütün başqa xalqlara qarşı lovğalığı, qürrəsi, qarşıdurması, döyüşü və son nəticədə inkarı deməkdir. Millətçilikdə, əsl millətçilikdə, yetkin millətçilikdə şovinizmdən əsər-əlamət yoxdur.
Millətçilik aşağıdakı prinsiplərə əsaslanır: Hər bir xalqın özünəməxsusluğu, bənzərsizliyi şəksizdir. Heç bir xalq heç bir xalqı əvəz edə bilməz. Hər xalqın dünyada öz yeri var, öz səsi var, öz rəngi var. Bu ideyasız humanizm çox yoxsul görünərdi. Hər bir millətin bəşər mədəniyyətinə, qabaqcıl tərəqqiyə başqası tərəfindən əvəz edilməsi mümkün olmayan orijinal hədiyyəsi var, o hədiyyəni inkar eləmək olmaz. Bu hədiyyə əsasında bəşərin müxtəlifliyi ideyası, mədəniyyətin müxtəlifliyi ideyası, əlvanlığı ideyası, sənətin, idrakın, elmin standartdan, sxemdən, qəlibdən çıxması qüdrəti öz ifadəsini tapıb.
Nə qədər bəşər var bir o qədər millət var. Əgər beynəlmiləlçilik milləti ötəri, keçici, gec-tez yox olan bir hadisə kimi anlayırsa, millətçi üçün millətsiz xalq yoxdur. Bəşər heç zaman yekrəng olmayacaq. Millətin ölümü bəşərin ölümüdür. Bu, idrak baxımından çox yüksək bir səviyyədir. Bu səviyyəni qorumaq lazımdır.
Mən hələ onun başqa cəhətlərini – ictimai, siyasi cəhətlərini nəzərə almıram.
Millətçilik – psixologiya, xarakter fərqini, yəni fərdi, fərdiyyət fərqini təsdiq eləyir. Hər bir milli fərdiyyət də özünəməxsusdur. Onun da öz xarakteri, öz xüsusiyyəti var. Bu xarakter, psixologiya təkcə zahiri cəhətlərdə yox, onun həyata münasibətlərində, onun dünyagörüşünün mahiyyətində aşkara çıxır. Bu səbəbdən də millət uğrunda döyüşmək, millətin yaşaması üçün yaşamaq, onu ölümdən qurtarmaq, onun ölümünü öz şəxsi ölümü saymaq, milləti ən yüksək mənəvi sərvət hesab eləmək və bundan ötrü döyüşmək, yəni millətçilik fəallığı deməkdir. Bu keyfiyyətlərin biri olmasa, millət¬çilikdən danışmaq olmaz. Hərçənd millətçilik haqqında çox yazıblar, ancaq təəssüf ki, indi bizim təqdim etdiyimiz ideyalar düzümü indiyə qədər deyilməmişdir. Bu izhara çox böyük ehtiyac var. Elə bu səbəbdən də millətçilik sözünün yanında başqa bir «izm» – demokratik millətçilik, yaxud konservatik millətçilik, sosialist millətçiliyi, kapitalist millətçiliyi və sairəyə ehtiyac yoxdur. Millətçilik quruluş¬dan artıq olan bir işdir, onu ötən bir xüsusiyyətdir, keyfiyyətdir, varlıqdır. Əgər quruluşlar, partiyalar, hərəkatlar hamısı keçici, ötəridirsə, millətçilik əbədidir. Millətçiliyin millətçilikdən başqa adı yoxdur.
– Tayfaçılıq – yerliçilik Azərbaycan xalqına çox ziyan vurub və vurur. Bu haqda fikriniz?
– Tayfaçılıq – millətçiliyin ölümüdür. Əgər tayfaçılıq varsa, demək millətçilik yoxdur, çünki millətçilik xalqı bütöv, vahid varlıq kimi dərk eləməkdir. Tayfaçılıq onu bölür, yarır, parçalayır. Beləliklə, millətçiliyi inkar eləyir.
Tayfaçılıq əslində mənfəətə əsaslanır. Tayfaçılıqda öz Yurduna sevgidən daha çox, birləşib hakimiyyətə gəlmək istəyi var. Tayfaçılıq ayrı-ayrı tayfaların hakim sinif səviyyəsinə qalxmasıdır ki, bu da dəhşətli eybəcərlikdir.
Bir də görürsən ki, bir yerin adamlarının hamısı birdən-birə Elmlər Akademiyasının üzvü olurlar. Və belə bir şayiə yayırlar ki, həmin yerdən yalnız alim çıxa bilər. Məsələni yoxlayanda görürsən ki, bu adamların heç birində xüsusi istedad da yoxdur.
Bir də görürsən ki, bir yerin camaatı yığılıb bir komitənin başına. İndi soruşulur: onları doğrudanmı Yurdlarına məhəbbət birləşdirir, yoxsa hakimiyyətə məhəbbət? Burda əksinə, özünümühafizədən başqa heç nə yoxdur. Birləşirəm ki, hakim olum, birləşirəm ki, mənfəət qazanım, birləşirəm ki, pulum çox olsun, birləşirəm ki, vəzifədən ən çox mən qazanım. Və bunun adını yurdsevərlik, yersevərlik qoyuram, şəhərsevərlik, mahalsevərlik qoyuram… Bu – oyundur! Burda bircə «sevərlik» var – mənfəət! Burda təmənnasızlığın heç izi-tozu da yoxdur. Təmənnasızlıq olmayan yerdə əxlaq yoxdur. Tayfabazlıq ən böyük əxlaqsızlıqdır!
Bir nəfər hakimiyyətə gələn kimi ətrafını doldurur öz yerliləriynən, öz gözətçiləriynən, öz pay şərikləriynən, öz hakimiyyət ortaqlarıynan. Burada heç bir ülvi duyğu yoxdur! Burda pay üstünə cumanlar var. Burda payı parçalayanlar var, burda «yaxşı dişlər» var. Burda ürəkdən və ağıldan danışmağa dəyməz…
– Millətçilik heç bir xalqın, heç bir etnik azlığın əleyhinə deyil. Ancaq bu məsələdən sui-istifadə eləyib, etnik azlıqları təşvişə salırlar. Buna nə deyirsiniz?
– Bu saat Rusiyanın Azərbaycanın müstəqilliyinə qarşı döyüşündə çoxmillətli Azərbaycan yaratmaq, Azərbaycandakı milli azlıqları türkə qarşı qoymaq əsasdır. Bu saat Rusiya imperializminin yeganə əlacı elə budur. Əgər talış özünü türkdən ayıracaqsa, o, yalnız Rusiya imperializminə xidmət eləyəcək. Qoy bu haqda ciddi düşünsünlər. Mənim fikrim odur ki, Azərbaycan kürdü özünü türkə qarşı qoysa, türklə döyüşsə, o itirəcək. Onun qazandığı bircə şey olacaq – məğlubiyyət! Çünki türk kürdə gərəkdir – arxa kimi. Bunu bütün azsaylı xalqlara aid edirəm. Azərbaycanda türk ruhu, türk mədəniyyəti, türk tarixi, türk etnosu hakimdir – bunu utana-utana demək lazım deyil. Elə şey var ki, onu siyasət dilində demək olmaz, ruhaniyyat dilində demək olar. Ruhaniyyat dili – açıq dildir.
– «Vətəni sevirəm» deyənlər Vətəndən öz sevgilərinə pay umurlar. Bu haqda nə deyə bilərsiniz?
– Mən qəti əminəm ki, Vətəni sevən adam Vətəndən sevgisinə pay ummamalıdır. Vətən səni sevə də bilər, sevməyə də bilər. Vətən səni sevməyəndə sən onu sevməlisən – budur mənim zənnimcə əsil vətənçiliyin, latınca desək patriotizmin mahiyyəti. Başqa heç biri Vətəni sevmir. Vətən sevgisindən o, mənfəət gözləyir, Vətən sevgisindən mükafat gözləyir. Vətən sevgisi onun özünə lazımdır. Əslində isə bizdə belə bir psixologiya yarandı: Görüm Vətən məni sevirmi, mükafatlandırırmı? Mənə orden verirmi, mənə pul verirmi? Mənə vəsiqə verirmi? Vermirsə, nəyimə lazımdır o Vətən?!
Burda əslində vətənpərvərliklə vətənsizlik arasındakı sədd götürülür – mahiyyətcə, Vətən sevgisinin heç bir mükafatı yoxdur, heç bir təmənnası yoxdur, heç bir əvəzi yoxdur.
– Dünya təkrar olunur. Yəni əslində dünyanın mahiyyəti sabit olduğu halda, biçim mənaya yaxınlaşmaq əvəzinə daha da uzaqlaşır. Bu haqda nə deyirsiniz?
– Son beş ildə, yenidənqurma cəfəngiyyatı yaranandan bugünə qədər bəşəriyyətin inkubatorlaşması, eyniləşməsi prosesi hədsiz dərəcədə artıb. İndi bütün ölkələr hamısı bir-birinə oxşamağa başlayıblar. Hamısı Qərbə oxşayırlar. Bir zamanlar heç olmazsa «SSRİ» adlanan bir ölkə vardı ki, o, yalandan da olsa, süni də olsa, özünü qoymuşdu Qərbə qarşı. Müəyyən bir əlvanlıq yaranmışdı. İki dünya vardı – sosializm və kapitalizm. Bu sosializmin necə «dünya» olduğunu gördük. O ləğv olunandan sonra kapitalizm tamam tək qaldı və dünya tamam eyniləşdi. Baxın, indi estradalarına dünyanın, görün nəylə fərqlənirlər. Baxın hər cəhətdən onlara – görün insan özünü harada özünəməxsus hiss eləyir? Harada özünəməxsusluq qalır?
İnkubatorlaşma – ölümdür, eyniləşmə – ölümdür!.. Məzar eyniliyi görürəm mən bu gündə. Və bütün bu işlərin hamısının, bütün bu dərdlərin əlacını bir şeydə görürəm – Ruhani İntibahda. Şərqin özünə qayıtmasında.
Eyniləşmə göstərir ki, dünyanın əvvəlki imkanları tükənir. Dairədən çıxmaq gərək!
«Azərbaycan» adlanan müqəddəs Yurd indi kimsəsizləşib, yetimləşib – özünə yeni qəyyum axtarır. Azərbaycanın siyasi dünyası onun daxili dünyasından qat-qat aşağıdır, ancaq bilmək lazımdır ki, siyasi dünya köpükdür. Və bu köpük «Azərbaycan» adlanan varlığın üst tərəfini tamam bürüyüb. Və ya adi gözə elə gəlir ki, elə bundan başqa da heç nə yoxdur. Əslində isə Azərbaycan xalqının içində Zərdüştdən Saza qədər yol var. Və o yolun daha yüksək Göy səviyyəsi adlanan Ocaq var, Ruhaniyyat var. Əlac Ocağadır, əlac İnamadır, əlac Ruhadır.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
– Ata Ruhu Ürəyimdədir!

Söhbəti yazdı:
Soylu Atalı.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv