Yadigar Türkel. ULUSUMUZUN ADI TÜRK, DİLİMİZİN ADI TÜRK DİLİDİR! (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)-6

Professor Şirməmməd Hüseynovun yayımladığı ideoloji bitiklər Türk aydınlarının Azərbaycan Respublikası dönəmində Türk dilini İslam dinilə gəlmiş Ərəb-fars sözlərindən, uydurulmuş, anlamsız «izafi tərkiblər»dən  arındırılma duyğularını, çabalarını, çalışmalarını da göstərir. Dilin ulusun özünütanımasında, özünüdoğrulamasında, ulusal düşüncəsinin, ulusal ideologiyasının oluşmasında çox böyük yeri vardır. Ulusun dilinə sevgisi onun gəlişmişliyinin göstəricisidir. Dil insanların ulussevərlik, yurdsevərlik duyğularını gücləndirib onları igidliklərə də yönələ bilir. Ulusal birliyə gedən yol ədəbi dildən keçir. Ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə yazmışdır: «Bir millətin həyatında maddətən, mənən bu qədər bir əhəmiyətə malik  [dəyəri, yeri] olan dili biz, Azərbaycan Türkləri vaxtilə unutmaq üzrə idik. Tamamilə [bütünlüklə] farslaşmış bir zamanlar [çağlar] vardı. Türk ədəbiyatı bilməzdik…». Bu, yüz iller boyu İslam dininin cənnət-cəhənnəm söyləncələrini anlaşılmaz, «bəlağətli» deyilən dillə oxumamış insanların düşüncəsinə yeridən «şeyx nəsrulla»ların bu gün də altında qalıb əzildiyimiz ulusal düşüncəsizliyindən törəmişdir! Azerbaycan Türkleri dillerini bu «çör-çöp»den arındırmalıdırlar.

Üzeyir bəy Hacıbəyli «təəssürat»larının birində deyir: «Həmən o «mənhus gerinin» mənhus [uğursuz] əsərlərindən idi ki, Aslan bəydən sonra kürsüye-xitabətə çıxan Şeyxülislamov «Hümmət» firqəsinin [partiya]  adından danışmaq istərkən başındakı fikrini söyləmək üçün ağzında söz tapmayırdı! Aşkar idi ki, natiqin başındakı fikir  [söz, düşüncə] Rus dilində hazırdır [var, yaranıb] . İndi bunu Türkcəyə tərcümə [çevirmək] etmək lazım [gərəkdir]. Ona görə gərək məclis əhli [toplantı, yığıncaq, parlament]  səbr edib, gözləsin, lakin tərcümə [çevirmek]  üçün də Türkcə yaxşı bilmək lazımdır [gərəkdir], halbuki natiq Türkcə bisavaddır [oxumamışdır]».

Başqalarının ideoloji yönləndirməsi, ya da «özünkülər»in yanlış tutumu üzündən yaranan belə ortam ulusal düşüncə pozuntusuna gətirib çıxarır. Belələri getdikcə Türkə, Türk düşüncəsinə yada, kimilərisə yağıya çevrilir. Soyadında İslam şeyxi sözləri olan Şeyxülislamovun da belələrindən olduğunu bilirik. İndi də İngilis dilinə alışan Azərbaycan Türklərinin bu yöndə özünüqoruma içgüdüsü yox kimidir, ideoloji işləri isə aşağı düzəydədir!

Azərbaycan Ağalığı 1918-ci il iyunun 27-də TÜRK dilinin Azərbaycan Respublikasının  Dövlət dili olduğunu bildirdi. Bu olay ulusal düşüncəsi pozulmuş bir ulusa kimliyini tanıtmaq üçün çox gərəkdi. Ancaq Rus-erməni-sovet-mason bolşefaşistləri Türklərin «DİLDƏ BİRLİK» çağırışını öncə Azərbaycan Türklərinin ulusal, etnik Türk adını Azərbaycanlı politik qavramına dəyişməklə pozdular. Mən Türkəm, deyənin dili, başı kəsildi, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq…, bütün dilçi türkoloqlar, dəyərli aydınlar öldürüldü. Bu soyqırım politikası Azərbaycan Türklərinin oluşan ulusal düşüncəsini dağıtdı. Prof. Abbas Zamanov Bakıda, Atatürkün Türkiyə Respublikasında yeritdiyi «Dil devrimi»nə bütünlüklə tərs yöndə işləyən dil komisiyasının yaradıldığını deyirdi. Türkiyəli dil devrimçiləri hansısa «izafi tərkib»i, anlamsız sözü Avropa, ya da Türk sözünə dəyişən kimi, Bakıda, ona tərs Ərəb deyimini ədəbi dilə soxurdular…

SSRİ dönəmində Azərbaycanda işlədilən Türk dili Ərəb-fars sözlərindən az-çox arındırılsa da, son 25 ilin yanlış dil politikası üzündən Türk dili ölkədə ən sayğısız ŞEYlərdən biri olub.

Professor Şirməmməd Hüseynovun yayımladığı ideoloji bitiklərdən dönməz dil yenilikçisi də olduğunu öyrəndiyimiz Üzeyir bəy Hacıbəyli 1918-ci il yanvarın 10-da yazırdı:

«– Pozvolte mne dva slova!

– Vı o çyom?

– Ya na sçyot zayavleniye çlena.

Bunun kimi mükaliməyi [danışığı] parlamanda Rusca keçirməyə nə hacət [gərək]? Bir halda ki, danışan da Türkdür, danışdırılan da…

İrəvan hadisatı [olayları] xüsusində hökumətə «zapros» verildi. Mən də Rusca danışmağa başladım, lakin qərəzsiz [boşuna] degildir. Bu «zapros» sözü parlamanımızda ümumiyət etibarilə [genəlliklə] «istiza», «izahat» kimi başqa mənaları ifadə edən Ərəbcə kəlmələrlə [sözlərlə] tərcümə edilir. Dünən məbusumuz [ulus elçimiz] və bu gün vəzirimiz [bakan, nazir] olan sosialist Səfikürdski cənablarından [cənabları sözü cəmdir, toplamı lar sonluğu ilə bir də cəmləşdirmək yanlışdır. Son çağda sizə yerinə sizlərə deyilməsi də  yanlışdır] bu «zapros» sözünün sorğu sözü ilə ifadəsini dəfələrlə eşitmişəm və çox da xoşuma gəlibdir. Məbuslarımızın da xoşuna gəlsə, bu sözü qəbul edərdik. Zatən [doğrusu, ancaq] bu sözü Səfikürdski cənabları özündən çıxartmiyıbdır.

Dilimizin mənbəi-sərvəti olan və Rus dili tələbəsindən bir dərəcəyə qədər kənarda qalan kəndlərimizi də, yazıçılarımızdan bir çoxunun zənn [düşünürəm] edirəm səhv və xəta [yanlış] olaraq «souq-sual» surətində yazdığı «sorğu-sual» sözü vardır. Bu söz kəndlilərimizin ağzında çox işlənir: «Məhəmmədhəsəni tutub sorğu-sualsız dama saldılar» (I bitik, 222-ci s.).

Bu alıntıdan da Azərbaycanda çağdaş Türk dilində yubadılmadan edilməli işlərin bir çoxu aydın görünür. Mənim bu yöndəki çabalarım az-çox bəllidir. Bu yazıda da Azərbaycanda Türk dilini Mirzə Cəlilin «çör-çöp» dediyi Ərəb-fars sözlərindən arındırmaq üçün bir sıra gərəkənləri bir daha AMEA Dilçilik İnstitutunun yarıərəb yarıtürkcə danışan yatmış bilimçilərinə, aydınlara, oxumamış, oxudulmamış «proletkltçu jurnalistlər»ə çatdırmağa çalışacağam.

1.Ərəb dilindən gətirilmə Və, Fras dilindən geçmə Kİ bağlayıcılarının Türk dilinin quruluşunu, danışıq biçimini pozması. Türk dilində VƏ bağlayıcısı ilə cümlə başlanmır, başlanmaz –  Türk dil yasasının daha yaxşı öyrədilməsi, bununla da «Və biz Gencəyə getdik», «Və goll»  kimi yanlışların qarşısının alınması. Bu səsin Ərəb dilində vehşi heyvan səsitək – VƏOO… səsləndiyini  də unutmamalı.

2.Türk dilində cins ayrılığının olmadığının, onun sonluqlu dil olduğunun öyrədilməsi, Güllü müəllimə kimi deyimin, yazının düzəldilməsi.

3.Türk dilinin sonluqlu dil olmasının düşüncəyə yeridilməsi: «Dil millətə aiddir», «pəncərələr bu evə aiddir», «sözləri Mikayıl Müşfiqə aiddir»… biçimli yanlışların «sözləri Mükayıl Müşfiqindir» kimi öyrədilməsi.

4.Ədat deyilən anlamsızlığın Türk dilindən çıxarılması.

Dilçilərin dediyincə, «ayrılıqda anlamı olmayan, cümlədə işlənərkən başqa sözlərlə birlikdə anlamlanan sözlərə ƏDAT deyilir». Demə, oxumamış çölçü-bədəvi Ərəbin anlamsız bir sözü Türk dilinə girən kimi anlamlanırmış. Bəh! Bəh! Bəh! Qəh! Qəh! Qəh! Yaşa səni İbn Mühəyya bin Ərəb, bin Bağdadi, əl İŞİD!!! Doğrusuna qalsa, bu anlamsız sözlər dilçibaşıların Ərəbcə məna dediyi anlamı qazanmır. Bu ANLAMSIZLIQdan bir dolab: fəqət, əcəba, hətta, məhz, əlbəttə, halbuki, hərçəndi, sadəcə, zatən…». Sayğılı DİLÇİLƏR, bunların hansının Türkcə bir anlamı vardır?!

5.Ərəbcə «müləmmə» deyilən danışığın aradan qaldırılması. Biliksiz, oxumamış, oxudulmamış, öyrədilməmiş, yarıərəb, yarıtürk, yarırusca danışan «jurnalist» Ərəbcə müləmmə, Farsca rəngarəng, Türkcə çoxboyalı, yığıntı bir dildə danışaraq, göstərdiyə nümayiş etdirdi, yendiyə, udduya qalib gəldi, yenildiyə, uduzduya məğlub oldu, tikdi, qurdu, yaratdıya təşkil etdi, işlədi, çalışdıya fəaliyət göstərdi deyir, istilik 15 dərəcə olacaq yox, hərarət 15 dərəcə təşkil edəcək, bağışlayın yerinə üzr istəyirəm, əfv edərsiniz, getdi yerinə səfər etdi, baxaq yerinə nəzər salaq, diqqət yetirək… deyib yanlış danışır, su iç yox, sudan istifadə elə deyir, sağ ol, deməkdənsə sözbaşı təşəkkür eləyir. Bu müləmmə danışığı düşüncəsi köç etdi, keçid aldı, eniş etdi, park etdi kimi yeni  yanlış «müləmmə»lər doğurub.

6.Türk dilindəki vurğuların yerində, düzgün deyilməsi, son illərin birbölümlü-birhecalı sözlərin biir, oon, əən… deyilməsitək «proletkult dəb»inin, lovğalanmanın – bağışlanmaz yanlışının qarşısının alınması. Türk dilində səs uzatmaq, ağız-burun əyməklə deyilən söz yoxdur!

7.Yazıda, eləcə də danışıqda cümlələrin biranlamlı, ya da yaxınanlamlı Ərəb-fars, eləcə də avropadangəlmə sözlərlə doldurulmasının qarşısının alınması. Türk dilini Türk düşüncəsindən çıxaran bu yol rəsmi, bilimsəl yönlərdə, daha çox da məhkəmə, polis, ordu qurumlarındakı yazılarda, bir çox «proletkult jurnalistlər»in danışığında acı gülməcəyə çevrilib: intihar, məhkum, vəsatət, vəsait, xitam, qəyyum, həbsxana… Qəzetlərin birində yazılan cümləyə baxaq: «Üzeyir bəyin atdığı addımlar möhnətli, əzablı və iztirabverici idi». Böyüklərin də çoxunun assosiasiya-bağlamaq-tutuşdurmaqla anlayacağı son üç Ərəb sözünü çağdaş Orta okulda oxuyanlar neçə anlasın?

Son illərdə Bakıda çayxanaların «Çay evi» adlandırılması düzgündür. «Şərab evləri» «Çaxır evləri», mehmanxanalar, hotellər «Qonaq evi» edilsə daha düzgün olar. Bu anlamda TAKSİ yerinə TAXİnin Bakının göstəricisinə çevrilməsinə yol vermək olmaz! Azərbaycan Ağalığının suçundan Bakı İngilis dilinin Türk ulusal düşüncəsini pozan başkəndə çevrilib.

8.Alınma sözlərin Türk dilinə uyğunlaşdırılması yasasına sözsüz uyulması gərəkdir. Bu anlamda dilçilər Ərəb dilindən alınma, atılmalı ədəbiyyat, cümhuriyyət, keyfiyyət…, eləcə də avropadangəlmə ssenari, kommunizm, dissertasiya, komissiya, assimilyasiya… kimi sözlərin bir y, bir s ilə yazılmasının Türk dilinə daha uyğunluğunu unutmamalıdırlar.

  1. Bilimsəl biliksizliyin aşılması. Son çağlarda çoxları danışığında, sözbaşı, problem deməyə başlayıb: «nə problemin var?», «problem yoxdur»… Qabaqlar nə çətinliyin var? – deyərdilər, indi nə problemin var? – çıxarıblar. Bilimdə problem varlığın çözümü çox çətin sorunlarına deyilir: dünya yaranmışdır, yaradılmışdır, insan yaranmışdır, yaradılmışdır, allah, varmı, yoxmu? Oxumamış, oxudulmamış «jurnalist» bunu bilmədiyindən «futbolçu ayaqqabısının bağı ilə problem yaşadı», «bütün gecə işıq problemi yarandı» kimi sözlərlə Türk ulusunun dil düşüncəsini pozur.

Azərbacanda önəmli sosial-kültürəl güc olan doktorlar Azərbaycan toplumunun genəl anlamda ən oxumuş qatıdır. Ancaq yaradıcı, bilimsəl yanaşmanın yetərsizliyindən ulusal dil düşüncəsizliyi tibb alanını da sarmışdır. Buradakı bir yanlışı anlayanlara çatdırıram. Türklər doğmayan qadınlarla çocuqsuz erkəklərə soysuz deyərlər – Ərəbcə nəsilsiz. Ancaq SOYSUZ yerinə kimin, haradan gətirdiyi bilinməyən SONSUZ sözü işlədilir: sonsuzluğun ? sağaldılması. Gülüunc deyilmi?!

Görkəmli anatom, professor Kamil Balakişiyev bir gün öyrəncilərinə üz tutub, qulağın ortasındakı çıxıntıya nə deyildiyini sordu. Biri sırğalıq, o biri başqa söz dedi… Sırğalığın nə olduğu bilinir. Sonralar ona möçük deyildiyini öyrəndim. Türk dilində qulaqdakı çıxıntıya da, onurğanın ucundakına da möçük deyilir.

10.Azərbaycan Respublikasında Güney Azərbaycan Türklərilə bağlı içdən olmayan yalançı qardaşlıq çağırışlarından başqa demək olar heç bir kültürəl iş görülməsə də, Türkiyə Respublikası ilə qırılmış ilişkilərin düzəlməsi bir sıra dil sorunları doğurub. Nədəni də bəllidir: İran İslam Respublikasında ulusal düşüncəni boğan, ümmətçi molla rejimi, Türkiyədə Ərdoğanın «dinçi-kinçi»,«məzhəbçi»,«osmanlıçı» rejimi, bizdə də Türk ulusalçılığı düşüncəsinə yadlar…

Türkiyəlilərin danışığında bizdə unudulmuş çoxlu gözəl Türk sözləri vardır, bizim danışığımızda da onlarda unudulmuş gözəlliklər qalmaqdadır. Biz yanğınsöndürən qurumuna yanğınsöndürən deyirik, Türkiyəlilər Ərəbcə – itfaiyə. Avropadan alınma sözlərin bir çoxu bizdə düzgün yazılıb – fabrik, orkestr, poçt… onlarda yanlış: fabrika, orkestra, posta, bir sırası onlarda düzgün götürülüb: gitar…, bizdə yanlış: qitara…

İki dövlətin uyğun qurumları bu yöndə köklü işləməli, Türk dilini, anlamsız Ərəb-fars sözlərindən arındırmalı, ortaqlaşdırmalıdırlar. Ancaq demək olar heç bir iş görülmədiyindən, tərsinə «Molla Ərdoğan»ın müridləri ölkə basınını basqı altına alıb Türk dilini yenidən ərəbləşdirirlər. İki-üç il qabaq spor jurnalistləri Türkcə yendi, yenildi deyərdilər, indi məğlub etdi, məğlub oldu deyirlər.  «Molla Ərdoğan»ın «yeni osmançıları» eyitimi dəyişib maarif, prezident sarayını prezident külliyəsi ediblər. Gündən günə din geriçiliyində daha da batırılan Türkiyədə anlamsızcasına bayram edilən, Məhəmməd peyğəmbərin Türcə Kutlu doğum həftəsi bayramın adı dəyişdirilib Mövlidi Neb-i edildi.

Azerbaycanda garşısı alınmalı kötülüklərin ən önəmlilərindən biri də unudulmuş bir sıra ağır, anlamsız Ərəb sözlərinin Türkiyəlilərin etkisilə yenidən dilimizə qaytarılmasıdır. Son çağlarda Azərbaycanda Türk dilinə yenidən soxulan sözlərə baxın: fəgət, rəğmən, təxliyə, tərcih, təcəlla, qətliam, mücadilə, rica, müdhiş, möhtəşəm, civar, sadəcə, əcəba…

«Proletkultçu jurnalistlər» Azərbaycanda  unudulmuş, unutdurulmuş, ya da az işlənən gözəl Türk sözlərinə gözlərini, düşüncələrini qapasalar da, yanlışları alıcı quş kimi qapırlar. Örnək: Ədalət və Kalkınma Partiyasına çevirib Ərəbcə …İnkişaf… deyilməsi. Türkiyə Respublikasının Elçiliyine Səfirliyi deyilməsi…

11.Sözün yükünü, tutumunu bilmədən danışmaq: «Vasif Adıgözəlov: Yuxularım. Sözləri Nəbi Xəzri»… Türk dilində bir işi etdi, gördü deyərlər. Bir sözün o birini bəlirlədiyini bilməməkdən bu iş «prezident tərəfindən», «polis tərəfindən» edilib, deyir, yazırlar.

Azərbaycan Respublikasının dövlət qurumlarının, bakanlıqlarının adlarına baxın: – bütünü Ərəbcə. XXI yüzilin 17-ci ilində, ulusal özgürlük çağında ulaşım kimi gözəl Türk sözünü qoyub, özü də heç kimin demədiyi iki y-li Nəqliyyat Nazirliyi yazmaq ulusal düşüncəsizlikdir! Daxili İşlər, Xarici İşlər nazirliklərinə İç İşləri, Dış İşləri bakanlığı, təyyarəyə uçaq deyilsə, uçaq düzəltmiş bədəvi Ərəblər Azərbaycana saldıracaqmı? «Hərbi Komisarlıq»ın yerinə «Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti» yaradılıb. Bu, Ərəbcə söz yığını yerinə Türkcə aydın, anlaşılan «Orduya Çağırış Qurumu» demək olmazdımı?

2017-ci ildə gözlüyə Ərəbcə «eynək», Farsca «çeşmək», sözlüyə Ərəbcə «lüğət», ata-anaya valideyn, oğul-qıza övlad, sevgiyə məhəbbət, elçiyə səfir, indiyə hazırda, savaşa hərb, barışa sülh, başqaya digər, sairə, tikintiyə inşaat, bəzəyə dizayn, bağışa hədiyə, donluğa məvacib, sağ ol, sağ olsunlar, yaşa, yaşasın, yaşasınlar yerinə sözbaşı yarıərəb, yarıtürkcə təşəkkür etmək, ya da bravo çığırmaq, ildırıma şimşək, aya mah, aslana şir, qaplana pələng, qurda canavar, yaza bahar, yeməyə xörək, ipə kəndir, göyə səma, üçə kafi, beşə əla, üstəgələ plyus, çıxmağa minus, çəpərə hasar, yaralandıya xəsarət aldı, qalaqapıya-alaqapıya darvaza, törənə mərasim demək özünütanımamaq, özünüdoğrulamağa çalışmamaq, Türkə, Türk dilinə, Azərbaycana sayğısızlıqdır!!!

Oxumamış, oxudulmamış «yarımrus jurnalistlər», sunucular son 20-25 ildə Türk dilindən çalmaq, oxumaq sözlərini çıxarıb, yerinə ifa, ifa edən, müşayət edən… müləmmələrini soxublar. Tarçı, tarçalan olub tar ifaçıfsı, qarmonçalan, qarmonçu qarmon ifaçısı, balabançı balaban ifaçısı. Canəli Əkbərov «sorağı çatdırdım yiyəsinə» deyir, «yarımrus jurnalist» sorağın yerinə xəbər deyib, «Növbəti ifa saz ifaçısı Elçin Qubalıya aiddir» kimi dil düşüncəsizliyini ulusun varlığına yeridir, 13-14 yaşlı çocuğa «Ramiz müəllim, bir muğam ifa eləyin, feyziyab olaq» dedirdir.

Ay başdaduranlar, biryolluq bilin, Nigar Mirzəyeva…, Azərbaycan Radiosunda «Xəbər», daha düzgünü – Türkcəsi «Soraq» oxumamalıdır! Eləcə də adlarını bilmədiyim dövlət törənlərində də «qırıldayan», «guruldayan» «yarımrus» sunucu oğlanlar da. Nədəni də birdir: Türk dilini yaxşı bilmirlər! Buna görə də ulusal, ideoloji qurumların başına yad dildə oxumuş, böyümüş adamlar qoyulmamalıdır! Azərbaycanda isə tərsinə, dövlətin, demək olar, bütün ideoloji qurumlarının başında yadın dilində oxumuş, böyümüşlər, ya da Türkcə anlamazlar durur… Toplumdakı bu geriçi düşüncəlikdən 30 ildə ov, yev Rus soyadı sonluqlarından qurtulmamışıq, bu gün də bəlgələri Türk dilinin deyiminə uyğun olaraq: ad, ata adı, soyad ardıcıllığı ilə yox, soyad, ad, ata adı ilə yazırıq, bircə də olsun Türk adı yox, ancaq Ərəbcə əliyev, vəliyev, osmanov…

Azərbaycanda, demək olar, heç kim çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə demir, birinci, ikinci üçüncü, dördüncü, beşinci, altıncı gün, bazar deyir. Bəylər, bəyimlər, Türkcə gözəl GÜNAYDIN sözü varkən, niyə mərhaba, salam deməliyik? Bu anlamsızlığı da Türkiyəlilərlə birgə düşünüb-daşınıb düzəltmək gərəkdir!

Son çağlarda Türk dilinin başına oyun açan, türklük düşüncəsini müsəlman ümmətçiliyilə dolaşdıran Güney azərbaycandangəlmə «şeyx nəsrulla»lar azalsa da, toplumun dilini çox etkiləyən televiziyalardakı şit «şou»lardakı oynağanlar söz başı «allah-allah», «maşallah», «inşallah», «allah bilər», «allah bilən yaxşıdır» deməklə dilə, düşüncələrə yeniden din geriçiliyi deyimləri yeridirlər. Ölkədə gün-gündən artan dinçilik, ekonomik, politik, kültürəl gerilik üzündən hamı sözbaşı maşallah, inşallah…  deyib, ancag ölən müsəlmanların gedəcəyi cənnətə, haca, Kərbəlaya… yönəlib. Özünü bütünlüklə dinə gapdırmış uluslar yox olub gedirlər!

Azərbaycan  bilimçiləri Türk dilini arındırmaq, gəlişdirmək, çağdaş bilim, texnoloji, kültür dili etmək üçün daha köklü, daha böyük, işlər görməlidirlər! Acı da olsa, biz – çağdaş Azərbaycan Respublikasının «Dildə türkçülük» deyən aydınları ölkədə yürüdülən dil politikasının yetərsizliyindən, dilçilərin suçundan ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadənin yüz il qabaq dediyi: «Milli mədəniyətin nədən ibarət  [oluşduğunu, oduğunu] olduğunu dərk edənlər, bu mədəniyətin nə surətdə münqəriz [dağıldığını] olduğunu görənlər, şübhəsiz [sözsüz], bu kimi narəva [istənməyən] halları gördükdə ürəkləri ağrıyor, bu ürək ağrıdan hallara qarşı bir millətin [ulusun] üqəlasının [ağıllılarının, başbilənlərinin, aydınlarının] laqeyd [önəmsəməyən] olduğu görülüncə, bu ağrı daha da şiddət [güclənir, artır] ediyor…Doğrudanmı, daimi olaraq ürək ağrısına qalacaqmıyız?» gündəyik.

Oyanın qardaşlar! Anlayın, bəylər, bəyimlər! Yurda, elə, ulusa, dilə belə sayğısızlıq olmaz! Siz ərəbsinizmi? Sizin ulusunuzun adı TÜRK, dilinizin adı TÜRK dili, dövlətinizin adı Azərbaycan Respublikasıdır!!

                                                    

*Düz ayrıcdakı açıqlamalar Yadigar Türkelindir

3 yanvar 2018-ci il

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv