Soylu Atalı. Asif Ata Amalı (3)

IV. Xurafatdan xurafata yox, xurafatdan Həqiqətə

İslam dinində cəhalət görən, xurafat görən, yadlıq görən bir sıra insanlarımız ya ateist olurlar, ya Tanrıçı, ya da Totemçi. Ancaq bununla onlar heç nəyə nail olmurlar, məncə heç nəyə nail olmayacaqlar da. Ateizm ümumiyyətlə antibəşəri baxışdır. Ateizmdə “Mütləq” anlayışı, ruhaniyyat, müqəddəslik rədd edilir. Ateist, yaxud materialist filosoflar dinin yaranmasını iqtisadi çətinliklərlə bağlayırlar. Guya iqtisadi problemlər aradan qalxanda din də aradan gedəcək. Bu yanaşma doğru deyil. İqtisadi gəlişmə insani ehtiyacları ödəyə, əvəz edə bilmir. Ateizm boşluqdur – insanı boşluğa salır. Tanrıçılıq – türk baxışıdır, uca baxışdır. Ancaq Panteizm elementləri ilə yüklü olsa da, türk onu müəyyən bir sistem kimi qoruyub bu günə gətirməyib. Sistem kimi mövcud olmayan bir baxış toplumun həyat tərzini, onun mədəni əsaslarını təmin edə bilmir. Təəssüf ki, Tanrıçılıqla ərəbin Allahçılığını eyniləşdirib birincini ikinciyə qurban vermişik. Bu gün də Tanrıçılıqla Allahçılığın eyni olması yönündə təbliğat gedir. Məqsəd türkün özünəməxsusluğunu dərk eləməsinin qarşısını almaqdır. Bu başqa bir mövzudur və biz bu məsələyə ayrı-ayrı yazılarda toxunmuşuq. Sadəcə ayrı-ayrı insanlarımızın seçimləri ilə bağlı mövqeni aydınlaşdırmağa çalışırıq. Vurğuladıq ki, insanlarımızın müəyyən bir millətçi kəsimi Totemçiliyə – Bozqurdçuluğa meyil edirlər. Ancaq bu da öz-özlüyündə tərəqqiyə heç nə vermir. Milli dirçəliş üçün Qədimliyimizin atributlarını yaddaşlarda bərpa eləmək olar, həyatımızda isə bərpa eləməyin heç bir anlamı yoxdur. Bozqurdçuluqdan yalnız bir şeyi öyrənmək olar – yalqızlığın, tənhalığın doğurduğu güclülüyü və cəsarəti. Başqa səviyyədə isə ruhani inkişafın qabağını kəsmək olar. Totemçiliklə milli yön (qiblə), ruhaniyyat öz ifadəsini tapmır. Səmavi dinlərdən sonra Yeni Bəşər halı gərəkdir. Bu isə Milli-mənəvi Dirçəliş əsasında yarana bilər. Milli keyfiyyətləri hər bir inkişaf mərhələlərində qabağa vermək gərəkdir. Ancaq köhnə, ibtidai ənənələrə milli keyfiyyət adı qoymağa ehtiyac yoxdur. Başqa sözlə milli keyfiyyətləri köhnəltməyə qoymamaq, köhnə ənənələri yeniləməyə gərək yox. (Qədimlik isə köhnəlik deyil. Köhnəlik – həyatımızı sabaha bağlaya bilməyən ibtidai ənənələrdir).
Dini qəbul etməməyin səbəbi çox vaxt “məndən deyil” prinsipinə söykənir. Bu isə dinin xeyrinədir. Çünki din özünə bəşəri dəyər deyir. Bəşəri dəyər isə hər kəsdəndir. Əslində bəşəri sayılan dində millilik var olmursa, aydınlaşdırıb dışlamaq gərəkdir. Kortəbii dışlamaq mümkün deyil. Din hansı təməl prinsiplər üzərində yaşayır, bu təməl prinsiplərə tapınıb onu qorumaq insana nə verir, onu inkişafa doğru aparırmı? Yoxsa cəhalətdəmi saxlayır?!
Bizim yuxarıdakı izahlarımızdan görünür ki, din əsasən vərdiş əsasında oturuşub, öyrənmək və dərk eləmək əsasında yox. Dinə ayıq baxmağa çalışanlar həmişə təqib olunub, hətta edam olunub. Din sözdə müqəddəslikdən danışıb, əməldə müqəddəsliyi öldürənlər ordusu yaradıb. Min illərdir dinin keşiyində dayananlar əli dəyənəkli ayıqların, – toplumu ayıltmaq istəyənlərin üstünə cumur. Onlar dəyənəyi yerə qoymurlar, çünki idrak qarşısında dərhal çaşırlar. Bugünkü İran dövləti əli dəyənəkli qaragüruh hazırlamaqla məşğuldur. İnsanları küt və avam saxlayaraq onlardan qatillər, terrorçular yetişdirirlər.
Bu gün biz, Azərbaycan olaraq yad etiqadlılıqdan və çoxetiqadlılıqdan dağınıq duruma düşmüşük. Bəşəriyyət elmi-texnoloji inkişaf mərhələləri keçir, biz də bu mərhələləri keçirik. Ancaq dağınıq durumdan çıxa bilmirik. Çünki ruhun nizamsızlığını elm aradan qaldıra bilmir.
Türk üçün Məhəmmədin “Allah təkdir, Məhəmməd onun Rəsuludur” düsturu isə dediyimiz kimi, xilas açarı ola bilmədi. Əminliklə bildiririk ki, Azərbaycan bu dağınıq durumdan, bütövlükdə türkü, heç kimə gurultulu görünməsin, bəşəriyyəti ruhani nizamsızlıqdan Asif Atanın “Mütləqə İnam”ı çıxara bilər. Mütləqə İnam əsasında yeni ictimai-iqtisadi formasiya yarana bilər – İnsanilik sivilizasiyası!
Asif Atanın ideyaları bizim bu qənaətlərimizi möhkəmləndirir. Bütöv milli, eyni halda bütöv bəşəri ideya yarandı. Bu ideyalarda idrak yeni bir mərhələyə keçir və əvvəldən axıra qədər həqiqət axtarışında olur. Biz hesab edirik ki, Asif Ataya qədər hər dövrün idrak səviyyəsi olub. Dinlər uzun illər yaşasa da, dini idrak qısa zamanda tükəndi. Çünki məhdud idi. Elm inkişaf elədikcə dini ideyaların əsasları sarsıldı və ruhani tərəqqi dayandı. Dini ideyalarda elmə zidd cəhətləri elm alt-üst elədi. Asif Atanın ideyaları elmə zidd olmadığına görə, elmin istənilən dövrdə sağlam inkişafı bu ideyalara ziyan verə bilməz. Əksinə, bu ideyalar elmin özü üçün də təməl baza rolunu oynaya bilər. Çünki insanlaşmadan yüksək tərəqqi yoxdur.

V. Mütləqə İnam yalansızdır

Asif Atanın Dünyabaxışına bağlı təməl prinsipləri yığcam şərh etsək, elmlə fəlsəfənin vəhdətini və bu vəhdətin ruhaniyyata yaradığını göstərmək mümkündür. Bu prinsipləri aşağıdakı kimi ifadə edə bilərik:
1) Dünya yaradılmayıb və idarə olunmur. Dünyanın nizamı, ahəngi özündədir, gedişatı özündəndir.
2) İnsanlaşmadan kənarda heç bir tərəqqi bəşəriyyəti özümlüyünə qovuşdurmur.
3) Millətçilik Bəşəriliyə aparan yoldur və o, ruhani hadisədir.
4) Şərqiliyin İnama bağlı gələcəyi bəşəriyyətin xilas yoludur.
5) “Yalnız Mütləq olan həqiqidir, nisbi həqiqət yalandır”.
Bu prinsiplərlə Asif Atanın 5 (+1) təməl ideyalarına müraciət olunsa yaxşı olar. Xatırlatma üçün Ruhani İntibahın ideyalarının adlarını burada çəkmək istəyirik – Mütləqə İnam, Kamil İnsan, Ruhani Cəmiyyət, Müstəqil Vətən, Özümlü Şərq, Ləyaqətli Bəşər.
Biz vurğuladıq ki, dünya yaradılmayıb və idarə olunmur. Nizamı, ahəngi özündədir, gedişatı özündəndir. Bu Baxış Allaha, yəni transendentala, fövqəltəbii qüvvəyə, göylər səltənətinin hökmdarına – dünyanı yox yerdən yaradan fantastik qüvvəyə inamı rədd edir. Əzəlilik, əbədilik dünyaya, insana bağlanır. Daha doğrusu, Məna dünyanın, insanın özündə aşkarlanır.
İndiyə qədər heç bir fəlsəfədə məsələ bu səviyyədə qoyulmayıb. Belə inam da olmayıb. Fövqəldünya ideyası nəzəri olaraq qalır, gerçəkləşmir, heç nəyi dəyişdirmir və mənəvi-ruhani inkişaf üşün zəmin ola bilmir.
Həqiqətin dünyanın özündə dərk olunması gələcəyə ayıq baxmağa imkan verir və nikbinlik yaradır. Asif Atada Həqiqətin, Mənanın dərkolunmazlığı kimi bəsit, arxaik bir düşüncə tərzinə son qoyulur. Asif Ataya görə bəşər idrakının imkanları sonsuzdur, ona yasaq və məhdudiyyət qoymaq olmaz.
Bəli, Asif Ata sübut edir ki, İnsanlaşmadan kənarda heç bir tərəqqi bəşəriyyəti özümlüyünə qovuşdurmur. Bir var inkişaf, bir də var xilas. İnsanı xilas etmədən inkişafdan danışmaq ciddi anlam daşımır. İnsanın xilası millətin xilası deməkdir. İnsanın xilası onun özünü xilaskara çevirir. Sağlam düşüncəyə, məntiqə, təfəkkürə malik olan insan milli şüurun inkişafı zəminində ideya yaradıcısına, daşıyıcısına çevrilir. İdeyasız xilaskarlıq yaranmaz. İnsanı bioloji hadisə səviyyəsində saxlayan gedişat ideya vasitəsiylə dəyişdirilə bilir. Təbii ki, insanı mahiyyətinə çatdıran tələbi özündə daşıyan ideyadan söhbət gedir. İnsanın əqidəsi də bu ideyadan yaranır. Bizə görə əqidəli insan çox azdır. Siyasi əqidə, dini əqidə, ideoloji əqidə anlayışlarını doğru saymırıq. Əgər doğru saymaq gərəkirsə, belə çıxar ki, bütün bəşəriyyət əqidəlidir. Bizə görə əqidə – insanın özünə bənzəməsi üçün seçilən aqibətdir, yaxud bəşəriyyəti özünə oxşatmaq tələbindən doğan aqibətdir. Bu mənada siyasəti əqidə saymaq yox, əqidəsizlik saymaq doğru olar. Siyasətdə insan heç vaxt özünə bənzəmir, özündən ayrılır – tülküləşir, canavarlaşır, məkrə, xəyanətə enir, aldatmaqla, yalanlar “sistemi” yaratmaqla məşğul olur. Din də insanı aldadır, alçaldır, mənən heçə çevirir. Bu baxımdan insanı heçə çevirən hər hansı bir baxışa tapınmaq əqidə deyil. Əqidədə insan özünü aldatmaz.
İnsanı həqiqətsizliklə xilas eləmək baş tutmaz. Xilas Mütləqə tapınmaqdır. Mütləqə tapınmaq insanlaşmaq deməkdir. Öz mahiyyətinə uyğun yaşamayan insan azad insan olmur. Azadlığı tanımadan millətləşmək mümkün deyil. Millətləşmək də Bəşərilik yoludur. Bəşərilik – Millətlərin insani yaradıcılıq baxımından vəhdətinin ahəngidir. Bu mənada millətçiliyi damğalayan ideologiyalar, siyasi doktrinalar rədd olunmalıdır. Milli inkişafı əngəlləmək dünyaya ağalıq eləmək iddiasının təsdiq olunması üçündür. Ona görə milli mədəniyyətləri məişət səviyyəsinə sıxışdırırlar. Dünyanın nizamında, sivilizasiyanın gəlişməsində isə “vahid mədəniyyət” qəbul etdirilir. Hər bir millətin adət-ənənəsi, məişəti, geyimi onun özəl xüsusiyyətlərini ifadə edir. Bu xüsusiyyətlər dəyişikliyə uğradılanda onun mədəni atributları muzeyləşir. Yəni gerçək yaşamını itirir. Belə olan halda millətin mədəni varlığı dərk olunmur. Bu səbəbdən də biz deyirik ki, Millətçilik – milləti yox olmaqdan xilas eləyən ideyadır. Bəşər mahiyyətli ideya özündə zərərli təsirlər daşıya bilməz. Daşıyarsa, deməli, ideya təhrif olunur.
Mütləqə İnam Dünyabaxışından bəlli olduğu kimi, Asif Ata İntibahının ideyalarından biri “Özümlü Şərq” adlanır. O hesab edir ki, Şərqdə yaşamın nizamı və bu yöndə axtarışlar əsasən mənəviliyə, Ruhaniliyə bağlı olub. Maddiyyatçılıq – Qərb təfəkkürünün dünyanın üzərinə yürüşüdür. Qərb dünyanı maddiyyatçılıq tələsinə salıb. Maddiyyatçılığın genişlənməsi (total inkişafı) Şərqi dəyərləri dünya üçün gərəksizləşdirdi. Təbiidir ki, maddiyyatçılıq Adamın xislətində var. Bu cəhətdən maddiyyatçılıq Şərqdə hökmdarların əməlində , həyatında olduğu halda, Qərb onu sistemləşdirdi, həyatın normasına çevirdi. Bir vaxtlar maddiyyatçılığı həyat tərzinə çevirənlərin əməlləri ədalətsizliklə müqayisə edilirdi. İndi ona təbii baxılır. Ona görə də dünyanın insanilik nizamı tamam pozulub. Asif Ata Özümlü Şərq deyəndə mənəviliyə qayıtmağı, ruhani qanunların bərpa olunmasını nəzərdə tutur. Ancaq burada dini tələbləri deyil, İnamın qəbul olunması fikrini yürüdür.
Adamda özünü başqalarıyla müqayisə eləmək tendensiyası mövcuddur. Bu xüsusiyyətin inkişafı fərdin fərdlə döyüşünə gətirib çıxartdı. Maddiyyatçılıq bu döyüşü daha da qızışdırır. Başqalarından üstün olmaq (xudbinlik) həyat uğrunda mübarizəyə təkan verir. Təəssüf ki, bu xarakterik cəhəti böyük məsələlərdə aradan qaldırmaq üçün din heç nə eləmədi. Adamı insanlaşdırmaqla maddiyyatçılqıdan açmaq olar. Bu, İnamın işidir. İnam deyir, adam özünü başqalarıyla deyil, Mütləqlə müqayisə eləməlidir. Həqiqətçiliyə yetmək üçün Mütləqçilik yolu getmək gərəkdir. Mütləq olmayan həqiqətdə yalan var. Adamın heyvandan ayrılmasının, İnsana qovuşmasının ölçüsü Mütləqilikdir.
İstəkli oxucu, biz bu mövzumuzu iki hissədən ibarət təqdim eləsək də, ən çox dinin təməl prinsiplərini şərh eləməyə yer ayırdıq. Çünki bu günün özündə belə dini baxışın manevrləri yalanı həyatımızda oturuşdurur. Ona görə də imkanımız yetdiyi qədər yalan əsarətinə qarşı etiraz edir və mövqe sərgiləyirik. Sözümüz, düşüncəmiz, yaradıcılığımız İnamın gəlişməsinə xidmət edir. Hər addımda Asif Atanın təməl ideyalarını təqdim edirik. Bu ideyaların daha geniş izahını tərəfimizdən “Asif Ata Amalı, yaxud İnsanlığın İnamı” əsərində təqdim etmişik. Ancaq bu, ilk və son deyil. Bu yazıda əsas məqsəd məhz dinin təməl prinsiplərinə yönəlik mövqe sərgiləməkdir. Oxucuda yarana biləcək “bəs nə etməli?” sualına cavab üçün qısa şəkildə İnamdan (Mütləqə İnam Dünyabaxışından) tezislər şəklində fikirləri bu yazıya əlavə elədik.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv