AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 4

Rusca «Azərbaycan» qəzetinin 15 noyabr 1918-ci il, 36-cı sayında Məhəmməd Əmin Rəsulzadənin adından «Bildiriş», eləcə də «Bakı, 15 noyabr» adlı yazı verilib:  «Yarın Bakıda Azərbaycan Parlamenti açılır. Ulus Elçiliyinin olmaması ölkənin yaşamında böyük çatışmazlıq olub, Ağalığı da çox ara çətin, qıcıqlandırıcı durumda qoyurdu. Ancaq bunun suçu bizim tələsik yaradılmış Ağalıqda yox, onun dövlət işləri, sorunları ilə anormal ortamda uğraşmalı olmasında idi. İndiki Ağalığı qurarkən Azərbaycanın Qurucu Toplantısını altı aydan sonra çağırmaq düşünülsə də, başkəndin demək olar sentyabrın sonunadək yadların əlində olması, bölgədə dövlət önəmi olan yasal düzən yaratmaq üçün çox böyük çalışmalar, ayrı-ayrı bölgələrin özgələrin əlində olması – bütün bu ortamlar Qurucu Toplantı çağırmaq düşüncəsini bəlirləndiyi sürədə gerçəkləşdirməyə qoymurdu. 

Ancaq ulusun bütünlüklə olmasa da, böyük çoxluğunun düşüncəsinin, istəncinin göstəricisi olan Elçilik orqanının olmaması da anormal sayılır, Ağalıqla ulus arasında heç bir birləşdirici bağın olmadığını deyirdi. Bu durum Azərbaycanın gələcəyinin asılı olduğu kəskin addımlar atılmalı son günlərdə daha dözülməz oldu. Buna görə də ağalıq Parlament çağırmağa tələsdi [Bu son günlər nədən belə dözülməz olmuşdu, niyə kəskin addımlar atılmalıydı? Oktyabrın 30-da bağlanmış Mudros Barış Anlaşmasına görə Azərbaycan Respublikasının «baş qorucu»su – Osmanlı Ordusu bir həftəyə Bakıdan, bir aya Azərbaycandan çıxmalı, yerinə noyabrın 17-də Birlik Dövlətlərinin Ordusu adı ilə general Tomsonun başçılığında İngilis Dəstəsi kəlməliydi. İranın Ənzəli kəndində Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Musa bəy Rəfiyevdən oluşan Azərbaycan Elçiliyilə görüşündə general Tomson demişdi: «Bizim bildiyimiz, Azərbaycan ulusunun elliklə istəyindən doğma bir Respublika yoxdur, yalnız Türk komandanlığının intriqası ilə qurulmuş bir Ağalıq var. Siz bunun tərsini deyirsinizsə, onda gələr, yerində öyrənər, ona görə də qərar verərik!» (Məhəmməd Əmin Rəsulzadə. Azərbaycan Cümhuriyəti. B., 2015, 62-ci s. Yenidən işləyib çap edən Yadigar Türkel).

Azərbaycanın geopolitik düşüncəli dövlətquran bahadırları buna görə də Milli Şuranı Birlik Ordusu gələnə kimi, noyabrın 16-da işinə çağırmaqla Azərbaycan Respublikasını ölkənin bütün ellərinin, toplumun bütün gatlarının demokratik hügugları doğrudan gorunan parlament respublikası olduğunu göstərmək istəyirdilər].

Parlament keçmiş Müsəlman Milli Şurasının 40 [44] üyəsindən (Bütün Rusiya Qurucu Toplantısına «Müsavat», «Rusiyada Müsəlmanlıq», «Hümmət»lə başqa sosialist partiyalarından seçilib, bir milyondan çox səs toplamış), eləcə də ayrı-ayrı qurumlardan, uluslardan kooptasiya yolu ilə bu özəyə artırılacaq 80 yeni elçidən oluşacaqdır.

Doğrudur, bizim Parlament bu biçimdə «dördquyruqlu» ilkəsinə formal olaraq uyğun olmayacaq, ancaq bizə görə bu yolla seçildiyindən ondan çox da uzaq olmayacaqdır. «Dördquyruqlu» yolla olsaydı belə, ulusal azlıqların qurumlarının, politik yetkinlikləri üzündən başqa elçiləri seçəcəyinin olasılığı azdır. Biz «dördquyruqlu» yolla bəlirlənəcək müsəlman elçilərin özəl çıxarlarla yox, böyük amaclar – ölkəyə gərəkən yardım, Azərbaycanın gələcəyini qurtarmaq üçün ediləcəyini düşünürük.

Sözsüzdür, istənilən soruna bilə-bilə yanlış yanaşsan, istənilən sorunda ələşdirmək üçün çoxlu çatışmazlıqlar tapmaq olar. Ancaq doğrusunu desək, Ağalığın çağın önəmliyi üzündən Ulus Elçiliyinin çağırılmasını ertələməkdən başqa daha «üstün» bir yolu yoxdu.

Buna görə də, Azərbaycanın öz ölkəsinin yaxşılığını, yüksəlişini könüldən istəyən bütün yurddaşları bu sorunda hansısa bir qurğunun olmadığını anlayaraq, Parlamentin indiki elçilərilə yetinməli, onu işbilən, politik sorunlardan başı yaxşı çıxan adamlarla böyütməli, gələcəyimizin bütünlüklə asılı olduğu tək qurumun təkərinin altına kötək atmamalıdırlar!

Bütün arı-duru yurddaşlar «öz yüksəlişilə» yox, ulusun qurtuluşu ideyası ilə yaşamalıdırlar! Azərbaycanın birinci Parlamentinə isə çətin, sorumlu işində uğurlar diləyək».

Bu yazının altında «Baş Bakanlıqda» bilgisi verilib: «Ağalıq bu il noyabrın 13-də bəlirləmişdir:

– Azərbaycan Milli Şurasının başçısına qurumun «Yazışma bölməsi»ni yaratmaq üçün 10 min rubl ayrılsın».

– Əmanət kassasının inspektoru Hacı Rzayevə 2 min rubl naqd pul ayrılısın».

Bir az aşağıda isə «Azərbaycan Milli Şurasının çağırılması ilə bağlı» bilgisi yayımlanıb: «Dünən, noyabrın 12-si, saat dörd otuzda Azərbaycan Milli Şurasının Rəyasət heyətinin Parlamentin birinci toplantısının gündəliyini bəlirləmək üçün politik partiyalarla birgə toplantısı keçirilmişdir. Milli Şura birinci gün Parlamentin toplanması, ölkədəki politik durumla bağlı ulusa çağırışla çıxış edib, Parlamentin çağırılma biçimini bəlirləyərək, Ağalığa bəlirləndiyi gündə çağırılmasını önərəcəkdir. Parlamentin üstündə Azərbaycan bayrağı qaldırılacaqdır. Ağalıq başçısının ölkədəki politik durumla bağlı bilgi verəcəyi düşünülür. Parlamentin keçici «Yazışma bölməsi» yaradılır».

Rusca «Azərbaycan» qəzetinin 17 noyabr 1918-ci il, 37-ci sayında, birinci səhifənin başında Baş bakan Fətəli Xan Xoyskilə, İç işləri bakanı Behbud xan Cavanşirin adından  «Bakıda yaşayanlara» «Bildiriş»i verilmişdir. «Bildiriş»də deyilir: «Azərbaycan Ağalığının Birlik Dövlətlərinin Ənzəlidəki qoşunlarının başçısı general Tomsonla danışıqlarında varılan anlaşmaya görə noyabrın 17-də səhər Azərbaycanın başkəndinə general Tomsonun başçılığında Birlik Ordusunun Dəstəsi girəcəkdir.

Birlik Dəstəsinin bu gəlişi Azərbaycanın bağımsızlığını, topraq bütünlüyünü pozacaq bir addım deyildir.

Bütün dövlət qurumları, eləcə də toplumsal qurumlar qabaqkıtək, normal işləyəcəkdir.

Ağalıq kənddə gərəkən yasal düzəni saxlamaq üçün bütün ölçüləri almışdır.

Ağalıq bütün yurddaşları kənddə dincliyi, yasal düzəni saxlamağa, Birlik Dəstəsini arxadaşcasına qarşılamağa çağırır».

Daha bir neçə bildirişdən sonra «Azərbaycan Milli Şurasının açılışı» adlı yazı verilmişdir. Yazı Türk dilində belədir: «Girişlərdə günün önəmli politik konuları ilə bağlı qızğın danışıqlar gedir. Dumanın zalı ağzınacan doludur. Gürcüstan Respublikasının elçisi, İranın baş konsulu, Erməni, Rus Ulusal qurumlarının başçıları, Dağlılar Respublikasının elçisi də buradadır.

Ağalıg üyələri baş bakan Fətəli Xan Xoyskinin başçılığında Rəyasət heyətinin qarşısındakı yerlərini tuturlar. Toplantı gündüz saat 1.30-da Milli Şuranın başçısı Məhəmməd Əmin Rəsulzadənin çıxışı ilə asçılır:

– Milli Şuranın sayğılı üyələri! Bu gün biz Azərbaycanın bədəndən ayrılmaz başkəndində Milli Şuranın ilk toplantısını açırıq. Azərbaycanlılar bütün çağlarda bağımsız yaşamaq istəyirdilər, onların bütün çalışmaları bu amaca çatmağa yönəlmişdi. Rus çarizminin despotik çağlarında bizim ulusal ədəbiyatımız, ulusal okullarımız Monarxiyanın ayaqları altında idi. Monarxiyanın dağılmasından sonra bütün uluslar birləşərək, gələcəklərini qurmağa, ölkələrində hüqüq düzəni yaratmağa başladılar.

Ancaq uluslar Rus devrimində də Mərkəzi Ağalıqdan alınmaz hüquqlarını alammadılar, başlı-başına buraxıldılar. Bu da onları gələcəklərini qurmaq işində öncüllüyü ələ almağa istəkləndirdi. Qafqazlılar da başqa uluslar kimi bağımsızlıqlarını bildirdilər. Gəncədə çalışmağa başlayan Azərbaycan Milli Şurası öz hüquqlarını dış, eləcə də iç yağılarla uzun sürən ağır savaşdan sonra politik yaşamımızı başkəndimizdə sürdürməyə olanaq yaratmış Ağalığa verdi.

Ulus öz yurdunu qurtarmaq üçün çoxlu itkilər vermişdir. İstərdim ayağa durmaqla yurdun özgürlüyü yolunda gurban gedənləri yad edək (Hamı ayağa qalxır).

Yurddaşlar, ölkəmiz az qarşılaşılan anlar keçirir. Ancaq biz hamımız ölkəmizin uğurlu gələcəyinə inanırıq. Bizim ruhumuzda düşkünlüyə yer yoxdur! Milli Şuranın indiki quruluşu çağın istəklərinə uyğun deyildir. Buna görə də onu öncə bütün siniflərdən, ulusal azlıqlardan olanlarla bütünləşdirməliyik.

Azərbaycanın yaşamını Respublikanın gələcəyilə bağlamış bütün yurddaşları sevincimizi, acımızı bizimlə birlikdə böləcəklər. Ulusların genəl bağımsızlıq istəkləri içində Azərbaycanın öz uca yerini tutacağına inanırıq!

Sonda ayağa durmaqla Milli Şuranın ölən üyəsi L.b. Bebutovu anmağı diləyir.

Baş bakan Fətəli Xan Xoyski güclü alqışlar altında kürsüyə çıxaraq aşağıdakı çıxışı edir:

– Milli Şuranın sayğılı üyələri! İşə başlamağımızdan dolayı Ağalıq adından sizi salamlayıram. Hər an çox gərəkli olsa da, sizi bilgiləndirərkən, qoyun bir az danışım.

Sizi iş başına, bəlirləndiyi gündən tez çağırmağa bizi nə yönəltdi, bir də biz Qurucu Toplantını niyə çağırammırdıq?

Biz Ağalığın başına keçib görəvimizi yerinə yetirməyə başlayanda ölkədə, maliyədə olduğu kimi ordu, eləcə də iç işlərdə dərəbəylik ağalıq edirdi. Ən başlıcası isə başkəndimiz əlimizdə deyildi, Ağalığın durumu çox ağırdı. Allaha şükür, indi dərəbəylik qalxdığından, yaşam normal axarına düşdü. Biz maliyə işlərini düzəltdik, ordumuzu  ölkədə yasal düzəni qoruya bilcək biçimdə qurduq.

Biz quruculuq işlərilə uğraşdığımızdan, ən başlıcası da yağılar başkəndi tutmuşdu, Qurucu Toplantının çağırılması ilə bağlı çox dolaşıq işləri görəmmədik.

Ancaq politik durumun dəyişməsilə önəmli sorunları insanların bütün qatlarının elçilərilə çözmək üçün sizi çağırdıq. Umud edirik, yaşayanların bütün qatlarından olanlarla ulusal azlıqların qatılması ilə bütünləşəcək Milli Şura ölkəmizi özgür, bağımsız yaşam yoluna çıxarmağa yardım edəcəkdir!

Ağalığın bütün qollarını – yasama, yürütməni sizdən aldığımıza görə, onları qaytarmağı öz borcumuz sayırıq.

Sosialist partiyaların adından toplantıya ara verilməsi istənilir. Toplantını keçirən 5 dəqiqə ara verildiyini bildirir.

Aradan sonra Şəfi bəy Rüstəmbəyovun irəli sürdüyü, o biri işlərə keçmək biçimi oxunur: «Milli Şura çox incə politik durumu gözə alaraq, Parlament çağırılana kimi, yürütmə ağalığını indiki Ağalıqda saxlayır».

Əhməd Pepinov (Sosialistlər bloku) deyir: Sosialistlər bloku bu Ağalığın yaradılmasına qatılmadığından, «Müsavat» Partiyasının önərisinin səsverməsinə qatılmayacaqdır!

Hümmət Partiyasının üyəsi də bu bildirişə qoşulur.

Önəri Sosialistlərin səs saxlamasına baxmayaraq, səs birliyilə keçir.

Rəyasətin yaşayanlara çağırışla üz tutulması önərisi birgə səslə keçir, redaktəsi Rəyasətə tapşırılır.

Rəyasətin bütün dünyaya, «Uluslar Liqası» ideyasının yayıcısı  Vilsona Azərbaycanın bağımsızlığını istəmək Bildirgəsi də birgə səslə keçir.

Toplantı saat 330-da bitir. Sonrakının axşam saat 8-də olacağı bildirilir».

Rusca «Azərbaycan» qəzetinin 18 noyabr 1918-ci il, 38-ci sayında başda general Tomsonun teleqramı ilə bağlı «Bildiriş» yaımlanıb: «Dünən səhər Baş bakana teleqram gəlib. Teleqramda deyilir: «Ənzəlidən Bakıya. Azərbaycan Republikasının prezidentinə.  Qutlama teleqramınıza görə sağ ol, – deyir, göstərilən yöndə əməkdaşlığımızın çox yaxşı olacağına inanıram. General Tomson».

Bu teleqram Baş bakan Fətəli Xan Xoyskinin aşağıdakı teleqramına cavab olaraq göndərilmişdir: «Ənzəli. Ənzəlidəki Britaniya Güclərinin komandanı, sayğılı general Tomsona. Azərbaycan Ağalığı Birlik Dövlətləri Dəstəsinin noyabrın 17-də, sizin başçılığınızla Bakıya girməsinə qarşı deyildir.

Ağalıq bu gəlişin Azərbaycanın bağımsızlığını, topraq bütünlüyünü pozmayacağına inanır!

Ağalıq Birlik Dövlətləri bölüyünün komandanı ilə ilişkilərin elçilərimizə Ənzəlidə genəlliklə dediklərinizdən başqa, ikili danışıqlarla bəlirlənəcəyini düşünür.

Ağalıq gələcək bölüyü qarşılayıb yerləşdirmək yollarını axtarır.

Azərbaycan Respublikasının Baş bakanı Xoyski».

Bundan sonra «Bakı, 18 noyabr» yazısı verilib: «Azərbaycan Ağalığı ilə Birlik Dövlətlərinin Ənzəlidəki Ordusunun komandanı general Tomsonla anlaşmaya görə Birlik Ordusu Azərbaycanın başkəndinə girdi.

İngiltərə, Fransa, Amerika Ordusu ancaq Bakını keçici olaraq tutacaqdır. Özü də general Tomson ancaq kənddəki Ordu Ağalığını əlinə alıb, Azərbaycanın, başkəndin iç işlərinə qarışmayacaq.

Bütün dovlət, eləcə də toplumsal qurumlar toxunulmaz qalıb, öncəkitək işləyəcəkdir.

Bundan başqa ulusların özünübəlirləməsi sorununun Rusiyanın bütün bölgələri, elləri üçün bir prinsiplə uluslararası konqresdə çözüləcəyi bildirilmişdir.

Müsəlman ölkələri özlərinin politik yaşamları boyu qarşılaşdıqları, savaşan böyük dövlətlərə, yenmişlərə yenilmişlərə şaşırdıcı düzlük, sayğı  ilə yanaşmışlar.

İçində bir neçə yol savaşlarda, imperiyanın ağrı-acısını, sevincini başqa yurddaşlarla birlikdə bölmüş yüz milyondan çox müsəlman olan Böyük Britaniyanın Azərbaycan müsəlmanlarına da sayğılarını qoruyacağını düşünürük.

Azərbaycan Türklərinin özgür politika yoluna yenicə çıxmış politikləri də sayğılı, düzgün politika yolu ilə getmişlər.

Azərbaycan az olan politik varlığı çağında, ən uyğun olmayan bir ortamda, özünün bağımsız yaşaması üçün bütün gərəkənləri etmiş, dövlətçilik ruhu Azərbaycan toplumunun bütün qatlarında dərin kök salmışdır [Azərbaycanın ulusal ideoloqları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı yazılarında, bitiklərində bu «dövlətçilik ruhu»na böyük dəyər verimişlər. Bu gün Azərbaycan Respublikası adlı dövlətimiz olsa da, son 20 ildə yeridilmiş yanlış, antidemokratik, antimilli politikalar üzündən toplumda dövlətçilik ruhu aşağıdır].

Biz Azərbaycanın Qurucu Toplantısının onun politik gələcəyilə bağlı son qərarının necə olacağını bilmirik. Ancaq var olan politik koşullar Azərbaycan politiklərindən ölkədəki indiki yasal düzəni saxlamağı istəyir.

İndi əzilən ulusları qorumağa girişən İngiltərə, Fransa, Amerika kimi demokratik ölkələrin elçiləri yaşıl Azərbaycan dövlətinin sınırlarına ilk yoldur ayaq basırlar.

Biz general Tomsonun Azərbaycan Ağalığı ilə anlaşmaqla işlədiyi sürədə onların başkəndimizdə olmasının ulusumuzun bağımsızlıq hüquqlarını pozmayacağını düşünürük!

İngilis əskərinin bilinən davranışı ilə Azərbaycan yurddaşlarının, bizim Ağalığımızın onlara sayğılı yanaşması buna güvəncədir».

ARDI VAR

* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv