Xaliq Bahadır. Bizə “pantürkist” deyən stalinçi-heydərçi-separatçı subyektlərə

Türkiyəli ünlü doktor-professor İlbər Ortaylı başlıca olaraq Türkiyənin dövlət adamları arasında geniş yayılmış bir yanlışı düzəltmək istədi: bizim “azəri” deyil, Türk olduğumuzu vurğuladı. Arada xırdaca bir yanlışa da yol verdi: “azəri” diktator Stalinin verdiyi addır. İlbər bəy burada üstündən keçiləsi bir yanlışa yol vermişdi. Bizə “azəri” adını Stalin verməmişdi, M.Ə.Rəsulzadənin dediyi kimi, “Türklərin qatı, amansız düşməni” olan Stalin onu antiTürk politikaları ilə dövlət düzəyinə qaldırmışdı. Bu baxımdan İlbər bəyin “yanlışı” yersiz deyil. Düzünə qalsa, Stalinin istəyi belə idi: biz özümüzü necə gəldi adlandıraq, bircə Türk adlandırmayaq. Vatikan başda olmaqla Batının da istəyi belə olub, belə olaraq qalır.  Türkiyənin dövlət görəvliləri bizə daha çox “azəri” deyirlər. Bununla bağlı mən illər öncəsi bir yazı yazıb onları uyarmağa çalışmışam: “biz “azəri” deyilik, Türkük! Bizim dediyimizə istər içdə, istərsə də dışda dövlət düzəyində qatqı olmadığından, tərsinə, dövlət düzəyində Türk ulusal kimliyinə sayğısız yanaşıldığından dediyimiz dəyər qazana bilmir.
Necə olsa da, İlbər bəy dəyərli iş görmüş, böyük bir yanlışı düzəltməyə çalışmışdı. Ancaq, o, birilərinin yararsız yanaşmaları üzndən Azərbaycandan təpkilərlə üzləşdi. Birinci təpki anTitürk rejiminin qulluqçularından olan dilçi deputat, akademik adına alçı duran Nizami Cəfərovdan gəldi. N.Cəfərov yalnız Stalin faktına görə deyil, bizi Türk adlandırdığına görə də İlbər bəyə qarşı çıxdı. Ancaq, Nizamidən daha ötə gedən onun Səməd Rəhimli adlı gənc hüquqçu yerlisi oldu. Bu adam elə bil illərdən bəri oturub İlbər bəyin o çıxışı etməsini, o sözləri deməsini gözləyirmiş, özü də Terminologiya komitəsinin termin bazasından daha geniş bazaya  yüklənməklə! Adam böyük bir cavab yazısıyla nəyə çalışır? Bizim Türk deyil, “azəri” olduğumuzu dopğrulamağa. Dediyim kimi, yazı çox uzundur (adamın ürəyi dolu imiş) onun üzərində geniş dayanmağı gərəkli saymıram, ancaq, yazıdakı bir neçə epizoda toxunmadan keçmək də olmur. Gənc hüquqçu (bəlkə də, gənc Nizami Cəfərovçu demək daha düzgün olardı) nədən başlayır? Avropalıların bizə “azəri” deməyindən. Avropalılar bizə “azəri” deyirlərsə, biz də elə deməliyik, eləmi? Birdən avropalılar dönüb bizə “erməni” desələr, onda necə olsun? Kim, hansı üstün güc bizi öz bildiyi kimi adlandırsa, biz də özümüzü eləmi adlandırmalıyıq?
Bizim daşıdığımız, daşımağa çalışdığımız Türk adını o, az qala Azərbaycan Demokratik Respublikasını qurmuş aydınların (intelligennsiyanın) uydurması sayır. Demokratik Respublikanın qurucuları (intelligensiya!) bizi “yersiz” yerə Türk adlanıdırsa da, xalq özünü “müsəlman” kimi tanıyıb, – gənc hüquqçu belə düşünür. Görünür, adam hüququ bilsə də, tarixi bilmir. Bilmir ayrı-ayrı çağlarda regiona əl qoyan bütün üstün güclər bizi necə olur olsun Türk adımızdan – Türklüyümüzdən daşındırmağa, uzaqlaşmağa, beləliklə, özümüzü özümüzə yadlaşdırmağa çalışıblar?! Bir daha demək gərəkir: Vatikan başda olmaqla ingilislər, ruslar, bir sıra başqaları uzun sürədən bəri buna çalışırlar. Ruslar Türk adımızı unutdurmaq üçün bizə “tatar” adını vermişdilər. Bunun çox böyük etki göstərmədiyini görən ruslar sonralar bizə daha çox “müsəlman” deməyə başlamışdılar. Nədən? “Tatar”laşmaqla biz Türklükdən çox da uzaqlaşmırdıq, ancaq, “müsəlman”laçdıqca özümüzdən daha çox uzaqlaşırdıq. “Daşnaksütyun” partiyasının Cenevrədə keçirilən qurultayının (1913-cü il) başlıca qərarlarından biri belə idi: Qafqazda müsəlmanlığı yaymaq. Baxın, ermənilər Qafqazda müsəlmanlığı yayırdılar. Nə üçün? Bizi Türklüyümüzdən uzaqlaşdırıb asanlıqla aldadılıb ələ alınan, yenilgən MANQURTA çevirmək üçün!
M.Ə.Rəsulzadə bir çağlar yazırdı: “Rusiya idarəsindəki müsəlmanlara Türk dedirtmək qazanılmış davadır. Yalnız Türk sözü yox, Azərbaycan adı da qazanılmışdır”. Bu iki fraza dünənki-bügünkü antiTürk politikaların iç üzüdür. Bunu “İran İslam Respublikası” adlanan dövlətdə yürüdülən fars politikalarından necə də aydın görmək olur. Orada (İİR-də) Türk adı da, Azərbaycan adı da çeşidli basqılar, aldadıcı metodlarla unutdurulmağa çalışılır. Ancaq… Y.V.Çəmənzəminlinin 1921-ci ildə yazdığı “Biz kimik, istədiyimiz nədir?” yazısında dediyi bü gün də aktuallığını qoruyub saxlamaqdadır: “İndilikdə biz tarix pillələrini keçib, min qovğa görəndən sonra uyuşub, sabit bir şəkil almışıq. Böyük Türk millətinin bir bölümünü oluşdururuq. Millətə özgü özəlliklərə yiyələnmişik… İranın cazib nəfsləri, rusluğun dəhşətli zərbələri TÜRKLÜYÜMÜZÜ məhv edə bilmədi…”
Bu gün İranda (başlıca olaraq Güney Azərbaycanda) 30-40 milyonluq soydaşımız özünü Türk adlandırırkən bizim özümüzü başqa adla adlandırmağımızın – nə ad olur olsun!- nə adı, hansı anlamı var?!
Gənc hüquqçu yazı boyu “pantürkist/pantürkistlər” (arada “pantürkist cərəyan” anlayışlarını işlədir. Görəsən, o bu adı bizə Türk yağılarının verdiyini bilirmi? Görəsən, o bilirmi: bu anlayışa son illərdə işləklik qazandıran , “Türkləri hitlerin etdiyi kimi qaz kameralarına doldurub soyqırım etmək lazımdır” çağırışında bulunan M.Pero Dadaşov ilə onun iç-dış separatçı yandaşları, Türk yağılarıdır. Panturkizmin nə olduğunu, nələrdən qaynaqlandığını bilmədən onu ortaya çəkmək ən azı gerçək bir hüquqçuya yaraşmayacaq görsənişdir. M.Ə.Rəsulzadə  olduqca dəyərli, aktuallığını bu gün də qoruyub saxlayan “Panturanizm…” əsərində pantürkizmin nə olduğunu, nədən ortaya çıxdığını açıb göstərib. XIX yüzilliyin sonları, XX yüzilliyin başlarında Türkçülük ideyasının Türk ulusları arasında geniş yayıldığını görən Batı, eləcə də ermənilərin öncüllüyündə Rusiya imperiyası “pantürkizmlə çarpışma” axarında Türklərlə çarpışmaya başladı. 1920-30-cu illərdə SSRİ-də Türklərin, demək olar, bütün görkəmli aydınları repressiya qurbanına çevrildi. Azərbaycanda dövlət aparatına soxulmuş erməni daşnalarının başçılığı ilə 10 minlərlə Azərbaycan aydını “pantürkist” damğası vurulmqla güllələndi, Sibir gedər-gəlməzinə göndərildi.
Söhbətin Türkçülükdən getdiyi bəllidir, ancaq gənc bir hüququçunun bunu “37” repressiyaçılarının dilində-damğasında səsləndirməyi istər-istəməz hansısa quşqulara yol açır. Türkçülük nədir? M.Ə.Rəsulzadənin “Panturanizm…” əsərində etdiyi kimi, biz də Türkçülüyün başlıca ideoloqlarından olan Ziya Göyalpa üz tutaq: “Türkçülük politik axın (ərəbcə, cərəyan) deyildir, elmi-fəlsəfi-estetik oxuldur. Başqa sözlə bu, kültürdə birləşmə yoludur… Türkçülük hansı biçimdə olur olsun klerikalizmlə, dinçi ağalıqla, geriçiliklə barışmaz, barışamaz. Türkçülük çağdaşlıq axınıdır. O ancaq çağdaş ideya axınları ilə barışa, uyğunlaşa bilər”. Bax, bu ilkələrdən çıxış etməklə mən Xaliq Bahadır Türkçüyəm, Azərbaycandakı, Türk dünyasındakı çağdaş Türkçülük axının önündə gedənlərdən biriyəm!
M.Ə.Rəsulzadə deyirdi: “Diriliklərin ən dəyərlisi milli dirilikdir”. Ulusal (milli) dirilik üçün ADR ideoloqları TÜRKLƏŞMƏ ideologiyasına üstünlük vermişdilər.
Adam özünün separatçı yolgöstərənlərindən daha ötə getməklə Türklərin Azərbaycana XII-XIII yüzillərdə gəldiyini bildirir (separatçı-antiTürklər bizim Azərbaycana XI yüzildən gəldiyimizi vurğulayırlar). İndiyədək bu yöndə çoxlu faktlar gətirmiş-göstərmişik, di gəl, hamısı separatçı, Türkə yağı düşüncə yiyələrinə etkisiz qalıb. Burada mən dünyanın ilkin, eləcə də ən dəyərli yaradıcılıq örnəklərindən olan “Dədəm Qorqudun bitiyi”ni (Kitabi-Dədə Qorqud” böyük bir tarix, coğrafiya faktı olaraq göstərirəm. Ən azı VII yüzilliyə bağlı olan bu Bitiyin coğrafiyasına baxın: Dəmirqapıdan Diyarbəkirədək!
Bitiyin başlanğıcının özü bir tarixdir: “Məhəmməd peyğəmbərin çağına yaxın Bayat boyunda Qorqud Ata deyilən bir kişi vardı”.
Yazını VII yüzilliyə bağlı bir alıntıyla bitirək. Xəlifə I Müaviyə coğrafiyaçı, gəzərgi Übeyd ibn Şəriyə əl-Curxumidən Azərbaycanla bağlı nə bildiyini soruşur. O deyir: “Azərbaycan Türk ölkəsidir. Onlar əski çağlardan orada yayılıblar. Bir-birilə qaynayıb-qarışmaqla gəlişib gücləniblər”.

P.S.Tarixçi Dilavər Əzimli sözügedən qonu ilə bağlı H.Əliyevin Azərbaycanda “milli məsələni düzgün həll etdiyini” bildirir. Yanlış yanaşmadır. Titul xalqın adını üstündən götürüb, onu arxa plana keçirməklə ulusal sorun (“milli məsələ”) çözülməz. D.Əzimlinin dediyinə görə, H.Əliyev bizim Türk adımızı üstümüzdən götürməklə Rusiyadan aldığı tapşırığı yerinə yetirib. Burada da yanlışlıq var: H.Əliyev İngiltərə başda olmaqla onu hakimiyətə gətirən bir çox güclərin istəyinə, eləcə də özünün istəyinə uyğun olaraq Türk-Türklük anlayışlarını yoxetmə yolu tutub. Başqa bir yandan o, o çağlar Türkiyəni ələ almaq üçün tez-tez səsləndirdiyi “bir millət, iki dövlət” deyiminə anlamsızlıq xarakteri verib. İndi biz soy-kök baxımından bir, ad baxımından ayrı “millətik”!
Ayrıca olaraq – Avropaya, Amerikaya örnək demokratiya qurmuş Azərbaycan Demokratik Respublikasının başında duran intelligensiyaya gəlincə, onlar ulusal aydınlar olaraq, ulusa gerçək kimliyini tanıtmışdılar. Başqa cür ola da bilməzdi: onlar ingilisə, rusa satılmamışdılar. 1993-dən ölkəmizdə bəlli bir rejim faktoru olaraq ingilisləşmə, ruslaşma, farslaşma, ərəbləşmə yenilgənlikləri – tendensiyaları yaşanmaqdadır. Ulusal kimliyimizi yox etməyə yönəlik bu yenilgəçi tendensiyaları gözardı edənlərin təkəmseyrək özünü göstərən Türkləşmə istəklərinə yağıcasına yanaşmaları olduqca ilgiləndiricidir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv