Xaliq Bahadır. Gəlin içək diktaturanın sağlığına!

Göz sorunu ilə bağlı yenə Tiflisə getməliydim – Fərman Ceyranlının “Lanset” klinikasına. Gözümü operasiya edən həkim mayın 5-də orda olmağımı istəmişdi. Mayın 4-də axşam Tiflisə getmək üçün yığışırkən Eynullanın “Gürcüstanda gizli antiazərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar” adlı yalan dolu yeni əlaltı yazısını yayımladığını dedilər. Üstəlik, yolüstü mənim bu yazını oxumağım gərəkdiyini bildirdilər. Çoxları kimi indi mən də “Eynulla Fətullayev” brendinin nəyə qulluq etdiyini bildiyimdən yazını oxumaq istəmədim – onun siyasi sifarişə uyğun yeni yalan-böhtanlarından sinirlənməmək üçün.


Aradan az keçmiş yazının adı məni özünə çəkdi: “Gürcüstanda gizli antiazərbaycan yuvaları-görüşlər, pullar, təlimatlar”. Adından göründüyü kimi, bu, jurnalist yazısından daha çox gizli polis-kəşfiyat izləmələrindən ortaya çıxan bir material olmalı idi. Bu üzdən yazını oxumaqdan özümü saxlaya bilmədim. Bir də, axı, mən sözügedən ölkəyə – Gürcüstana gedirdim: “bəlkə, oxusam yaxşıdır”. Oxudum, sinirləndim: yazı daha çox preventiv (qabaqlama) xarakterli yalan-böhtanla dolu idi. Yazıda “Azərbaycanın düşmənləri” olaraq adı çəkilənlərin neçəsi ilə mən Gürcüstana hər gedişimdə olduğu kimi görüşəcəkdim: kimiylə keçmiş hərəkat-Cəbhə yoldaşı, kimiylə düşərgə yoldaşı kimi, Fərman Ceyranlı ilə “Lanset” klinikasının başında duran doktor-Azərbaycansevər kimi.
Bir çağlar – radikal müxalifət “görəvlisi” olduğu çaqlarda – Eynulla belə bir yazı yazmışdı: “Gəlin içək neftin sağlığına”. Yaxşı yazı idi – Əliyevlərə qarşı yazılmış yazı. Hə, Elmar Hüseynovla birgə “Monitor” jurnalında çalışdığı çağlarda da, sonralar “Realnıy Azerbaydjan” qəzetini çıxaranda da Eynulla radikal müxalifətçi obrazına yüklənmişdi. Görünür, Eynulla özü indi müxalifətçi olaraq virtuallaşdığından REAL jurnalistikadan VİRTUAL jurnalistikaya keçib. Belədirsə, onun indiki yazısını VİRTUAL jurnalistika yaradılcılığının ən dəyərli örnəklərindən saymaq olar. Ortada olduqca ilginc bir görsəniş-trayektoriya var: bir çağlar böyük istəklə demokratiya yolçuluğu yapan bir adam bu gün oxşar istəklə diktatura yolçuluğu yapmaqdadır. Belə bir ideya-siyasi, mənəvi-psixoloji, bəlkə, bunlardan daha öncəsi, fiziki-bioloji TRANSFORMASİYA!
M.Saakaşvili dönəmindən sonrakı Gürcüstanın sosial-siyası obrazını Eynulla belə cızır: “Gürcüstan ümumsovet rəngli inqilablarının lokomotivi, qərb hegemonçuluğunun dayaq nöqtəsi və “qərbləşmə ilə müşayiət olunan modernləşmə” ekspansiyasının-Putin Rusiyasının idarəolunan narıncı zolaqla əhatələnməsini nəzərdə tutan yeni obrazlı-konseptual modelin başlıca platsdarmı oldu”.  “Qərb hegemonçuluğu”, “modernləşmə ekspansiyası”, “Putin Rusiyasının idarəolunan narıncı zolaqla əhatələnməsi”, nələr… Qabaqlar bu sayaq “sarsıdıcı” frazalar Prezident Administrasiyasından ötürülən yazılarda olardı! Bir çağlar – ANS-də işlədiyi çağlarda – biz Eynullanı Azərbaycan səngərində o yan-bu yana qaça-qaça bizə erməni düşmənçiliyindən danışan görərdik. İndi biz Eynullanın bir çox səngərlərə baş vurduğunu görürük. Ancaq, indilikdə onun başlıca səngəri Əliyevçi rejimdir. Eynulla indi bu səngərdən rejim gərəyinə uyğun olaraq hər yana, hər kimsəyə  ATƏŞ açmaq güvəni qazanıb – qonşu Gürcüstandan uzaq Batıyadək. Hə, bir çağlar Batı demokratiyasının qızğın yandaşlarından biri olaraq ödüllər alan Eynulla aldığı diktatura ödüllərinin etkisindən indi Batı demokratiyasını-Batı ideallarını yeni mandatlandırıldığı səngərdən – diktatura səngərindən! – yaylım ataşlərinə tutmaqdadır. Girdiyi yeni səngərdə yaxın-uzaq bütün müxalifət adamları Eynullanın gözünə qorxunc düşmənlər kimi görünməkdədir. Bu üzdən də Eynulla gözünə müxalifətçi kimi görünənlərin hamısını ağına-bozuna baxmadan yaylım atəşinə tutur.
Demokratik, bu üzdən dinamik gəlişmə yoluna çıxan Gürcüstan Əliyevlərin antidemokratik siyasətləri nədənilə Brejnev dönəmindəkindən daha ötə gedən durğunluq – “zastoy” dönəmi yaşayan Azərbaycan üçün istər-istəməz stabilliyi pozma faktoruna çevrildi. Eynulla bununla bağlı yazır: “Stabil Azərbaycan sərhədləri yaxınlığında da təhlükə yarandı. Əgər Saakaşvili inqilabının qələbəsinin ilk illərində gürcü inqilabçı qüvvələri özlərinin “Kımara” təşkilatı vasitəsilə 2000-ci illərin ortalarında Azərbaycanda destabilizasiya modelini dəstəkləməyə çalışırdısa, qısa zaman ərzində prezident ilham Əliyevin siyasi ustalığı sayəsində inqilabçı gürcü hakimiyəti neytrallaşdırılmış oldu”. “İlham Əliyevin siyasi ustalığının” buradakı pul dəyəri milyardlar deməkdir. Azərbaycan xalqı üçün milyardlarla dəyərində itki! Əliyevlər Gürcüstandakı demokratikləşmə sürəcinin Qırmızı körpüdən bu yana addamaması üçün bəlli torpaq itkisi başda olmaqla Azərbaycanı milyardlarla itkiyə uğratdılar: Gürcüstanın Azərbaycana olan milyonlarla dollarlıq enerji, qaz borcu silindi; dizel yanacağı başda olmaqla neft, qaz Gürcüstana Azərbaycan yurddaşlarına satıldığından ucuz verildi, ucuz verilməkdədir. Gürcüstanın Azərbaycandan ucuz, güzəştli aldıqları yalnız bunlar deyil, bunlardan qat-qat artıqdır. Əliyevçi rejim Gürcüstan azərbaycanlılarının yatmış-batmış durumda qalmaları üçün Borçalıda deputatlıq işlərinə belə qatılmaqla əlindən gələni edir. Burada “bir gülləyə iki dövşan vurulur”: bir yandan gürcü hökumətinin istəyi yerinə yetirilir, o biri yandan demokratik düşüncəyə yiyələnən (daha doğrusu, yiyələnə biləcək) Borçalı adamlarının Azərbaycana yeni etkisinin qarşısı alınır.   Ortada Gürcüstan hökuməti ilə əliyevçi rejim yetkililəri arasında başqa bir qarşılıqlı yararlanma da var. Bəlli olduğu kimi, Gürcüstan doğal resurslar baxımından yoxsul ölkədir. Gürcüstanın demokratiya axarında parlaq, varlı gələcəyi ölkədə turizmin gəlişməsindən çox, dedikcə çox asılıdır. Demək, demokratiya platformasında inamla irəliləyən, getdikcə daha çox hüquq dövlətinə – qanunçuluq ölkəsinə çevrilən Gürcüstana indi nə gərəkdir: dövlət büdcəsinə milyonlar, milyardlar qazandıracaq turizmi gəlişdirmək. Turizmi gəlişdirmək üçün gərəkən infrastruktur olmalıdır. Gərəkən infrastrukturun yaradılması üçün Gürcüstan hökuməti haralardansa çoxlu pul tapmalıdır. Bu isə indiki dünya ekonomik böhranı içində çətindən də çətin bir işdir. Ancaq, qonşuluqda xalqı, ölkəni soyub-yağmalamaqla milyardlara yiyələnmiş bir klan, bu klanın özü kimi milyarder çevrəsi var. Qısası: bu gün Gürcüstan Əliyevlərin, Paşayevlərin, K.Heydərovun, bir sıra başqa nazirlərin geniş biznes meydanına çevrilib! Beləliklə, bu gün Azərbaycan, Azərbaycan xalqı, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın dövlət büdcəsinin yardımçı təsərüfatı yerindədir – bu başdan o başa Gürcüstanda nələr tikmir, nələr qurmurlar!
Rejim yetkililərinin Gürcüstana milyarlarla dollarlıq yatırım qoymaları üçün korrupsiya-repressiya despotizminin susqun duruma gətirdiyi Azərbaycanda çox böyük resurslar var. Onlardan biri: Maliyə nazirliyinin açıqlamasına görə, 2016-cı ildə dövlət büdcəsindən aylıq çıxar (xərc) 1 milyard manat, sonuncu 1 ayda (dekabr) 3 milyard 815 milyon manat olub. Belə ilginc faktlardan çox göstərmək olar…
İ.Əliyev Putinçi jurnalist V.Solovyovla söhbətində deyir: “Mən xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladıqdan sonra müxalifət cılızlaşdı”. Beləcə, “xaricdən” gələn “maliyyə axınının” (5-10 minlik qrantlar) qarşısı alınırkən, “xaricə” lap elə qonşu Gürcüstana ölkədən MİLYARDLAR ötürülür! Müxalifəti (az-çox demokratik müxalifət) CILIZLAŞDIRMAĞA gəlincə, bu istənilən hakimiyət üçün qanun pozuntusu – cinayət faktıdır: müxalifəti cılızlaşdırmaq ölkənin, dövlətin gələcəyini cılızlaşdırmaq deməkdir! Ölkədə düzgün (demokratik) hakimiyət olsa, özgür biznes olar. Ölkədə özgür biznes olsa, müxalifəti xalq özü yaşadar. Ancaq, bizdə soyğunçu rejim faktı üzündən xalq özü CILIZLAŞMIŞ-CILIZLAŞDIRILMIŞ durumdadır.
Eynulladan  daha bir alıntı: “Təəəsüf ki, Tiflisdə hakimiyət dəyişməsindən sonra da (Saakaşvilidən sonra. – X.B.) heç nə dəyişmədi. Və “Gürcü arzusu”nun idarəçiliyi altında Azərbaycanın gizli fəaliyyətdə olan rəngli inqilab fəalları Gürcüstanda özlərini kifayət qədər rahat hiss edirlər”.  Eynulla bu yöndə çoxlu ad çəkir, onlardan üçü mənim yaxından tanıdığım, görüşdüyüm adlardır: Fərman Ceyranlı, Daşqın Alarlı, Əfqan Muxtarlı.  Eynulla istər bu adamlar, istərsə də bir çox başqaları ilə bağlı çoxlu yalan danışır. Onun yazdığına görə, Gürcüstana sığınmış “Azərbaycan düşmənlərinə” çox böyük pullar verilir. Gördüklərimdən, bildiklərimdən çıxış edərək deyirəm: onların çoxu çox ağır durumda yaşayır. Eynulla “Zaqatalanın dağ cığırları ilə Gürcüstana qaçmış” Əfqan Muxtarlını ələ saldığını düşünür. Rejim aqressiyaları, rejim repressiyaları üzündən minlərlə  yurddaş ölkədən qaçıb gedirkən, qaçıb getməyə çalışırkən belələrini qınaqda bulunmağın bir adı var: diktatura nökərçiliyi!
Doktor Fərman Ceyranlıya gəlincə, onunla, onun Tiflisdə yaratdığı ünlü klinika ilə bağlı “Azadlıq”da üç böyük yazım çıxıb. Azərbaycan başda olmaqla o klinikaya Qafqazın dörd bir yanından axın var. Azərbaycandan uzaqlaşmalı olan doktor professional bacarığı ilə tək özünə deyil, klinikasına da regionda böyük ad-san qazandırıb. Azərbaycanda milyardları mənimsəmiş, göyə sovurmuş 24 illik rejim başçıları nə ediblər? Azərbaycanın Sağlamlıq (səhiyyə) sistemini xəstəlik-ölüm sisteminə çeviriblər. Dövlət büdcəsindən hər il Sağlamlıq sisteminə milyonlarla manat pul ayrılırkən xalq sağlamlıq ardınca başqa ölkələrə üz tutmalı, başqa dövlətlərin büdcəsini doldurmalı olur – bu, dövlət cinayəti deyil, nədir? Səhiyə nazirliyinin yetkililərindən biri televiziya ekranına çıxıb həyasızcasına “Azərbaycan səhiyəsinin Almaniya səhiyəsindən üstün olduğunu bildirir – sünnətlə uşaq öldürən səhiyənin yetkilisi! Adamdan soruşan gərək: sizin səhiyəniz Almaniya səhiyəsindən üstündürsə, nə üçün dövlət yetkililəriniz sağlamlıq dalınca Almaniyaya, yeyib-yenib-yıxdığınız xalq İrana, Gürcüstana üz tutur?
Korrupsiya-repressiya axarında içindən çürüdülüb-dağıdılan bir dövlətə kimlərinsə dözməməyi “dövlətə qarşı çıxmaq” deyil, dövləti sevmək,  sağlam görmək, sağlaşdırmaq istəyinə bağlı görsənişdir. Qazancı dövlətin çürüdülüb-dağıdılmasından çıxanların ONLARI düşmən gözündə görmələri isə öz ölçülərinə uyğun  doğal görsənişdir…
Yazının son abzasında başlıca amac açılıb göstərilir: “Azərbaycan Gürcüstan naminə çox şeyi güzəştə gedir”. (Güzəştləri göstərir). <…> “Bəs biz əvəzində nə alırıq? Radikal gizli qrupların fəaliyyətini, arxadan zərbə, ölkəmizdə vəziyyəti qarışdırmağa yönəlmiş bədnam niyyətlər?! Bəyəm Azərbaycan bu zərbəyə layiqdir?! Gürcüstana nə qədər vaxt lazımdır ki, mövcud situasiyanı aradan qaldırsın, orada məskunlaşmış gizli qrupları ərazisindən qovub çıxarsın?!”
Birinci, 24 ildən bəri başında durduğu xalqa nədəsə azacıq da güzəştə getməyən, Azərbaycana pulsuz verilən SƏMT qazını belə bu xalqa çox baha satan bir hakimiyətin “Gürcüstan naminə çox şeyi güzəştə getməsi” nə deməkdir”? Yox, aldada bilməzsiz: “Gürcüstan naminə” deyil, hakimiyətini qoruyub saxlamaq üçün Xalqı, Ölkəni, Dövləti yağmalamaqla dünyanın bu başından o başına qorxduğuna GÜZƏŞTƏ gedilir!
İkinci, nə üçün Gürcüstana edilən milyonlar, milyardlarla dollarlıq güzəştlərin “əvəzi” Azərbaycana, Azərbaycan xalqına nələrsə qazandırmaq deyil, korrupsioner-repressiv rejim üzündən Gürcüstana sığınan yurddaşlarımızın oradan da qovulması olmalıdır?! (Bu sonuncu istək Gürcüstana milyonlar, milyardlarla “güzəştin” rejimi qorumaq üçün edildiyinin görklü göstəricisidir). Bilmək gərəkdir: antidemokratik Rusiya, İran, Türkiyə, “Ermənistan” çevrələməsindən xoşbəxt olanların Gürcüstan xoşbəxtliyi baş tutmayacaq. Başqa cür desək, Gürcüstan demokratiya yolundan dönməyəcək!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv