Soylu Atalı (Ocaq Yükümlüsü). İDEYA VƏ DEVİZ (ŞÜAR)

Bir var deviz, bir də var ideya.
Deviz – bir arzunun sadəcə deyimdə ifadəsidir.
İdeya isə arzunun, düşüncənin sistemli şəkildə həyata keçirilməsi üçün işlənib təqdim olunmasıdır. Məsələn, Əbülfəz Elçibəyin “Bütövləşmə, Millətləşmə, Dövlətləşmə” devizi. Göründüyü kimi, bu elə bir arzudur ki, işlənib prinsipial sistem halına gətirilməyib. Deyilişdən bəlli olur ki, bu sadəcə arzunun səslənməsidir. Biz bunun nəzəri əsaslarına heç yerdə rast gəlməmişik. Bəllidir ki, bizim yaşadığımız indiki tarixi şəraitdə millətləşmə olmadan Bütövləşmədən bəhs etmək mümkün deyil. Millətləşməyən toplum Bütövləşməni necə həyata keçirə bilər?! Millətləşmə isə toplumun varlığını sıfırdan başlamaq anlamına gəlmir. Biz bir millət kimi bəşər həyatında varıq. İmperiya əsarətləri bizi dini və siyasi anlamda elə günə salıb ki, vəhdətimiz tam pozulub. Odur ki, söhbət milli şüurun inkişaf etməsindən gedir, parçalanma dərk olunmalı və hiddət dalğası yaranmalıdır ki, Bütövləşmə baş versin. Deməli, deviz (şüar) hesablanmamış arzu deməkdir. Yaxşı niyyət həyata keçməyəcəksə, onun yaxşılığına alüdə olmaq doğru deyil. İstər Güneydə, istər Quzeydə toplumun əsas kütləsi tarixi həqiqətləri axıra qədər bilmir, dərk eləməyib. Bunun üçün bir neçə il ardıcıl maarifçilik işi getməli idi.
Asif Ata da deyir ki, Azərbaycan Bütövləşməlidir. Ancaq O, bildirir ki, bunun üçün O Tay, Bu Tay Azərbaycanda İnsanlaşma, Xalqlaşma prosesi getməlidir. Siyasi anlamda Uluyurd Hərəkatı yaranmalıdır. Uluyurd Hərəkatının prinsiplərini (Uluyurd Hərəkatınln 5 prinsipi konseptual olaraq işlənib hazırdır) həyata keçirə bilən şəxsiyyətlər yetişməlidir. Bu şəxsiyyətlər yadlıqları daxildən təmizləməklə böyüyüə bilər. Asif Atanın dediyi mərhələ doğru və zəruri olanı əks etdirir. Əbülfəz bəyin dediyi isə zəruri olanı əks etdirsə də, doğru olanı əks etdirmir. Deməli, “bunlar elə eyni işi görürlər” deyənlər yanlışlığa yol verirlər. Əbülfəz bəy Bütövləşməni – Azərbaycanın bir hissəsində qurulan dövlətə güvənib söyləyir. Asif Ata dövlətin əsas dayağı olan xalqın qurulmalı Kamil Birliyinə. Əbülfəz bəyin dediyi mücərrəd olaraq qalır, həyata keçmir. Çünki dövlətə qarşı bəs qədər qısqanc xarici qüvvələr var. O qüvvələr özündən ayrılmış xalqımızın öz əliylə Bütövləşməni əngəlləmək imkanına malikdirlər. Asif Atanın dediyi çətin və gec həyata keçir. Çünki xalqı dəyişmək, qurmaq ağır zəhmət və uzun illər tələb edir.
Toplum siyasətçinin mücərrəd dediyinə inandı və inamında yanıldı. Çünki burada toplumun öhdəsinə yalnız vədi eşitmək düşür, addım atmaq yox. Yəni toplum zəhmətə qatlaşmaq istəmir, hər şeyi ona vəd verəndən gözləyir.
Toplum ruhaniyyatçının dediyinə inanmadı və inamsızlığında yanıldı. Çünki burada onun üzərinə özünü dəyişmək və ciddi mübarizə aparmaq tələbi qoyulur.
Toplum konkretlə mücərrədin yerini səhv salır. Ona görə də devizin ötəriliyini, ideyanın həmişəliyini dərk edə bilmir. Toplum, ona vəd verəni alqışlayır, ancaq uğur görməyəndə vəd verəni lənətləyir. Toplum, onu çətin və doğru yola çağıranı xəyalpərəst hesab edir. Bu səbəbdən də həşirə düşür…
Gərək öndər toplumu böyütsün. Çünki toplumun yüksək səviyyəsinə dayanmadan qüdrətli olmaq mümkün deyil.
Toplumla öndər arasında əməli, idraki vəhdət yoxdursa, deməli, hər ikisi yetginsizdir, yetərsizdir (söhbət siyasi idarəetmədən gedir).
İndiki siyasi rejimin “gücü”nü də bu kontekstdə öyrənmək və qiymətləndirmək gərəkdir, – onunla mübarizə necədir? Eləcə də ölkəiçi və ölkədışı şərlə döyüş ideya üzərindəmi qurulub, şüar üzərindəmi?
Azadlığımız ötəri devizlərdə deyil, dərin, məzmunlu ideyalardadır!

Atamız var olsun!

(arxiv)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv