Yadigar Türkel. BOLQARÇAYI BALHARI ETMƏYİN!!!

Azərbaycan Respublikasında Güney Azərbaycandakı Qaracadağın ətəklərindən başlayıb, Biləsuvar kəndinin, Bəydili, Xarmandalı köylərinin ortasından keçərək Mahmudçala gölünə tökülən 168 km uzunluğunda BOLQARÇAY adlı bir çay vardır. Əldə olan bütün xəritələrdə onun adı Bolqarçaydır. Ancaq 10-15 il qabaq hansısa «anlamaz başbilənlər» Bolqarçayın üstündəki göstəricini dəyişib Balharı ediblər, Balharu, Bəlhəri deyənlər, yazanlar da vardır.
O çağda bu yanlışı mənə deyən kimi rayonun icra hakiminə (Bu anlamsız Ərəb sözlərinə baxın! Biz Türklər ərəbikmi, öz sözlərimizi qoyub, hər şeyimizə ərəbcə ad qoyuruq? Ancaq nədənsə, itimizə ərəbcə yox, türkcə alabaş, toplan qoyuruq) məktub yazdım, bir şey çıxmadı. İH-də işləyənlərdən biri: «Sən adam doktorusan, o, mal doktoru, o, sən deyənləri anlamaz, belə şeylər onun düşüncəsindən uzaqdır, onu Bolqarçayın adı yox, pul düşündürür!». Vay günümüzə!
Sonra Biləsuvar Rayonunun «Məhsul» qəzetinə məktub yolladım. Sayğılı jurnalistlər qəzetin 15 aprel 2005-ci il, 7-ci №-də «Ziyalımız narahatdır» adlı yazı yazıb birini də poçtla mənə göndərdilər. Yazının bir bölümünü «Azadlıq»ın sayğılı oxucularına çatdırıram. Məktubda Biləsuvarın tarixi, etnoqrafiyası ilə bağlı elmi-tədqiqatların az olmasına bir daha toxunularaq deyilirdi: «Bolqarçay bolqar, bulqar türklərinin adından yaranmış hidronimdir. Onu bol-qar-çay kimi hecalamaq, ya da başqa bir millətin dilinə uyğunlaşdırmaq tariximizə hörmətsizlikdir. Bu çayın keçdiyi bölgələrdə Türklərdən başqa millət yaşamır. AMEA Coğrafiya İnstitutunun Xəritəşünaslıq və Toponimika Şöbəsində saxlanan, Linç və Osvaldın 1898-ci ildə çap olunmuş «Armeniya» kitabının 3-cü cildində verilmiş xəritədə çayın adı Bolqarçay yazılıb. Bundan başqa Bolqar Məmmədli, Təklə, Dövrüşlü, Astallı, Sadıxlı, İrzalı, İrəmazanlı və sair yaşayış məskənlərinin adının da olduğu göstərilir. 1917-ci ildə Sankt-Peterburqda çap olunmuş, «Karta Kafkaza Aziatskoy Tursii i Persii» xəritəsində Bolqarçaydan başqa Bolqar gektepinskiy yaşayış məskəni də göstərilir. Xəritədə Xarmandalı, Alpout, Erkəkqoyunski və başqa yaşayış məskənlərilə yanaşı buraya köçürülən Ruslar üçün tikilmiş Puşkin (indiki Biləsuvar) yaşayış məntəqəsinin də adı yazılmışdır».
Ötən illərdə başqa qaynaqlardakı xəritələrdə də bu çayın adının BOLQARÇAY yazıldığını görmüşəm. İlgilənənlər ən azı Azərbaycan Respublikasının Milli Atlasına, Qafqaz Kalendarına (Kafqazskiy Kalendar. 1846-1917) baxa bilərlər. Qafqaz Kalendarının 1851-ci il sayındakı «Araks i oçerk mestnostey po kotorom ona protekaet» [Araz: axdığı yerlərin oçerki] araşdırmasında «O, Muğan çölündən keçib, 10 verst doğudakı Biləsuvar kurqanının güneybatısında Bolqar çayına tökülürdü» bilgisi vardır.
1950-ci illərdə Puşkində Rus deyilən malokanlar vardı. Gerçək tarix onların ruslaşdırılmış Türklər olduğunu deyir.  Onlardan kimiləri danışığında Bolqarı, Bolharı sözü işlədirdi. Ancaq Azərbaycan Türkləri öz tarix göstəricilərini kiminsə yanlış anlayışına, danışığına, dilinə uyğunlaşdırmamalıdır! Buna görə də Azərbaycan Respublikası Milli Məclisinin Biləsuvardan olan elçisini bu yanlışı tezliklə düzəltdirməyə çağırıram.
Yeri gəlmişkən, ulusal düşüncəmiz dolaşdırılıb, babalarımızı tanımadığımızdan özümüzün yaratdığımız bir neçə yanlışı da gözə çarpdırmaq istəyirəm. QK-dakı 1900-cu illərin yaşayış yerlərinin sırasında Bakı Quberniyasının Cavad Qəzasında, yaşayanının sayı 361 olan Bəydili (Rusca Bekdili), 1623 yaşayanlı Xarmandalı köylərinin adı vardır. QK-nın 1916-cı il sayında 1000 dımdan (tüstü, ocaq, ev) çox dımı olan yerlərin sırasında 1108 dımlı Xarmandalı köyünün də adı keçir. QK-da Lənkəran Qəzasının indiki Masallı Rayonundakı Xarmandalı köyün  adı ilə də qarşılaşılır.
Son 50-60 ildə Biləsuvardakı Xarmandalı köyünün adını Xırmandalı ediblər. Bu çox yanlış bir işdir! Masallıdakı, Biləsuvardakı köylərin adı Xırmandalı yox, Xarmandalıdır! Bu köylərdə yaşayanlardan indi də qohumluqlarını unutmayanlar vardır. İlgilənənlər 1988-ci ildə Rus dilində yayımlanmış «Kniqa Orudj beka Bayata» (Oruc bəy Bayatın bitiyi) bitiyinə də baxa bilərlər. Orada da bu uruğun adı Xarmandalıdır.
QK-da çox yerdə «Biləsuvar ordu postu» (Rusca Belyasuvarskiy armeyskiy post), Biləsuvar poçt-teleqraf bölməsi (Belyasuvarskoe poçtovo-teleqrafnoe otdeleniye)  sözlərilə də qarşılaşılır. Orada Bakı Quberniyasının Cavad Qəzasında Karamanlı köyünün olduğu göstərilir. Sovet dönəmində «imana gəlib» onu Qaraimanlı etmişlər.
Biləsuvarla İmişlinin arasında Çaxırlı köyü vardır. Yeniyetmə çağlarımdan, ən azı min ildir çaxır «içməyən» ulus köyünün adını Çaxırlı qoyardımı? – düşünürdüm. Sonralar bu «çaxırlı»ların Türklərin Çakır uruğunun adından olub, Anadoluda, eləcə də Türklər yaşayan başqa yerlərdə çox yayıldığını, Göyçayda, İmişlidə, Masallıda köylərinin olduğunu öyrəndim. Bunu düzəltmək də parlamentdəkilərin görəvidir.
Azərbaycan Respublikasının dövlət sınırının güneyində – Güney Azərbaycanda TALMIŞMİKAYILLI adlı bir köy vardır. Onu bizdə yanlışlıqla TALIŞMİKAYILLI yazırlar. Müsəlmanlaşandan ulusal yaddaşsızlaşan Azərbaycan aydınları ulusal düşüncəsizlikdən, başqa uluslardan olanlar isə biliksizlikdən Azərbaycanın bir çox yerində qarşılaşılan Talmış  etnonimlərini yanlışlıqla Talış yazıblar. Azərbaycan Talışlarının say, ekonomik,  eləcə də kültür gücü yığcam yaşadıqları Astara, Lənkəran, Lerik, Masallı rayonlarında Talış adlı köylər yaratmayıbsa, Qarabağda, Şəkidə, Şirvanda, Ağcaqabulda, Şəmkirdə Talış adlı köylər yaradammazdı!
Biləsuvarda kökü Talmışmikayıllıdan olan çoxlu adam yaşayır. Onlar köylərinə Talmışmikayıllı – TALMIŞMİKEİLLİ deyirlər. Türkiyədə, Çaldıranın yanında Talmas köyü vardır, İsmayıllıdakı Talıstan, Orta Asiyadakı Talas  daha bilinəndir.
Masallıdakı Türk etnik göstəricisi olan Təklə köyünün adının birini Təklə, ikincisini Tüklə yazmaq oxumamışlıqdan, ulusal düşüncəsizlikdən, yiyəsizlikdəndir. Təklə Türk kimlik göstəricisi Azərbaycandan başqa Türklər yaşayan bütün bölgələrdə vardır.
Qafqaz Kalendarında onlarca yerdə Ağcaqabul yaşayış, poçt stansiyasının adı keçir. Keçən yüzilin 60-cı illərindən «biliksiz başbilənlər» onu Hacıqabul ediblər, Türk tarixində bəylik qurumunun tarixi yerini anlamayanların Bəyxanlını, Bayxanlını Boyxanlı etdiyi kimi.
1989-cu il martın 11-də «Məhsul» qəzetində «Tarixi yer adlarımızı bərpa edək» yazısı çap etdirib Puşkin adının dəyişdirilib Biləsuvar edilməsi sorununu qaldırdım. Biləsuvar aydınlarından, fransız dili öyrətməni Rəhim Quluzadə də iyulun 17-də də «Məhsul»da səsimə səs verdi. Sonra daha bir neçə yazı ilə sorunu Azərbaycan basını düzəyinə çıxartdım.
Bu gün Azərbaycan Respublikası adlı dövlətimiz olsa da, «Azadlıq» qəzetindən başqa dərd deməyə yer qalmayıb, dərd də bir deyil, iki deyil, hər yan ağrı-acı içində, başçılar da kefdə. Məhəmməd Füzuli demiş: dərd çox, həmdərd yox, tale zəbun (düşkün, qaragünlü, ağar, yenik) bəxtim qara!
Azərbaycan Respublikasında Türk ulusun kimlik göstəricilərini dolaşdırmağa heç kəsin haqqı olmamalıdır! Guman Azərbaycan Respublikasının Parlamentinədir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv