Yadigar Türkel. MƏN PREZİDENT OLSAM, YA DA PREZİDENT OLMAQ İSTƏYƏNLƏRƏ…

Azərbaycan Respublikasının sayğılı yurddaşları, günaydın! Məni «demokratik, dünyəvi, unitar, hüquq» dövləti olan Azərbaycan Respublikasının prezidenti seçdiyinizə görə çox sağ olun! Azərbaycan Respublikasını bütün gücüm, bacarığımla dönmədən qoruyacağıma söz verirəm!
Sayğılı yurddaşlar, Azərbaycan Respublikasının dövlət, eləcə də özəl qurumlarını daha demokratik, daha çağdaş etmək üçün görəcəyim, ya da görəcəyimiz bir sıra önəmli işləri sizə bildirməyə çalışacağam. Bu gündən, Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-dən uyğulanan anayasasındakı güclər ayrılığı hüquq ilkəsi ən yüksək düzəyə qaldırılır, yasama, yürütmə, məhkəmə ağalıqları gerçəkdə ayrılaraq, bir-birinin işinə qarışmadan işləyirlər!
Bu gündən, Azərbaycan Respublikasının «İcra hakimiyəti» qurumunun hansısa qulluqçusu «dövlət qapısı»na gəlmiş yurddaşa pis qulluq edər, incidər, rüşvət alarsa, o, dövlətin uyğun orqanları qarşısında cavab versin, «İcra hakimiyəti» qurumunun görəvlərinin getdikcə Bakanlar Qurumuna, bələdiyələrə verilməsi yönündə hüquq çalışmaları edilsin!
Sayğılı yurddaşlar, Azərbaycan Respublikasının «prezident respublikası», ya da «parlament respublikası» olması sorunu dərindən araşdırılıb elliklə səsverməyə çıxarılacaq, alınan qərara uyğun yeni anayasa yazılacaqdır. Ancaq onadək, ölkədə demokratik seçki sistemi yaradılaraq, ulusun özgürcə seçdiyi parlament oluşdurulacaqdır! Azərbaycan parlamenti dövlətin ən önəmli yasal qurumlarından olub, çağdaş, «çoxluqçu demokratiya» ilkəsinə dayanacaqdır! Bundan sonra Azərbaycan Respublikasının Parlamentində ancaq ulusun seçdiyi ULUS ELÇİLƏRİ oturacaq, dövlət qurumlarındakı demək olar, bütün görəvlər seçki yolu ilə tutulacaq, yerliçilik, dostluq, tanışlıq, rüşvət – proteksiya Azərbaycan yönətimindən biryolluq atılacaqdır!
Sayğılı yurddaşlar, Azərbaycanda məhkəmə ağalığı prezidentin əlindən qurtarılaraq özgürləşdiriləcək, ancaq hüququn üstünlüyünə dayanacaqdır! Hakimlər prezidentin toplantılarına çağırılmayacaq, dövlət törənlərində ayağa durmayacaq, onu alqışlamayacaq!
Bu gündən, Azərbaycan Respublikasının sosial dövlət olması üçün gərəkən bütün işlər görüləcəkdir. Bunlardan, çağdaş durumumuza uyğun bir neçəsini sizə bildirirəm: 1.Azərbaycan Respublikası prezidentinin donluğu 15 min manatdan 500 manata endirilir! 2.Bu gündən, 500 manatdan çox pensiya alanların pensiyasının qalanı eşit bölünüb, obiri yurddaşların pensiyasına artırılsın! Respublika ekonomisini gəlişdirəndən, işlək dövlət quruluşu yaradandan sonra pensiyalar «sosial ədalət» ilkəsinə dayanan yasal yollarla daha da artırılacaq, bu yöndə  ədalətsizliyə yol verilməyəcəkdir! 3.Bu gündən, 500 manatdan çox donluq alan işçilərin donluğu 500 manata endirilsin, daha az alan yurddaşların donluğunun bu düzəyə çatdırılmasına çalışılsın!
Sayğılı yurddaşlar, Azərbaycan Respublikasında düzənlənən bazar ekonomisinin daha işlək, daha verimli olması üçün gərəkən bütün dövlət işləri görüləcək, indiki «yırtıcı ekonomi» bilimsəl yollarla getdikcə ortadan qaldırılacaqdır. İlk addım olaraq, bu gündən, dövlətin gömrük qurumlarında bir manatlıq mal yazılmadan keçirilərsə, Vergilər bakanlığında bir manat mənimsənərsə, sorumlular dövlətin uyğun qurumlarında sorğulansınlar!
Azərbaycan Respublikasının var-yatırı toxunulmaz olub, maliyə-bank sistemi gərəkən ekonomik, yönətim, yasal kontrolda olacaq, kimsə ulusun malını sorumsuzca dağıdammayacaq! Azərbaycan Respublikasında mülkiyət toxunulmazdır!
Sayğılı yurddaşlar, Azərbaycan Respublikasında ən yüksək dövlət qurumlarının başçılarından (Prezident, Parlamentin başçısı, baş bakan, bakanlar, baş prokuror, baş məhkəmə…) başqa heç kim dövlət avtomobili minməyəcək! Dövlət qurumlarının işçiləri, eləcə də başqaları, görəvlərində, ancaq Azərbaycanda düzəldilmiş, sayları qurumun iş tutumuna görə bəlirlənəcək ucuz avtomobillərdən yararlanacaqlar!
Azərbaycan Respublikasında eyitim çağdaş, yüksək bilimə, texnolojiyə, əxlaqa dayanacaq, dünyəvi yolla gedəcəkdir!
Azərbaycan Respublikasında bilim dövlətin, ulusun ən önəmli dirəklərindən biri sayılaraq özgür olacaq, yüksək düzəydə dəstəklənəcəkdir! Gələcəkdə elliklə səsvermə yolu ilə «parlament respublikası»  yolunu tutmasanız, AMEA-nın prezidenti, eləcə də başqa yönəticiləri hansısa bir politik partiyanın üyəsi, ya da yönətimində olmayacaqdır!
Sayğılı yurddaşlar, Azərbaycan Respublikasında Dövlət Sağlamlıq Sistemi yurddaşların sağlamlığından kəsinliklə sorumlu olacaq, yüksək profilli özəl sağlamlıq qurumları da anayasaya, yasalara uyğun çalışacaqdır!
Azərbaycan Respublikası ölkədə kültürün gəlişməsinə yardım edəcəkdir!
Azərbaycan Respublikasında körpələrin, çocuqların, yeniyetmələrin, eləcə də bütün insanların bədən eyitimi, genəl sağlamlığı üçün ayrıca dövlət proqramları uyğulanacaq, özəl qurumların bu yöndəki çalışmaları dəstəklənəcəkdir.
Sayğılı yurddaşlar, Azərbaycan Respublikasının anayasasındakı yarıərəbcə, yarıfarsca «mətbuat azadlığı» kimi yazılan, türkcəsi, daha düzgünü «basın özgürlüyü» olan demokratik ilkə bütünlüklə uyğulanacaq, gerçək «dördüncü ağalıq» düzəninə qaldırılacaqdır! Azərbaycan Respublikasında kimsə yazdığı bilimsəl, politik baxışlarına görə suçlanmayacaqdır!
Azərbaycan Respublikasında kimsə politik, ya da din yönündən öyülüb, göylərə qaldırılmayacaq, fetişləşdirilməyəcək, respublika prezidentinin fotoları heç yerdə asılmayacaq, propaqanda ürünü edilməyəcək, heç kim ona yaltaqlanmayacaqdır!
Azərbaycan Respublikası prezidentinin heç bir qohumu onun adından yararlanmayacaq! Ancaq bu durum onların yurddaş haqlarını da pozmamalıdır.
Azərbaycan Respublikası dünyəvi dövlətdir. Ayrı-ayrı dinlər, inanclar, din yolları dövlətin çağdaş dünyəvi düzənini pozmamağa borcludurlar!
Azərbaycan Ordusu ən gəlişmiş yaraq, düzənlə donatılacaq, ən üst düzəydə yönətilərək, ulusun «gözünün işığı» ediləcəkdir!
Sayğılı yurddaşlar, bu kiçik çıxışla sizə Azərbaycan Respublikasının aradan qaldırmağa borclu olduğumuz bir sıra sorunlarını bildirdim. Sizdən gözəl yaşamaq, dünya ulusları içində sonsuzadək ünlə var olmaq üçün çox çalışmağı, bir də bu işləri görənlərə arxa olmağı istəyirəm! Sağ olun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv