İki yüz illik rus kolonializmindən qurtulduq. Bağımsızlıq – suverenlik qazandığımızı toy-bayram etməyə başladıq, elə bu toy-bayram içində gözümüzü açıb, özümüzü qabaqkından qat-qat qorxulu bir kolonializm – Batıya bağlı neokolonializm bataqlığına batmış bulduq…
Amerika aldatdı bizi…
Bitdi, başa çatdı. Batının – ABŞ-la Avropanın Azərbaycandakı seçki-demokratiya oyunu, seçki-demokratiya şousu bitdi. ABŞ-ın Bakıdakı baş diplomatı Riçard Morninqstar noyabrın 14-də “Azadlıq” radiosuyla qonuşmasında ABŞ hökumətinin Azərbaycandakı 9 oktyabr seçki cinayəti ilə bağlı yüksək dəyərləndirməsini ortaya qoydu: “seçkinin sonuclarını quşqu altına almırıq”. Bu, Amerika Birləşmiş Ştatları adlanan dövlətin demokratiya pərdəsi altında apardığı İŞĞALÇI-İMPERİALİST siyasətlərin konkret görsənişlərindəndir.
9 oktyabr seçkisi bütünlüklə saxtalaşdırılıb. ATƏT-in Demokratik Quruluşlar, İnsan Hüquqları Bürosunun bildirdiyinə görə, seçki 58 faiz saxtalaşdırılıb. Bəlli olduğu kimi, Büronun seçki gözləmçiləri ölkədəki bütün seçki məntəqələrində olmayıblar. Saxtalaşdırma isə administrativ resurslardan yararlanmaqla bütün məntəqələrdə aparılıb. Bu baxımdan 9 oktyabr seçkisini 100 faiz saxtalaşdırılmış saymaq olar. Bunun belə olduğunu ABŞ hökuməti gözəl bilir. Ən başlıcası, bunun belə olacağını ABŞ hökuməti qabaqcadan bilirdi: seçkiyə bir gün qalmış bəlli bir yanlış üzündən hamının bildiyi kimi yox, istər Amerika-İngiltərə birliyinin, istər Avropa Şurasının, istərsə də Avropa birliyinin Azərbaycanla bağlı illərdən bəri yürütdüyü geopolitik, geostrateji, geoekonomik planlar, istəklər, qısaca desək, ortadakı siyasətlər bunu bəlli edirdi.
ABŞ Dövlət Departamentinin, Milli Demokratiya İnstitutunun keçmiş əməkdaşı Eli Lovely: “Azərbaycanda siyasi sistemin xarakteri 9 oktyabrda – ölkənin Mərkəzi Seçki Komissiyası hələ səsvermə başlamadan seçkinin sonuclarını mobil proqramla yayanda bir daha üzə çıxdı”. Kor-kor, gör-gör. Eləcə də: görünən köyə nə salıqçı! Əliyevçi siyasi sistemin xarakteri bu ölkədə açıq, doğru-düzgün seçkini bəri başdan yolverilməz edir!!
Ortada bir “kürü diplomatiyası” anlayışı var. Bu yalnız batılı kimsələrin kürü yemək, kürü əldə etmək istəyinə bağlı anlayış olsaydı, keçmək olardı. Yox, “kürü diplomatiyası” kod adı altında ortaya çıxan anlayışın arxasında yalnız verənlə alanın – əliyevçi rejimlə batılı deputatların, diplomatların, dövlət adamlarının eləcə kürü yemək istəkləri dayanmır; Batının yüz illərdən bəri Azərbaycanı kürü kimi yeyib udmaq istəkləri, başqa cür desək, İŞĞAL istəkləri dayanır. Baxın, o boyda Batıda biz indiyədək “kürü, dollar diplomatiyasına” qatılmayan, bulaşmayan, bu diplomatiyadan kəsinliklə üz döndərən vur-tut bir neçə adam tanıyırıq: Qross, Herkel, Ştrasser. Azərbaycan demokratları, Azərbaycan xalqı olaraq ONLARA, demokratik dəyərlərə sonadək bağlı qalan O sayaq kimsələrə sayğılarımızı, sevgilərimizi sunuruq. Qross, Herkel kimilərinin Azərbaycandan uzaqlaşdırılması, görəv borcunu yerinə yetirməli olan Ştrasserin biryolluq Azərbaycana buraxılmaması faktı onların arxasında duran (durmalı olan!) qurumların, dövlətlərin gücsüzlüyündən daha çox bir sıra gizli siyasətlərə bağlı görsənişlərdir. Tək-tək Qross, Herkel, Ştrasser kimiləri o siyasətlərdən uzaq duranlar, o siyasətlərə qatılmayanlardır. Bu yerdə biz amerikalı keçmiş diplomat Rebekka Vinsentin adını çəkməyə bilmərik. Rebekka xanım Azərbaycanın demokratikləşməyi yolundakı ardıcıl, prinsipial çalışmaları ilə tanınır. Buna görə biz ona sayğımızı, sevgimizi sunuruq. Başda Cerald Knaus olmaqla biz “Avropa Stabillik Təşəbbüsü” qurumunun istər seçkiöncəsi, istərsə də seçkisonrası çalışmalarını, ayrıca olaraq “kürü diplomatıyası” ilə bağlı rejimə yönəlik gerçəkçi açıqlamalarını, 9 oktyabr seçkisinə obyektiv yanaşmalarını yüksək dəyərləndirir, demokratiyanı qoruyub genişləndirmə yolunda sərgilədikləri prinsipiallığa görə onlara da sayğımızı, sevgimizi sunuruq.
Mən AŞ PA-ın stenoqramları ilə tanışam. Əliyevçi ANTİDEMOKRATİK rejimi qoruyub saxlamaq baxımından AŞ PA sesiyalarındakı Azərbaycanla bağlı dartışmaların, danışmaların, demək olar, hamısında İngiltərə, Rusiya, Türkiyə deputatları hamılıqla əliyevçi rejimi qorumağa qalxırlar. Ərdoğan hökumətinin əlaltı, satqın hökumət olduğu bizə bəllidir. Antidemokratik Rusiyanın imperialist istəkləri, yaradıcılarından, dayaq duranlarından olduğu əliyevçi rejimlə bağlılığı da bizə bəllidir. Bəs DEMOKRATİK İngiltərə? Gəlin bu yerdə İngiltərə deməyək, Böyük Britaniya deyək – sınırlarını Azərbaycanadək uzatdığına, Azərbaycanı 1993-cü ildə başlıca sponsor-törətdicilərindən olduğu çevriliş sonrası Əliyevlərin əlilə İŞĞAL etdiyinə, özünün yeni İŞĞAL zonasına çevirdiyinə görə! (Bəlli olduğu kimi, ingilislər Azərbaycanda yalnız neft-qaz, qızıl-gümüş yataqlarına yiyələnməklə yetərlənməyiblər, onlar indi ölkədə bir çox başqa alanları, deyək, pambıqçılığı da ələ keçirməyə girişiblər. İngilis dövləti hər il Azərbaycandan daşıyıb apardığı milyardlara görə qurdğu, arxasında dağ kimi durduğu əliyevçi rejimə borclu olduğunu gözəl bilir. Bilir, bildiyinə uyğun siyasət yürüdür, yürüdəcək).
H.Əliyevin başçılığı ilə törədilmiş 1993-cü il çevrilişində başlıca yer alan dövlətlərə baxin: Amerika-İngiltərə; Rusiya-İran; quyruqda Süleyman Dəmirəl Türkiyəsi. Bəlli olduğu kimi, dünyada birinci birlik – Amerika-İngiltərə birliyi – demokratik, ikinci birlik – Rusiya-İran birliyi – antidemokratik sayılır. Bilindiyi kimi, bunlar düşmən birliklərdir, ancaq bir-birinə baxışda düşmən birliklərdir, Azərbaycana baxışda belə deyil. Azərbaycana baxışda onlar çox asanlıqla əlbir, dilbir ola bilirlər. 1993-də də belə oldu, 2003-də də belə oldu, 2013-də də. Ürəkdən sevərək QARDAŞ adlandırdığımız Türkiyə çoxdan bəlli kvartet (Amerika-İngiltərə, Rusiya-İran) arasında yer almaqla oyuncaq dövlətə, özümlü politik “bufer zonaya” çevrilib.
Dəyişən ritorika axarında dəyişməyən siyasətlər
ABŞ-ın, Avropanın əliyevçi antidemokratik seçkilərlə bağlı çoxillik dəyərləndirmələri belə olurdu: “demokratiya yolunda irəliyə doğru daha bir addım”. Demokratik normaların tapdanması baxımından bir-birindən ötə gedən saxta heydərizm seçkilərini belə saxtakarcasına dəyərləndirmələr diktatura yolunda İRİ ADDIMLARLA, inamla irəliləyən əliyevçi rejim üçün qlobal stimul rolunu oynayırdı. Biz qabaqlar ata-oğul Əliyevlərin çoxsaylı yalanlar, demokratiya imitasiyası yoluyla Batını, batılı politikləri aldatdıqlarını düşünürdük. Biz çox-çox illər öncədən Batının hiylələrinə aldanmamağa çağırmaqla bizi ayıq salmağa çalışan Asif Ataya deyil, təkcə 20-ci yüzildə Azərbaycan demokratiyasına dönə-dönə dönüklük etmiş, Azərbaycan demokratiyasını dönə-dönə özünün gizli-açıq istəklərinə, imperialist planlarına qurban vermiş Batıya inandıq. Bu baxımdan indiki uğursuz, acınacaqlı duruma düşməyimizin başlıca suçlusu bizi dönə-dönə aldatmış Batı deyil, bir çox keçmiş gerçəkləri bilə-bilə, Asif Atanın uyarılarını saymazdan, görməzdən-bilməzdən gələrək KÖNÜLLÜ aldanmaya yuvarlanmış biz özümüzük!
Tarixə qısa ekskurs
20-ci yüzilin başlanğıcında Azərbaycan xalqı birdən-birə üç demokratik Respublika qurdu: Azərbaycan Türk Demokratik Respublikası; Araz – Türk Demokratik Respublikası; Qars Demokratik Respublikası (başqa adı: Batı-Güney Qafqaz Respublikası). Nə oldu? O çağlar ANTANTA mandatı altında Qafqazı tutmuş ingilislər Kerzon planına uyğun olaraq (Kerzon İngiltərənin dış işlər baxanı idi) Qars-Naxçıvan bölgəsində erməniləri təpədən dırnağa yaraqlandırıb türklərin (azərbaycanlıların) ov tüfənglərini belə, əllərindən almaqla (20-ci yüzilin başlanğıcındakı bu ingilis praktikasından 20-ci yüzilin sonlarında ruslar Dağlıq Qarabağda yararlanmışdılar) qanlı qırğın yoluyla, Azərbaycanla Türkiyə arasına, planda göstərildiyi kimi, “xristian erməniləri yerləşdirmək”lə, Rusiyanın yaxından yardımı ilə ermənilərə dövlət yaratmağa girişmişdilər. Kerzon planı istər Araz – Türk, istərsə də Qars Respublikasına yaşama hüququ tanımadığından ingilis ordu komandanlığı hər iki Respublikanı darmadağın etdi.
İngiltərə hökumətinin türkə düşmən siyasəti Bakıda da özünü göstərirdi. Bakıda ingilis generalı Tomson komandanlıq edirdi. Tomson Azərbaycan Demokratik Respublikasını tanımaq üçün bir sıra qoşullar irəli sürmüşdü. Bunlar başlıca olaraq antitürk xarakterli qoşullar idi: Respublikanın üstündən Türk adı götürülməli; Türkiyə bayrağına bənzəyən ay-ulduzlu qırmızı bayraq dəyişdirilməlidir. Bir yandan ingilis-rus güclərinin, o biri yandan onların arxa durduğu erməni-daşnak bandalarının basqısı ilə üzləşən ADR hökuməti qoşulları yerinə yetirməli oldu: ad götürüldü, bayraq dəyişdirildi! Yeri gəlmişkən, 1993-cü ildə ingilis-rus güclərinin törətdiyi çevriliş yoluyla hakimiyətə gətirilən Heydər Əliyevin ilkin siyasi addımlarından biri bizim Türk adımızı üstümüzdən götürmək oldu; görünür, çevrilişqabağı danışıqlarda neft-qaz resursları, Qarabağın ermənilərə verilməsi ilə yanaşı, belə bir öhdəlik də götürülübmüş.
Qısası, Batının Azərbaycana yüz il qabakı yanaşmaları ilə indiki yanaşmaları arasında çoxlu oxşarlıqlar var. Yüz il qabaq da Batının Qafqaz siyasətində Azərbaycan, Azərbaycan Türkləri özümlü – batısayağı dışlanma durumunda idilər; özümlü bir yadlama, dışlama siyasəti ilə üzləşmişdilər…
Batının bizə yüz il qabaqkı, indiki çox yumşaq desək, YAD yanaşması daha çox bizim dörd “alın yazımıza” – dörd faktora bağlıdır: Türklük, Müsəlmanlıq, Neft-qaz, Geopolitik durumumuz.
Çoxillik “demokratiya yolunda irəliyə doğru daha bir addım” tezisini ən çox jurnalistlərin gülüş obyektinə çevirmələri sonucu olaraq, əliyevçi rejimin bütünlüklə saxtalaşdırdığı seçki sonrası (9 oktyabr 2013) Amerika-İngiltərə, eləcə də kontinental Avropa liderlərinin seçki ritorikasında özünüqoruma xarakterli iki dəyişiklik baş verdi: 1) “demokratiya yolunda irəliyə doğru daha bir addım” adlı çoxillik yalan arxivə göndərildi; 2) liderlər saxta yolla üçüncü yol prezidentliyə yiyələnmiş İlham Əliyevi birbaşa qutlama-təbrikdən çəkindilər. Bu, azacıq da olsa, demokratik prinsiplərə yönəlik ritorika dəyişikliyində, sözsüz, satılmamış demokratik dünya qurumları, obyektiv media başlıca rol oynadı. Söz yox, bu, önəmli dəyişiklik deyil, ancaq belə yerdə deyildiyi kimi: “yoxa lənət”!
ABŞ hökuməti nə deyir, nə demək istəyir?
Batılı dövlət başçılarının göndərdikləri qutlama-təbriklər bizdəki praqmatiklərlə realistlər (bəlkədə, bu yerdə praqmatiklərlə patriotlar qarşılaşdırması daha düzgün olardı) arasında dartışma obyektinə çevrilib. Praqmatiklər praqmatik baxışlarından, merkantil güdüklərindən çıxış edərək batılı dövlət başçılarının qutlama-təbriklərinə öz istəklərinə, güdüklərinə uyğun don geyindirməyə çalışırlar: “seçkini saxtalaşdırdığına görə dövlət başçıları İlham Əliyevi birbaşa təbrik etməyiblər, eləcə, prezidentlikdə qaldığına görə təbrik ediblər”. Soruşmaq gərəkir: bu nəyi dəyişir?
ATƏT-in Demokratik Quruluşlar, İnsan Hüquqları Bürosunun MİNİMUM göstəricilərinə görə, 9 oktyabr seçkisində 58 faiz saxtalaşdırma olub. Gerçək saxtalaşdırma faizinin bundan qat-qat artıq olduğunu Amerika-İngiltərə birliyi başda olmaqla batılı dövlət başçıları gözəl bilirlər. Onların hansı demokratik prinsiplərdən çıxış edərək, İlham Əliyevi yenidən seçki keçirməyə çağırdı? Onlardan kimsə bunu etmədi, belə bir çağırışda bulunmadı. Ancaq onlar hamılıqla balaca qutlama yollamalarında dönə-dönə İlham Əliyevlə, əliyevçi hökumətlə əməkdaşlığa – sıx əməkdaşlığa hazır olduqlarını bildirdilər.
Diktatura rejimi ilə ortadakı açıq mesajlı əməkdaşlıq-əlbirlik qutlama-təbrik onu göndərənlər üçün də, İlham Əliyev üçün də olduqca əlverişlidir – istər o yanda, istərsə də bu yanda yersiz-artıq qıcıq doğurmamaq baxımından. Beləliklə: “nə şiş yansın, nə kabab”. İ.Əliyevə atadanqalma korrupsioner hakimiyəti (atadanqalma korrupsioner komanda ilə birgə) qoruyub saxlamaq gərəkdir. ABŞ-a Azərbaycan kimi doğal resurslarla dolu, geopolitik baxımdan önəmli ölkənin başında duran korrupsioner-antidemokrat kimsəni qoruyub saxlamaq bir yandan gərəkli, o biri yandan əlverişlidir. Bunun niyəsini amerikalı analitik Eli Lovely göstərir: “Diktatorlar özlərini xalqa borclu saymasalar da, dış güclərə borclu sayırlar”. Səudiyyə Ərəbistanındakı Səudlar rejimi ABŞ üçün nə deməkdirsə, Azərbaycandakı Əliyevlər rejimi də o deməkdir: burada ortaq qazanc axarında əməkdaşlıqdan ABŞ da qazanır, Əliyevlər də. İndiki Səudlar rejimini 1973-də ABŞ qurub, o çağdan bu çağa arxasında durub. İndiki Əliyevlər rejimini 1993-də ABŞ qurub, arxasında durub. Bir amerikalı diplomat günlərin bir günü gerçəyi dilinə gətirərək demişdi: “Səudiyyə nefti bizimdir”. Xəzərdən Daşkəsənədək, neft-qaz yataqlarından Çovdar qızıl-gümüş yataqlarınadək Azərbaycanın var-yatırına anqlosaks birliyi yiyələnib. Bu gün anqlosaksların istənilən diplomatı arxayınçılıqla deyə bilər: Azərbaycan bizimdir!
Bir müxalifət jurnalistinin yazdığı kimi: “Qısası, ABŞ-ın seçkiyə verdiyi son qiyməti obyektiv saymaq olar”. Olsun, ancaq istər-istəməz soruşmaq gərəkir: obyektivlik nədir, nədədir? Obyektivlik nəyə, hansı dəyərləndirməyə deyirsiz? Hə, ABŞ-ın seçkini dəyərləndirməsinə: “Biz ATƏT- in Demokratik Quruluşlar, İnsan Hüquqları Bürosunun 9 oktyabrda Azərbaycanda keçirilən seçki ilə bağlı qərarını dəstəkləyir… son illərdə Azərbaycana böyük uğurlar qazandırmış İlham Əliyev hakimiyəti ilə əməkdaşlığa hazır olduğumuzu bildiririk”. Budur ABŞ-ın, ABŞ hökumətinin seçkiyə verdiyi “son obyektiv qiymət”. Beləcə, ABŞ başda olmaqla DEMOKRATİK Batı dövlətləri demokratiyaya da tüpürdülər, demokratiya dəyərlərinin gerçəkləşdiyi ölkədə yaşamaq istəyən xalqa da!
ABŞ-İngiltərə birliyi başda olmaqla Batı dövlət başçılarının, siyasətçilərinin, deputatlarının əliyevçi korrupsioner rejimlə əməkdaşlığı faktiki olaraq korrupsiya əməkdaşlığı, korrupsiya ortaqlığıdır. Dünyanın ən ünlü qəzetlərindən olan NYU-YORK TAYMSda Azərbaycanın bugünkü siyasi rejim gerçəkliyi güzgü-dəyərləndirmə olaraq belə fiksasiya edilir: “Ölkənin yarımfeodal yönətim sisteminin başında cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfi durur”. Bəsdir!
Yox, deyəsən, bəs deyil. Bu yazını yazdıqca arada qəzetlərə baxıram. Bizim bir sıra jurnalist dostlarımız hələ də Morninqstarın qutlamasına, seçki ilə bağlı sonrakı çıxışlarına, eləcə də Barak Obamadan gələn qutlamaya olduğu kimi deyil, öz bildikləri, daha doğrusu, istədikləri kimi yanaşma-yorum sərgiləyirlər. Bu isə açıq-aydın xalqı aldatmaqdır, özü də uzun illərin aldatması. “Obama demək istəyir ki…”, “Morninqstar demək istəyir ki…”, – bu tipli yanaşma-yorumlar. Bilərəkdənmi, bilməyərəkdənmi bütün bu yanaşma-yorumlarda sistemli baxış, sistemli yanaşma, bu baxımdan da sistemli analiz yoxdur. Bu isə istənilən adamı istər-istəməz obyektiv deyil, uzaqbaşı, özlüyündə gərəkli bildiyi sonuclara aparıb çıxarasıdır. Doğallıqla, indilikdə də biz belə bir görsənişlə üzləşirik.
Morninqstarın qutlaması seçkidən çox keçməmiş, oktyabrın 21-də yayıldı. Obamanın qutlaması noyabrın 7-də. Morninqstarın qutlamasında deyilir: “Amerika Birləşmiş Ştatları yeni prezidentlik sürəcində prezident Əliyevlə, Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir”. Obamanın qutlamasında deyilir: “Üçüncü sürə Azərbaycan Respublikasının Prezidenti görəvini yerinə yetirməyə başlamağınızla bağlı Sizə ən xoş diləklərimi yetirirəm. Strateji ortaqlığımız üzrə önəmli işlərlə bağlı danışıqlarımızı sürdürməyi səbirsizliklə gözləyirəm”. İndi biz buna nə yorum verək? Hər iki qutlamada “səbirsizliklə” gözləmə faktı var. Nə gərəksə açıq deyilib: danışıqlarımız danışıqdı: ABŞ Azərbaycanda Sənə (Əliyevlərə, əliyevçi komandaya) güvənir. Obama əliyevçi rejim dönəmində “Azərbaycanın əldə etdiyi uğurlu iqtisadi, sosial yüksəlişi alqışlayır”. Nə böyük yalan! BMT göstəricilərinə görə, Əliyevlər Azərbaycanı dünyanın ƏN BƏDBƏXT ölkələri sırasındadır. Kim yalan danışır: BMT, yoxsa ABŞ prezidenti? Yaşayış minimumunun 119 manat, pensiyaların 120 manat olduğu ölkədə hansı sosial yüksəlişdən danışmaq olar? Bəlkə, müəllimə, həkimə verilən 150 manat donluq sosial yüksəliş faktıdır? ABŞ prezidenti Əliyevlər ailəsinin, əliyevçi korrupsiya komandasının son 20 ildə rüşvət-korrupsiya, oğurluq, soyğunçuluq, monopoliya axarında əldə etdiyi milyonlar, milyardlarla bağlı bəlli bir qrupun ekonomik, sosial yüksəlişindən danışırsa, bu başqa; yalnız belədə biz onun dediyini doğru saya bilərik.
Obamanın İ.Əliyevə çağırışına baxın: “Seçkidən sonra biz Azərbaycanı birləşmə, toplaşma, deyim kimi genəl özgürlüklərə sayğını artırmağa, siyasi plüralizm, məhkəmə bağımsızlığını genişləndirməyə, seçki sistemini gücləndirməyə çağırırıq”. Baxın, bunlar hamısı açıq-aydın əliyevçi diktaturanı alqışlama, əliyevçi diktaturanı legitimləşdirmə faktlarıdır. Burada olmayanı “artırmağa”, “genişləndirməyə”, “gücləndirməyə” çağırış edilir. Arxasında gizli danışıqlar dayanan bu sayaq çoxillik yalançı çağırışlarla ABŞ Azərbaycanı Əliyevlərin əlilə respublikaçı demokratiyadan monarxiyalı diktaturaya gətirib çıxardı. Azərbaycanda 9 oktyabr seçkisini izləyənlərdən biri – dönməz demokrat olaraq tanıdığımız Andreas Qross ATƏT-in dönəm başqanı, Ukraynanın diş işlər baxanı Leonid Kojaranı antidemokratik seçkiyə demokratik don geyindirməyə çalışdığına görə “rejimin satın aldığı uluslararası gözləmçilərin sırasına qatılmaqda” suçlayır. Belədə ABŞ hökuməti, onun prezidenti, Bakıdakı baş diplomatı hansı sırada durur?
A.Qross 9 oktyabr seçkisində baş verənləri gəlib öz gözlərilə görən bir çox avropalıların “deyilməli olanları demədiklərini” bildirir, ardınca da bu fakta aydınliq gətirir: “Demokratiyanın düzəyinin bir az da aşağı düşdüyünü, hakimiyətin qanunsuz ələ keçirildiyini demək onların istəklərinə uyğun deyil”. Bunu demək hamıdan çox Amerikanın (anqlosaks birliyinin!) İMPERİALİST istəklərinə uyğun deyil! Buna görə olmayanı “artırmağa”, “genişləndirməyə”, “gücləndirməyə” çağırış kimi faktlarla manipulyasiyaya əl atılır.
Obama qutlamasında əliyevçi rejimin yaratdığı sabitlik faktına da toxunur. Bu yerdə ABŞ hökumətinə, ayrıca olaraq Obamaya Amerikalı analitik Eli Lovelyin dililə cavab vermək gərəyi yaranır: “Bir adamın (İ.Əliyevin. – X.B.) şıltaqlığından asılı ölkədə uzunsürəli sabitlikdən danışmaq olmaz”. Mənsə soruşuram: bütün demokratik prinsiplərin dışlandığı, dövlət hakimiyətinin, mülkiyət hüquqlarının bir əldə toplandığı ölkədə hansı sabitlikdən danışmaq olar?!
Eli Lovely ABŞ – Avropa liderlərinin Azərbaycanda çox bəyəndikləri sabitlik faktının arxasında dayanan faktoru göstərir: “Enerji sektoruna dış yatırımların axını Əliyev yönətimində olan ŞƏBƏKƏNİN (bunun başqa adı mafiyadır. – X.B.) qoruma-gözətimilə gerçəkləşdirilir”. Beləliklə, bu gün əliyevçi rejimin Azərbaycanda yaratdığı ünlü sabitlik faktının oluşmasında ABŞ-İngiltərə ortaq konsorsiumu bp başda olmaqla Transmilli Korporasiyaların (TNK) ayrıca qatılım payı var. Yeri gəlmişkən, prezident seçkisinə bir il qalmış əliyevçi rejimlə bp konsorsiumu arasında ilginc bir konflikt yaşandı. İ.Əliyev bp-nin neft çıxarılmasını azaltması üzündən Azərbaycanın milyardlarla itkiyə uğrayaraq böyük sorunlarla üzləşdiyini bildirmişdi. Bu bildiriyə bp-nin cavabı çox kəskin olmuşdu. Cavabın sonunda soruşulurdu: “Yeri gəlmişkən, Azərbaycan Dövlət Neft Fondu yaxşı çağlarda ( neftin daha çox olduğu qabaqkı illərdə. – X.B.) yığılmış bir elə pulu nə edib?” Bu, İ.Əliyevin neftdən gələn milyardları oğurlayıb mənimsəməsi faktının barmaqla göstərilməsi idi. Bu, bp-nin İ.Əliyevə açıq uyarısıydı: sən bizim oğurluqlarımıza göz yummasan, biz də sənin oğurluqlarına göz yummayacağıq”. Vikilikis saytının yazdığına görə, bundan qabaq da bp-nin Azərbaycandan 10 milyard dollarlıq neft oğurlaması faktının üstü açılmış, bunun üstündə İ.Əliyevlə konsorsium arasında qalmaqal yaşanmış, 50 X 50-yə uzlaşması ilə sorun aradan qalxmışdı.
Seçkiyə bir il qalmış (2012-ci il) İ.Əliyev-bp qalmaqalının kökündə, bizcə, bu qalmaqaldan bir neçə ay qabaq İngiltərə parlamentinə bağlı vergi araşdırmaları qurumunun bütün dünyada böyük sensasiya doğuran açıqlaması dururdu. Bu açıqlamada ata-oğul Əliyevlərin 1993-2010-cu illərdə Azərbaycandan təkcə ofşor zonalara 48 milyard dollar oğurlayıb ötürdükləri bildirilirdi. Bunun üstündən az keçmiş bp-nin “Azərbaycanı milyardlarla dollar itkiyə uğratdığı” (İ.Əliyev) bəlli oldu. Qarşılıqlı suçlama sonucda seçkiöncəsi (eləcə də seçkisonrası) qarşılıqlı STABİLLİK ƏMƏKDAŞLIĞINA çevrildi: Bakıdan Londona,Vaşinqtonadək. Bura bir az başqa axarda Brüsseli də qatsaq, gözünüzün önünə belə bir reys gətirin: Bakı – London – Vaşinqton – Brüssel reysi. Ancaq bunun hansısa aviakompaniyaya bağlı uçaq reysi olduğunu düşünməyin: bu, bütünlüklə başqa reysdir – bizneslə politikanın çulğaşdığı böyük politik güclərə bağlı ekspress KORRUPSİYA reysi! Elə buna görə də başda Obama olmaqla Amerika –Avropa liderlərinin İ.Əliyevə göndərdikləri seçkisonrası qutlamalar daha çox kommersiya – biznes xarakterlidir!
Bir sıra Avropa qurumları, o sıradan, AŞ PA, Avropa Parlamenti, ATƏT Parlament Assambleyasının gözləmçiləri ATƏT-in Demokratik Quruluşlar, İnsan Hüquqları Bürosunun bildirdiyinin tərsinə olaraq, seçkinin açıq, özgür, düzgün keçirildiyini bildirdilər. Üstəlik, onlar ATƏT-in Demokratik Quruluşlar, İnsan Hüquqları Bürosunun legitimliyini, professionallığını quşqu altına aldılar. Qrossun “əliyevçi rejimin satın aldığı gözləmçilər” dediyi budur! Aldıqlarından çıxış edərək, onlar yalnız saxta seçki ilə bağlı yalan danışmaqla qalmır, bu seçkini olduğu kimi tanıtmağa çalışanları yalançılıqda, legitimlikdən, professionallıqdan uzaq olmaqda suçlayırlar. Getdikləri ölkələrdə bütün seçkiləri satqıncasına dəyərləndirən Rusiya – MDB gözləmçiləri sayaq…
Beləcə, dünyada ekonomik, sosial böhranlardan daha acınacaqlı böhran – demokratiya böhranı yaranır, yaşanır!
Sistemli yanaşma faktoru
Aradan, demək olar, iki ay keçib, ancaq hələ də bizdəki BAŞLICA müxalifət liderləri seçkidən sonra baş verənlərlə bağlı ortaya gerçəkçi-obyektiv baxış qoymayıblar. Amerika-İngiltərə birliyinin, eləcə də başlıca Avropa qurumlarının – AŞ PA-nın, Avropa birliyinin Azərbaycanda bir daha demokratiyanı özlərinin Neft-Qaz istəklərinə, Geopolitik istəklərinə, qısaca desək, İŞĞALÇI-İmperialist istəklərinə qurban verməklə ölkədə əliyevçi diktaturanın daha da güclənməsinə, daha da sərtləşməsinə, söz – düşüncə özgürlüyünün, insan hüquqlarının daha da boğulub-tapdanmasına yeni stimul yaratdıqları dilə gətirilmir. Dilə gətirilmir – Milli istəklər çoxdan özəl istəklərə qurban verildiyinə görə! Ayrıca olaraq, Avropadan, Amerikadan bir sıra umacaqlara görə!
Buna görə də Amerika – Avropa liderlərinin, diplomatlarının saxta seçki ilə bağlı açıq-aydın saxta dəyərləndirmələrinə saxta yanaşma sərgiləməklə qalmır, kurasiyalarında olan jurnalistləri də bu yola yönəldirlər. Bu yerdə yazının başlanğıcında Morninqstarın sözü gedən qonuşmasına yenidən qayıtmaq gərəyi yaranır. Bu böyük, bütünlüklə xalqımızı aldatmağa yönəlmiş qonuşmada Morninqstarın dilindən bircə dənə doğru fraza çıxıb: “Heç yerdə Azərbaycandakı kimi dadlı meyvə-tərəvəz yeməmişəm”. Qalan dediklərinin hamısı yalandır, xalqımızı tovlayıb aldatmağa yönəlmiş kələk-manipulyasiyalardır. Ancaq bizim bir sıra jurnalist dostlarımız bu qonuşmanı, qonuşmadakı ayrı-ayrı fırıldaqçı frazaları öyüb göyə qaldırdılar; Amerikanın Azərbaycanda yeni demokratiya əkinçiliyinin parlaq örnəkləri kimi! Sən demə, Obamanın qutlamasında olduğu kimi, bu qonuşma ilə də superdemokratik Amerika hökuməti İlham Əliyevin boynuna öhdəlik qoyur: tezliklə bizim yardımımızla yaratdığın diktaturadan bizim yardımımızla yaradacağın demokratiyaya keçməlisən! Bizdəki çox populyar bir uşaq mahnısı yada düşür. Sanlı müxalifətimizin liderləri, onlara yedək jurnalistlər o mahnının sözlərini azacıq dəyişikliklə oxumaqdadırlar: “ Bəh, bəh nə gözəldir bizim ABŞ!”
Morninqstar sözügedən qonuşmasında “seçkinin sonuclarını quşqu altına almırıq” deyərək rejimə alqış başlanğıcından sonra rejimlə, Azərbaycanla, Dağlıq Qarabağla bağlı çoxillik Amerika yalanlarına keçir: “demokratiya, insan hüquqları Azərbaycanla gələcək danışıqlarımızın başlıca bölümü olaraq qalacaq”. Demək, ötüb keçən 20 ildə nə olubsa, o da olacaq: Azərbaycan üçün boş-boş, gərəksiz danışıqlar, Əliyevlər üçün, Amerika ilə yandaşları üçün Azərbaycanın doğal resurslarına bağlı milyardlarla dollarlıq qazanc!
Morninqstar Azərbaycanla bağlı yaxın gələcəkdəki toparlama əməkdaşlıq perspektivlərini belə göstərir: “Dağlıq Qarabağ, terrorçuluqla çarpışma, Əfqanıstanla bağlı əməkdaşlıq, geosiyasi sabitlik, enerji işləri, , iqtisadiyatın şaxələndirilməsi, neftdən ayrı sektorun gəlişdirilməsi” Qısası, ötən 20 illik keçmiş… Gələcək əməkdaşlıqdan ağızdolusu danışan Morninqstardan seçkisonrası siyasi məhkəmə proseslərindən tutmuş yeni repressiyalara, rejimin diktaturanı bərkitmək yönündə yeni çalışmalarınadək nə soruşulur, o, dönə-dönə qısa, oxşar ayıtmalarda bulunur: “yaxından izləyirik”, “çox ümid edirik”, “hökumətlə əməkdaşlığı sürdürəcəyik”, “məhkəmələrin doğru-düzgün qərar çıxaracağına inanırıq”… Morninqstarın son bir ildəki çoxsaylı çıxışlarına baxdım: baxış-yanaşmalar da, leksikon da dəyişməz qalır. O, indiki çıxışında dönə-dönə Obamanın qutlamasına qayıdir: “çox önəmli məktub idi”, “çox yaxşı düşünülmüş, birbaşa prezidentə ünvanlanmış məktub idi”; “düşüncəmcə, bu məktub ABŞ hökumətinin yüksək rütbəli rəsmilərinin Azərbaycanla bağlı baxışını, düşüncələrini çox düzgün yansıdır”; “məncə, məktub çox aydın idi”.
Sonra diplomat məktubun içinə girir: “Məktubda Azərbaycan prezidentinə, xalqına prezidentin üçüncü sürə görəvə başlaması ilə bağlı ən yaxşı diləklər dilə gətirilirdi”. Obama çıxışlarının birində vurğulamışdı: “Hansı yollarlasa öz prezidentlik dönəmini uzadan dövlət başçıları demokratiyanın düşmənidir”. Bəlli olduğu kimi, demokratiyanın düşməni sayılan dövlət başçısı Xalqın düşməni deməkdir. Bu baxımdan “ABŞ hökumətinin ən yüksək rütbəli rəsmilərinin”, eləcə də Obamanın saxta seçki yoluyla özünü üçüncü dönəm prezident seçdirmiş İ.Əliyevlə birgə xalqımıza “ən yaxşı diləkləri” Morninqstarın özünün də dediyi kimi, “çox yaxşı düşünülmüş”… Azərbaycan xalqını gülüb ələ salmağa yönəlmiş qutlama-məktubdur. Seçkidən düz bir ay qabaq müxalifət qəzetində “Hakimiyətlə ABŞ arasında qarşıdurma” adlı hay-küylü yazı getmişdi. Adından da göründüyü kimi, yazıda ABŞ-la əliyevçi rejim arasındakı “kəskin qarşıdurmadan” danışılırdı. Önəmlisi, gerçəklik görsənişi yazı deyil, yazıya verilən şəkil idi. Şəkildə yanaşı dayanıb əl-ələ tutan İlham Əliyevlə Barak Obama ürəkdən gülürdülər. Görünür, başqası, yazının xarakterinə uyğun olanı tapılmadığından belə bir şəkil – “demokratiya düşməni” ilə “demokratiya dostunun” qardaşlıq-əməkdaşlıq görsənişi sayılacaq bir şəkil vermişdilər. Sözügedən qutlama-məktub da, bir çox başqa görsənişlər də o şəklin simvolik xarakter daşımadığının danılmaz doğrulamasıdır!
Morninqstar deyir: “Hamı Birləşmiş Ştatların necə bir ölkə olduğunu anlamalıdır. ABŞ demokratiyaya, İnsan hüquqlarına önəm verən bir ölkədir. Ancaq Azərbaycanla ( oxu: əliyevçi diktatura rejimi ilə) işləməli olduğumuz başqa alanlar da var”. Diplomat bunu ötüb keçən 20 ildə Azərbaycanı demokratiyadan diktaturaya gətirb çıxaran bir rejimlə ABŞ-ın 20 illik sıx əməkdaşlığına don geyindirmək üçün deyir. Böyükelçi prezident Əliyevin, Əliyev hökumətinin getdikcə “yaxşılaşdığını”, “insanların yaşamına yersiz soxulmaları azaltmağın, aradan qaldırmağın gərəkliyini anladığını” anladır. O bunu prezidentlə, hökumət adamları ilə apardığı danışıqlardan sezib. Ölkədə baş verənlər: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya kimi neqativ görsənişlərin açıq-aydın dövlət siyasətinə çevrilməyi, dövlətin bütünlüklə kriminallaşmağı bir yana, prezidentin, hökumət adamlarının gerçəklikdən uzaq yalanları bir yana, ABŞ-a gerçəyə deyil, yalana inanmaq əl verir. Axı, o yalanların arxasında ABŞ-la 20 ilin sıx əməkdaşlıq subyektləri dayanır. Onlara – hakimiyətdə qalmaq üçün bütün ölkədən keçən o adamlara – inanmamaq olarmı?! Nə olsun NYU-YORK TAYMS qəzeti onları belə dəyərləndirir: “Ölkənin yarımfeodal yönətim sisteminin başında cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfi durur”. Çox gözəl, biz dünyanın hər yerində belələrini axtarıb hakimiyətə gətirmirikmi, yiyələndiyimiz ölkələrdə belələrindən hakimiyət komandası formalaşdırmırıqmı?!
Aqressiyaya uğrayan Azərbaycana yardımların qarşısını almaq üçün bu ölkəyə qarşı 907 yasaqını çıxaran ABŞ hökuməti aqressor “Ermənistana” hər il üç yüz – beş yüz milyon dollar arası yardımlar edir (özünün forpostu saydığı bu ölkəyə Rusiyanın milyardlarla dollarlıq yardımlarının üstündən!) Azərbaycan xalqını qanlı qırğın yoluyla doğma torpaqlarından qovub çıxarmış “DQR” ermənilərinə – erməni separatçılarına ABŞ hökuməti hər il 20-25 milyon dollar arası yardım ayırır. Sonra da “Dağlıq Qarabağ probleminin çözümü üçün” bizi dartıb ermənilərlə bir nasa arxasında oturdur. Qabaqca aqressoru, separatçını yetərincə gücləndirib qudurdur (Rusiya, Fransa kimi erməniyönlü yandaşlarla birgə), sonra bizi onlarla dinc barış danışıqlarına sürükləyir. Qabaqca Azərbaycanda xalqı acımasızca əzən despotik rejim qurur, sonra separatçı erməniyə: “İstəyirsən, bununla barış”, – deyir.
Seçki öncəsi Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda yanacağı ucuzlaşdırdı. ARDNŞ prezidenti bu faktla bağlı belə açıqlama vermişdi: “Gürcüstan əhalisinin tələbini nəzərə alaraq şirkət bir müddətlik dizel yanacağının qiymətini aşağı salmaq qərarına gəlib”. Bolşevik-komunist hakimiyətinin ilk illərində olduğu kimi, Gürcüstanda yanacaq yenə də Azərbaycanda olduğundan ucuzdur. O çağlar o siyasətin arxasında Rusiyanın bolşevik-komunust hökuməti dayanırdı, indiki siyasətin arxasında ABŞ hökuməti dayanır. 2006-cı ildə Konqresdən keçmiş Luqar qanununa – “Gənc demokratiyalara yardım qanununa” uyğun olaraq Azərbaycan gənc demokratiyalara, indilikdə Gürcüstana yardım etməyə borcludur. Bu qanun Gürcüstan əhalisinin Azərbaycandakı əliyevçi antidemokratik rejim qarşısında istədiyi “tələbi” qoyub gerçəkləşdirməsinə stimul yaradır. Bəlli olduğu kimi, canı çıxsa belə, Azərbaycan əhalisinin özgə hökumət bir yana, öz hökuməti qarşısında da hər hansı “tələb” qoymaq hüququ yoxdur. Bu hüquq onun əlindən birləşmiş iç-dış antiAzərbaycan güclərinin əlilə alınıb! (İstər-istəməz yada N.Nərimanovun MK-ya – Stalinə göndərdiyi məktub (24 dekabr 1923-cü il) düşür. N.Nərimanov o məktubda Azərbaycan ƏHALİSİNİN ağır sosial-ekonomik durumundan, Azərbaycanda çıxarılan yanacağın Gürcüstanda Azərbaycandakından ucuz satıldığından gileylənir. Nə dəyişib?!
Morninqstar ABŞ-ın Azərbaycanda ekonomik diferensiasiya (ayırma, bölmə) istəklərindən, aqrar sektoru gəlişdirmək planlarından çox danışır. Bunlar da diktatura rejiminə yeni kart-blanş verəndən sonra xalqı aldatmağa yönəlmiş yalanlardır. Demokratik normalara uyğun hakimiyət bölgüsünün olmadığı, bütün hakimiyətin bir əldə toplandığı rejimdə hansı ekonomik ayrılma-bölünmədən danışmaq olar? Qabaqca gerçək siyasi reforma aparılmalı, hakimiyətin bölünməsi prinsipi gerçəkləşməlidir… Professor Cəmil Həsənli teledebatda nə demişdi: “Ölkədəki korrupsiya – monopoliya sisteminin başında prezident İlham Əliyev durur”. ABŞ hökuməti əliyevçi Azərbaycan gerçəklərini “görmədiyi” kimi, professor Cəmil Həsənlinin çıxışlarını da “eşitməyib”. Aqrar sektora gəlincə, ABŞ Əliyevlərin 20 il boyunca aqrar sektoru necə, niyə darmadağın etdiyini gözəl bilir – Azərbaycanın çox gəlirli aqrar sektoru xalq üçün böyük dirçəliş – yüksəliş faktoru olduğu kimi, bir də yüksək demoqrafiya faktorudur. Bunlar iç – dış antiAzərbaycan güclərinin nəyinə gərəkdir?!
Bütün əldə etdikləri – ölkədəki başlıca gəlir qaynaqlarına təkbaşına yiyələnməsi az imiş kimi, İ.Əliyev , üstəlik, Sumqayıtda 17 zavodu “Texnologiya parkı” adı altında birləşdirərək ailəsinin adına keçirib. Üstəlik, əlaltı parlamentdən qanun keçirməklə bu 17 zavodu 7 illiyə vergidən yayındırıb. Bu da sənə “iqtisadiyyatın ayrılması-bölünməsi”! İndi get ayır görüm, necə ayırırsan…
ABŞ-ın Azərbaycanda “aqrar sektoru gəlişdirmək” planlarına gəlincə, İ.Əliyev son illərdə Ölkənin əkinə yararlı min hektarlarla torpaqlarını yaxın çevrəsi ilə birgə ələ keçirib (Azərsun, MKT, Şəki – İpək, Otena kimi adlar altında). Dövlət büdcəsindən aqrar sektora yönəlik ayırmalar beləcə İ.Əliyevin atadanqalma “Dövlət mənəm!” prinsipi ilə bir cibdən başqa cibə ötürülür. Nə olacaq? Yoxsa ABŞ ələ keçirdiyi başqa ölkələrdə etmədiyini, özəl istəkləri baxımından etmək istəmədiyini burada – Azərbaycanda edərək milliləşdirmə siyasəti yürüdəcək? Buna yalnız ABŞ-ın kolonializm siyasətinə yetik olmayanlar inana bilərlər!
Morninqstarın “ABŞ demokratiyaya, insan hüquqlarına önəm verən ölkədir” tezisi üzərində ayrıca dayanmaq gərəkir. Demokratik ABŞ-ın 2003-cü ildə hakimiyəti atadan oğula ötürmək üçün İngiltərə, Rusiya ortaqlığında (quyruqda Ərdoğan Türkiyəsi) nələr etdiyi, hansı kələklərə əl atdığı, nə oyunlardan çıxdığı (başlıcası, xalqımızın başına açdığı Klivlənd oyunu) unudulmayıb. ABŞ-la Rusiyanın başında durduğu o çağkı seçki oyunundan – seçki saxtalaşdırmasından sonra Almaniyanın ən ünlü qəzeti belə bir başlıq vermişdi: “ABŞ Azərbaycanda demokratiyanı neftə qurban verdi”. ( O çağlar mən ABŞ-ın Azərbaycanda demokratiyanı neftə qurban verməsilə bağlı bir neçə yazı yazdım. Müxalifət liderlərindən biri mənim yazılarımın çapına yasaq qoymaqla qalmadı, aramızdakı uyğun toqquşma üzündən əlalti jurnalistlərindən birinə məni “antiAmerika isterikasına” uymaqda suçlayan yazı da yazdırdı. Bəlli liderin bir çox başqa əlaltı jurnalistləri kimi, o jurnalist də indi əliyevçi düşərgədə yer tutur). Kimlərsə məni bu yazıya görə də “antiAmerika, antiAvropa isterikasına” uymaqda suçlaya bilərlər. Olsun. Bu onlara daha bir qrant gətirəcəksə, buna görə ABŞ, Avropa onlara göz yetirəcəksə, qoy Azərbaycan müxalifətinin bütün liderləri məni “antiAmerika, antiAvropa isterikasına” uymaqda suçlasınlar – aradan bunca amerikalı, avropalı “ilginc” illər keçəndən sonra belə!
Ortadakı quruluş – sovet sosial-ekonomik sistemi dağıdıldı, onun yerində nə olduğu bilinməyən … dağıdıcı sistem quruldu! Yox, bilinir: ona VƏHŞİ KAPİTALİZM deyilir!..
Ola bilsin, indiki durumla, seçkisonrası, ABŞ-ın demokratiya yanlısı olması ilə bağlı Azərbaycanda quşqu yayılması, geniş düşüncə paylaşması üzündən Amerikanın Azərbaycandakı keçmiş böyükelçisi Mətyu Brayza da dövrəyə qoşulub: “Bilirsiz – demokratiya, insan hüquqları bizim dəyərlərimizdir. Biz bu dəyərləri yüksək tuturuq, partnyorlarımızın da (indilikdə İ.Əliyev. – X.B.) bu dəyərlərə sayğı göstərmələrini diləyirik”. Morninqstarın öncə dediyini Brayza da deyir: “Bizim Azərbaycanla yandaşlığımız üç prinsip üzərində qurulub: demokratiya, energetika, güvənlik”. Yeni, yeni olduğu üçün də çox ilginc sıralamadır. Brayza başda olmaqla indiyədək Azərbaycandakı, Azərbaycana gəlib-gedən bütün ABŞ diplomatları demokratiyanı sıralamanın sonuna salırdılar, indi, İ.Əliyevin üçüncü dönəm prezidentliyinə kart-blanş verdikdən sonra, demokratiyanı önə keçirirlər. Söz yox, bu da bizi aldatmaq, tovlamaq üçündür.
Brayza Morninqstarla Mehdiyev arasındakı müxalifət liderinə 25 faiz səs yazmaq faktına da toxunur, “ola bilməz” deyir: “Biz bütün dünyaya demokratiyanı, qanunun üstünlüyünü aşılayırıqsa, özümüz bu prinsipləri necə poza bilərik?” – deyə bizi böyük, gözgörəti yalana inandırmağa çalışır. Biz R.Mehdiyevə yerli-dibli inanmasaq da, bizə bəlli bir çox faktlardan çıxış edərək, onun ortaya çıxardığı 25 faiz söhbətini olmuş sayır, fakt kimi dəyərləndiririk. Brayza daha bir ilginc söyləmədə bulunur: “Mən də böyükelçi olanda Azərbaycanın başçıları qarşısında demokratiya məsələsini sürəkli qaldırırdım”. ABŞ 20 ildir Azərbaycanda bu sayaq “qaldırımlarda” bulunur, demokratiyanı, insan hüquqlarını özünün “alınıb-satılmaz” dəyərlərinə çevirməyə çalışır, ancaq, nəsə, nəyə görəsə… alınmır! Bəlkə, bizim xalqımız demokratiya üçün yetişməyib? Yox, sağolmuş Brayza elə demir: “Mən Azərbaycanda işləyəndə sizin xalqınızın demokratiyaya hazır olduğunu gördüm”, – deyir. Bax bunu ABŞ hökuməti görməyib. Bunu görmədiyinə görə də, ABŞ hökuməti Azərbaycanda demokratiyanın perspektivini görməyib. Buna görə də 1993-cü ildə az-çox demokratik hakimiyəti yıxaraq yerində diktator baxışları ilə tanınan KQB generalının hakimiyətini qurmalı olub. Burası ABŞ-ın çoxillik praktikası: Güney Amerikadan tutmuş, Ərəb ölkələrinə, qonşu İranadək. Nikaraquada Somosa diktaturasını ABŞ qurmuş, hakimiyətin atadan oğula ötürülməsinə yardımçı olmuş, sonadək ona arxa durmuşdu. İndiki Səudlar diktaturasını 1973-cü ildə Səudiyyə Ərəbistanında çevriliş yoluyla ABŞ qurmuşdu. İran neftinə yiyələnmək üçün ABŞ 1953-cü ildə İranda demokratik Müsəddiq hökumətini devirmişdi.
İlginc bir fakt: ABŞ-ın çəkdiyi cızıqdan qırağa çıxdığı üçün Panama prezidenti Noryeqa kabinetindən oğurlanıb (1981-ci ildə) Amerikaya aparılmışdı. ABŞ az qala 20 ildi demokratiya düşməni R.Mehdiyevlə “çarpışma” aparır. Ha çalışır, onu görəvdən düşürməyə gücü çatmır…
ABŞ dövlət katibi Kondoliza Rays 2005-ci ildə demişdi: “ABŞ Yaxın Doğuda 60 il (altmış il!!!) demokratiyanı sabitliyə qurban verdi. İndi, aradan 60 il keçib, ancaq ortada nə demokratiya var, nə də sabitlik”. Azərbaycandakı parlament seçkisi qabağı deyilən bu sözlər bizi çox sevindirmişdi. ABŞ elə onda, Raysın bu açıqlamasından az sonra, Azərbaycanda demokratiyanı bir daha… satdı!
2008-ci ildə, ABŞ prezidenti oğul Buşun İslam dünyasını çox qıcıqlandırmış aqressiv siyasətlərini malalamaq üçün atası müsəlman olan Barak Obama prezidentliyə gətirildi. Obamanın seçkidən az sonra baş tutmuş Qahirə çıxışı “ABŞ hökumətinin ən yüksək ranqlı rəsmilərinin baxışlarını yansıdırdı”. Obama ABŞ hökumətinin bundan belə dünyanın hər yerində demokratiya ideallarına bağlı qalacağını bildirmə axarında demişdi: “ABŞ 1953-cü ildə Müsəddiq hökumətini devirməklə yanlışa yol vermişdi”. Hacaqsa bir ABŞ prezidenti yüksək tribunadan belə deyəcək: 1993-cü ildə ABŞ-ın AXC hakimiyətini devirməyi yanlış idi; 2003-cü ildə ABŞ-ın Azərbaycanda hakimiyəti atadan oğula ötürməyi yanlış idi; 2013-cü ildə İ.Əliyevn üçüncü dönəm prezidentliyinə ABŞ-ın qol qoyması yanlış idi… Ortada yanlış olmayan bir görsəniş var: ABŞ-a arxalanan əliyevçi diktaturadan ABŞ da qazanır, Əliyevlər də! İtirən Azərbaycandır, Azərbaycan xalqıdır…
İlin başlanğıcında Morninqstarın “Amerikanın səsi” radiosunda qonuşması yayılmışdı. Ondan İ.Əliyevin üçüncü dönəm prezident seçilmək istəyi ilə bağlı nə düşündüyünü soruşmuşdular. O demişdi: “Bizim üçün başlıcası seçkinin doğru-düzgün, açıq keçirilməsidir”. Diktatura rejimində “doğru-düzgün, açıq seçki”! Kimi aldadırsız: özünüzü, yoxsa bizi? “Kimin prezident olacağını Azərbaycan xalqı seçəcək. Çox ümid edirik: seçkidən sonra biz seçkinin doğrudan da özgür, düzgün olduğunu deyə biləcəyik”. Dedilər: seçki sürəci başa çatmadan “səbirsizliklə gözlədikləri” əməkdaşlıq çağırışları ilə. Elə bil İlham Əliyev harasa qaçacaqdı, harasa qaça bilərmiş…
Xalqın seçiminə gəlincə, o seçim olanağı ABŞ-ın, Avropanın, Rusiyanın yaxından yardımı ilə xalqın əlindən çoxdan alınıb…
Yenə Brayzanı anmaq gərəkir: “Müsəlman Azərbaycanında yəhudilərin heç bir problemi yoxdur”. Bu, gerçəkdən belədir, ancaq ortada başqa problem var. İsrail dövləti, dünyadakı güclü yəhudi lobbisi (mafiya da demək olardı) əliyevçi rejimlə sıx əməkdaşlıq axarında Azərbaycan xalqının özgürlük, demokratiya istəklərini əngəlləyən başlıca problemlərdən birinə çevrilib. Əliyevçi korrupsioner oliqarxiyanın ünlülərindən olan Z.Məmmədovun oğlu saxta seçki sonrası Nyu – Yorkda siyasətçilərə, diplomatlara 5 çeşiddə yeməklərlə yarım milyon dollarlıq qonaqlıq verdi. Bu seçkisonrası korrupsiya qonaqlığına qatılanlar arasında 13 konqresmen vardı. Yeri gəlmişkən, ABŞ Konqresində 13 yəhudi konqresmen var…
2004-cü ildə ABŞ Ukraynada müxalifətə çoxlu pul buraxıb böyük Maydan olayı yaratmaqla, arxasında birbaşa Putinin dayandığı Yanukoviçin udduğu seçkini Yuşşenkonun uduşuna-uğuruna çevirdi. Cəmil Həsənlinin 9 oktyabr seçkisindəki uduşu… yiyəsiz – arxasız qaldı! 2004-cü ildə Ukraynada olduğu kimi, Azərbaycanda da ABŞ, Avropa birliyi ikinci tur seçki keçirilməsinə çalışmaqla burada da müxalifətin uduşunu gerçəkləşdirə bilərdi. Bilərdi – belə bir istək olsaydı. Batının ünlü REALPOLİTİKASI! – birində gərəkir, birində gərəkmir…
ABŞ – demokratiyaya, insan hüquqlarına önəm verən ölkə
Bu önəmvermənin xarakterini açmaq üçün ikicə fak üzərində dayanmaq yetər: Nikaraqua, Azərbaycan.
Nikaraqua. General A.Somosa 1936-cı ildə ABŞ-ın yardımı ilə dövlət çevrilişi edərək hakimiyətə yiyələnmiş, elə ABŞ-ın yardımı ilə də ölkədə hərbi-polis rejimi qurmuşdu. Nikaraqualı yurdsevərlər A.Somosanı 1956-cı ildə öldürəndən sonra ABŞ hakimiyəti Somosanın oğluna ötürdü. Bu qardaş hakimiyət başında öləndən sonra ABŞ hakimiyəti o biri qardaşa ötürdü. Beləcə, Nikaraquada qaniçən, korrupsioner Somosa ailə diktaturasını 40 il (qırx il!) qoruyub saxlamaqla Amerika imperializmi 40 il Nikaraquanın yeraltı-yerüstü var-yatırını sümürüb aparmışdı.
Oğul Somosa 1974-cü ildə özünü saxta, fırıldaqçı seçki yoluyla yenidən prezident seçdirəndən sonra diktaturaya qarşı hərəkat genişlənmişdi. Somosanın “yaman köpəyoğlu” olduğundan gileylənənlərə ABŞ prezidentinin reaksiyası belə olmuşdu: “Biz bilirik Somosa köpəyoğludur, ancaq o bizim köpəyoğlumuzdur”. Bu, dünyanın bir çox yerlərində ABŞ-ın “çox böyük önəm verdiyi” demokratiya siyasətinin iç üzünü açan, ona aydınlıq gətirən reaksiya-faktdır.
ABŞ-ın Nikaraquada 40 il qoruyub saxladığı diktatura rejimini Milli Azadlıq Cəbhəsi 1979-cu ildə devirmiş, yalnız bundan sonra ölkədə SÜMÜRGƏÇİ ABŞ ağalığına son qoyulmuşdu.
Azərbaycan. 1988-ci ildə böyük, parlaq özgürlük coşqusu ilə meydana çıxan Azərbaycan xalqı “ilin xalqı” titulunu qazandı. Bu, 20-ci yüzilin başlanğıcında bir çox Avropa ölkələrindən, Amerikanın özündən öncə qadınlara seçib-seçilmək hüququ verməklə, eləcə də etnik kimliyindən asılı olmayaraq insan hüquqlarını yüksək tutmaqla ÖRNƏK DEMOKRATİYA yaradan XALQ idi. Bu xalq 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin başçılığı ilə özünün az-çox milli demokratik hakimiyətini qurdu. Bu bir xalqın “Ermənistan”, Rusiya, İran kimi düşmən dövlətlər arasında özünə bir könüldən min könülə seçdiyi demokratik dövlət quruluşu idi. Yardım demirəm, bu dövlətə arxa durmaq demokratiya carçıları olaraq tanınan Amerikanın, Avropanın borcu idi. Bütünlüklə bunun tərsi baş verdi.
Bilirik, Elçibəy güclü prezident deyildi. Ancaq ölkədə demokratiya ayaq tutanadək onu qoruyub saxlamaq olardı. ABŞ ən azı özünün Gürcüstan variantına uyğun Saakaşvili kimi az-çox demokratik düşüncəli birisini Elçibəyin yerinə hakimiyətə gətirə bilərdi. Ancaq… yoxsul Gürsütanla bağlı plan başqa, doğal resurslarla dolu Azərbaycanla bağlı plan başqa idi. Buna görə də aqressor “Ermənistana”, erməni separatzminə, eləcə də ölkə içindəki ANTİMİLLİ, ANTİDEMOKRATİK subyektlərə arxa durmaq, çeşidli yollarla onları gücləndirmək taktikası seçilmişdi. İngiltərə parlamentinin spikerlərindən olan baronessa Keralayn Koks Dağlıq Qarabağa ardıcıl gəlişlərilə Rusiyanın onsuz da arxa durduğu, durmadan gücləndirdiyi erməni separatizminin DEMOKRATİK dayaqlarından, DEMOKRATİK sponsorlarından birinə çevrilmişdi. O biri yandan ingilis emissarlar Politbürodan vurulub salınmaqla geri dönmüş Naxçıvanın ən titullu pensioneri, keçmiş KQB generalı Heydər Əliyevlə onun evindəcə DEMOKRATİK görüşlər keçirirdilər. H.Əliyev o çağlar bir-birilə barışmaz düşmən olan iki blokun ( ABŞ – İngiltərə, Rusiya – İran bloku) Azərbaycanla bağlı ən sevimli subyektinə çevrilmişdi. Dünyada birincisi demokratik, ikincisi antidemokratik sayılan bu iki blokun hər ikisi yağlı tikə saydıqları Azərbaycanı ələ keçirməyə, əlaltı hakimiyət qurmaqla ona yiyələnməyə çalışırdı. Bəlli olduğu kimi, o çalışmaları Süleyman Dəmirəl Türkiyəsini özünün yardımçı-quyruğuna çevirmiş anqlosaks birliyi uddu. İngiltərənin o çağkı baş baxanı Tetçer başda olmaqla anqlosakslardan bir çoxu Azərbaycandakı 1993-cü il çevrilişini bütünlüklə Rusiyanın boynuna yıxmağa çalışırlar. İstər çevriliş öncəsi, istərsə də çevriliş sonrası ortaya çıxan fakt-görsənişlərdən bəlli olduğu kimi, Rusiya 93 çevrilişində anqlosaks birliyindən artıq rol oynamayıb. Burada rollar, hansı düzəydəsə anlaşıqlı, qarşılıqlı olub.
Süleyman Dəmirəlin sonralar bildirdiyinə görə, 70-ci illərdəki despotik yönətim praktikası ilə tanınan KQB generalı Heydər Əliyevin çevriliş yoluyla hakimiyətə gətirilməsində ABŞ başlıca rol oynayıb. 20-ci yüzilin o başında ABŞ imperializminin Nikaraquda törətdikləri ilə qısa tanışlıqdan sonra biz 20-ci yüzilin sonlarından Azərbaycanda baş verənləri ABŞ – İngiltərə birliyinin oxşar İŞĞALÇI-İMPERİALİST siyasətləri kimi dəyərləndirə bilərik – hər baxımdan!
Bir daha demək gərəkir: ABŞ-İngiltərə birliyi Azərbaycanı demokratiyadan diktaturaya, Respublikadan monarxiyaya gətirib çıxardı. 1993-dən Azərbaycanda demokratik gücləri əzib sıradan çıxarma sürəci başladı. Özgürlük, demokratiya idealları ayaq altına atıldı. Ölkədə İŞĞALÇI güclərə bağlı İŞĞAL rejimi qurulmuşdu. İçdən – dışdan onlar Azərbaycanı öz aralarında bölmüş, pay-püşk etmişdilər. Onlar Dağlıq Qarabağ probleminin də, ölkənin doğal resurslarının da faktiki ağalarına çevrilmişdilər – ikisindən birlikdə qazanc götürürdülər. ABŞ, Avropa Azərbaycanda demokratiyanı “dərinləşdirməyə” çox çalışırdılar, ancaq nəyə görəsə bu çalşmalar Azərbaycanı getdikcə demokratiyadan uzaqlaşdırırdı. Nəyə görəsə Azərbaycanda demokratların sayı azaldıqca İrana, Səudiyyə Ərəbistanına bağlı islamçı-vəhabilərin sayı artdı. İllərdir əliyevçi rejim ABŞ-ı, Avropanı “qorxutmaqla” bu faktordan hakimiyətini qoruyub saxlamaq üçün yararlanır.
Nəyə görəsə Azərbaycanda demokratiya işıqları sürəkli sönürkən, demokratiya daşıyıcıları durmadan azalırkən ölkəni bütünlüklə… ABŞ-da oturan Fətullah Gülən NURU bürüyür.
Nəyə görəsə ABŞ Türk ölkəsi Azərbaycanda Heydər Əliyev, Ərəb ölkəsi İraqda Cəlal Təlabani, başqa bir Türk ölkəsi Türkiyədə Tayyib Ərdoğan ağalığı qurur. Nəyə görəsə?
Nəyə görəsə 1918-ci ildə Azərbaycan – Türk torpaqlarında “Ermənistan”, 1948-ci ildə Ərəb torpaqlarında İsrail dövləti yaradan ABŞ-İngiltərə birliyi indi də Türk – Ərəb torpaqlarında Kürdüstan yaradır. Nəyə görəsə? Bəlkə, Türk – Ərəb xalqları iki sönməz konflikt ocağında yetərincə yanmadığına görə?
Bu gün Azərbaycanda dövlət büdcəsinin 85, eksportun 97 faizi neft-qaz resurslarına bağlıdır. Rejim korrupsioner-monopolist xarakterli olduğundan ölkənin milyardlarla gəliri prezident ailəsi başda olmaqla bir ovuc adam arasında bölüşüdürülür. Bütün bunlar azmış kimi nə baş verir: demokratiya adına antidemokratik rejimə yardımlar edilir. Ölkədəki demokratik qurumlara uzaqbaşı qəpik-quruş verilirkən əliyevçi korrupsioner hökumət qurumlarına 1994-2010-cu illərdə çeşidli adlar altında verilən pullara baxın: 1, 8 milyard. Demokratiya yolunda çalışan hüquqçulara qəpik-quruş qrant verən Avropa birliyi Əli Hüseynova – rejimin antidemokratik qanunlarının başlıca yaradıcılarından olan bir adama – ötən il 1,15 milyon dollar qrant verdi. Belə faktlar bir deyil, beş deyil. ABŞ-ın BMT-dəki elçisi xanım Kirkipatrikin bu sözləri Özgürlük, Demokratiya ideallarına bağlılıqla prinsipiallıq göstərilən yerdə necə də dəyərli, necə də gərəklidir: “Biz qarşısını almağa çalışmamaqla yalanın yayılmasına yol vermişik. Bunun ardınca o, siyasətə çevrilib – bu siyasət isə qınanmadığından genişlənib ölümə dönüşüb… Hərdən bütöv bir xalqın gələcəyi bir sözdən asılı olur…” Baxın: Dağlıq Qarabağla bağlı 4 BMT qərarının hələ də gerçəkləşdirilməməsi, əliyevçi despotik rejim yalanlarının qlobal uğurları, ABŞ-ın, AŞ PA-nın, Avropa birliyinin bu azğın rejim qarşısındakı “utancaq” davranışları… Doğrudan da: hərdən bütöv bir xalqın gələcəyi bir sözdən asılı olur, ancaq, illərlə o sözü deyəcək dövlət, qurum, kimsə tapılmır!
Ayrı çağlarda Avropa birliyi, AŞ PA, ABŞ Konqresi, Senatı Azərbaycanda korrupsioner-despotik rejim üzündən antidemokratik seçki ortamının formalaşdığını bildirir, ancaq… hər seçki sonrası belə bir rejimlə sıx əməkdaşlıq çağırışlarında bulunurlar. Onlar az-çox qrant verdikləri qurumların qarşısında da illərlə belə bir qoşul qoyublar: hökumətlə işləməlisən! Ortada normal hökumət olsaydı, kimlərinsə elə bir hökumətlə əməkdaşlıq çağrışlarına gərək də qalmazdı. Antidemokratik, qanunçuluqdan uzaq, repressiv bir hökumətlə əməkdaşlığa çağırmaq anormal görsəniş deyilmi? Belə bir hökumətlə necə, hansı ideallar uğrunda əməkdaşlıq etmək olar? AŞ PA-nın ingiltərəli deputatı Robert Valter Azərbaycanda keçirilən 9 oktyabr seçkisi ilə bağlı hesabat düzəldib. Onun hesabatına görə, “seçki doğru-düzgün keçirilib, İlham Əliyev xalqın 85 faizinin səsini qazanıb. O, Azərbaycanın legitim prezidentidir, bu fakt quşqusuzdur”. Seçkidən azacıq sonra İngiltərənin baş baxanı David Kemeron İ.Əliyevə gizli məktub göndərmişdi. Bu məktubun ardınca bp-nin icraçı direktoru Robert Dadli 40 milyard dollarlıq neft kontraktına qol qoyulması üçün Bakıya gəlmişdi.
ABŞ Konqresinin indiki seçkisonrası qərarına baxın: “Demokratik, stabil Qafqaz ABŞ-ın milli maraqlarına uyğundur. “Doğu yandaşlığı” proqramından yararlanmaqla Avropa birliyi ilə yaxınlaşmaq regionda demokratik dəyərləri, yaxşı dövlət yönətimini, ekonomik olanaqları gəlişdirəcək. Regionda stabillik, ekonomik çiçəklənmə NATO ilə Avropa birliyinin yandaşları üçün önəmlidir”. Bunlar uzun illərdən bəri bizim qulağımızı yağır edən quruca söz yığını, yersiz demokratiya ritorikasıdır.
Seçki öncələri Azərbaycanla bağlı dinləmələr keçirib ortaya kəskin “antidemokratik – korrupsioner – repressiv rejim” dəyərləndirmələri qoyan ABŞ dövlət qurumları (Konqres, Senat, Dövlət Departamenti) seçkisonrası (hər seçkisonrası!) sıx əməkdaşlıq çağırışlarıyla sonuclanan sürüşkən dəyərləndirmələrlə işlərini bitmiş sayırlar. Avropanın başlıca demokratiya qurumları da eləcə. İstər-istəməz belə bir soru yaranır: sonuc bu olacaqdısa, rejimi seçkiöncəsi asıb-kəsmələr nədən ötrüymüş? Senatın seçkisonrası dəyərləndirmə – proqnozuna baxın: “Azərbaycanı uzun yol gözləyir, özəlliklə də, ölkədə bu yaxınlarda keçirilmiş prezident seçkisi ilə bağlı hesabatlarla ilgili”. “Azərbaycanı uzun yol gözləyir…” Lap elə bil əlləriylə qoyublar!
İndiki seçkisonrası ABŞ-da ortaya Azərbaycanla bağlı yenilik çıxarılıb. Ancaq bu, Quzey Azərbaycan deyil, Güney Azərbaycandır. ABŞ Konqresində yeni gündəm aktuallıq qazanır. Konqresdə Güney Azərbaycana özgürlük qazandırmaqdan danışılır, ABŞ hökumətinə bu yöndə çalışma çağırışları edilir. Quzey Azərbaycan xalqının əldə etdiyi özgürlüyü onun əlindən alan bir dövlət Güney Azərbaycana özgürlük qazandıracaqmış!..
Güney Amerikanın bir çox ölkələrini ələ keçirən, çoxillik ağalığı dönəmində tutduğu ölkələri yalnız özünün İŞĞALÇI – İMPERİALİST istəklərinə uyğun soyub-yağmalamağa yönəlmiş sümürgəçi siyasət yürüdən ABŞ bu ölkələrin birində də demokratiyanı, demokratik dəyərləri (qanunun üstünlüyü, insan hüquqları) gerçəkləşdirməyə çalışmayıb. İndi Güney Azərbaycan üçün çalışırlar. Sağ olun, istəmirik! “Əzrayıl bala paylayır”. – “Balama dəyməsin!”
Hindistanın görkəmli dövlət adamı, ölkəsini sümürgəçi ingilis ağalığından qurtarmaq uğrunda uzun illər çarpışma aparmış Cəvahirləl Nehru yazır: “İngilislər, sözsüz, Hindistandan gedəcək, onların Hindistan üzərində ağalığı tarix materialına çevriləcək, ancaq onlar necə bir iz, necə bir ölkə qoyub gedəcəklər?! – Üç il qabaq Taqor (Rabindranat Taqor – Nobel ödülü laureatı. – X.B.) ölürkən bunları qabaqcadan görmüşdü. – “Onlar özlərindən sonraya hansı Hindistanı, necə bir yoxsulluq qoyub gedəcəklər? İngilislərin yüz illik ağalığı bitəndən sonra ölkədə saysız kir-kərmə, bataqlıq qalacaq”!
Bu gün Azərbaycan belə bir yaşantı ilə üzləşib: yoxsul xalq, geniş İŞĞAL axarında varlanıb harınlayan hakimiyət…
1993-cü ildən Azərbaycan amerikan – ingilis – Əliyevlər birliyinin koloniyasına çevrilib. Bizə indi baxıb dəyərləndirmək qalır: hansı üstündür – Rusiya kolonializmi, yoxsa indiki? Burası indi gün kimi aydındır: Rusiyanın bizə 200 ildə etmədiyini indikilər (amerikan – ingilis – Əliyevlər) 20 ildə etdilər: ölkə 200 ildə son 20 ildə olduğu kimi vəhşicəsinə soyulub yağmalanmamış, xalq 200 illik uzun bir sürədə son 20 ildə olduğu sayaq aşındırılıb yolundan azdırılmamışdı. Sovet öyrətim-təhsil sisteminin qazandırdığı böyük intellektual baza dağıdıldı. Yurdsevərlik, passionarlıq kimi dəyərlər… dəyərsizləşdirildi! Mənlik dışlandı, mənliksizlik ödülləndirilib stimullaşdırıldı. Mənliyə tapınmanın yerini pula tapınma tutdu. Öncə Ölkəm!- təpəri öncə öfkəm təpərsiliyinə dönüşdürüldü. Sümürgəçi-imperialist istəklərə uyğun olaraq demokratiya yönətim sistemi yerinə darmokratiya-oliqarxiya yönətim sistemi quruldu…
Biznes hüququnun monopoliyalaşdırılması total ekonomik, sosial-siyasi gözətim altında orta sosial qat yaranmasının qarşısını almaqla müxalifəti, müxalifət liderlərini bir yandan rejimin, o biri yandan Batının dilənçi payına bənzər gizli-açıq yardımlarından asılı duruma gətirib. Beləliklə, yalnız Azərbaycan bir sıra iç-dış güclər arasında işğal obyektinə çevrilməyib, eləcə də müxalifət istər-istəməz bu güclərin özümlü işğal obyektinə çevrilib. Bu isə Azərbaycanın gerçəkdən bütünlüklə bir sıra bəlli iç-dış güclərin işğal zonasına – işğal obyektinə çevrilməsi deməkdir.
Son 20 ildə Azərbaycan Quran – İncil dini başda olmaqla dinlərin, təriqətlərin geniş yayıldığı, Yer üzündə tayı olmayan ayrıca TOLERANTLIQ ölkəsinə çevrilib. İndiyədək gəlir-çıxarını gizli saxlayan Heydər Əliyev fondu son illər ölkədə 30-dan artıq məscid, kilsə, sinaqoq tikdirib – düzəltdiyini bildirir. Azərbaycan bu gün çox böyük uğurla bütün dünya dinlərinin ALINMAZ QALASINA – yarınkı çağların BABİL QÜLLƏSİNƏ çevrilir. İndilikdə çoxları əliyevçi Prezident Administrasiyasından Londona, Vaşinqtonadək uzanan geniş, çeşidli din-təriqət tolerantlığı siyasətinin arxasında nələrin dayandığını bilmir, anlamır.
Son 20 ildə Azərbaycanda “bütün dünyaya örnək” din-təriqət tolerantlığının arxasında hansı iç-dış siyasətlərin durduğunu Keniya Qurucu Dövlət Başqanı Jomo Kenyatta (1894 – 1978) olduqca gözəl anladır: “Batılılar gələndə onların əllərində İncil, bizim əlimizdə torpağımız vardı. Onlar bizə gözlərimizi qapayaraq dua etməyi öyrətdilər. Gözümüzü açırkən, bizim əlimizdə İncil, onların əlində torpaqlarımız vardı”. Yeri gəlmişkən, neft-qaz, qızıl-gümüş yataqlarının ardınca, ingilislər bizim əkinə yararlı torpaqlarımızı da ələ keçirməyə başlayıblar…
Amerika tarixçi-araşdırıcısı Uilyam Blum “Demokratiyanın öldürlməyi: soyuq savaş dönəmində MKİ-nin, Pentaqonun operasiyaları” kitabında yazır: “İstər sovet, istərsə də postsovet dönəmində ABŞ-ın çalışmaları “özgürlüyə, demokratiyaya yardımçı olmağa, arxa durmağa yönəlməyib”.
“Vaşınqtonun bu çalışmaları, – Blum yazır, – Amerikanın neft, hərbi baza, İsraillə bağlı buyruqlarına boyun əyən avtoritar rejimlərə, monarxiyalara arxa durmağa, eləcə də ABŞ-ın politik, ekonomik istəklərinin gerçəkləşdirilməsinə ödünc olaraq, əlaltı hakimiyətləri Pentaqonun, MKİ-nin yardımıyla qoruyub saxlamağa yönəlib”.
Qabaqca MKİ-nin direktoru, sonralar ABŞ prezidenti olmuş ata Buş deyirdi: “İşğal edilən xalq işğala uğradığını duymamalıdır”. Bir sıra iç-dış güclərin əlbir, dilbir çalışmaları ilə Azərbaycanda da bu İŞĞAL “duyulmamaqdadır”. Gerçək ulusalçı-milli liderliyin olmaması, eləcə də qrant asılılığı üzündən Azərbaycan müxalifəti bu DUYULMAZLIQDA ayrıca rol oynayır.
Oğul Buşun komandası ilə bağlı deyilirdi: “Onlar Bibliyanın, dolların, hərbi sənaye kompleksinin, haralardasa saldırqanlığın (intervensiya) köməyi ilə yeni Amerika imperiyası qurmaq üçün hakimiyətə gəliblər”. Bunu oğul Buşun komandası ilə bağlı deyiblər. Başqaları ondan nə ilə seçilir? Başqaları Buş komandasının açıq-açığına yürütdüyü intervensiya-kolonializm siyasətini üstüörtülü yürüdür. Ancaq başlıcası bu deyil, başlıcası intervensiya-kolonializm siyasətinin dəyişməz qalmasıdır.
Nina Xruşşova, Nyu-York universitetinin professoru: “Buş administrasiyası ABŞ administrasiyalarının ən çox ideologiyalaşmış, özünün ritorikasında ən ardıcıl, ən aqressividir. Neokonservatorların siyasəti bütünlüklə uydurma reallıq yaratmağa yönəlib.” Son 20 ildə ABŞ-da dönə-dönə administrasiya dəyişikliyi baş verib, respublikaçılarla demokratlar dönə-dönə hakimiyətə gəlib gediblər, ancaq ritorikalar dəyişsə də, siyasətlər dəyişməyib: hər iki administrasiya (respublikaçı, demokrat) Azərbaycanda ABŞ-a gərəkən intervensiya-kolonializm reallığı yaratmağa yönəlik siyasət yürüdüb.
ABŞ İraqa soxulandan qabaq britaniyalı agentlərdən biri hökumətinə raportunda yazırdı: “Amerika burada özünün siyasətinə uyğun qatmaqarışıq faktlar düzəldir”. Amerika uzun illərdən bəri Azərbaycanda da eləcə siyasətinə uyğun, özünə əlverişli qatmaqarışıq faktlar düzəldir…
Bu yerdə çox önəmli bir fakta da toxunmaq gərəyi yaranır. 1984-cü ildə Pentaqonla Dövlət departamentinin qanadı altında Santa Fe institutu yaradılıb. Bu institutun əməkdaşı, XAOS üzrə ekspert olaraq tanınan Stiven Mənn 2004-cü ildən Avrasiya konfliktləri üzrə ABŞ prezidentinin görəvlisidir. Onun işi SSRİ məkanında bütün qaynar nöqtələrdə olmaqla ABŞ-ın milli maraqlarına qarantiya yaratmaqdır. Stiven Mənn eləcə də prezidentin Xəzər – Qafqaz regionunda “yönətilən xaos” strategiyası üzrə görəvlisidir. O, bugünkü tendensiyaları, uyuşmazlıqları öz istəyinə uyğun yönətməklə gələcək yaradan “sehrbazlardan” sayılır. Bu sayaq faktlarla tanışlıqdan sonra son bir neçə on ildə Azərbaycanda baş verənləri başa düşmək, anlamaq çox da çətin deyil.
Son söz yerinə
İşğalçı rejimlər, sümürgəçi-imperialist güclər-dövlətlər üçün ən qorxulu faktor milli oyanış, milli dirçəliş faktorudur. Buna görə işğal edilmiş, koloniya durumuna gətirilmiş ölkədə sonucda xalqı bölünüb parçalanmaya aparan çeşidli dinlərin, türlü təriqətlərin geniş yayılması stimullaşdırılırkən, sonucda milli birliyə aparan milli oyanış, milli dirçəliş faktorlarını hər yolla aradan qaldırmağa yönəlmiş siyasətlər yürüdülür.
2013-cü ilin başlanğıcında bir-birindən güclü “Əsgər ölümünə son!” aksiyası keçirən gənclikdən, bu gəncliyin hərəkata dönüşən qızğın aksiyalarından qorxuya düşən prezident-ali baş komandan İlham Əliyev hərəkatın genişlənməsinin qarşısını almaq, onu xalqın gözündən salmaq üçün Ölkəyə, Millətə, Dövlətə gərəkli istəklə meydana çıxan gəncliyi “antimilli ünsürlər” adlandırdı, sonra da onları qondarma suçlamalarla tutduraraq hərəkatı darmadağın etdi.
Üçüncü dönəm seçki ilə bağlı bir sıra çətinliklər yaşayan İ.Əliyev başlıca çətinlik faktorunu bacardıqca gözdən salıb neytrallaşdırmaq üçün YAP-ın iyun (2013) qurultayında müxalifəti “ermənidən daha pis antimilli qüvvələr, düşmən, xain, satqın” adlandırmışdı. Bundan vur-tut iki ay sonra (sentyabr) İ.Əliyev dış işlər baxanı E.Məmmədyarovu ayrıca missiya ilə ABŞ-a göndərmiş, ikinci ABŞ-ı Azərbaycandakı demokratik güclərə deyil, hakimiyətin yürütdüyü “siyasətə” arxa durmağa çağırmışdı. E.Məmmədyarov ABŞ hökumətinə İ.Əliyevin mesajını çatdırmışdı: “Hakimiyətə gəlmək istəyənlər millətçi güclərdir, onlar hakimiyətə gəlsələr, bu, Azərbaycanda Qərbin istəklərinə ağır zərbə olar”.
Yeri gəlmişkən, 2001-ci ildə, Heydər Əliyevin sağlıq durumu pisləşən çağlarda, sözsüz, atasının tapşırığı ilə London, Vaşinqton turnesinə çıxan İ.Əliyev istər İngiltərə parlamentində, istərsə də ABŞ dövlət adamları ilə görüşlərində belə bir uyarı-mesajla çıxış edirdi: ”Bizə arxa durmasanız, hakimiyətə milli güclər gələcək!”
Burada göstərilən yığcam faktlar toplusu bizim bir millət olaraq yalnız hansı başlıca sorunlar-problemlərlə üzləşdiyimizi bəlirtməklə qalmır, eləcə də tutacağımız başlıca yolu, aparacağımız başlıca çarpışma yönünü göstərir. Böyük Məhəmməd Əmin deyirdi: “Düşmənini tanı, Milli dirçəlişini yüksəlt – uğur səninlədir!”
Gedəcəyimiz, tutacağımız YOLda dərindən oxuyub mənimsəməklə bizim üç başlıca siyasi-ideoloji yolgöstərənimiz ola bilər: M.Ə.Rəsulzadə, M.K.Atatürk, Asif Ata. Çağırışımız belə olmalıdır: Böyük, Bütöv, Özgür, Demokratik, Çağdaş Azərbaycan uğrunda!
P.S. M.Ə.Rəsulzadənin başlıca olaraq “Milli birlik”, “Panturanizm…” əsərləri öyrənilməlidir.
P.P.S. Kimlərsə bu yazının elə-belə, göydəndüşmə olduğunu düşünə bilərlər. Bildirirəm: bu yöndə illərlə (1996-cı ildən başlayaraq!) yazılar yazmış, konkret faktlardan – siyasi gəlişmələrdən çıxış edərək gerçəyi göstərmişəm, göstərilən gerçəklərə uyğun proqnozlar vermişəm, SORAQLISAN – YARAQLISAN prinsipi ilə ABŞ-Avropa REALPOLİTİKAsının antidemokratik xarakterini açmaqla bizi hara apardığını bəlirtməyə çalışmışam. Özünü anadangəlmə siyasi lider sayanların özünəvurğunluğundan, başqa faktorlar üzündən illərlə saymazlıq oldu; başqasının baxışına, düşüncəsinə sayğısız yanaşmalar sonucda hamımızın – bütövlükdə Ölkənin itkisinə-uğursuzluğuna gətirib çıxardı. İllərlə o sayaq yazıların çapına qadağa qoyuldu (ÇQQ). İllər ötüb, proqnozlar doğrulub: hara gəlib çıxdığımız göz önündədir. Burada o yazıların birini göstərirəm: “ABŞ-ın imperialist maraqları (I,II,III yazı, 5-6-7. 07. 2010).
Bakı, Noyabr, 2013