Xaliq Bahadır. Farsın farsa çevrilmiş Türk yağılığı

İran İslam Respublikası televiziyasında Azərbaycan Türklərinin aşağılanması ilə bağlı Güney Azərbaycan yenidən ayağa qalxdı. Urmiya universiteti öyrəncilərinin başladıqları protes aksiyaları tezliklə bütün Azərbaycanı bürüdü. Protest aksiyaları tezliklə Tehranadək gedib çıxdı. Aksiyaların durmadan genişləndiyindən qorxuya düşən İran Dövlət Televiziya, Radio Şirkəti bildiri yayaraq ”verilişdə səslənən ifadələrə görə” azərbaycanlılardan “üzr” istəyib. Bildiridə deyilir: “6 noyabr tarixində efirə gedən verilişdə yanlışlıq, diqqətsizlik, verilişi hazırlayan şəxslərin düzgün nəzarət etməməsi səbəbindən, Azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycandilli həmvətənlərimizin narahatçılığına, və inciməsinə, şikayətlərin daxil olmasına səbəb olub. Bu səbəbdən də telekanalın yayım direktoru və uşaq verilişləri departamentinin direktoruna işində səhlənkarlığa görə yazılı töhmət veriləcək…” Veriləcək – ayaqlanma daha da yüksəlsə.

Keçmiş televiziya işçisi olaraq bildirirəm: İran Dövlət Teleradiosu adından yayılan bu bildiri başdan ayağa Azərbaycan Türklərini aldadıb yatırmağa yönəlik yalan üzərində qurulub. Teleşirkətin bildirdiyinə görə, Azərbaycan Türklərini aşağılayan bəlli verilişlə bağlı  “diqqətsizliyə”, “səhlənkarlığa” yol verilib. Bu, həyasızcasına yalandır, Azərbaycan Türklərini bir daha aşağılamağa, qanmaz yerinə qoymağa yönəlik yalan! Az-çox televiziya işindən başı çıxanlar bilirlər: istənilən televiziya verilişi oxunub, işlənib, baxılıb bir çox əldən keçməklə efirə gedir. Bu baxımdan “diqqətsizlik”, “səhlənkarlıq” adına deyilənlər, bir daha vurğulayıram, Azərbaycan Türklərini aldadıb yatırmağa yönəlik həyasızcasına yalandır. Ortada düşünülmüş siyasət var: Azərbaycan Türklərini aşağılama, gözdənsalma siyasəti!

“Azərbaycan dilində gedən dialoqlar cəsur və əziz azərbaycandilli həmvətənlərimiz… ”  Televiziya verilişində Türkləri aşağılayırlar, bildiridə “azərbaycandillilərdən” danışırlar. Bu da Türkü aşağılamağa yönəlik belə bir fars kələyidir. Özü də İran İslam Respublikasının dövlət siyasətinə bağlı fars kələyi! Bu kələyin, bu oyunbazlığın arxasında farsların öz istəklərinə,  1925-ci ildən bu yana ingilis ağalarının planlarına uyğun Türkü, Türklüyü danma siyasətləri, planları dayanır: “Sən Türk deyilsən”. 1925-ci ildə İranda min illik Türk ağalığını devirib yerində əlaltı fars hakimiyəti quran ingilislər əlaltılarını dayanıqlı etmək üçün farslara tarix də yazmışdılar – Türkü, Türklüyü dili, kültürü ilə birgə yox sayan tarix! O çağlardan İranda Türk varlığı, Türk tarixi, Türk kültürü danılmaqda, Türklər çeşidli yollarla əridilməkdə, asimilyasiya edilməkdədirlər. Şahlığın yerində qurulan İran İslam Respublikasının bu allahslzlığa, – böyük bir ulusun varlığını danmağa yönəlik allahsızlığa, – son qoyacağını düşünmək olardı. Ancaq, elə olmadı: bir allahsız rejimin yerində ondan daha allahsızı quruldu: Azərbaycan Türklüyünü şahlıq rejiminin basqıları altında əritmə – asimilyasiya etmə siyasətlərinin yerini islam pərdəsi altında əritmə – asimilyasiya etmə siyasətləri tutdu!

İran İslam Respublikası boyunca fars şovinizmindən gələn bir yağılıqla Azərbaycan Türkləri çeşidli biçimdə dönə-dönə aşağılanıblar. 30-40 milyonluq bir ulusun Türk varlığı, Türk dili, Türk kültürü, qısaca desək, Türk kimliyi danılırsa, ən böyük aşağılama bu faktın özüdür. İranda bir ovuc erməniyə gərəkdiyindən də qat-qat artıq hüquq tanıyan İran İslam Respublikası Azərbaycan Türklərinə bu hüquqlardan birini də tanımır. İranda bir ovuc erməninin öz dilində yazıb-oxumaq hüququ varkən, 30-40 milyonluq Azərbaycan Türkünün belə bir hüququ yoxdur. Bu, aşağılama deyil, nədir? İran ingilis komandanlığı (general Denstervil) altında olan dönəmdə ermənilər Urmiya, Xoy, Salmas bölgələrində az bir arada 10 minədək adam qırmışdılar. O, 1918-ci ildə olmuşdu. Yerin altını-üstünü bilən, cənnət-cəhənnəmdən soraq verən İran İslam Respublikası molla-ruhanilərinin o çağlar baş verənlərdən – erməni vəhşiliklərindən – soraqsız olduqları üçün erməniləri bir belə sevdiklərini düşünmək olar. Bəs İranın keçmiş parçası olan “Ermənistanı”, Qarabağı çağımızda terror, qırğın yoluyla yiyələrindən arıdan erməniliyə sevgisini, yardımlarla arxa durmasını necə anlayaq?! ABŞ tarixçiləri C.K.Makkartilər 20-ci yüzilin başlanğıcında bölgəmizdə ermənilərin 2,5 milyon müsəlmanı qırdıqlarını yazırlar. Gəlin molla-ruhani rejiminin bu faktdan soraqsız olduğu üçün ermənilərə bir belə sevgi sərgilədiyini düşünək. Düşünək, ancaq ermənilərin çağımızda törətdikləri Xocalı soyqırımı ilə bağlı Təbrizdə, Azərbaycanın başqa yerlərində anım törənləri keçilrilməsinin yasaqlanmasına nə ad verək?

2006-cı ildə İran qəzetində Azərbaycan Türkləri tarakana bənzədilmişdi. Görünür, o da “diqqətsizlik”, “səhlənkarlıq” üzündən olubmuş? İİR prezidenti Ruhaninin din, milli azlıqlar üzrə yardımçısı Əli Yusif bu ilin başlanğıcında keçirilən bir konfransda bizim Türk deyil, “azəri” olduğumuzu, Türk dilinə sonradan keçdiyimizi söyləyib: “Bəzi azərilər Türk dilini qəbul edib, lakin bu dil İran yaylasına daxil olduqda iranizə olub və başqa ölkələrin türkcəsindən fərqlənib”. Görün bu əmmaməli şeytanlar necə yalanlara əl atırlar. Türk kimliyini danmaq üçün necə fırıldaqlara gedir, nə oyunlardan çıxırlar. Altaydan aralıq dənizinədək olan arealda milyonlarla Türk yaşayır, hamısının da danışığı bir-birindən ayrılır, “fərqlənir”. Ruhani yardımçısı ruhaninin şovinist  düşüncəsinə görə, onlar Türk deyillər. Din pərdəsinə bürünmüş fars şovinizminin allahsızcasına oyunlarına baxın: İrandakı 30 minlik erməni ermənidir, 30-40 milyonluq Azərbaycan Türkü türk deyil! Nə üçün? Farsın İranda bitməz təkbaşına hegemonluğu üçün!

Bu ilin yayında İran ayətullahlarından biri Türk dilini “cəhənnəm dili” adlandırdı. Bunlar qan qardaşı saydıqları erməni ruhaniləri kimi din pərdəsi altında şovinist baxışlar yaymaqla Tanrının yaratdıqlarına da öz damğalarını vururlar: “cəhənnəm dili”. Bu fakt özgəni kiçiltməkdən daha çox düşük dəyərləndirmələrlə özünü kiçiltməkdir. Tanrı Türkü bu sayaq kiçilmələrdən qorusun!

Türk dilində dünyalarca ünlü “Heydərbaba” yaratmış Təbrizli Şəhriyar deyir: “Türkün dilitək sevgili, istəkli dil olmaz”. Bilən bilir…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv