Asif Ata. Həyatilik

Həyat – maddinin, cismaninin ruhaniləşməsidir.
Buna görə də o, əşyavariliyə və vəhşivariliyə ziddir.
Əşyavarilikdə insan maddiyyat səviyyəsinə enir.
Vəhşivarilikdə o, heyvanat səviyyəsinə enir.
Hər ikisində yaşayış ruhanilikdən məhrum olur.
Əşyavarilikdə insan cansızlaşır, əşyalaşır, özünə sahib ol­mur, özündən kənardakından, özünə yaddan asılı olur, şə­raitin, cəmiyyətin alətinə çevrilir, istənilən şəklə salınır, oyna­dılır, özümsüzləşdirilir, yaşamadan öldürülür, düşüncələ­rində, duyğularında, hərəkətlərində zəruriyyət, labüdlük adlanan məhdudiyyətə pərçimlənib qalır.
Əşyavarilikdə insan mahiyyət etibarilə cansızların heç birindən fərqlənmir, zəruriyyət küləyinin təsiriylə titrəyir, ya­xud qırılır, zəruriyyət çayının selinə qərq olur, zəruriyyət şimşəyinin zərbəsindən sarsılır.
Əşyavarilikdə insan taleyini qeyri-Ruhani amillər həll edir. İnsan ruha yox, cismə xidmət edir, cismanilik insana sahib olur, onu istədiyi səmtə sürükləyir, istədiyi kimi yaşadır. Cismaninin hökmü insanı cansızlaşdırır, çünki canlı olmaq özünə sahib olmaqdır.
Əşyavarilikdə cismani tələbat insanı öz əsarətinə salır, insan onun müstəbid ağalığını qəbul edir; insan sürülür, sürünür, onda insanilikdən əsər-əlamət qalmır, ancaq yoxluq varlıq sayılır.

İnsan əşyalara sahib olmaq vasitəsiylə əşyalaşır, çünki əslində o, əşyaya yox, əşya ona sahib olur. Çünki əşyaya sahib olmaq üçün o, əşyanın hökmünə baş əyməlidir, bu hökmün əsasında hərəkət etməli, bu hökmə tabe olmalıdır. Maddiyyat əsasında yeni əşya yaradanda da insan əşyavarilikdən xilas olmur. Çünki burada da o, ağlını, iradəsini maddiyyat qanun­larına tabe edir, həmin qanunlar əsasında fəaliyyət göstərir. Digər tərəfdən, insan ruhani varlıq olduğundan özünü əşyada tapa bilməz. Əşya yaratmaq – zəruri bir ehtiyacdır, amma insanın mahiyyətini ifadə etmək qüdrətinə malik deyil.
Əşyavarilik cəmiyyətdə rəis–tabeçi, hökmdar–rəiyyət, yuxarı pillə–aşağı pillə münasibətlərində də təzahür edir.
Çünki burada başda oturan ayaqda oturana sahib olur, onun iradəsini əlindən alır, insani bütövlüyünü rədd edir,  ictimai məntiq hökm-tabe münasibətindən kənarda heç nə görmür: kim olursan ol, hansı şəxsi insani məziyyətlərə malik olursan ol, sən, özündən yuxarıdakından asılısan, onun əmrini yerinə yetirməlisən, sahibliyini qəbul etməlisən.
Bu cəhətdən, insanı hökm–tabe münasibətlərində tanımaq – tanımamaqdır.
Yalançı dostluqda, yalançı məhəbbətdə, yalançı valideynlikdə, yalançı övladlıqda əşyavarilik parlaq şəkildə meydana çıxır.
Əgər övlad valideynə zorla, yaxud üzəvari hörmət eləyirsə, o, əşyalaşmışdır. Onu həmin süni hörmət əşyaya çevirmişdir. Əgər dostlar arasında ruhani bağlılıq yoxdursa və dostluq davam edirsə, həmin dostluqda adamlar əşyalaşmışlar. Onların münasibəti cansız, əşyavari münasibətdir. Əgər ailədə mənəvi vəhdət yoxdursa, ancaq intim əlaqə davam edirsə, deməli adamların bir-birinə əşyavari münasibəti bərqərar olub, onlar bir-birinə əşya kimi baxır, bir-birindən əşya kimi istifadə edirlər.
Əşyavarilikdə cismani ruhaniləşmir, əksinə, ruhani varlıq olan insan cismaniləşir.
Bu baxımdan əşyavarilikdə həyatilik yoxdur.
Vəhşivarilik – insanın heyvani münasibətlər, ehtiraslar, hərəkətlər səviyyəsinə alçalmasıdır. Burada canlılıq heyvanlıq dairəsindən kənara çıxmır. Burada canlılıq var, ancaq ruhanilik yoxdur.
Şəhvət ehtirasının iradə bəndini aşması – insanın süqutu­dur. Çünki burada heyvani ehtiras insana hakim olur. Bu cəhətdən,  vəhşivarilik mahiyyət etibarilə əşyavariliyə doğma­dır. Burada da insan əşyalaşır, yəni kölələşir. Burada da insan özünə sahib olmur, heyvanlıq insanlığı əsir edir.
Qəddarlıq, cəlladlıq, qatillik – “canlı” duyğulardır. Ancaq bu canlılıqda insanın ruhani xislətinin ölməsi var.
Əgər insan heyvana oxşayırsa, o, ölüdür, çünki qeyri-ruhanidir. Bu cəhətdən, qəddarlıq da əslində əşyavarilikdir, heyvanlığın adama sahib olmasıdır.
Zora arxalanmaq ruhaniliyin ölümüdür, bu səbəbdən də əşyavarilikdir. Zorda insan heyvana baş əyir. Zorda insan ruhani xislət kimi heç nə qazanmır, heyvan kimi qazanır, heyvanın məntiqinə tabe olur, ona sığınır. Burada heyvan qələbə çalır – insan yox.
Qorxu – güclü duyğudur, ancaq insanın heyvanla bərabər­ləş­məsinə dəlalət edən duyğudur, çünki qorxunun arxasında heyvani özünümühafizə durur.
Qorxaq adam – özünü heyvan kimi mühafizə edir, insan kimi təsdiq etmir.
Xudbinlik – heyvaniliyin təsdiqidir, çünki heyvan üçün başqası yoxdur.
Heyvan üçün dünya özündə başlayır və özündə qurtarır. Heyvan özü üçün yaşayır və həmişə yalnız özünü düşünür.
Hərislik – fəal duyğudur, ancaq insan üçün ölü duyğudur, çünki adamla heyvanın oxşarlığını sübut eləyir, hərislikdə adam heyvani ehtirasın qulu olur.
Kin – son dərəcə davamlı, ardıcıl duyğudur, ancaq onun arxa­sında heyvani bir ehtiras: məhv etmək, parçalamaq, para­la­maq, yerlə yeksan eləmək arzusu dayanır.
Müstəbidlik – insan iradəsinin təsdiqi kimi görünə bilər. Əslində isə o, qeyri-ruhani hadisədir; insanları heyvan sürüsü səviyyəsində, asılı, kölə vəziyyətində görmək, oyuncağa çevirmək, heç eləmək meylidir.
Müstəbid, insana heyvani münasibət bəsləyir.
Müharibə – igidlik meydanı olmaqla bərabər, həm də dəh­şət­li heyvanlaşma, heyvani ehtiraslara qapılma, insana heyvan kimi baxma meydanıdır.
Müharibədə insan iki mənada ölür: insanı öldürür, unudur ki, bu – insandır, məhəbbətlidir, Mütləqlidir, ruhludur; digər tərəfdən, o, özünü ruhani varlıq kimi öldürür – heyvani fəaliy­yəti həyata keçirir.
Fateh – dünyaya sahib olmadığı kimi, özünə də sahib olmur, heyvaniliyə tabe olur, heyvaniliyi təsdiq edir; – zora, qəddarlığa, cəlladlığa arxalanır.
İrqçilik – bir irqi hər şey, başqa irqləri heç şey sayırsa da, əslində qatı heyvanilik – başqasını görməmək, itirmək, öldürmək – arzusunu ifadə edir.
İrqçi – insanlara heyvani münasibət bəsləyir. Heyvan üçün başqa heyvanlar artıqdır. İrqçi üçün başqa insanlar artıqdır.
Əxlaq bəndini aşan “mənəviyyat zəncirini qıran” “fövqəlinsan” əslində heyvaniliyin təsdiqidir, çünki heyvanilik­də mənəviyyat yoxdur.
Mənəviyyat insanın özünə sahib olmasıdır.
Mənəviyyatsızlıq – heyvanın insana sahib olmasıdır.
Başkəsənlərin “günahsız vicdan səviyyəsi” – əslində heyvanların yüksək heyvani səviyyəsidir. Heyvana çevrilən “fövqəlinsan” əslində cansız əşyadır. Nitsşeçilərin tərifli “fövqəli­nsan”ı heyvani ehtirasların əlində oyuncağa çevrilmiş kölədir.
Mütləqsizlik – vəhşilikdir.
Heyvanın Mütləqi yoxdur.
Bu cəhətdən, Mütləqə inanmamaq – dünyaya heyvan gözüy­lə baxmaqdır.
Mənfəətpərəstlik heyvanilikdir, çünki heyvan üçün dünyada mənfəətdən kənar heç nə yoxdur. Heyvanın dünyaya münasibəti – sırf təmənnalı münasibətdir. Mənfəətpərəstlər dünyaya vəhşi münasibət bəsləyirlər.
Müqəddəsliyə inanma­maq – heyvaniliyi təsdiq etməkdir, çünki heyvan üçün müqəddəs heç nə yoxdur. Müqəddəsliyi inkar eləyən özünün heyvandan fərqli olmasını inkar eləyir.
Həyat əşyavariliyi və vəhşivariliyi tam aradan qaldıra bilmir, çünki o, ruhaniliyin mütləq təsdiqi deyil, cismaniliyin ruhaniləşməsidir.
Ruhun qələbəsi həyatda baş vermir, Ali Həyatda baş verir. Həyat əşyavariliyin və vəhşivariliyin aradan qalxmasına çalışır, onun istiqaməti, mənası, mahiyyəti bununla bağlıdır.
Həyat maddini maddi vəziyyətində, cismanini cismani vəziy­yə­tində qalmağa qoymur, onlara ruhani siqlət, qüdsiyyət, ucalıq verməyə çalışır.
Bu səbəbdən də o, əşyavariliklə, vəhşivariliklə döyüşür, onlara ciddi zərbələr vurur, ancaq dünyadan qova bilmir, çünki həyat özü tam Ruh ola bilmir.
Həyatiliyin xüsusiyyəti, imkanları və məhdudluğu bundadır. Bu cəhətdən, həyat nə qədər gözəl, cazibəli, məzmunlu görünsə də, əslində azdır; o, özündən böyük, kamil, ülvi olan ali həyatı hazırlayır.
Həyat Antihəyat ilə Ali Həyat arasında körpüdür. Həyat maddiyyatla, cismaniliklə kifayətlənmir, onları ruhaniləşdirir.
Ancaq maddiyyatın, cismaninin mütləq ruhani səviyyəsini biz yalnız Ali Həyatda görürük.
Maddiyyatın ruhaniləşməsi hadisəsi Həyatdan başlayır – Ali Həyatda başa çatır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv