Bu gün seçki öncəsi mərhələ olsa da, siyasi mənzərəni seyr edən toplumda xüsusi aktivlik nəzərə çarpmır. Çünki heç bir ümid doğrulmur, göstərilən çabalarda enerji boşuna xərclənmiş kimi görünür. Əsəblər tarıma çəkilir, fəlakətli və acınacaqlı yaşam mühiti formalaşır. Aktivlik zəif görünsə də, sadə toplum hər vəchlə dəyişiklik istəyir. Ancaq bu dəyişikliyi həyata keçirə bilən güc və meyar yoxdur. Müxalifətin yalançı birliyini isə güc saymaq mümkün deyil. Əgər müxalifətin orta səviyyədə birliyi olsaydı, toplum daha aktiv şəkildə öz hiddətinin arxasında durardı. Ölkədə dəyişikliyin baş verməsi üçün bəs qədər səbəb var. Xarici asılılığın son həddə çatması və müstəqilliyi tamamilə formal duruma salması bəri başdan qarşıdakı illərdə hansı faciələri yaşayacağımızı bəlli edir. Etnik və dini bölücülük (seperatizm) təhlükəsi gündən-günə dərinləşir. Dövlətin bütün strukturlarında mütləq qanunsuzluğun baş alıb getməsi acınacaqlı bir həddə çatıb. Vətəndaşın istənilən bir problemini həll etməsi yüksək məbləğdə rüşvət qarşılığında mümkündür. Nəzərə alsaq ki, əhalinin rüşvət vermək imkanı tükənib, yəni yoxsulluğun ağır həddində yaşayır, problemlərin həll olunmasının mümkünsüzlüyünü dərk eləmək çətin olmaz. Dövlətin uzun illər yaşayıb mövcud olması tükdən asılıdır. Ədalətsizlik, həqiqətsizlik, vicdansızlıq, özbaşınalıq qarşısıalınmaz prosesə çevrilib. Bütün bu deyilənlər göstərir ki, xalqın hiddətinə sahib çıxan olsa, dəyişiklik baş tuta bilər. Dövlətin mövcudluğunun sürməsi isə sadəcə siyasi rəhbərlikdəki dəyişikliyə bağlı deyil, bütün strukturlarda ədalətin, həqiqətin bərpa olunmasına bağlıdır. Xalq öz dövlətini sevməsə, onu qorumaz. Bu gün xalq düşüncəsində dövlətlə siyasi hakimiyyət arasında bərabərlik işarəsi qoyub. Xalqın iztirablarını, işgəncələrini, ləyaqətini nəzərə almayanlar dövlətçiliyə də, gələcəyə də zərbə vururlar. Bu zərbələr prezident seçkiləri zamanında daha qabarıq şəkildə özünü göstərir. Bir də görürsən beş nəfər, səkkiz nəfər namizədliyini verir. (Bu dəfə hətta 20-ni də keçdi). Təbii ki, bu çoxnamizədliyi Qərbdə demokratiya kimi qiymətləndirirlər. Əslində isə çoxnamizədlilik səsvermənin nizmanını pozmaq istəyənlərin işinə yarayır. Əgər çoxnamizədlilik demokratiyadırsa, Qərbin supergücü sayılan ABŞ-da niyə bu demokratiya yoxdur? ABŞ-da iki namizəd olur – respublikaçıların və demokratların. İki partiya mübarizə aparır. Ancaq doğrudanmı mübarizə aparır? Əslində bu iki partiya hakimiyyətin idarə olunmasında sadəcə bir-birini əvəz edir. Hər biri iki dəfə seçilməklə uzun illərdir bu balansı qoruyub saxlayırlar. Elə hal olmayıb ki, bu partiyalardan biri üç dəfə dalbadal seçkini udsun. Qanunla bir nəfər iki dəfədən artıq seçilə bilməz. Ancaq partiyanın başqa bir nümayəndəsi üçüncü seçkidə uduş əldə edə bilməzmi? Sadəcə bu bir düşünülmüş sistemdir. Əgər ABŞ-da da hər seçkidə on nəfər namizədliyini irəli sürərsə, bizdəki kimi anarxiya yaranar. Belədə isə ABŞ dünyaya ağalıq imkanlarını itirə bilər. Çünki razılaşdırılmamış qalibiyyətlərdə bir-birinə qarşı qısqanclıq və qisasçılıq əməlləri özünü göstərərdi ki, bununla da daxili qarşıdurmalar, dediyimiz kimi, dövlətin gücünü heçə endirərdi. Deməli, çoxpartiyalılıq dövlətin daha çox asılılığı deməkdir. Başqa sözlə, çoxnamizədlilik bölücülük deməkdir ki, bu da anarxiyanın yaranmasına səbəb olur. Hakimiyyəti əldən buraxmaq istəməyən qüvvə isə bu durumdan özü üçün səmərəli istifadə eləyə bilir.
Odur ki, ABŞ-ın demokratiyası “kim istəyir” prinsipinə əsaslanmır, dünya üzərində ağalığını qoruyub saxlamağa əsaslanır. Bizdə isə hər kəs özü üçündür. Bu “özüüçünlükdə” isə dövləti yaşada biləcək və xalqı xilas edəcək məsuliyyət özünü göstərmir, göstərə də bilməz.
Oyunlarla başlasa da, bu gün Milli Şura bir namizəd irəli sürüb. Gözlənilməliydi ki, seçkidə iki namizəd olacaq – biri hakimiyyətin, biri də müxalifətin. Ancaq hakimiyyət öz “müxalifətinin” nümayəndələrini də ortaya çıxartmaqla özünün “demokratiyasını” həyata keçirir. Səsləri bölmək və əyintilərə yol vermək üçün ən yaxşı üsul elə bu demokratiyadır. Onsuz da siyasi dünya Azərbaycanda dəyişikliyin baş verməsində maraqlı deyil. Ona görə “iqtidar demokratiyası” bu maraqsızlığı təmin etmiş olur. Təəssüf ki, Milli Şuranı ortaya çıxaran dağınıq müxalifət onu qorumağa özündə ləyaqət və milli qürur tapa bilmir. Yenə söyüşlər, yenə cırmaqlaşmalar… Xalq dediyimiz toplum bunlara güvənib səs verə biləcəkmi?! Səs versə də, səsinə yiyə duracaqmı?! Kimə inanıb bunu edəcək?!
Hər bir tarixi və siyasi şəraiti, gedişatın anatomiyasını təhlil elədikcə biz yenə öz israrımıza dönür, öz məntiqimizdə vurğu edirik. Azərbaycanda köklü dəyişikliyi həyata keçirmək üçün sağlam Milli Qüvvə formalaşmalı və Uluyurd Hərəkatına başlamalıdır.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız Var olsun!
07 Ata Ayı, 35-il. Atakənd.
(sentyabr, 2013.)




Sentyabr 9th, 2013
admin
Posted in
Tags: 