Al Habtoor Group rəhbərindən Trampa açıq məktub: “Sülh vədləri hara getdi?”

Ərəb milyarder Donald Trampa sərt sözlərlə müraciət edib. ABŞ-ın müttəfiq ərəb dövlətləri arasında belə bir etiraz ilk dəfədir yaşanır. Bu vaxta qədər ABŞ-nin də böyük biznes tərəfdaşı olan “Al Habtoor Group” biznes imperiyasının sahibi Xələf Əhməd Əl Habturun Trampa müraciətində deyilir:

“Cənab Prezident Donald Trump,

Birbaşa sual: bölgəmizi İran ilə müharibəyə sürükləmək haqqını sizə kim verdi? Bu təhlükəli qərarı hansı əsasla qəbul etdiniz?

Tətiyi çəkməzdən əvvəl mümkün əlavə zərərləri hesabladınızmı? Və düşündünüzmü ki, bu eskalasiyadan ilk zərər görəcək tərəf region ölkələri olacaq?

Bu bölgənin xalqlarının belə bir sual vermək haqqı da var: bu yalnız sizin qərarınız idimi, yoxsa bu qərar Benyamin Netanyahu və onun hökumətinin təzyiqləri nəticəsində qəbul edildi? Bölgəmizi müharibə meydanına çevirməyə sizə kim icazə verdi?

Sülh və sabitlik adı ilə elan etdiyiniz “Board Of Peace” (“Sülh Şurası” – red.) təşəbbüsünün mürəkkəbi qurumadan biz artıq bütün regionu təhlükə altına qoyan hərbi gərginliklə üz-üzə qalmışıq. Bəs o təşəbbüslər hara getdi? Sülh adı ilə verilən vədlərin aqibəti nə oldu?

Həmin təşəbbüslərdə təklif edilən maliyyənin böyük hissəsi məhz region ölkələrindən, xüsusilə ərəb Körfəz dövlətlərindən gəlmişdi. Bu ölkələr sabitlik və inkişafın dəstəklənməsi məqsədilə milyardlarla dollar vəsait ayırmışdılar. Bu dövlətlərin bu gün soruşmağa haqqı var: bu pullar hara getdi? Biz sülh təşəbbüslərini maliyyələşdiririk, yoxsa bizi təhlükəyə atan müharibəni?..

Daha təhlükəlisi isə odur ki, sizin qərarınız təkcə region xalqlarını deyil, həm də sülh və rifah vəd etdiyiniz Amerika xalqını təhlükə altına qoyur. Bu gün onlar öz pulları və vergiləri hesabına maliyyələşdirilən bir müharibənin içindədirlər…

Siz həmçinin müharibələrə qarışmayacağınıza və diqqəti yalnız Amerikaya yönəldəcəyinizə dair verdiyiniz vədləri də pozdunuz. İkinci prezidentlik dövrünüzdə Somalidə, İraqda, Yəməndə, Nigeriyada, Suriyada, İranda və Venesuelada hərbi müdaxilələrə göstəriş verdiniz, həmçinin Karib hövzəsində və Sakit okeanın şərqində dəniz əməliyyatları həyata keçirildi. Hakimiyyətinizin ilk ilində 658-dən çox xarici hava zərbəsi endirildi ki, bu da Joe Bidenin bütün prezidentlik dövründə həyata keçirilən zərbələrin ümumi sayına bərabərdir. Halbuki siz onu ABŞ-ı xarici müharibələrə sürüklədiyinə görə tənqid edirdiniz.

Cənab prezident, bu rəqəmlər amerikalılar arasında sizin dəstək səviyyənizə də ciddi təsir göstərib. İkinci müddətə and içdiyinizdən bəri cəmi 400 gün ərzində dəstək səviyyəniz 9% azalıb.

Bu rəqəmlər aydın bir şeyi göstərir: hətta Amerika Birləşmiş Ştatları daxilində belə yeni bir müharibəyə sürüklənmək və amerikalıların həyatını, iqtisadiyyatını və gələcəyini lazımsız risklərə atmaqla bağlı narahatlıq getdikcə artır…”

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv