Asif Ata. Ölümdən yüksək yaşamaq

Ölümün məqsədi İnsanı heçə çevirməkdir.
İnsanın məqsədi ölümü dəf etməkdir.
Ölüm insanı cismani varlıq kimi tanıyır və öldürür. İnsan ruhani varlıq kimi ölümə qalib gəlir.
Ölüm dünyanın yaratdıqlarını məhv edə bilir, insanın yaratdıqlarını məhv edə bilmir.
Ölüm maddinin qənimidir, ruhaninin qənimi ola bilmir.
Maddi ölümə tabe olur, ruhani ölümə tabe olmur. Ruhanilik – ölümsüz mövcudluq yaradır.
İnsan ölümdən sonra yaşaya bilir, çünki yaratdıqları maddiyyat çərçivəsinə sığmır.
Cismanidə mənəvi yaşayır.
Mənəviyyat ölmür, çünki cismanidən yüksəkdir.
Gerçəklik maddiyyat çərçivəsində dayanır, buna görə də ölümlüdür.
Mənəviyyat gerçəklik səddini keçir.
Bu səbəbdən də mənəvi olmaq əbədi olmaqdır.
İnsani hissiyyat – ülviyyət səviyyəsinə qalxır, heyvaniliyin üzərində yüksəlir, buna görə də ölmür.
İdrak gerçəklikdən ucadır, buna görə də ölümsüzdür. Xeyir ölümsüzdür, çünki maddi gerçəklikdən artıqdır. Gözəllik ölüm­süz­dür, çünki cismaniliyin ruhanilik rəmzinə çevrilməsidir.
Əsil sevinc ölümsüzdür, çünki maddi gerçəklikdən yüksək­dir!
Fədakarlıq ölməzdir, çünki maddi gerçəklikdən yüksəkdir!
Qəhrəmanlıq ölməzdir, çünki burada cismanilik ruhaniliyə qurban verilir.
Məhəbbət ölməzdir, çünki şəhvaniliyin ölümüdür!
Həqiqət ölməzdir, çünki yalanın ölümüdür!
Ölməzlik əslində insaniliyin ikinci adıdır!
İnsan maddiyyata pərçimlənəndə, maddiyyata çevriləndə, əş­ya­laşanda, güzəranlaşanda, mühitləşəndə, zamanlaşanda – ölür.
Ölmək naqis yaşamaqdır!
Ölüm sübut etmək istəyir ki, insanın həyatı puçdur, o, dünyaya ölmək üçün gəlib, onun yaşaması mahiyyət etibarilə ölümə hazırlanmasıdır.
İnsan ölümə sübut edir ki, o, dünyaya əbədi yaşamaq üçün gəlib, o, ölmür, çünki cismanidən artıqdır.
Ölüm insana başqa varlıqlara baxan kimi baxır.
İnsan həmin baxışı rədd edir, özünə yeni, fərqli baxımdan yanaşmağı tələb edir.
Ruhani xilqət olan İnsan  ölümü öldürür!

Köçəri ayı, 4-cü il.
(Fevral – 1983).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv