Araz Gündüz. Asif Ata Haqqında xatirələrim

Sovet dönəmində barmaqsayı qəzetlər çıxardı. Düzdür, hər rayonun yerli qəzetləri də vardı, ancaq mərkəzi qəzetlərin sayı az idi. Bu qəzetləri indikindən çox oxuyardılar, çünki onlara məcburi abunəçilik sistemi vardı. Həm də, kütlə arasında bu qəzet sözünün mötəbərliyinə yalançı bir inam formalaşmışdı. Mən orta məktəbdə oxuyanda evimizə dörd qəzet gələrdi: Azərbaycan Müəllimi (atam müəllim idi), Azərbaycan Gəncləri, Kommunist və rayon qəzeti. Orta məktəbin 6-cı sinifindən başlayaraq, bu qəzetlərin hamısını başdan-ayağa kimi oxuyardım. Günlərin birində, – deyəsən bu 1974-ci ildə olmuşdu – Azərbaycan Gəncləri qəzetində bir müsahibə oxudum, çox təmtəraqlı bir şəkildə təqdim olunan Asif Əfəndiyevin ədəbiyyatımızın problemləri ilə bağlı verdiyi müsahibə idi.

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata

İndiki kimi xatırlayıram, başlıqda Asif Atanın şəkli verilmişdi: uzun bakenbardlı, dolu yanaqlı, qıvrım saçlı, emosional görkəmli. Sözün düzü, Asif Ata müsahibəsində mənim üçün anlaşılmaz olan o qədər terminlərdən yararlanmışdı ki, oxuduqlarımdan çox az şey anlayırdım. 1975-ci ildə orta məktəbi bitirib BDU-nun tətbiqi-riyaziyyat fakültəsinə daxil oldum. İkinci kursda oxuyanda məndən iki kurs yuxarıda oxuyan kəndçim ilə bir otaqda qalası oldum. Otaqda dörd nəfər idik və bunlardan biri Şəkidən ədəbiyyat həvəskarı olan birisi idi. Mən də ədəbiyyatla maraqlandığımdan Şəkili otaq yoldaşımla söhbətimiz tuturdu. Bir gün o mənə Estetika müəllimi olan Asif Əfəndiyevdən, onun geniş savadından və qəribəliklərindən danışdı. Dediyinə görə, bu insan Qərb və rus ədəbiyyatını çox yaxşı bilirdi. Mühazirələrini yazdırmırdı, otağa girən kimi salamlaşıb gözlərini yumaraq uca səslə, vəcdlə qeyri-adi bir tərzdə mühazirə oxuyurdu. Birdən səs eləyən olsa, bir anlıq dayanıb “qulağıma ayı səsi gəlir” deyər, sonra yenə də mühazirəyə davam edirmiş. Ara-sıra Azərbaycan ədəbiyyatından da söz salar, tanınmış sovet yazıçılarını kəskin tənqid eləyər, onların çoxunun istedadsız olduğunu, cəfəngiyyat yazdıqlarını deyərmiş. Səməd Vurğundan, Süleyman Rüstəmdən tutmuş, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Əkrəm kimi yazıçıların əsərlərini təhlil eləyib onlara beş ballıq sistem üzrə qiymətlər verərmiş. Onlardan çoxu iki qiymət alarmış, bir neçəsinə üç qiymət verirmiş. Bu o dövr üçün çox qeyri-adi bir hadisə idi. Sonra Bakıya gələndən sonra oxumağa başladığım Ədəbiyyat qəzetində professor Əkbər Ağayevlə, şair Əliağa Kürçaylının Asif Əfəndiyevə qarşı kəskin ittihamlarla dolu dialoqunu oxudum. Sonradan bəlli oldu ki, bu dialoqun ortaya çıxmasının səbəbi Asif Atanın Azərbaycan Yazıçılar İttifaqının plenumdakı bir çıxışı olubmuş. Bu çıxışında o bütün tanınmış yazıçıların əsərlərini kəskin tənqid etmiş, onların heç birinin ədəbiyyata dəxli olmadığını bildirmiş, sonda isə belə bir söz demişdi: deyirlər, “Yazıçılar ittifaqı”nın 200-ə yaxın üzvü var. Mən isə deyərdim ki, “Yazıçılar ittifaqı”nın 200-ə yaxın qoyunu var.
Sonra Asif Atanın televiziyada apardığı “Zirvələr” verilişinə baxdım. 1976-cı ildə onun “Müdriklik səlahiyyəti” adlı kitabı çıxdı, onu alıb oxudum. Dövri mətbuatda biri-birinin ardınca çap olunan “Nizamiliyimiz”, “Xəqaniliyimiz”, “Koroğlular və Həmzələr”, habelə başqa yazılarını oxudum. O çağlar Asif Ata artıq Azərbaycanda ən tanınmış tənqidçi sayılır, bütün yüksək kürsülərdən səsi eşidilirdi (necə təəcüblü olsa da, Süleyman Rüstəmin 70 illik yubileyində ona da çıxış üçün söz vermişdilər!).
O illərdə Moskvada keçirilən ədəbiyyat tədbirlərində də iştirak edərdi və onun bu tədbirlərin birində “Tənqid və zaman”adlı çıxışı bütün SSRİ miqyasında səs-küy yaratmış, Türkiyə radiosundan səsləndiriləndən sonra, Asif Atanı KQB-yə çağırıb xəbərdarlıq eləmişdilər. Yekun olaraq demək olar ki, o çağlar Asif Atanın özünə karyera qurmaq, professor, akademik olub hansısa vəzifə tutaraq komfort yaşamaq üçün bütün şansları olsa da, o, bütünlüklə başqa bir yol tutmuşdu. 1976-cı ildən başlayaraq, BDU-nun Akt zalında Asif Atanın təşkil etdiyi “Etik-estetik tərbiyə klubu” öz fəaliyyətinə başladı və olduqca böyük coşqunluqla qarşılandı. BDU-nun ikinci mərtəbədəki akt zalı təxminən min nəfərə yaxın adam tuturdu, ancaq bu tədbirlərdə bütün yerlər tutulur, pəncərələrin qarşısında adamlar ayaq üstə dayanır, giriş qapısının ağzında da ayaq üstə dayanmış izdiham olurdu. Bu, Asif Atanın fəaliyyətində yeni bir mərhələnin başlanğıcı idi və bununla bağlı söhbətimi sonrakı hissəyə saxlayıram. (Ardı var).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv