Araz Gündüz. Asif Ata haqqında xatirələrim

Öncə, Asif Atanın öz dilindən soykökü ilə bağlı eşitdiklərimi danışmaq istəyirəm. Qazax-Dərələyəz bölgəsindən, Qaraqoyunlulardan olduğunu deyirdi. Son bir neçə yüz ildə babaları çox tanınmış ruhanilər olmuşdu. Əfəndiyev soyadı da ulu babası Hacı Alı əfəndi ilə bağlı idi. Babası molla Məhəmmədi yanılmıramsa 1939-cu ildə həbs edib güllələmişdilər. Ən qəribəsi, babasının əmisioğlu Bala Əfəndiyev Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında önəmli rol oynamış, tanınmış bolşevik olmuşdu. Asif Ata onu həmişə nifrətlə yad eləyər, Azərbaycanın “başını tutanlardan” olduğunu deyərdi.

Atası və anası müəllim olmuşdular. Ermənistandan köçüb Ağsafa rayonunda məskunlaşmışdılar. Asif Ata orta məktəbi rusca oxumuşdu. Sonra o vaxt SSRİ-də ən tanınmış təhsil ocaqlarından biri olan Qorki adına Ədəbiyyat institutunda oxumuşdu. Dediyinə görə, Moskvada təhsilini başa vurandan sonra ana dilində yaxşı danışa bilmirdi. Ancaq sonradan dili yetərincə öyrənmişdi və türkcə çox gözəl danışırdı. Moskvada oxuyanda atası general olan bir osetin qızı ilə evlənmişdi. Dediyinə görə, qızın atası onlar üçün hər cür şərait yaradıbmış, ancaq qız çox tez-tez atasının adını vurğulayırmış və getdikcə çox meşşan təbiətli bir qadın olduğu üzə çıxıbmış; bir gün də atasının elədiklərini Asif Atanın üzünə vuranda münasibətləri bütünlüklə korlanmış, ayrılmışdılar.
Sonradan Bakıda Axundov adına Xarici dillər institutunda dərs deyəndə öz tələbəsi ilə evlənmişdi. Fuad adında bir oğlu vardı. Asif Ata KQB tərəfindən təqib olunanda arvadını qorxudub ondan ayrılmağa məcbur eləmişdilər. Yanılmıramsa, 1982-ci ildə arvadının təşəbbüsü ilə boşanmışdılar.
Danışdığına görə, Moskvada oxumağa başlayanda demək olar ki, bütün gününü Lenin adına Mərkəzi kitabxanada keçirərmiş. Dünya ədəbiyyatını, fəlsəfəsini, tarixini acgözlüklə oxuyarmış. Dərslərə çox az getdiyindən onu institutdan qovmaq istəmişdilər. Sonradan imtahanlara buraxılmış, bütün imtahanlardan beş qiymət aldığını görüb yaxasından əl çəkmişdilər.
Uzun danışmaqdan çəkinib, dediklərini qısaca yazmaq istəyirəm. Dediyinə görə, bir neçə il ərzində Moskvadakı kitabxanlarda dünyanın elmi-fəlsəfi-ədəbi irsini diqqətlə oxumuşdu, dünya tarixini çox diqqətlə öyrənmişdi. Platon və Hegellə çox maraqlanmış, onların bütün əsərlərini diqqətlə oxuyub araşdırmışdı və bütün bunların gedişində ona rahatlıq verməyən iki sualla qarşılaşmışdı: birincisi, nə üçün bu elmi-fəlsəfi-bədii kitablarda onun xalqının adına heç nə yoxdur?! İkincisi, bunca böyük mütəfəkkirlərin olduğu dünya nə üçün belə bərbad və acınacaqlı gündədir?! Obrazlı deyimini xatırlayıram: “Platonu, Hegeli, başqa bütün filosofları dərindən oxuyub öyrəndim, İsa Məsih uzun müddət idealım oldu, ancaq bütün bunları öyrənib qurtaranda divara dirəndim, belə gözəl ideyalar doğurmuş insanlığın nə üçün yamanlıqlarla dolu bir dünya yaratdığı sualına cavab tapa bilmədim. Və bu anlarımda bir gün üzümü Şərqə tutdum, Moskva kitabxanalarında Şərqlə bağlı nə varsa hamısını oxudum və bəşər idrakının Şərqdə Qərbdən daha üstün ideyalar yaratdığı qənaətinə gəldim. Ancaq bunların da sonadək çıxış yolunu tapa bilmədiklərini qət edib insanlığı xilas edəcək bir fəlsəfə, bir inam yaratmağı qət etdim. Yaradacağım fəlsəfədə dünyada indiyədək yaranmış bütün idraki nailiyyətlərdən yararlanmaqla başlıca olaraq Şərq (Hind-Çin, Orta Şərqin sufiləri) ideologiyalarından yararlanmağa çalışacaqdım. Bunlardan da önəmli, dünyada ayrıca bir irq saydığım Türk ruhuna əsaslanacaqdım. Bakıya qayıdan gündən bu istiqamətdə çalışmağa başladım”…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv