Asif Ata – 90

Doğmalarıma

 Siz Sirli, Sehrli, Qədim və Müqəddəs Dünyanın zərrələri­siniz.

Sizin Təbiət Dünyanızda Dərin və Uca Səmalar, Vüqarlı və Müdrik Dağlar, Günəş Şəfqəti, Meşə Hekayəti, Qar Nağılı, Gecə Möcüzəsi, Səhər Təbəssümü, sonu görünməyən, ürəyi­mizi özü ilə aparan, Ruhumuzu çağıran Yollar, Qürub Çağının Kədərli Məlahəti, Şimşək Nərəsi, Sel Əzəməti var…

Sizin Analıq, Məhəbbət və Dostluq Dünyanızda beşik başın­da oxunan Layla Qüdsiyyəti, Ürəklərdən-ürəklərə axan İşıq, Yerin-Göyün Mehr, Heyrət, Vəcd şəfəqinə bürünməsi, Duyğu Bulağının qaynaması, Özünü başqasında tapmaq Səadəti var.

Sizin Tarix Dünyanızda Qəhrəmanlıq Müdrikliyi, Özündən­keç­mə Ülviyyəti, Qorxu hissinin ölümü, İnsanın İlahi Qüvvə­lər­­lə Yarışı, Babəkin tikə-tikə doğranılan bədəni və Xəlifəliyi sar­sı­dan Ruhu, Əzabdan alınan Fərəh, Fədakarlığın əvəzsiz Nəşəsi var.

Sizin Ruh Dünyanızda Zərdüştün Hürmüzdü, Füzulinin Məc­nu­nu, Mənsur Həllacın Mütləqə qovuşmaq arzusu, Budda­nın İmtinası, Muğamın Ülvi Ehtizazı var…

Sizin Xalq, Vətən Dünyanızda əsrlərin sınağından çıxmış Ağ­saq­qallıq, Varislik, Valideynlik, Həya, İsmət, Qeyrət Ənə­nə­si, Qədimliyə pərəstiş, Babaların Müqəddəs Ruhuna İnam var.

Siz həmişə özünüzü böyük Dünyada hiss edin. Onda kimliyinizi anlarsınız.

Dünyasızların Ürəkləri kordur. Onlar Ülviyyəti görmürlər.

Dünyasızlarla döyüşün –  Dünyanızı təsdiq etmək üçün!

Öz Daxilinizdəki naqisliyi öldürün – Dünyanıza layiq olmaq üçün.

Ürəyinizə baxın – orada Sabahı görəcəksiniz!

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv