İnsanilik bayramımız qutlu olsun! İnsanlar həmişə həqiqət axtarışında olublar. Ancaq həqiqəti ömürdə yaşatmaq asan məsələ deyil. Həyatın qayğılarına ilişib həqiqəti unudanlar var, ya da həqiqəti həyatdan üstün bilib onu seçənlər. Necə ayırd etmək olar ki, əsil yaşamaq nədir, necədir. İnsanın özünəxas cəhətləri var. Bu cəhətlər insaniləşdikcə, ruhaniləşdikcə cəmiyyətə zidd ola bilir, qanunlara zidd ola bilir. Çünkü İnsanilik cəmiyyət qanunları ilə uymur. Cəmiyyət onun qanunları ilə yaşayan, tabe olan, onu yaşadan fərd istəyir. Müstəqil, özünə yiyə insanı sevmir. Cəmiyyət insanı elə bir madiyyat burulğanına salır, adam özünə haqq qazandıra-qazandıra bu burulğanda boğulmağa razı olur. Bunu özünün taleyi, aqibəti kimi qəbul edir. Həqiqət adamın gözünü açanda isə görürsən ki, hər şeyi yenmək olar, burulğandan da çıxmaq olar. Yetər ki, özünə inanasan. Bir dəfə verilən ömrü özümlüyünü təsdiq edərək, özünü sevərək, özünə öz gözünlə baxaraq qiymətləndirəsən. Ömrünü cəmiyyət istəyi ilə deyil, Mütləq tələbi ilə qurasan. Cəmiyyət deyir, məndən asılı ol, həyatın düzələcək. Həqiqət deyir, məndən asılı ol, özün olacaqsan. Əsil fərəh, əsil kədər nədir anlayacaqsan. Ömrün, indiyə qədər ömrünü ədalətə, həqiqətə, azadlığa verənlərin sırasında olacaq. Ruhun ruhlara qovuşacaq. Bəzən hər hansı bir durumu, olayı adam elə böyüdə bilir ki, bu olayın içində adam itər, əriyər. Ancaq həqiqətin gözüylə baxarsan, o durum, o olay əriyər, kiçik bir şey olar. Çünkü insanın inamının, idrakının, mənəviyyatının, iradəsinin qarşısında həll olmayacaq heç bir şey yoxdur. İnsanın özünə inamı artıq məsələni həll edir, durumu başqa yönə yönəldir. Ölçü İnsanilik olanda İnsanilik də uğur qazanır, həm insanın ömründə, həm də gerçəklikdə. Babək ərəb xilafətinin gerçək gücünü bilirdi, ancaq özünün üstünlüyünə inanırdı. Bu inamı onu qələbədən qələbəyə apardı. Nəsimi toplumun, dövrün basqısını, gücünü görürdü, ancaq özünə inanırdı. Ona görə də bu günə qədər yaşayır. Özün ola bilmək zamanın da, toplumun da dövrün də, ortamın da fövqünə qalxmaqdır. Özündən öncəki, özündən sonrakı əbədi ruhlarla bir olmaqdır, əbədiyyətə qovuşmaqdır.
Atamız Var olsun!




Sentyabr 21st, 2025
admin
Posted in
Tags: 