Soylu Atalı. Dinin insanla bağlı sorunları

            

 

-Xristianlıqda apokalipsis ideyası var, -“ hamı məhv olacaq, əməli düzgün (saleh) adamlardan yeni dünya, yeni bəşər yaranacaq”. Bu ideya islamdakı “Qiyamət günü” ilə səsləşir. Ölülər diriləcək, hamı Allahın qarşısına toplanacaq, sorğular başlayacaq. Yaxşılar cənnətə, yamanlar cəhənnəmə göndəriləcək.
Bəşəriyyət 2000-1500 ildir ki, bu cəfəngiyyata dözür, heç kim sorğulamaq istəmir. İndi mən sorğulayıram: Əgər dünya dağılacaqsa onda bu dinlər nəyə, kimə gərəkdir. İnsana xeyir xəbərmi verirlər – dünya dağlacaq deyə?! Bəs siz ona görə yaranmadınızmı dünyanı dağılmaqdan qoruyasınız, yaşama ruhani nizam verəsiniz?! Dünyanın dağılmasını soraq vermək – özünün heç olduğunu sübut eləməkdir. Yəni sən gəldin, dünya necə var elə qaldı, sonra da öz pozuntularına dözməyib dağılır.

Peyğəmbərlər pozuntuların qarşısını ala bilmədilər, insani dəyişiklik yarada bilmədilər, falçılıq açıb dünyanın dağılacağından soraq verirlər.
Biz deyirik: Dünya dağılmayacaq. Yox əgər inad edib deyirsinizsə dağılacaq, o zaman biz deyirik, əgər dünya dağılıb yenidən başlayacaqsa, iki min ildə heç bir insani dəyişiklik yarada bilməyən xristianlıqdan, eləcə də min beş yüzildə heç bir insani gəlişmə ortaya gətirməyən islamdan başlamayacaq, Asif Atadan, onun Mütləqə İnamından başlayacaq!

 

xxx

İslamla, xristianlığın günahla döyüş ideası ilə Asif Atanın özüylədöyüş ideyası arasında hər hansı bir bağlılıq tapmadım.

Xristianlıqda bireysəl günahla döyüş Allaha, onun yerdəki ruhuna boyun əyməklə gerçəkləşdirilir. Toplumsal günahla döyüş isə “bir üzünə şillə vuranda o birini çevir” çağırışı ilə anladılır.

İslamda bireysəl  günahla döyüş –  Allahın qarşısında qul, müti olmaq, bununla da guya (təkəbbürü) dikbaşlığı, lovğalığı yenməklə oluşur. Toplumsal günahla döyüş – cihad, günahla deyil, günahkarla döyüş demək olur, bunların da heç biri özünü doğrultmur. Müti, qul düzeyində yaşayan insanın özünü dərkindən söz gedə bilməz. Özünü dərk edən – müti, qul olduğuna yetəcək, vüqarlı, hünərli, ərdəmli olduğuna deyil. İnsanın özünüdərki ilahi başlanğıc olduğunu bilməyə gətirib çıxarmalıdır. Qüsursuz mahiyyətinin olduğunu, potensial qüdrət daşıyıcısı olduğunu bilməlidir. Mütilik özü qüsurdur, vüqarsızlıqdır. Bu açıdan yanaşanda din insanı günahlardan çıxmağa qoymur. Eyni halda, nə azğına şillə vurdurmaq, nə də günahkarla döyüşmək toplumsal günahı ortadan qaldırmaz. Xristianlıq insanın hər iki üzünə şillə vurdurur ki, vuranda mərhəmət duyğusu yaratsın. Axı şilləni vuran yoxsul, zavallı deyil, azğın, varlı, güclü olandır. Allahın qarşısında müti olan azğının qarşısında da mütilik göstərir. Mütilik – başqasında mərhəmət duyğusu yarada bilməz.
Asif Atada özüylə döyüş – öz üzərində qələbə çalıb insani mahiyyətini tanımaq, ona doğmalaşmaq anlamı daşıyır. İnsan nə transsendental qüvvələrin, nə də öz növündən olanların qarşısında qul olmur. İçindəki qulu öldürür, yalansızlığa, qorxusuzluğa, bütövlüyə yetir. Özündəki canavarı döyməklə toplumdakı canavarı döymüş olur. İçində yalan gəzdirməyəni, qorxu gəzdirməyəni qıraqdakı istənilən güc yenə bilməz. Dışarıdakı – münasibətlərdə, davranışlarda yaşayan şərin qaynağı içdə olur…

 

5 Günəş Ayı, 43-cü il. Atakənd.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv