Asif Ata. Qəhrəmanlıq

Qəhrəmanlıq – insanın öz nisbi, qeyri-kamil, sonlu, ölüm­lü imkanlarından kənara çıxması, onların üzərində yüksəl­mə­­sidir. Qəhrəmanlıqda insan özünün gerçək səviyyəsindən artıq işlər görür.
Qəhrəmanlıq gerçəkliyin insan haqqında olan təsəvvürünü, biliyini, hökmünü rədd edir: yeni təsəvvür, yeni bilik, yeni hökm yaradır.
Bu cəhətdən qəhrəmanlıq gerçəklikdən artıqdır.
Qəhrəmanlıq – insanın nisbi gerçəklikdə Mütləq fəaliyyət göstərməsidir. Ona görə də qəhrəmanlıq Mütləq iradə, Mütləq mənəviyyat və Mütləq zəka tələb edir.
Mütləq iradə vasitəsiylə qəhrəman gerçəkliyə sığmayan hünər göstərir. Mütləq mənada böyük, ali əməllər yaradır, təsəv­vürə gəlməyən nailiyyətlər əldə edir.
Mütləq mənəviyyat vasitəsiylə o, Amal ülviyyətinə yüksəlir, həyatın, taleyin, ömrün istiqamətini nisbidən Mütləqə, gerçək­likdən ideala yönəldir, özündən yüksəyə çatır.
Mütləq zəka vasitəsiylə o, gerçəklikdən, gerçək müdriklik­dən böyük olan Mütləq həqiqəti dərk edir və onu insanlara aşılayır, həqiqətin işığıyla qaranlıqları yarır.
Bu nöqteyi-nəzərdən, qəhrəmanlıq – insanın Mütləq səviyyəsində yaşaması, yaratması, fəaliyyət göstərməsidir.
(Həmin səbəbdən də qəhrəmanlıq son dərəcə nadir hadisədir və insan tarixi barmaqla sayıla biləcək qədər qəhrəmanlar yetişdirə bilmişdir).
Lakin bəşərə xas olan nöqsanlılıq, qeyri-kamillik qəhrəman­lığı adiləşdirmiş, bəsitləşdirmiş, onun ülviyyətinə xələl gətir­miş, onu kamillik taxtından salmışdır.
Bəşər, qəhrəmanlığı ən çox döyüş rəşadətilə, bir çox hallarda fatehliklə, qəsbkarlıqla məhdudlaşdırmışdır.
Əslində isə döyüş rəşadətində qəhrəmanlığın yalnız bəzi keyfiyyətləri: cəsarət, qələbə əzmi öz ifadəsini tapıb.
Fatehlikdə və qəsbkarlıqda ülvilik yoxdur, ona görə də qəhrəmanlıq yoxdur.
Bəşər Mütləq iradə ilə güclü iradəni eyniləşdirmiş və axırın­cını qəhrəmanlıq saymışdır.
Əslində isə ruhani, ülvi məqsədlərə xidmət eləyən iradə qəhrəmanlıq səviyyəsinə yüksəlir.
Müstəbidliyə, xudbinliyə, zalımlığa, şöhrət hərisliyinə həsr olunan ən güclü iradə belə, qəhrəmanlığa ziddir.
Dönməz, güclü, fəqət mənəviyyatsız, əxlaqsız, vicdansız iradə canavarlıq qəbahəti yaradır ki, onu qəhrəmanlıq saymaq günahdır, fəqət bəşər onu qəhrəmanlıq sayır və günaha batır, həmin “qəhrəmanlığın” əfsununa təslim olur. Ümumən qəhrə­man­lığın qiymətləndirilməsində bəşər mənəviliyin əhəmiy­yətini həmişə azaltmışdır.

Əslində qəhrəmanlıq yüksək mənəviyyat tələb eləməyən keyfiyyət sayılmış, hətta onun mənəvi kamilliyə, saflığa yad olması haqqında sayıqlamalara da bəşər uymuşdur.
“Qəhrəman” hansı cinayətə yol verirsə, bəşər ona bəraət qazandırır. Beləliklə də, ruhaniliyin ali təzahürlərindən biri olan qəhrəmanlıq antiruhani hadisəyə çevrilir.
Bəşər güclü zəkayla qəhrəmani zəkanı eyniləşdirir, unudur ki, qəhrəmani zəka ali və yüksək amala xidmət edir. Bəsit niyyətlərə, xudbin arzulara xidmət eləyən zəkanı – qəhrəmani zəka saymaq olmaz.
Qəhrəmani zəka Mütləqə əsaslanan, mənəviyyatla qayna­yıb-qarışan, onunla qanadlanan zəkadır.
Onun məqsədi müstəbidin, fatehin keçici, ölümlü, qeyri-kamil şöhrətini yaratmaq yox, bəşəri yüksək səviyyəyə qaldır­maqdır.
Qəhrəmanlıq gerçəkliyi qəbul etmir.
Çünki qəhrəmanlıq Mütləqin ifadəsidir, gerçəklikdə isə nisbilik hökm sürür, qəhrəmanlıq sonsuzluğun ifadəsidir, gerçəklikdə isə sonluluq hökm sürür, qəhrəmanlıq əbədiliyin ifadəsidir, gerçəklikdə isə ölüm hökm sürür.
Buna görə də gerçəkliyə sığan, gerçəklik tərəfindən sevilən, təqdir olunan qəhrəmanlıq – əsil qəhrəmanlıq deyil!
Əksər hallarda o, yalançı, saxta qəhrəmanlıqdır.
Gerçəklik həmişə Mütləqdən aşağıdır.
Qəhrəmanın məqsədi – gerçəkliyi  Mütləqləşdirməkdir.
Bu səbəbdən də o, gerçəkliyi qəbul edə bilməz, onunla barışa bilməz, gerçəklik tərəfindən sevilə bilməz.
Əksinə, gerçəklik tərəfindən döyülər, söyülər, təqib olunar. Qəhrəmanlığın başlıca xüsusiyyətlərindən biri gerçəkliyin təhqirinə, təqibinə dözməkdir.
Əzabkeşlik, cəfakeşlik – qəhrəmanlığın ümdə keyfiyyətidir.
Qəhrəman – gerçəklikdə mövcud olur, Mütləqdə, Mütləq üçün, Mütləq tələb əsasında yaşayır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv