Xaliq Bahadır. Bir ölkənin sonucları sonlanmayan 4 iyun faciəsi

 

Yoldaşlardan biri mənə Azerfreedomun 4 iyunla bağlı buraxılışını (6.6.25) göndərib, baxmağımı istəyib. Baxdım,başqa sözlə, dinlədim, dəyərləndirdim. Qurban bəy, birillik AXC hakimiyətində Nəsimi rayon İH-nin başçısı olmuş, indi Ukraynada yaşayan  Əli Quliyevi danışdırır. Ə.Quliyev verilən sorulara yanıt olaraq AXC hakimiyətinin yenilməsinə nədən olan görsənişləri, demək olar, bütünlüklə doğrucasına deyir. Ancaq ürəksiz deyir, qorxacaqlıqla deyir.
Başqalarını bilmirəm, mən o ürəksizliyə, o qorxacaqlığa anlayışla yanaşıram: azman Xalq hərəkatından törənmiş partiyaları cılız söyüşkənliyə,  düşkün düşüncəli trolluğa dönüşdürmüş partiya sədrlərinin onlara verəcəyi “linç edin!” komandasından qorxur.

Uzun sürəli yetkiləriylə müxalifəti belə acınacaqlı duruma gətirib çıxaranlara görə, hakimiyəti ən kəskin biçimdə ələşdirənlər belə,onların uğursuzluqlarını çox yumşaq olsa da, ələşdirə bilməzlər. Ələşdirərlərsə, onların yetişdirdikləri çoxsaylı trol sürüsünün tərbiyəsiz söyüşləriylə üzləşərlər. 30-35 ildən bəri müxalifətə bir dənə də uğuir qazandırmaq bacarığı, üstünlüyü olmayanlar özlərinə beləcə üstün hüquqlar qazandırıblar. Onların çoxillik liderlikləri özünü yalnız bunda- müxalifəti trollaşdırmaqda göstərməkdədir. Qlsaca desək, qurduqları trolluq “institutu” bir-birindən uğursuz liderlərin son sığınacaq yerinə dönüşüb. Bu faktın özü də bir uğursuzluq görsənişidir.

Verilişdə önə çıxarılan qonulara, gətirilən faktlara qısaca toxunmaq istəyirəm.

Aradan 32 il keçəndən sonra 4 iyun qiyamı ilə bağlı danışmağa, dartışmağa dəyərmi? Dəyər, özü də necə!

Dəyər, 4 iyunu doğuran bütün nədənlər açılıb ortaya qoyulana, onlar yetərincə dəyərləndirilənədək. İndiyədək bu olmayıb. Bunun olmadığının başlıca nədəni isə hakimiyətdən daha çox müxalifətin başında duranların 35-40 illik statuslarını itirmək qorxusundan qaynaqlanır.

Rusiya etkənliyi- adı çıxmış Rusiya

4 iyundan söz düşüncə biriləri tez-tələsik ortaya Rusiya faktorunu atırlar. Dönə-dönə yazmışam, bir daha yazıram: AXC hakimiyətinin varlığını istəməyən dörd dövlət vardı: Rusiya, İran, İngiltərə, Amerika. Bir də Naxçıvan Ali Məclisinin sədri H.Əliyevlə ayrıca ilişkilər quran, ona yardımlarda bulunan Süleyman Dəmirəl Türkiyəsi. Nəyə görəsə, Rusiyadan yapışıb duranların biri də uzun illərdən bəri bu faktları dilə gətirməkdən qaçınırlar. Kimlərsə bilməsələr də, müxalifətin başında duranlar bu faktları bilirlər, bilərək də susqunluq sərgiləyirlər. Görəsən, niyə? Hansı istəklə, hansı umacaqla?

İranın da, Rusiyanın da  AXC hakimiyəti ilə bağlı sorunu başlıca olaraq ideoloji xarakterliydi. İngiltərə ilə Amerika isə geopolitik güdüklərlə, başqa sözlə, doğal qaynaqlarını ələ keçirmək üçün Azərbaycana yiyələnməyə çalışırdılar. Bəlli olduğu kimi, indi Azərbaycanın neftindən qazına, qızılından gümüşünə bütün başlıca doğal qaynaqları anqlosaksların əlindədir.

Birillik hakimiyətin başında duranlar

AXC hakimiyətinin başında duranlar- prezidentindən, parlament sədrindən, baş nazirinədək gerçək dövlətçilik düşüncəsindən uzaq olduqlarından dövləti, dövlətçiliyi çürüdərək, 93-ün mayında prezidentin yüksək tribunadan dediyi kimi, bir ilin içində ölkəni “başdan-başa rüşvətə bürünmüş” duruma gətirdilər. Bir ilin içində!

Hakimiyətdə neçə komanda vardı? Xırda-xuruş, gizli-açıq çox komanda vardı, ancaq başlıcası başlanğıcdan sonadək bir-biriylə barışmaz didişmədə olan Ə.Elçibəy komandası ilə İsa Qəmbər komandası idi. Elçibəy dövlətçiliyi də, komandasını da,  demək olar, başlı-başına buraxmışdı. İ.Qəmbər dövlətçiliyi başlı-başına buraxsa da, komandası üzərində etki sağlayaraq, ölkədəki başlıca görəvlərə öz adamlarını yerləşdirməklə, partiyasını durmadan genişləndirməklə birinciliyə yönəlik ikihakimiyətlilik yaratmışdı. Rəsul Quliyev öncüllüyündə üçüncü hakimiyət də vardı: Naxçıvandan yönətilən H.Əliyev hakimiyəti. (Hakimiyət qurumlarında genişlənməkdə olan başqa bir  komanda da vardı: Əli Kərimovun“Yurd”komandası).

Hakimiyətin ötürüləcəyi proqnozu

Ə.Elçibəy AXC sədri ikən hakimiyətə bütöv, başarılı bir komanda ilə gəlmək üçün gərəkənlərin birini də etməmiş, hansı nədənlərləsə bunların tərsini etmişdi. Elçibəyin AXC-dəki davranışlarından, kadr yerləşdirmələrindən çıxış edərək,92-nin martında- içdə də, dışda da çoxları AXC-nin tezliklə hakimiyətə gələcəyini proqnozlaşdırdığı çağda- mən AXC hakimiyətinin H.Əliyevə ötürüləcəyini yazmışdım. Hansı qəzetdə? O çağın ən oxunaqlı qəzeti olan “Azadlıq” qəzetində! O çağdan bu çağa kimsə o proqnozunnələrdən, hansı faktlardan, görsənişlərdən qaynaqlandığını soruşmayıb. İndi bir daha bildirirəm: Elçibəyin sədrliyindən qaynaqlanan AXCgerçəkliyinin doğru-düzgün analizi məni o proqnoza gətirib çıxarmışdı.

Çağdaş açunda qabaqcıl, uğurlu qurumlar da, qabaqcıl, uğurlu dövlətlər də yüksək intellektə söykənən obyektiv analizlərdən doğan doğru-düzün proqnozlarla yönətilir. Elçibəyin başında durduğu AXC-də də, AXC hakimiyətində də bütünlükdə öncül ideya, sağlam düşüncə görsənişləri ilə seçilən kimsələrə önəm verilmədi. Məncə, belələrinə ən yaxşı örnək olaraq Tofiq Qasımovla Nəcəf Nəcəfovu göstərmək olar.İki oxşar intellektual olaraq onların ikisinə də gərəkən dəyər verilmədi.

Demək, mən 4 iyunun proqnozunu AXC hakimiyətə gələndən iki ay öncə, AXC hakimiyəti KQB generalına ötürüləndən bir il iki ay öncə bəlirləmişdim. Düzgün proqnozun düzgün-intellektual analizlərdən doğduğunu anlamayan, belə dərinliklərdən uzaq olan biriləri məni Elçibəyə “düşmən” olmaqda suçlayırlar. Onlar başlıca olaraq kimlərdir? Partiya trolları, mənim bir çağlar faktlardan çıxış edərək qəzetdə “moşennik dəstəsi” adlandırdıqlarım. Yeri gəlmişkən, Elçibəy AXC-ni gərəkirkən hakimiyətin arxa-dayağına çevirmək üçün üstün kimsələrə deyil, onlara tapşırıb getmişdi. Onlar isə AXC qərargahını az bir arada ayrıca biznes qurumuna çevirmişdilər.

Mənim ikinci proqnozum

Birillik dönəmdə, Az TV-də İnformasiya studiyasının direktoru olarkən, konkret olaraq, 1992-ci il dekabrın 30-da televiziyada birbaşa efirdən demişdim: “Tezliklə KQB arxivləri açılmasa, KQB parlamenti buraxılmasa, bizim hakimiyətimizi devirəcəklər”. Hakimiyət başında duranlar bu uyarıya qarşılıq olaraq mənə qarşı dışlama kampaniyası başlatdılar, ardınca qanunsuz olaraq işdən çıxardılar, sonra mənim qandallanıb Bayıl türməsinə salınmağıma göstəriş verdilər.

Başdan-başa rüşvətə bürüdükləri ölkədə bir rüşvətxoru, bir korrupsioneri tutuqlamayanlar məni- özündən öncə də, özündən sonra da rüşvətə bürünmüş qurumda rüşvət faktına son qoyanı-tutuqlanma qərarı ilə ödülləndirdilər.

Sonralar bəlli olduğu kimi, hakimiyəti devirməyə yönəlik girişimlərlə bağlı o çağlar məndən başqa da uyarıda bulunanlar olub, ancaq Elçibəy də, yaxın komanda yoldaşları da uyarılarınəyə görəsə sonadək qulaq ardına vurublar.

AXC Proqramı ilə hakimiyətə gələnlər hakimiyətin oturuşub bərkinməsi üçün çox gərəkli olan o Proqramın bircə bəndini belə bir illik dönəmdə gerçəkləşdirmədilər. İllərdir bunu mən yazıram, mən deyirəm, birillik hakimiyətdən yazanların, danışanların indiyədək biri də hakimiyəti qoruyub saxlamaq baxımından olduqca önəmli Proqram faktına toxunmayıb, toxunmur: politiklərdən politoloqlara, jurnalistlərdən publisistlərədək…

Bunu ayrıca vurğulamaq gərəkir: H.Əliyev hansı proqramla hakimiyətə qayıtmışdısa, onu 70-ci illərin pripiska planları kimi deyil, gerçəklik olaraq 100-150 faiz yerinə yetirdi. Özü də lap hakimiyətinin birinci ilində! İndi o planı milyon faiz yerinə yetirilmiş saymaq olar!

Elçibəyin sevimlilərindən olan P.Hüseynov qəzetdə demişdi: “Biz AXC hakimiyəti olaraq kadrları H.Əliyevin məsləhətiylə seçib yerləşdirirdik”. Görünür, bunu hakimiyətin dirənişsiz ötürülməsi üçün edirmişlər. 4 iyun gerçəyi ilə bağlı bundan daha ağlabatan, bundan uyğun versiya varsa, buyurun, göstərin.

Onun stili: yenilgənlik-uğursuzluq

Yeri gəlmişkən, bu faktı ayrıca vurğulamadan keçmək olmaz. Elçibəy KQB agentlərini, Fəzail Ağamalı tipdə kimsələri maqnit kimi özünə çəkirdi. Tanınan, gerçək kimliyi bəlli biriləriylə bağlı toqquşmalar, dirənişlər olurdu. Belə basqılar qarşısında o, özünü geri çəkilmiş kimi göstərsə də, sonda öz bildiyini edirdi. Onun KQB agentləri ilə bağlı belə bir tutalqası vardı: “Biz KQB agentlərini də özümüzə dost etməliyik”. Bilənlər bilir: bu düşüncə görküdə-praktikada özünü doğrultmayan, bəlli nədənlərlə özünü doğrultmayacaq fantaziyadır. Politikada fantaziya qaçılmaz olaraq 4 iyun sayağı çıxmazlara gətirib çıxarır!

Gerçək Demokratiyanın, Demokratik Dəyərlərin nə olduğunu bilməyənlər onu “böyük demokrat” adlandırırlar. Ancaq onun “demokratlığı bu yazıda  bəlirlənən davranışlarından, düşüncələrindən çox da uzağa getmirdi. Ona: “Korrupsionerləri cəzalandırmaq gərəkdiyini deyəndə coşub özündən çıxırdı: “Korrupsionerlər də bizim millətdəndir”.Korrupsionerlərə baxışından bir daha göründüyü kimi, Qanunçuluq onun yönətim stilinə yad idi.O üzdən də AXC hakimiyəti bir il boyunca gerçək demokratik hakimiyətə dönüşmədi. O baxışlar, o düşüncələrlə dönüşməyəcəkdi də. Belə bir deyim var: ”Stil adamın özüdür”. Bütün başqa etkənliklər (faktorlar) bir yana, onun stili yenilgənlik-uğursuzluq idi.

Xalqın mandatiyla hakimiyətə gələnlərin Demokratiyaya, ayrıca olaraq Qanunçuluğa sayğısızlığının doğurduğu görsənişlər üzündən istər-istəməz Ulutürkü yad etməli oluruq: “Davam edir 37, Daha kəskin, daha ciddi…”

İsa Qəmbər, Pənah Hüseynov faktı

Verilişdə Sülhəddin Əkbərin KQB arxivləri ilə bağlı çıxışına da toxunulur. Özü də belədə çox olduğu kimi, yersiz sürüşkənliklə.

Milli Təhlükəsizlik Nazirliyində birinci müavin olan S.Əkbər əlindəki bəlgələrlə prezidentin yanına gedir. Prezidentə dövlətin başına çıxardığı İsa Qəmbərlə Pənah Hüseynovun Moskvaya bağlı olduğunu, onlarla milli dövlət qura bilməyəcəyini bildirir. Prezident nə edir? Özünün MTN görəvlisini Sovetin KQB görəvlilərinə… satır! Kimin necə düşünməyindən asılı olmayaraq, bu faktın adı budur, başqası deyil.İstənilən prezident üçün bu faktın doğuracaqları isə budur: yalnız bir dövlət qurumunun, eləcə dəo iki “KQB adamının” deyil, güc qurumları başda olmaqla bütün dövlət qurumlarının prezidentə GÜVƏNSİZLİYİ!

O güvənsizlik 4 iyunda özünü bütün çılpaqlığıyla göstərdi!

S.Əkbərin “gecikmiş” açıqlamasına o başdan bu başa elçibəyçilərin yanaşması belədir: “Sülhəddin Əkbər yalan danışır, həqiqətən belə olmuşdusa, bunun üstünü niyə vaxtında açmırdı?” Elçibəyi (eləcə də bir sıra başqalarını Azərbaycandan çox sevənlər üçün gerçəyi ortaya qoyan bütün faktlar “yalandır, düşmən dəyirmanına su tökməkdir”.

S.Əkbərin “gecikmiş” açıqlamasına gəlincə, yanılmıramsa, 1996-cı ildə o, “Müxalifət” qəzetinə bir səhifəlik qonuşmasında demişdi: “Hakimiyətdə yüksək yer tutan 144 KQB agentinin siyahısını prezident Elçibəyə verdim, onları görməzdən gəldi”. Onda Elçibəydən də, elçibəyçilərdən də səs çıxmadı. Dediyi yalan idisə, niyə ona qarşı çıxmır, niyə onu nəhkəməyə vermirdilər?!

Rəhim Qazıyev, Surət Hüseynov faktı

4 iyundan danışıla, Rəhim Qazıyevlə Surət Hüseynov birilərinin çalışmalarıyla “xain” obrazında araya gəlməyə, ola bilərmi?! Mən birilərinin Rəhim Qazıyevlə Surət Hüseynovu “suç keçisinə” dönüşdürdüklərini çoxdan yazmışam. Onların “suç keçisinə” dönüşdürülməsi öz cinayətlərini Rəhim Qazıyevlə Surət Hüseynovun üzərinə atmağa çalışan bəlli bir qrupun qurğusudur.

Korpus komandırı Surət Hüseynov Elçibəyin Naxçıvandan gətirib AXC İcraiyə komitəsinin başına oturtduğu Fərəc Quluyevin bir bildirisylə “düşmən” çıxarılmışdı. Burada ən ilginc olanı nə idi? F.Quluyev fevralın 8-də uzaq Ordubaddan Bakıya gəlmiş, vur-tut bircə gün sonra Surət Hüseynovu “xəyanaətkar” çıxaran bildiri yaymaqla bütün ölkəni qarışdırmışdı. İşin bundan az ilginc olmayanı da var: sonralar bildirdiyinə görə, o bildirini indi hara, nəyə qulliuq etdiyi bəsbəlli Rauf Arifoğlu yazıbmış.

Sonra nə olur? Elçibəyin Baş nazirin müavini qoyduğu, Millıi Qəhrəman adı verdiyi Surət Hüseynov dövlət televiziyasından onu “vətən xaini” çıxaranlarla bağlı ölçü götürməyə çağırır, Elçibəy gülərək: “Uşaq-muşağa baş qoşma, boş ver” deyir. Dövlət televiziyasından səsləndirilən “vətənə xəyanət” suçlaması yüngüllüklə “uşaq-muşaq işi” adlandırılır!

Surət Hüseynov onu Korpus komandirliyinə yüksəltmiş, ona Milli Qəhrəman adı vermiş, Baş nazirin müavini etmişAli Baş Komandanla-Prezidentlə görüşüb danışmaq üçün Bakıya gəlir. Prezidentin yaxın çevrəsi onu- savaş içində olan ölkənin Korpus komandirinigünlərlə fırladır, aldadır, beləliklə. Görüşün baş tutmasına yol verilmir. Ortada hakimiyət başından qaynaqlanan qurğu yox idisə, görüşün qarşısı nə üçün alınırdı? Bu necə yönətim, bu necə dövlətçilik idi?!

Gəncəyə qayıdan Surət basqılara dözməyərək Bakıya soraq göndərir: “Mən komandirlikdən gedirəm, gəlin Korpusu təhvil alın”. Sonra da Yevlaxdakı iş yerinə- Yun zavoduna qayıdır. Birilərinin qurduqları qurğuya uyğun olaraq, Bakıdan səs çıxmır, Surət yenidən Gəncəyə dönür.

Elçibəy Kələkidə ikən “Azadlıq” qəzetinə qonuşmasında Sürət Hüseynovla bağlı yaxın çevrəsindəki birilərinin onu aldatdıqlarını demişdi. Bir çox başqa faktlarda olduğu kimi, burada da o, ad çəkməkdən yayınmışdı. Onun dövlətçilik düşüncəsi bu idi: S.Əkbər faktı ilə bağlı ayrı, başqa biriləriylə bağlı bir ayrı. Bizdə olan bilgiyə görə, Elçibəy Surət Hüseynovla “işləməyi” Pənah Hüseynovla Arif Hacıyevə tapşırmışdı. Gerçəkdən beləydisə, aldadanlar bəlirli!

Dadaş Rzayev faktı

Rəhim Qazıyev 93-ün fevralında Müdafiə naziri postundan şantaj yoluyla uzaqlaşdırılmış, onun yerinə QRU-ya bağlı olduğu deyilən Dadaş Rzayev gətirilmişdi. Deyilənə görə, Rəhim Qazıyevin işdən uzaqlaşdırlmasında başlıca rol oynamış İsa Qəmbərlə Pənah Hüseynovun istəyi ilə D.Rzayev Müdafiə naziri olmuşdu.

Müdafiə naziri Dadaş Rzayev “çevriliş” günlərində nə etdi? Açıqcasına hakimiyəti qorumaqdan yayındı. Görünür, onun Müdafiə naziri postuna gətirilməsi bundan ötrüymüş!

Ərəstun Oruclu faktı

Verilişdə keçmiş MTN əməkdaşı Ərəstun Oruclu epizodik olaraq danışır. Ancaq onun açıqladığı faktı epizodik saymaq olmaz. Orada adı çəkilənlər danışmağa borcludurlar. O epizodik danışmadan bir daha bəlli olur: AXC hakimiyətinin ötürülməsinə gətirən bütün faktlar detallarınadək açılmayınca, baş verənlər gərəyincə dəyərləndirilməyincə 4 iyun qonusu bitməz qalacaq.

Heydər Əliyev faktı

Hə, verilişdə başında H.Əliyevin durduğu Naxçıvan separatizmindən də danışılır. Ölkənin bu başında ermənilərlə ölüm-dirim savaşı gedirkən, o başında onlarla atəşkəs bağlaşması bağlanır, alış-veriş edilirdi. Hakimiyət başında duranların H.Əliyevin Levon Ter-Petrosyanla, Robert Köçəryanla işbirliyinə göz yummaları sonda alınmaz qala olan Kəlbəcərin itirilməsinə bağlı bir çox faciələrə gətirdi. Elçibəysevərlərin, İsasevərlərin, Pənahsevərlərin bütün bunlara görə Rəhim Qazıyevi, Surət Hüseynovu suçlamalarının bir adı varsa, o da əxlaqsızlıqdır. Onlar xalqın onlara verdiyi hakimiyəti KQB-yə ötürdülər- bundan böyük cinayət ola bilərdimi?!

Özət

4 iyuna gətirən faktlar Azərbaycanı yalnız Tərtər terroruna-Tərtər soyqırımına uğratmaqla qalmadı, çoxsaylı faciələrə, itkilərə, uğursuzluqlara nədən oldu. Bütün bunların başlıcas sorumlusu AXC hakimiyətinin başında durmuş bəlli üçlükdür!..

11.06.2025

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv