Soylu Atalı. İranın vurulması Türklüyün zərərinədir

Bölgədə baş verən olaylar, daha doğrusu, İsrail İran savaşı elə bir məsələdir ki, bu savaşa baxış sərgiləmək bir açıdan çox çətindir. İran rejimi elə bir eybəcərlikdir ki, on illərlə bizim insanlarımıza olmazın əzab-əziyyət çəkdirib, onların azadlıqlarına qənim kəsilib, ana dilində oxulları olmayıb, öz doğduqlarına milli ad qoya bilməyiblər. Belə bir basqı altında yaşayıblar. Bu rejim daim onları aşağılayıb, ayrı-ayrı çağlarda, teatr-tamaşa səviyyəsində, onların milli heysiyyatlarına qarşı aşağılayıcı səhnələr düzənlənib i. a. Elə bir situasiya yaranıb, insanlarımız, gerçəkdən qapalı bir mühitdə, basqı altında yaşamalı olublar. Nə qədər insanlarımız azadlıq yolunda dar ağacına çəkilib, zindanlara atılıb, öldürülüb i.a. bu bəlli məsələləri geniş sadalamaq istəmirəm. Bununla belə, İsrailin İranı vurması mənə çox böyük ağrı, fəlakət kimi gəlir. Nəyə görə? – Məsələ İranın başını vurmaq deyil, rejimi bizim xeyrimizə dəyişməyəcəklər. Məsələ orada türk nüfuzunun gücünü sarsıtmaqdır, üzdə olan aktiv kəsimi hardasa yox etməkdir. Bu, zaman-zaman nə yazıqlar ki, özünü göstərəcəkdir. Bu savaşı bu ya, başqa biçimdə uzatmağa çalışacaqlar. Belə getsə, bu proseslər orada bizim özgürlük, bağımsızlıq əldə etməyimizlə sonuclanmayacaq. Nəyə görə, – çünkü bu savaş təkcə İsrail-İran savaşı deyil, Amerika-İngiltərə-İsrail üçlüyünün ortaya qoyduğu bir projenin gerçəkləşməsidir. Bu projenin adı bəlli, – BOP (Böyük Orta Doğu Projesi). Buproje ilə orta Doğu yenidən şəkilləndirilir, yenidən qurulur, söz yox, özləri üçün. Bölgənin maddi resurslarını mənimsəmək üçün, sərbəst ağalıqlarını sürdürmək üçün. Məsələ budur. Bunlar dünya ağalığının yenilənərək, daha da güclənməsi oyunlarıdır. Bu bölgədə Türk Birliyinin qarşısını almaq, Türk dövlətçiliyinin gəlişməsini əngəlləmək başlıca hədəflərdən biridir. Nəinki gəlişmənin qarşısını kəsməyə çalışırlar, Türk dövlətçiliyinə son vermək planları üzərində işləyirlər. Bir çağlar İran coğrafiyasında böyük Türk dövlətləri mövcud olub. Dünyaya siyasi baxımdan hökm ediblər, yönətiblər. Bu yanda Osmanlı dövləti olub. Baxmayaraq ki, Osmanlının son dönəmləri dəhşətli bir türksüzləşmə ilə başa çatdı, dəhşətli bir antitürk prosesinə çevrildi,- onun başlanğıcı güclü idi, qüdrətliydi. Bunları unutmayıblar, bunların yenidən bərpa olunmaması üçün, yenidən toparlanıb, birləşib, bütövləşib gücə çevrilməmələri üçün hər cür planlar işləyirlər. Bu planları aşama-aşama yerinə yetirirlər. İndi də həmin proses gedir. Bu prosesdə ən çox qorxunc olan Türkiyənin başında duran Rəcəb Tayyib Ərdoğan rejimidir. Lap başından bu adam Böyük Orta Doğu projesi sisteminin içində olduğunu bəyan etmişdi. Bu gün də bu sistemin içindədir, oyun oynayır, üzdə bir şey, əməli şəkildə başqa şey sərgiləyir. Onun bütün atdığı addımlar göz qabağındadır. Baxın, bir yandan “Türkiyə bölgənin ən güclü dövlətidir, onun başında duran Ərdoğan bölgə lideridir” kimi təbliğatlar qurulur, ancaq o biri yandan bu bölgə “lideri”nin gözünün qabağında, ağzının içində  bölgə dağılır, dağıdılır. Bu bölgənin dağılması, dağıdılması özü bumerang olaraq Türkiyəyə doğru qayıdacaq, hədəf Türkiyə olacaqdır. Bunu tək mən demirəm, bunu böyük təhlilçilər deyirlər, ağlı kəsən hər kəs bu qorxunc gedişi açıq şəkildə görə bilir. Başından bəri, İraq savaşı dönəmində, Liviyanın dağıdılması dönəmində Ərdoğan birər-birər sömürgəçi, dağıdıcı güclərə qapı açıbdır. Bağırtılarla guya Amerikaya diş qıcayıb, bir yandan da hər aşamada onlara qapı açıbdır. Bu dişqıcama ilə bağlı gərəkən bir vurğu eləmək istəyirəm. Bildiyimə görə Ərdoğanın qızının biri, ailəsi ilə, bir neçə nəvəsi Amerikada yaşayır. Baxın, nə dünyanın heç yerində, nə də tarixin heç bir dönəmində belə bir şey görünməyib ki, bir dövlətin başında duran adamın ailəsi, onun yaxınları başqa bir güclü dövlətin içində yaşasın. Onlar girovdur əslində. Onun özünün istəyi ilə, bilə-bilə, gedib orda yaşayırlar. Bu adam Türkiyənin çıxarlarını necə düşünə bilər, Amerikanın qarşısında Türkiyənin çıxarılarını necə qoruya bilər, – bu, absurd bir şeydir. Çox böyük ehtimalla Türkiyə o aşamaya gələndə Ərdoğan elə Amerikaya da qaçacaq, gedib orada da yaşayacaq. Əgər ölməsə, ona qədər sağ qalsa.

İndi Suriya ilə bağlı bir-iki məsələni baxışınıza çatdırım. Baxın, Suriyada gedən proseslərdə öncə Rusiya vardı, İran vardı, Amerika vardı, Türkiyə vardı. Amerika Rusiyanı Ukrayna ilə savaş bataqlığına soxdu, çox qısa çağda Suriyadan Rusiyanı sıxışdırıb çıxartdı. Sonra İranı sıxışdırıb çıxardı. Suriyanı dağıdıb öz kadrnı onun başına yerləşdirdi. Bu məsələdə Ərdoğan çox böyük canfəşanlıq elədi. Suriyanın başına terorçu Əhməd Şaraanı çıxardılar. Əhməd Şaraa Əl-Qaida terror təşkilatının nümayəndələrindən biridir, terror başıdır, başkəsəndir. Ərdoğan onunla əl sıxıb dayaq oldu. Burda kim qazandı, – İsrail, Amerika. İsrail Suriyada genişləndi, Colan təpələrinin qalan hissəsini də işğal elədi. Colan təpələri türk torpaqları olub. İsrail Suriyada Türkiyənin hərbi bazasını vurdu, Ərdoğanın səsi də çıxmadı, ört-basdır elədi. İndi bu gün üzdə İsrailə qarşı şüarlar səsləndirir, bunların hamısı ikiüzlülükdür, çox pis oyundur. Adamın yardımı ilə terrorbaşını Suriyanın dövlət başına gətirdilər. Bu gün İsrailin bütün davranışları terrorçuluqdur. Dünyanın heç yerində belə bir qayda yoxdur ki, sən insanları birbaşa evinin içində, müharibə elan eləmədən,məhv edəsən. Bu, terrorizmdir. Bunu, yenə deyirəm, tək mən demirəm, bunu başqa ağlı başında olan adamlar da deyirlər ki, İsrailin apardığı müharibə terror müharibəsidir, terrorçuluqdur. Bu məsələdə Ərdoğan yenə oyun oynayır, heç nə də eləyən deyil. Əslində bu gün gərək Türkiyə ayağa duraydı, həm diplomatik, həm də hərbi dirəniş göstərəydi. Çünkü onun bütün çevrəsi dağıdılıb, son hədəf özüdür. Məsələləri yalandan deməklə deyil, planlar addım-addım gerçəkləşir. Ərdoğan bu çağa kimi İsraillə hansısa diplomatik əlaqələrində dəyişiklik eləmədi, heç nəyi dayandırmadı, heç bir münasibətə yenidən baxmadı…

İranın başı əzilməlidir, ancaq bunu İran toplumu özü eləməlidir. Bu rejimi kim əzəcəksə qazanan da o olacaq. II Qarabağ savaşında İsrail Azərbaycanın yanında oldu-filan, bunlar boş sözlərdir. Bu gün Azərbaycanda İsrailin siyasi bazaları var, səbəb bu idi. Silah-sursatlara gəlincə, ən yüksək qiymətlərə satılıb o silahlar. Bununla bağlı faktlar da yox deyil.

Hətta II Qarabağ savaşında bundan daha artığını eləmiş olsaydı belə, İsrailin, Amerika Birləşmiş Ştatlarının, İngiltərənin niyyətləri göz qabağındadır. Bu gün İsrailin atdığı addımı dəstəkləmək əslində bu üçlüyün bəd niyyətlərini dəstəkləmək deməkdir, Türklüyün sıradan çıxarılmasını dəstəkləmək deməkdir, bu bölgədə onların yenidən güclənməsini dəstəkləmək deməkdir. Bu güclənmə də sömürgəçilik imperializmidir, ayrı bir şey deyil. Belə olub, belə  də olacaq. Ona görə də mən bu gün böyük bir ağrı ilə deyirəm, İranın bu güclərin əliylə vurulması perspektivdə Türklüyə yaxşı şeylər vəd eləmir. Asif Ata deyirdi, biz istəyirdik SSRİ-ni biz (yəni xalqlar) dağıdaq, ancaq onu avantürist Qorbaçov dağıtdı. Ata bununla nə demək istəyirdi? – Yəni belə götürəndə SSRİ-nin dağılması gərəkli idi. Ancaq SSRİ-nin dağılmasından sonra nə baş verdi, – yağışdan çıxıb yağmura düşdük. Guya indi ağ gündə yaşayırıq?! Öz ölkəmizdə, bağımsız dövlətimizdə insanlarımız necə yaşayırlar, hansı qayda-qanun həyata keçir, hansı qanunçuluq var, hansı hüquq var… Burada mən hamının bildiyi detalları sadalamaq istəmirəm. SSRİ-ni Qorbaçovun əli ilə həmin güclər dağıtdılar. Bütün bölgələrə hakim oldular, hər yeri qana qərq elədilər, qatdılar, qarışdırdılar. Bu gün də qatıb-qarışdırmağa davam edirlər. İran da onun kimi. İranın başının çökməsi, dağılması qaçılmazdır, gərəklidir. Rejimin məhv olması, rədd olması gərəklidir. Ancaq bunu kim edir, kimin üçün edir, – məsələnin ağrılı yönü budur. Şəxsən mən sevinə bilmirəm. Ən böyük diləyim odur ki, Türklük daha böyük faciələr yaşamasın…

Atamız Var olsun!

(Səsdən yazıya uyğunlaşdırıldı)

21 Şölə Ayı, 47-ci il.

(iyun, 2025).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv