Xaliq Bahadır. Çarpışmada keçən illərin özəti

Yaşın bu çağı istər-istəməz “hesabat” vermək gərəyi yaranır. İndilikdə azı özət olaraqnələrisə demək gərəyi var. Bu gərək nədən doğur? Ölkədəki toplumsal bozluq görsənişlərindən.

Orta oxulu bitirəndən sonra iki il Kolxozda kolxozçu işlədim. Universitetə girmək istəyirdim. O çağlar iki illik iş satajı gərəkirdi.

Kolxozun başqa kənddən olan sədri hər il noyabr ayında bütün kolxozçularınalalacağı pulu götürüb Bolqarıstanın Varna çəhərinə dincəlməyə gedirdi. Birinci ili dözdüm, ikinci ili dözmədim, gərəkən yerlərə yazıb komisiya gətirtməklə kolxozçuların əllərindən alınan pulun onlara verilməsinibacardım. Sonra da… kənddən gedəsi oldum.

Orta oxul dönəmindən jurnalist olmaq istəyində idim, rayon qəzetində yazılarım çıxırdı. Jurnalistika fakültəsinə imtahan veridim, konkursa düşdüm. Əskərlikdən sonra filologiya fakültəsində oxudum.

Yaramazlığıyla tanınan bir müəllim məni Universitetin dördüncü kursundan qovdurdu. Biliksiz olduğuma görə deyil, üstün biliklə yanaşı, gerçəkləri dilə gətirmək gərəkən yerdə susmadığıma görə. Aylarla sürən gərgin, üzücü çarpışmasonucunda komisiya ilə imtahan verib, Universitetə qayıtdım. Daha da güclənmiş, daha da özgüvənli biri olaraq. Öz kursumda, aşağı-yuxarı bütün tələbələrin qorxusuna çevrilmiş o müəllimi savaşaraq yenməklə tələbələrdə böyük coşqu yaratdım. İllər sonrakı Hərəkat dönəmində onun KQB-yə bağlı olduğu ortaya çıxdı.Bir çağlar onun yaramazlıqlarından rektor Faiq Bağırzadəyə danışarkən demişdi: “Etdiyi yaramazlıqları bilirəm, ancaq onunla bacarmıram”. Rektorun bacarmadığının nədəni KQB imiş.

Komsomoldan, partiyadan uzaq tələbə öncüllərindən oldum. İdealımız Bütöv Azərbaycan idi, bu yöndə çalışma öncüllərindən olduğumdan qaçılmaz basqılarla üzləşirdim. Bir çox basqıları taktikanı dəyişməklə sovuşdura bilirdim. KQB ayıq-sayıq idi.

Azərbaycan radiosunda yazılarım səslənirdi. Uzun-uzadı get-gəllərdən sonra Teleradio verilişləri Komitəsində (Radio) işə düzəldim. Çoxlarının rüşvətə qurşandığı yerdə mən tribunadan rüşvətxorluqla savaşa qalxdım. Arxam-dayağım kimsə deyil, biliyim, talantım idi. Çoxlarını mənə düşmən eləyən bir-birindən kəskin çıxışlarımla yalnız biliyimə, talantıma güvənirdim.

Hərəkatdakı qatqıma görə məni 1990-cı ilin yanvarında işdən çıxardılar. Yaradıcılarından olduğum “Azadlıq” qəzetində işləməyə başladım. Nəcəf bəy redaktor, mən İnformasiya bölümünün başqanı idim. 120 min tirajla qəzet çıxardıq, bir manat da rüşvət almadıq. “Azadlıq”da o yöndə nə oldusa, bizdən sonralar oldu…

AXC hakimiyətində yenidən geri döndüm, Televiziyada İnformasiya studiyasının direktoru oldum. Mənədək də, məndən sonralar da rüşvətin geniş yayıldığı bir qurumda rüşvətə son qoydum: özüm almadım, başqalarını da almağa qoymadım. İnformasiya alanında indiyədək tayı olmayan bir sıra yeniliklər etdim.

Sovet hakimiyəti kimi AXC hakimiyəti də mənim doğru-düzgünlüyümə dözmədi: yalançı suçlamayla işdən çıxarıldım. Məhkəmə gerçəyi ortaya çıxarmaqla məni işimə qaytarsa da, hakimiyət dəyişdiyindən İnformasiya studiyasına qayıtmadım, öz istəyimlə başqa işə keçdim. Bir çoxları üçün əlçatmaz olan ilginc bir nədənlə Televiziyadan gedəsi oldum.

Yenidən “Azadlıq” qəzetinə qayıtdım. Bir sıra gerçəkləri dilə göyirdiyim üçün məni yaradıcılarından, yaşadanlarından olduğum partiyadan 5 yol (beş yol!) qovdular. Kimlər? Konkret faktlardan çıxış edərək “moşennik” adlandırdığım biriləri. Onlar məni filankəsin “yoluna xəyanət etməkdə” suçlayırdılar.

Nə oldu, bilirsizmi? Vəzirov, Mütəllibov hakimiyətinin devrilməsi üçün küçələrdən yığışmayan o regional dəstə H.Əliyevin hakimiyətə qaytarılmasıyla buxarlanıb yoxa çıxdı. Yox, lap da yoxa çıxmadılar: kimiləri ölkədə qalıb uğurlu biznesmen oldular, kimiləri Türkiyəyə, kimiləri də “müxalifətçi” adıyla Avropaya…üzükdülər!

Ayaz Mütəllibov komandası kəskin yazılarıma görə mənimlə bağlı ölüm qərarı verdi, kimlərsə qarşısını aldı.

H.Əliyev məni komandasına almaq istədi, çox istənsə də, getmədim.

Yaxında-uzaqda, başda-ayaqda satanları, satılanları gördüm- satmadım, satılmadım.

Böyük, bütöv, Özgür, Demokratik, Çağdaş Azərbaycan idealına bağlı qalaraq yaşadım, yaşayıram!

Bilməyən nə bilsin bizi…

28 May 2025

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv