Aylı gecələrdə incilər xəzinəsi asimana baxsanız… ulduzlar… yaxın görünən uzaq ulduzlar görərsiniz. Ulduz var ki, onu yerə düşürsələr asiman yaraşıqdan düşməz, ulduz da var ki, göylərin əlindən alınsa göylər əliuzalı qalar.
Azərbaycan ədəbi üfüqlərində dərin fəlsəfi fikirləri parlayan ulduzlardan biri də Asif (Ata) Əfəndiyevdir. O, ədəbiyyatşünaslığımıza tənqidçı-filosof kimi gəlmiş, ədəbiyyatımıza isə Qərbi Avropa, xüsusən də fransız ədəbiyyatında dəbdə olan ədəbi-bədii esse janrını gətirmişdi. Bu janrda ilk mükəmməl fəlsəfi əsərlər yazmaqla özünün geniş ensiklopedik zəkaya malik unikal bir yaradıcı şəxsiyyət olduğunu təsdiq edərək şöhrət zirvəsinə ucalmışdır.
Onu üfüqlərdən yerə endirmək olmazdı. O qədər yüksək idi ki! Onun şəfəqlərini duman tuta bilməzdi. O qədər parlaq idi ki! Bu parlaqlığa könül verməmək mümkün deyildi.
O qədər sevilən idi ki! Bu sevgiyə müqəddəslik, ülvilik deyərlər. Fikirlərindən qopan sözlər o qədər şairanə idi ki! Bütün bunlar Asif Atanın yaradıcılığından süzülüb gələn, onu ədəbi fəzalarda yaşadan “Mütləqə İnam” fəlsəfi traktatlarının incəliyidir. Bu incəliklər rənglərlə ötürülən şəfəqlər, şüalarda saxlanan fəlsəfi ahənglərdir.
Asif Ata Əfəndiyevin yaradıcı dühasından qopub ayrılan fəlsəfi düşüncələri esse janrında qələmə alınmış ən gözəl, ən bəsirətli sənət nümunələridir. Vaxt, zaman keçdikcə daha təravətli, daha cazibədar, daha qiymətli görünür hikmətinin ovsunu. Vaxtın verdiyi meydana sığmadı coşub kükrəyən təbi, ilhamı Asif Atanın. Darlıq etdi ona zamanı. Müasirləri kimi bənzəmədi zamana. Çünki bənzərsiz idi ideal baxışlarıyla, ictimai məzmun daşıyan fəlsəfi düşüncələri ilə, ədəbi-tənqidi fikirləri ilə, bədii yaradıcılığı ilə. Asif Ataya yaradıcı söz meydanı verən zamanın o vaxtı uzun sürmədi, dolayısı yollarla ona qənim kəsildi. O, şimşək kimi çaxıldı, çaxılması ilə yaxılması bir oldu.
Beləliklə, iyirminci əsr ədəbi fikir tariximizdə bir ömür də Bəkir Çobanzadələrin, Salman Mümtazların, Hüseyn Cavidlərin, Mikayıl Müşfiqlərin ruhuna bu yolla qovuşdu.
Ürəklərdə yandırdığı sönməz sevgi məşəli ilə özünə daim yaşarlıq, əbədiyyət qazandırdı Asif Ata. Ətrafına toplanan minlərlə müridləri (məsləkdaşları) onu özlərinə mənəvi Ata seçdilər. Asif Atanın yaratdığı ” Mütləqə İnam” Ocağına yığışan müridlərinin mürşıdi olmaqla, həm də onu qəlbən qəbul edən, sevən, ocağının işığından zövq alan saysız-hesabsız pərəstişkarlarının müdrik atasına çevrildi.
Asif Ata bu dünyasına sanki yeni fikir, yeni ideya toxumu səpmək üçün gəlmişdi. Asif Ata yaşadığını yaratdı, yaratdığını yaşadı. Ömrü 62 il çəkdi. 62 il! Müdriklik çağlarını tam yaşaya bilməsə də, müdriklik səlahiyyətinə yüksəldi. Vəfa etməyən ömrünü ilbəil, aybaay, günbəgün, saatbasaat fikrindən doğan ideyalarına fəda etdi. Getdi!.. Həyatına, yaşadığı mühitə sığmayan sirli bir aləm qoydu getdi!
Yazı Asif Ataya həsr etdiyim “Müdrikliyin həddi və müdriklik səlahiyyəti” monoqrafiyamdan götürülmüşdür .




İyun 7th, 2025
admin
Posted in 