Soylu Atalı (Ocaq Yükümlüsü). ANARXİYA YARADAN TOLERANTLIQ

Sovetlər dağılandan üzü bu günə Azərbaycan iqtidarı daim dini tolerantlığını nümayiş etdirib öyünür. Ancaq biz indiyədək bu tolerantlıqda müsbət bir məzmun tapıb anlaya bilməmişik. Guya hər kəsə məslək seçimində azadlıq verilib. Bu, öz-özlüyündə yaxşı səslənir. Kim nəyə istəyir ona da inanır. Əlbəttə, heç kəsin içinə zor göstərmək olmaz ki, məhz filan yönə inanmalısan. Ancaq bu İnam məsələsi həvəsə dayanan hobbi deyil axı. İnam – kainatın ümumi nizamını dərk etmək, ictimai münasibətlərin sağlam axarını yaratmaq deməkdir. Bu isə saf, müdrik, mütəfəkkir insanlar tərəfindən öyrədilir, maarifləndirilir, yönəldilir. Dövlət də belə insanlara qayğı və diqqət ayırmaqla cəmiyyətin saflaşmasına yardımçı olmalıdır. Ancaq bu dediklərimiz harda var?! İndi İnam-etiqad məsələsi ilə əlində milyardlarla vəsait toplamış adamlar məşğul olurlar. Onlar ayrı-ayrı vaxtlarda yaranmış təriqətləri ələ alıb siyasi məqsədlərini həyata keçirirlər. Yeni təriqətlərin yaranması hardasa anlaşılandır. Belə ki, min illər öncə yaranmış dinləri dövrə, elmin inkişafına, çağdaş həyatın nizamına görə əski qurallarında islahatlara içəriləmək lazım gəlir. Ancaq görünən odur ki, bu yöndə islahatlar həyata keçirilmir, başqa məqsədlər ortaya çıxır. Ədliyə Baxanlığının qeydiyyatından keçən istənilən təriqətin, sektanın, nə bilim nəyin, siyasi məqsədlərlə yaradıldığı bəllidir. Əgər İnsana məslək seçimi tanıyırsansa, onu qeydiyyata götürmək nə üçündür? Yox qeydiyyata götürürsənsə, deməli, onun məqsədini nəzarətə götürürsən. Bəlli olur ki, bu inam məsələsi deyil, siyasət məsələsidir. İnam məsələsi olsaydı, insanlar gedib mənəviyyatla məşğul olar və cəmiyyətdə də bunun yayılmasına qulluq göstərərdilər. Mənəviyyat quruculuğu ilə məşğul olanlara qarşı dözümlülük (tolerantlıq) göstərməkdə isə məntiq olmadığına görə, bunu qabardıb özünü ağıllı hakimiyyət kimi sunmaqda da məntiq yoxdur. Biz yazılarımızda dönə-dönə vurğulamışıq ki, dini tolerantlığın bir anlamı var: toplum düşüncəsində neçə yerə bölünür bölünsün, təki vahid düşüncəyə yiyələnib gücə çevrilməsin. Parçalanmış toplumu idarə etmək daha asandır, güc birliyini idarə etmək isə çox çətindir. Birliyi olan toplum idarə olunmur, ona qulluq göstərmək lazım gəlir. Tolerantlıq – “Parçala və idarə et” tələbinin iç siyasət quralıdır.
Bu gün Azərbaycanda sələfilər deyilən vəhabilərin sayı 70 min yörəsindədir. Onların təşkilatlandığı ötən illər boyunca yüzlərlə aldadılmış Azərbaycan gəncləri hakimiyyətimiz tərəfindən mühakimə edilmiş, çoxları isə zindanlara atılmışdır. Deməli, tolerantlıq zindanlara yol açırmış. Dövlət öz insanlarına sahib çıxmalı, onların maariflənməsi üçün əlverişli işlər həyata keçirməlidir. Ancaq təəssüf ki, toplumumuzun dağınıq olmasında maraqlı olan xarici qüvvələrin “afərin” qiymətini qazanmaq üçün tolerantlıq oyunu nümayiş etdirməli olur. Xarici qüvvələr toplumun dağınıqlığından istifadə edib onun müəyyən bir kəsimini ələ keçirir və ölkəmizdə öz niyyətlərini həyata keçirmək üçün hakimiyyətə təsir imkanı qazanır. Ona görə də hakimiyyətin tolerantlığına “afərin ” deyir.
Deməli, toplumun çoxrəyliliyi, mahiyyətcə dağınıqlığı, həm hakimiyyətə lazımdır, həm də burada siyasi niyyəti olan xarici qüvvələrə. Əslində hakimiyyət öz xalqına qarşı xarici qüvvələrlə qeyri rəsmi olaraq anlaşmış fəaliyyətdədir…
Bu gün ölkənin gündəmini Nurçuluq təriqəti ilə bağlı bir qonu məşğul edir. Hər kəs bu məsələyə əndazədən çıxandan sonra münasibət bildirir. Biz isə bu məsələnin doğura biləcəyi fəsadları on ildən çoxdur ki, təhlillər edib yazırıq, vurğu edirik. Biz xalqımızın şüurunu işğal edən dünyagörüşlərə qarşı mübarizə aparırıq, sapı bizdən olan baltalar isə itilənib üstümüzə qaldırılır. Qafqaz universitetinin müəllimi işləmiş (indi işlədiyini bilmirəm) Ceyhun Bayramlı deyə biri mətbuatda bizə qarşı təhqiramiz ifadələr işlədirdi. Özgə dəyirmanına su tökən ceyhunlar milli dəyərlərimizə ərəb-islam donu geydirib toplumun gözünə kül üfürməklə məşğuldurlar. Babəkin, Nəsiminin guya müsəlman olduğunu sübut eləmək üçün dəridən-qabıqdan çıxırlar. Babəkin “İslam”a qarşı deyil, ərəb işğalına qarşı döyüşdüyünü, Nəsiminin avamlar tərəfindən edam olunduğunu yazırlar (Nəsimi avamlar tərəfindənn edam olundu. Ancaq o avamlar təsadüfi adamlar deyildilər, onlar “bilirdilər” neylədiklərini). Babəkin, Nəsiminin müsəlman “olduğunu” sübut etmək üçün Babəkin Həsən, Nəsiminin Seyid Əli adı daşıdıqlarını əsas gətirirlər. Bu cür adamlar anlamaq istəmirlər ki, heç kim anadan olanda özünə ad qoymur, adı ona qoyurlar. Adı çəkilən böyük şəxsiyyətlərimizin hər ikisi müsəlmançılıq dünyagörüşünə zorlanmış, toplumun övladları idi. Bu günkü nəslin nümayəndələri olan bizlər də müsəlman damğası ilə doğulmuşuq və pasportlarımıza ərəb adları yazdırıblar. Ancaq milli kimliyimizi dərk elədikcə bu dünyagörüşdən və onun gətirdiyi adlardan imtina elədik. İndi ulusal kimliyimiz və ruhani özgürlüyümüz uğrunda mübarizə aparırıq. Mübarizəmizin hədəfi odur ki, bu cür özünəyadlaşma hansısa bir nöqtədə dayansın, özünəqayıdış aşaması (mərhələsi) başlasın. Qədimdə ərəb adları qoyulan şəxsiyyətlərimiz də belə bir mübarizənin peşində olublar.
Bu gün insanlarımız onun içini qarışdıran siyasi oyunları təhlil edə bilmirlər. Hara niyə getdiklərinin fərqinə varmırlar. Ancaq bir tərəfədn də onları qınamaq olmur. Dövlətin yol açdığı, imkan yaratdığı təhsil müəssisələrinə getməsinlər, bəs hara getsinlər?! Onsuz da hara gedirsən get, milli gələcəyə qulluq göstərən məktəb müəssisə tapmayacaqsan…
Övladları Qafqaz universitetində təhsil alanlar deyirlər ki, orada heç kimi “Nurçuluğa” məcbur etmirlər. Bax, bu da türk sadəlövhlüyü. Məgər onların məqsədi gəlib bu xalqın övladlarına milli şüurun inkişafına yol açan təhsil verməkdir?! Heç kim hansısa gizli bir məqsədi həyata keçirmək üçün qabaqca şərtlər dilində danışmır axı. Qafqaz universitetində də heç kim açıq şəkildə Nurçuluğa çağırılmır. Ancaq onlara öyrədilən, aşılanan ideoloji təsirlər təhsilin sistemində mövcuddur. Gəncliyi məktəbə götürməklə kütləvi şəkildə harasa yönəltmirlər ki. Yüzlərlə öyrəncinin içindən onlarla gələcək kadr gözaltı edirlər. Onlara hər dönəmdə beş kadr lazımdır. Ancaq bu beş kadrı əldə etmək üçün yüzlərlə insan cəlb olunmalıdır ki, seçə bilsinlər. Bu cür seçimlər bir ünvanda deyil, bir çox ünvanda – görünən, görünməyən qəliblərdə əldə edilir. Bunlardan da ən başlıcası məktəbdir.
Mətbuat yazır ki: “hakimiyyətin içinə yerləşdirilmiş “Nurçular” nəzarətə götürülüb”. Guya hakimiyyət elə görüntü yaradır ki, dövləti qoruyur, xarici qüvvələrin təsirinə düşmüş adamlar tərəfindən xalqın idarə olunmasını aradan qaldırır. Halbuki, indiki Türkiyə hakimiyyətinin ona qarşı etiraz sərgiləməsindən çəkinir. Dünənə kimi Ərdoğan-Gülən birliyi vardı. Azərbaycanın hakim strukturlarına yerləşdirilmiş adamlar bu “birliyin” ortaq kadrları idi. Bunu Azərbaycan iqtidarı da bilirdi. İndi Ərdoğan-Gülən qarşıdurması yaranıb. Bu qarşıdurmada bəlli olur ki, Azərbaycanın hakim strukturlarındakı “Nurçu” kadrlar əsasən Gülənin kurasiyasındadır. Gülən Azərbaycandan Ərdoğanın işlərinə əl uzatmasın deyə, Ərdoğan mümkün təhlükələri önləmək cəhdləri edir. Və Azərbaycandakı Gülən kadrlarını bir-bir barmaqla göstərir. İşin pis cəhəti ondadır ki, harda kimlərin münasibəti korlanırsa, Azərbaycanın siyasi gündəmi qarışır. Əlbəttə, Azərbaycan böyük, sabit, dayanıqlı, öz içinə bağlı dövlət olsaydı, onun-bunun əsəbi əhvalları ilə su üzündəki qayıq kimi dalğalanmazdı. Biz hər zaman vurğu eləmişik ki, Azərbaycanda böyük siyasi maraqların hər birinin kadrı var, Azərbaycanın öz kadrı yoxdur. Xarici maraqlara qulluq edən qruplar zorən bir araya gəlib Azərbaycanı sümürməklə məşğuldurlar. Bu qruplar bir-birinə ziddir. Ancaq, bir də vurğu edirik, onları bir arada tutan ortaq mənafe Azərbaycanı sümürməkdir.
Dini qruplara qarşı tolerantlıq da məhz bu sümürmə prosesini saxlamaq anlamı daşıyır. Hər kəs bilir ki, Azərbaycanda heç bir dini qruplaşma müstəqil deyil, nə də Azərbaycana bağlı deyil. Hər biri xarici qüvvələrin marağına qulluq göstərir. Al, bu da sənin üçün demokratiya çoxrəylilik. Azərbaycanın içi elə bir ictimai-siyasi anarxiyaya çevrilib ki, bundan heç Allahın da başı çıxmır.
Biz isə vətənini, millətini, gələcəyini düşünən, düşünmək istəyən insanlarımızı bu fəlakətli durumdan baş çıxarmağa çağırırıq. Biz ideya veririk, ideoloji konsepsiya veririk, – gözlülər görsün, qulaqlılar eşitsin, ürəklilər qabağa dursun.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

Günəş Ayı, 36-cı il. Atakənd.
(mart, 2014).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv