Ölkəmizin gəncləri arasında yaranmış dini çaşqınlıq durumunu izlədikcə içən çox sarsıldım. Yurdumun gəncləri nəyə görə Ərəbistan səhralarında, Əfqanıstan dağlarında ölsünlər. Hansı məqsədə, hansı amala görə vətəndən dağılsınlar?! – Bu faciənin bircə cavabı var – gənclərmizin ideoloji şüurunda mövhumat və xurafat çox qüvvətlidir. Dini təbliğatlarda boşluqların olmasıdır. Onlar bu boşluğu dini fanatikliklərlə doldurmağa çalışırlar. Ona görə də ilk öncə fanatizmi gənclərimizin şüurundan çıxartmaq və onları ağıllı, fəal mübarizliyə alışdırmaq gərəkdir.
1995-2000-ci illərdə dini təriqətlər köbələk kimi artan zaman, artıq dini fanatikliyin izləri görünürdü. Gəncləri çağdaş dünyagörüşlü bir ideologiyanın yörəsində birləşdirmək üçün, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin üzvlərilə məsləhətləşmələrimiz oldu. Olaya soyuq yanaşıldığı üçün unuduldu. Ancaq bu gün həmin soyuq yanaşmanın sonucu kimi, gənclərin bir kəsiminin yalançı cihad uğrunda öldüyünü, bir kəsiminin qayıdıb vətənində (dustaq evlərində) çürüdüyünü eşidəndə yenidən rahatlığım pozuldu…
İnsanın yetişməsində, mənəviyatında böyük rol oynamalı olan təbliğatlarda da boşluq görünür. Din ilə elmin arasında bir-birini inkar edən çəkişmələr gedir. Bu da həyata yeni addım atan gənclərin şüurunda qarışıqlıqlar yaradır. Gənclər həyata baxışında ikiləşir. Elmlə mövhumat arasında qalır. Belə gənclərdə mənəvi boşluq yaranır. Bu mənəvi boşluq onu təmin edən yeni ideologiya axtarmağa sövq edir…
Bu gün özü sərbəst dini dünyagörüşlərə yiyələnməyə alışmayan, birdən-birə məzhəb və təriqət çoxluğundan çaşaraq, dini fanatizmin etkisi altına düşən gənclərimiz, çox zaman cəmiyyətdə və ya ailədə arzu olunmaz faciələrin yaranmasına səbəb olurlar.
Bütün bunların qarşısını almaq üçün, gəncləri marifləndirmək baxımından ciddi addımlar atılmalıdır. Çağdaş dönəm onu tələb edir ki, insanların, xüsusilə gənclərin elm ocaqlarında eşitdikləri həqiqətləri din yayıcıları inkar eləməsin. Dini təbliğat da elə olmalıdır ki, elm ilə din arasında uçurum yaranmasın. Elmlə din arasında nə qədər böyük boşluq olursa, bir o qədər münasibətlərində barışmazlıq yaranar. Belə hallar da xurafatın və fanatikliyin daha da artmasına səbəb olar.
Bu gün maraq doğuran bir halla üzləşirik. Elmi kəşflər ağlagəlməz yeniliklər yaratdığı bir zamanda, gənclərimiz xurafata çox meyil edirlər. Dini boşluqlardan istifadə edən “usta” xurafatçılar, çox asanlıqla gəncləri öz torlarına sala bilirlər. Yüzlərlə gəncləri ovsunçuların, falçıların qapılarında durub, öz talelərini onlardan öyrənməyə çalışmalarını izləyirik. Bu gediş gəncliyin faciəsi deməkdir. Quranın əl-Maidə surəsində deyilir: “Ey iman gətirənlər.! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız “(5/ 90-91).
Nə yazıqlar ki, xalqımız inamla xurafatı bir-birindən ayıra bilmirlər. Bunun da əsas səbəbi, dinin gerçəkliklə münasibətinin necə olmasını bilməməkdir. Bu bilgini gərək din adamları bəlli yerlərdə, yığıncaqlarda, yas mərasimlərində doğru verə bilsinlər. Nə yazıqlar ki, xurafatı təbliğ edənlər elə yas yerlərində mollaların özləri olurlar. Bir çox xurafat qurbanlıqlarının şahidi olmuşam. Alın yazısına inanıb özünü öldürənləri, fala inanıb evini dağıdanları çox görmüşəm.
Bəs nə etməli ki, dindarlar arasında mövhumatın, xurafatın fanatikləri olmasınlar. Xurafata inanıb, onun dalınca getməsinlər. Onu bildirmək lazımdır ki, mövhumatla xurafat bir-birinə çox yaxındır. Bunlar həmişə bir-birindən istifadə edərək yaşamışlar. Demək olar ki, çox dindarlar bunları bir-birindən ayırmırlar. Mövhumat öz içərisində xurafatı da yaşadır. Bu hal da dini fanatikliyi daha da gücləndirir. Ona görə də ruhanilərin xurafatla mübarizəsi heç bir zaman yaxşı sonluq verə bilməz. Bunun üçün başqa bir toplum mübarizə aparmalıdır.
Daha düzgün olar ki, proqramlı halda xurafatla mübarizəni aydınlarımız, orta və ali məktəb müəlimlərmiz aparsınlar. Onların tərbiyə etmə təsirləri, mollaların söhbətlərindən çox-çox inandırıcı və güvənverici olar. Fanatikliyə gəldikdə isə bununla ruhani qurumlar mübarizə aparmalıdır. Çünkü fanatikliyi mövhumat yaradır. Ruhanilər nə qədər ki, dini təbliğatı vacibul-vücud fəlsəfəsinə əsaslanaraq aparırlar, fanatiklik yaşayacaqdır. Dindarlar arasında fanatikliyi aradan qaldırmaq üçün ruhanilər vəhdəti-vücud fəlsəfəsinə yiyələnməlidirlər. Vəhdəti-vücud fəlsəfəsi elmlə dinin savaşını aradan qaldıra biləcək fəlsəfədir.
Bütün tarix boyu Vəhdəti-Vücud fəlsəfi baxışı elmlə dinin birlikdə yaşamasına çalışmışdır. Ancaq tövhidi, vacibül-vücud fəlsəfəsini özlərinə ölçü götürmüş ruhanilər elmlə dini bir-birinə barışmaz düşmən etmişlər. Vəhdəti-vücud təbliğatçılarını ya asmışlar ya da yandırmışlar. M. Həllacın, İbn Ərəbinin, İbn Xəldunun, Nəiminin, Nəsiminin təbliğ etikləri Vəhdəti-Vücud fəlsəfəsinin təbliğatına bu gün böyük ehtiyacın olduğu görünür.
Əgər gənclərimiz bu fəlsəfənin məzmunu ilə mariflənsələr, ölkəyə vətənə yararlı və dini fanatiklikdən uzaq bir səviyyədə yetişə bilərlər.
Danılmaz bir həqiqətdir ki, yuxarıda dediyimiz kimi, adamın mənəviyatının zənginləşməsində dinin böyük rolu olmuşdur. Ancaq dinsiz elmi kəşflər dünyanı məhvə apardığı kimi, elmsiz din də cəmiyyəti məhvə aparır. Yer üzündə əmin-amanlığın, ədalətin, haqqın qalib gəlməsi üçün, din ilə elmin uyuşması vacibdir. Elm maddi mədəniyyətin mayası olduğu kimi, din də mənəviyyatın mayasıdır.




Oktyabr 26th, 2015
admin
Posted in
Tags: 