İBRAHİM İLYASLI. “BİLİRƏM”

BİLİRƏM

Bilən dostlar bilir, mən də
Bir para şeylər bilirəm.
Nə tufan eləyir sazlar,
Nə oxur neylər, bilirəm.

Daşlara dirənir yolum,
Tətikdədi sağım, solum.
Sormayın, fədanız olum,-
Daş dizə neylər, bilirəm.

Ömürdən çəkdiyim ahdı,
Nəfim nəfsimə padşahdı.
Bilib dinməmək günahdı,
Bilirəm, bəylər, bilirəm!

* * *

Qadam, sənlə nə işim var? –
Mənim işim fələknəndi.
Yerin təkində iblisnən,
Göy üzündə mələknəndi.

Sizindi yer-göy arası,-
Abadanı, xarabası.
Qurun, dağıdın… sonrası
Şadaraynan, ələknəndi.

Düyün vurulmaz ilməknən,
YAZI pozulmaz silməknən.
Sənin azarın bilməknən,
Mənimki bilməməknəndi.

MƏN BİR DƏLİ RƏSSAMAM

Oturub ömrün içində
Çiçək şəkli çəkirəm.
Yalan rəngləri götürüb,
Gerçək şəkli çəkirəm.

Çəkirəm ciyərlərimə
Faniliyin ətrini.
Məndən əziz tutan varmı,
Bu faninin xətrini?!

Kimsə bilməz nə çəkdirir,
Mənə mən çəkdiklərim.
Ölümlərə cücərirlər
Olmağa əkdiklərim.

Dəryalar mənə çəkilir,
Tufanlar məndən qopur.
Başıma odlar ələnir,
Ruhuma sular hopur.

Şəkillənir qələmimdə
Doğulmamış bir adam.
Mən şair deyiləm, yavrum,
Mən bir dəli rəssamam.

OLSUN

Dünyaya kefə gəlmirik,
Bir az da göz yaşın olsun.
Qaşın altda gözün varsa,
Gözün üstə qaşın olsun.

Dilində haqq sözün varsa,
Söz deməyə üzün varsa,
Ürəyində közün varsa,
Ətəyində daşın olsun!

Bu din mənim dinim deyil,
Bu don mənim donum deyil.
Bu ömür də mənim deyil,
Apar, halal xoşun olsun.

TANIŞLIQ

Kimə nə, kiməm, nəçiyəm?-
Hər gələn baxır, adamam.
Dünyanın ən bəd əməli
Adamdan çıxır – adamam.

Göyə tor atan deyiləm,
Yerdə qarsatan deyiləm.
Nə vurub-tutan deyiləm,
Nə elə fağır adamam.

Sinəm – qalxan, dilim – süngü,
Qəddim – ağac, əllərim – gül.
Mən dumandan, çəndən yüngül,
Mən dağdan ağır adamam.

Doğranıram budaq–budaq,
Tökülürəm yarpaq–yarpaq.
Mən kefi kök, damağı çağ,
Mən könlü yağır adamam.

Haqqın görkü – ODam, SUyam.
Haqqa varan bir yolçuyam.
MƏNəm, SƏNəm, Oyam – buyam,
Adamam, axır, adamam.

GƏLDİ

Bu günü də gördük, görməliydik də
Olmayan körpüdən keç vaxtı gəldi.
Yaylaq aran oldu, aran cəhənnəm
Arandan arana köç vaxtı gəldi.

Bəlləndi Göy ilən Yerin qərəzi,
Bağlandı bəşərin bəndi-bərəsi.
Çəkildi göylərə mizan-tərəzi,
«Durna, keçəlini seç» vaxtı gəldi.

Günə güllə kimi açılır səhər,
Hamı can sürüyür elə birtəhər.
Çeşmələr ağudu, irmaqlar zəhər–
Doldur piyaləni iç vaxtı gəldi.

Gizlənən üzüymüş yırtılan astar,
Zatı qırıqlara qul olub xaslar.
Yağı səngərinə satılıb dostlar–
Siyir qılıncını biç vaxtı gəldi.

İbrahim İlyaslı, nəydi gümanın?
Çəkilən vaxtı var gələn dumanın.
Axır ki, heç nəyin «hər şey» zamanı,
Axır ki, «hər şey»in heç vaxtı gəldi.

NƏ OLUR MƏNƏ HAQQ OLUR

Nə olur mənə haqq olur,
Mənim işim haqq iləndi.
Şah kimdi? – Allahın qulu,
Hökmü-fərma taxt iləndi.
Dünya qananla doludu,
Sağ yenə sağın soludu.
Yol olan yoxluq yoludu,
Varlıq olan vaxt iləndi.
Eşq nədi – işığın səsi,
Eşq nədi – sözün nəfəsi.
Eşqdi Allahın kölgəsi,
Eşqə düşmək baxt iləndi.

Gəl, könlünə bir söz deyim

Mənim yüküm ağırdı, dost,
Mənnən yola varamazsan.
Mənim göyüm sağırdı, dost,
Sən altında duramazsan.

Mən həm yoxam, mən həm varam,
Qarda odam, odda qaram.
Quluna aciz hünkaram,
Niyə, nədən – soramazsan.

Nədir əyrində düz – deyim,
Nədir birində yüz – deyim.
Gəl, könlünə bir söz deyim:
Bir də məni aramazsan!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv