Nədir həsrət qoyan məni yuxuya?
Gecəm gözlərimdən asılı qalıb.
Duyğumu, halımı xeyrə toxuya,
Gecəm gözlərimdən asılı qalıb.
Hanadı, arğacı qəmdi, kədərdi,
Toxuya bilmirəm vaxtım hədərdi,
Ürəyimdə qüssə dünya qədərdi,
Gecəm gözlərimdən asılı qalıb.
Xalları, gülləri var axın-axın,
Rəssam tablosuna bənzəyir, baxın!
Dünyanın min dərdi könlümə yaxın,
Gecəm gözlərimdən asılı qalıb.
Bir layla demir ki, başımı qatam,
Yuxusuz qələmdə nə zövq var, nə tam.
Nə dərdli anadır qoymayır yatam,
Gecəm gözlərimdən asılı qalıb.
Keçmir nə saatı, nə də bir anı,
Görünmür Zöhrəsi, agarmır Dan`ı,
Tutub saxlayıbdır gedən zamanı,
Gecəm gözlərimdən asılı qalıb.
Gecəm gözlərimdən asılı qalıb.




Oktyabr 16th, 2015
admin
Posted in
Tags: 