Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bildirdiyimiz kimi, bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağı Güntay Atalının nənəsinin ölümü ilə bağlı Yas Törəni keçirmişdir. Ocağın Yükümlüsü Soylu Atalı amaldaşları İnamlı və Güntay Atalılarla birlikdə Ucar rayonuna səfər etmiş, Yas Törənini ölü yerində gerçəkləş-dirmişdir. Ocaqçılarla bir yerdə, Ocaqdostu ünlü rəssam Vaqif Ucatay da bu törənə qatılmışdır. Gələnəksəl gün olmadığına görə (yəni gömmə günü, ya da “üç” deyilən törən) törəndə qırxa yaxın adam omuşdur. Güntayın atası Tofiq bəy öncə Ocaqçıları və Ocaqdostunu törəndəkilərə sunaraq, onların gəlişinin nədənini açıqlamışdır. Üstəlik o, öz anasının yasında belə bir milli-mənəvi söhbətin aparılmasından, milli yöndə, türk dilində yas törəninin həyata keçirilməsindən məmnunluq duyğusu keçirdiyini bildirmişdir. Bundan sonra Ocaq Yas törəninə başlamışdır. Soylu Atalı giriş sözü deyərək, işin anlamını açıqlamışdır: “Xalqımızın iki ən böyük toplumsal gələnəyi – “Evlənmə” və “Ölügötürmə” gələnəkləri, təəssüf ki, bu gün xalqın ruhuna bütünlüklə yadlaşmışdır. Halbuki xalqın milli şüuru bu iki gələnəklə dirçəlib, özünü dərketmə yönü yaratmalıdır. İnsanlarımız, bu kimi törənlərdə, maariflənmək yerinə daha da gerilikçi şüura itələnirlər. Dilimizin söyləmədiyi, ağlımızın işləmədiyi ayinləri yad dildə söyləyir, anlamadan yerinə yetiririk. Ölən anamızın bizim üçün örnək qalan dilinə arxa çevirib onu yad dildə, yad mədəniyyətdə ağırlayırıq. Əslində bu gediş – tarixin kölgəsinə çəkilməklə milli intihar xətti tutmaq deməkdir. Qabaq cərgədə dayanan yaşlılarımız özlərindən öncəki soyların yanlışlarını davam elədikcə, gənclərimiz daha çox özgəçiliyin etkisinə uğrayıb basqısı altına düşürlər. Onları yuvarlandıqları uçurumdan qurtarmaq yerinə, yalnız qınamalar, aşağılamalar sərgilənir. Bu səbəbdən də gənclik üçün ağsaqqal sözü, ağsaqqal qınağı – bütövlükdə ağsaqqallıq öz dəyərini itirir. Biz, Asif Atanın Ocağı olaraq, xalqımızın içində milli-insani yön yaradırıq. Hər kəsi bu yönə üz tutmağa çağırırıq.
Yas yerində ölənin milli kimliyindən, milli dəyərlərindən, şəxsiyyətlərindən söhbət açmaq, onları tanıtmaq, sevdirmək gərəkdir. Özümlüyünü danıb özgəçiliyi öyənlərə “dur” demək gərəkdir. Asif Atanın Yolu – xalq olmağın anlamını daşıyır. Bu Yoldan hürkmək gərək deyil, bu Yol üçün ölmək gərəkdir…”
Axırda Soylu Atalı “Yas Quralları”na uyğun olaraq, “Ölümlə Görüş”, “Aqibət” oxunuşlarını yerinə yetirdi. “Matəm üstə Mütləqlə Təmas”ı oxuyarkən hamı ayağa durub sayğı duruşunda dinlədi. Törən qatılımçıları böyük məmnunluq duyğusuyla, elin adından, minnətdarlıq bildirdilər. Törənin qatılımçılarından biri olan molla “Ölügötürmə Quralları” kitabının ona bağışlanmasını dilədi. Elə oradaca kitab mollaya bağışlandı. Bununla da Ocaqüstə Yas Törəni başa çatdı.
Ocağın başqa ədəbiyyatlarından da yerli soydaşlarımıza hədiyyə edildi.
Atamız Var olsun!
13 Xəzan Ayı, 37-ci il. Atakənd.
(oktaybr, 2015. Bakı).




Oktyabr 13th, 2015
admin 





Posted in 