Mirzə Həsən Rüşdiyyə (1851-1944) XIX əsrin sonu XX əsrin əvvəllərində Güney Azərbaycanda maarifin inkişafında, millətin savadlanmasında və tədrisin dünyəvi elmi əsaslarda aparılmasında böyük xidmətləri olan maarifçilərdəndir. Onun həyatı bütünlüklə millət balalarını savadlandırmaq uğrunda apardığı mübarizə və bu yolda çəkdiyi əziyyətlər, sözün əsl mənasında, ölçüyəgəlməz böyük fədakarlıqdır. Mirzə Həsən Rüşdiyyə İran maarifinin inkişafında böyük izlər qoyub getmiş Güney Azərbaycan maarifinin atası sayılmaqdadır.
M.H.Rüşdiyyə kimdir?
Hacı Mirzə Həsən Mehdi oğlu Mirzə Həsən Rüşdiyyə 1851-ci ildə (Rəməzan 1276 hicri-qəməri) Təbrizdə ruhani ailəsində anadan olmuşdur.
M.H.Rüşdiyyənin müctəhid atası övladını savadlı, zəmanəsinə və xalqına layiq ruhda böyüdüb tərbiyə etmək üçün hər cür əzab və məşəqqətlərə qatlaşmış və bu işdə tutduğu yoldan dönməz olmuşdur. 5 yaşında ikən dini mədrəsənin şagirdi olan M.H.Rüşdiyyə öz iti zəkası və heyrətamiz hafizəsi ilə ona dini dərs verən axundun diqqətini özünə cəlb etmişdi. M.H.Rüşdiyyənin dünyagörüşünün formalaşmasında, dini və dünyəvi elmlərin əsaslarını mənimsəməkdə atası axund Mehdinin xüsusi rolu olmuşdur.
İslam dininin əsaslarını daha yaxşı mənimsəmək üçün Nəcəf şəhərinə göndərilmiş M.H.Rüşdiyyə oradan İstanbula, sonra isə Beyrut və Qahirəyə yollanır. Bu şəhərlərdə dini mütaliə ilə yanaşı dünyəvi elmlərə də böyük həvəs göstərir və bu sahədə öz biliyini zənginləşdirməyə çalışır. Sonrakı illərdə onun Qafqaza səfəri və buradakı ədəbi-pedaqoji mühitlə tanışlığı Mirzə Həsənin dünyagörüşünün dünyəvilik istiqamətində formalaşmasına əsaslı təsir göstərir.
Arazın bu tayında Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, M.Talıbov kimi dövrünün qabaqcıl maarifçiləri, Qafqazda ilk dəfə türkdilli maarifçi yetirən Qori Seminariyası, Tiflis və Bakıdakı ədəbi mühit və milli oyanış, müasir və elmi mətbuat və s. Mirzə Həsənin dünyagörüşünün formalaşmasında, pedaqoji bilik və təşkilatçılığının artmasında önəmli rol oynamışdır. Bu dövrdə İranın özündə maarif və mədəniyyətdə yeniliyin tərəfdarı olan ziyalıların və dövlət adamlarının (Mirzə Tağıxan Əmirkəbir, Mirzə Yusifxan Təbrizi, Mirzə Hüseyn Qəzvini və s.) meydana çıxması, 1856-cı ildə “Vüzarəte elm” (Elmlər nazirliyi), 1877-ci ildə Təbrizdə darülfünün açılması, müəlliflər və tərcüməçilər “Əncüməni”nin fəaliyyətə başlaması ümumölkə miqyasında maarifdə və mədəniyyətdə ağır addımlarla da olsa, bəzi irəliləyişlər yaratsa da, şahlıq rejiminin dəstəklədiyi dini-xurafat, cəhalət və fanatizm maarifdə, mədəniyyətdə, dünyəvi təhsilin tədrisində çox ciddi maneələr yaradırdı. Mirzə Həsən məhz belə təzadlı bir dövrdə ana dilli yeni tipli təlim və tədrisin fədaisi olmuşdur.
Biliyini artırmaq, təhsil və tədris üsullarını öyrənmək məqsədi ilə xaricə etdiyi səfərlər M.H.Rüşdiyyədə vətənində də dünyəvilik istiqamətində yeni tipli məktəb açmaq ideyasını yaradır. Rüşdiyyə hələ İstanbulda olarkən Təbrizli Mirzə Nəcəfəli xan və Ağaməmməd Tahirin nəşr etdirdikləri “Əxtər” qəzetində verilən “Avropada hər min nəfərdən 10 nəfəri savadsız olduğu halda İranda hər min nəfərdən 10 nəfəri savadlıdır” məlumatı Mirzə Həsənin fikir və düşüncəsində ciddi narahatlıq yaradır. Vətənə qayıtdıqdan sonra o, öz həmfikirləri ilə birlikdə (Mirzə Kazım Əsgərzadə, Hacıəli Axund və b.) Təbrizin Şeşgilan məhləsində dünyəvi yönlü “Dəbistan” adlı ilk məktəbi açır. “Dəbistan” məzmunca Güney Azərbaycanda və İranda (Tehran və Təbriz universitetləri nəzərə alınmasa) ilk yeni istiqamətli tədris ocağı idi.
XIX əsrin 80-90-cı illərində M.H.Rüşdiyyənin açdığı məktəblər bir-birinin ardınca mürtəce və cəhalətpərəst xurafatçıların hücumuna məruz qalmış, o, sərbəst fəaliyyət göstərmək imkanından məhrum edilmişdi. Bəhs olunan dövrdə M.H.Rüşdiyyənin açdığı tədris ocaqlarına 9 dəfədən çox xurafatçılar hücum etmiş, məktəb bağlanılmış, avadanlıqlar darmadağın olunmuş, hətta Rüşdiyyə özü bir neçə dəfə fiziki xəsarətə məruz qalmışdır. Cahillərin elmə və maarifə düşmən olan mürtəce qüvvələrin təzyiq, zorakılıq və özbaşınalığı görkəmli maarifçi, böyük vətənpərvər M.H.Rüşdiyyənin doğma şəhərdən mühacirət etməyə məcbur etsə də onu tutduğu yoldan döndərə bilməmişdi.
O zaman Azərbaycanın say-seçmə əyalətlərindən biri olan İrəvan şəhərində öz maarifçilik fəaliyyətini davam etdirmək qərarına gələn Mirzə Həsən 1882-ci ildə İrəvandakı türk uşaqları üçün yeni tipli “Rüşdiyyə” adlı məktəb açır. Həmin tarixdən “Rüşdiyyə” sözü Mirzə Həsənin təxəllüsü kimi işlədilir. XIX əsrin 80-90-cı illərində M.H.Rüşdiyyənin İrəvanda açdığı müasir yönlü yeni məktəb az müddət ərzində İrəvandakı ictimaiyyətin qabaqcıl adamlarının rəğbətini qazanır. Şagirdlərin sayı durmadan artır. Bu durumdan ruhlanan Mirzə Həsənin məslək dostu, maarifçi xadim M.Kazım Əsgərzadə 1892-ci ildə İrəvanda türk dilli, müasir tədrisli kollec açır. Həm M.H.Rüşdiyyənin və həm də M.Kazım Əsgərzadənin İrəvanda təşkil etdikləri tədris ocaqları XIX əsrin sonuna qədər fəaliyyət göstərmiş, İrəvanda dünyəvi istiqamətli türk dilli məktəbin əsasını qoymuşdur.
M.H.Rüşdiyyənin hazırladığı tədris kitabları (onların sayı 30-a yaxındır) dövrü üçün tədrisə yenilik gətirən dərs vəsaiti olmuşdur. Onun qələmi ilə yazılmış “Vətən dili” (1894) və ondan sonra hazırladığı “Ana dili” (1896) Rüşdiyyənin dövründə yazılmış və tədris edilmiş ilk türk dilli dərsliklər idi. 1905-1911-ci illərdəki Məşrutə hərəkatı dövründə (1905-1911) M.H.Rüşdiyyənin ana dilində yazdığı dərsliklərdən Azərbaycandakı məktəblərdə tədris vəsaiti kimi istifadə olunmuşdu.
M.H.Rüşdiyyənin tədris metodikası və dərsliklərə verdiyi tələblər M.F.Axundov, H.Zərdabi, İran və Türkiyənin qabaqcıl adamlarının maarifçilik ideyalarından qidalanmışdı.
M.H.Rüşdiyyənin yaşadığı mühit onun maarifçilik və pedaqoji potensialının tam açılmasına imkan verməmişdi. Rza şah diktaturası illərində də o, təqib olunan, kölgədə saxlanılan maarifçi xadimlərimizdən biri olmuşdur. Güney Azərbaycan maarifinin atası adlanan bu böyük pedaqoqun irsini və tədris metodunu öyrənmək və yeni nəslə çatdırmaq bizim vətəndaşlıq börcumuzdur.
M.H.Rüşdiyyə Pəhləvilərin hakimiyyəti illərində (1925-1979) təqib, basqı və yasaqlara qalan zəkalı ziyalılarımızdan, elm və maarif xadimlərimizdən olmuşdur. Onun “Ana dili”, “Vətən dili” dərslikləri və türkcə tədrisin (şagirdlərə 60 saat ərzində ana dilini öyrətmək) metodikası üzərində dövlət yasağı qoyulmuşdur. Bu dövrdə M.H.Rüşdiyyə nəzarətdə və kölgədə saxlanılmışdı.
Başqa azərbaycanlı simalar kimi M.H.Rüşdiyyə də öz qiymətini 1945-1946-cı illərdə Azərbaycan Milli Hökuməti dövründə ala bilmişdi. Azərbaycan Maarif Nazirliyi tərəfindən M.H.Rüşdiyyənin dərslikləri çap edilmiş, tədrisdə onun pedaqoji metodikasından geniş istifadə olunmuşdur. Təbrizdəki məktəblərdən və küçələrdən birinə böyük maarifçinin adı verilmiş, şəhərdə büstünün qoyulması haqda hökumət qərarı qəbul edilmişdi. Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri M.H.Rüşdiyyəyə yüksək qiymət verərək demişdi: “… Rüşdiyyə böyük təcrübəli bir müəllim idi. O, təlim və tərbiyə üsulunun əsası olan ana dilini, xalqın öz dilini təbliğ və tədris edirdi. O, hər şeydən əvvəl Azərbaycan əlifbasını asanlaşdırmaq fikrinə düşmüşdü… Rüşdiyyənin tərtib etdiyi məşhur kitab 40 il bundan qabaq Təbrizdə çap olunmuş “Vətən dili” adlı tarixi əsərdir. Bu kitabın doğma Azərbaycan dilində olması, istərsə də elmi nöqteyi nəzərdən Azərbaycan maarifi tarixində misilsiz bir əsərdir”.
Azərbaycan Milli Hökumətinin süqutundan sonra işğalçı Tehran qoşun başçılarının və yerli şahpərəstlərin od vurub yandırdıqları ana dilli kitabların içərisində Rüşdiyyənin də dərslikləri və yazıları da yandırılıb külə döndərilmişdi.
1979-cu il İran inqilabından sonra İranın siyasi mühitində bir qədər əmələ gəlmiş “yumşalma”dan istifadə edən azərbaycanlı müəlliflər öz yazı və əsərlərində böyük maarifçi M.H.Rüşdiyyəyə də yer vermişlər. Bu vətənpərvər təşəbbüsdə Səməd Sərdarniyanın, Hüseyn Ümüdün, Cavad Heyətin, Rəhim Rəisniyanın, Hüseyn Düzgünün və başqalarının yazılarını minnətdarlıqla qeyd etmək lazımdır. Bu böyük alimin adı, çoxsaylı kitabları pedaqogika və ictimai fikir tariximizdə həmişə hörmətlə yad ediləcəkdir.




Oktyabr 13th, 2015
admin
Posted in
Tags: 