Bir çağlar ABŞ-ın ortada BÖYÜK Yaxın Doğu adlanan çox ambisioz projesi vardı. Bu proje dünyaya, başlıcası da Doğu dünyasına böyük səs salmışdı. Demək olar, hamı bu projedən yazır, bu projedən danışırdı. İndilikdə proje unudulmuş durumdadır. Bir sıra analitiklər ABŞ-ın bu projedən geri çəkildiyini söyləyirlər. Yanlış yanaşmadır. Sözügedən proje özünü YENİ DÜNYA DÜZƏNİNİN başlıca qurucusu olaraq göstərən, buna çalışan ABŞ üçün vazkeçilməz GEOPOLİTİK gərəkçədir. Böyük Yaxın Doğu projesi dünya ağalığına can atan anqlosaks birliyi üçün böyük də GEOPOLİTİKA formuludur. Materiyanın itməməsi qanunu indiyədək aradan qaldırılmayıbsa, demək, ABŞ-ın BÖYÜK YAXIN DOĞU projesinin də aradan qalxmadığını, eləcə hansısa forma dəyişikliyinə uğradığını, uğradıldığını bilməliyik.
Böyük Yaxın Doğu projesi
Klassik biçimdə biz Yaxın Doğu anlayışı ilə tanışıq. Bu anlayış dörd dövləti qapsayır, içinə alır: Suriya, Misir, Livan, İsrayıl. ABŞ bunların üstünə üç dövlət də artırmaqla ( İraq, İran, Əfqanıstan) ortaya özünün Böyük Yaxın Doğu projesini çıxardı. Projenin gerçəkləşdirilməsi, bizə indiyədək bəlli olduğu kimi, Əfqanıstanla İraqa qoşun yeridilməsindən başladı. Bu projenin geopolitik önəmi özünü daha çox ABŞ ordusunun İraqa basqınında göstərmişdi. Onda ən yeni ordu texnikasından yararlanmaqla 1 milyonluq Səddam ordusu bir neçə saatın içində darmadağın edilmişdi. Yox, projenin ABŞ üçün necə geopolitik önəm daşıdığı özünü bu faktda – Səddam ordusunun bir neçə saatda darmadağın edilməsində göstərməmişdi.
O çağ az qala millimetrədək düzgün yönəldilmiş raket atışları ilə Səddamın bütün nazirlikləri vurulub dağıdılmış, bircə nazirlik toxunulmaz qalmışdı – NEFT nazirliyi! Bax, projenin geopolitik önəmi özünü başlıca olaraq bu faktda göstərmişdi, özü də bütün çılpaqlığı ilə! Bilməyənlərin bilməsi üçün: geopolitika, qısaca olaraq, bir ölkənin fiziki, ekonomik, siyasi coğrafiyasının özəlliklərinə uyğun olaraq yürüdülən siyasət deməkdir. Materiyanın itməməsi qanunu qalırsa, geopolitika böyük dövlətlərin dış politikalarında bu gün daha böyük aktuallıq qazanırsa, demək, indilikdə ABŞ-ın Böyük Yaxın Doğu projesindən geri çəkildiyi ilə bağlı söyləmələr yersiz yanaşma görsənişləridir.
Sözügedən projenin indiki ad altında açıqlanması yaxın çağların işidir. Ancaq proje özü xaraktercə çoxdanın, çox-çox yüzillər öncənin projesidir. Bu projenin kökündə ingilislərin bütün dünya üzərində ağalıq etmək planları durur. İngilislər çox-çox yüzillər öncələrdən – bütün dünya üzərində ağalıq qurmaq istəyində bulunandan Osmanlı dövlətini, bütünlükdə Türklüyü yenmə planları qurmağa başlamış, yubanmadan da bu planları gerçəkləşdirməyə girişmişdilər. İkicə fakt: Osmanlı dövlətinin içində sonuclarıyla “soyqırıma” gətirən erməni dağıdıcılığının baş qaldırması da, İranda min illik Türk hakimiyətinə son qoyulması da burada sözügedən ingilis planlarından qaynaqlanırdı. İngilislər sözügedən planlarına uyğun olaraq bir yandan Avropada (daha çox Balkanlarda), o biri yandan ərəblər arasında Osmanlıya – Türklüyə qarşı güclü iş aparırdılar. Sonuc bəllidir: Türkiyə Balkanlardan da, Ərəb ölkələrindən də çəkilməli oldu. Ancaq Türk gücünü bilən ingilislər bununla yetərlənmədilər: onlar ermənilərin, yəhudilərin, yunanların, ərəblərin əlilə Türkiyəni içindən dağıtma politikalarına baş vurdular. Bu yolla istənilən effekt əldə edilməyincə İngiltərə Türkiyəyə ordu yeritdi.
Öz gücünə olduqca arxayın olan İngiltərə dövləti Türkiyəni az bir arada ələ keçirib dağıtmaqla xırda-əlaltı dövlətlərə parçalama planı qurmuşdu. İngilislərin gerçəkdən çox uğurlu yürüşlərinin qarşısını Böyük ATATÜRKÜN gözlənilmədən ortaya çıxması aldı. Atatürkün tanrısal gücü qarşısında şaşıran bir ingilis generalı sonralar deyəcəkdi: “Atatürkü Türklər üçün göydən Allah özü endirmişdi”. Biz Atatürkün böyük bacarığından şaşırmış ingilis generalının sözlərinə bu gün gülə bilərik, ancaq burada bir gerçəklik də vardı. O çağlar İngiltərənin liderliyi ilə beş Avropa dövlətinin orduları Türkiyəyə soxulmuş, üstəlik, içdəki yağı güclər dış yağılara yardıma qalxmışdılar. Bu baxımdan Atatürkün o çağkı uğurları – bir elə yağını dağılmış ordu, arxasız-köməksiz, demək olar, əliyalın xalqla yenməsi – fantastika idi: Türklərin tarix boyu dönə-dönə yaratdıqları görklü savaş-döyüş inanılmazlıqlarından-fantastikalarından biri! Hindistan ulusal özgürlük axınının öndəri Mahatma Qandı Atatürkün inanılmaz-fantastik uğurlarından sonra deyəcəkdi: “Atatürk ingilislərə üstün gələnədək mən ingilisləri Yer üzünün Allahı sayırdım”. Bu isə Türkün ən yüksək düzəydə daşlaşmış-dəyişməz düşüncələri belə, dəyişmək, dünyaya yeni düşüncə, yeni baxış aşılamaq bacarığı deməkdir!
Dəyişməz politikalar, dəyişən paradiqmalar
Böyük Sovet dövlətinin dağıdılmasından sonra ortaya böyük, güclü Türk faktoru çıxdı. Çox böyük yeraltı-yerüstü resursları ilə tanınan yeni Türk dövlətləri Türkiyə öncüllüyündə, Azərbaycan başda olmaqla, Türklük bayrağı altında tezliklə böyük, bütöv, qarşısıalınmaz gücə çevriləcəkdi. Ortaya Turqut Özal kimi çağdaş düşüncəli, birləşdirici güclü bir lider də çıxmışdı. Özal aradan götürüldü. Türk dünyasının başlıca bağı olaraq tanınan Azərbaycanda çevriliş yoluyla KQB generalı hakimiyətə gətirildi. Görünür, hakimiyətə gətirmə qoşullarından biri olaraq Azərbaycanda tezliklə Türk anlayışı aradan qaldırıldı, çeşidli metodlardan yararlanmaqla Azərbaycan Türklük yolundan döndərildi. Döndərildi: YOLdan yolsuzluğa! UĞURdan uğursuzluğa!!
Azərbaycanla bağlı senarı Türkiyədə 2003-cü ildən başlayaraq bir az ayrı biçimdə – Türkiyə gerçəklərinə uyğun olaraq – Ərdoğan başçılığında gerçəkləşdirildi. Azərbaycanda H.Əliyev başçılığında Məhəmməd Əmin Rəsulzadə Türkçü – Ulusalçı ideyaları ilə birgə gözdən salınıb arxa plana keçirildiyi kimi, Türkiyədə də Ərdoğan başçılğında Türkçü – Ulusalçı Atatürk ideyaları gözdən salınıb arxa plana keçirildi. Beləliklə, başqa Türk dövlətləri bir yana, qonşu Azərbaycanla Türkiyə də içindən dağıtma-yadlaşdırma-gücsüzləşdirmə axarında bir-birindən uzaqlaşdırıldı. Böyük Atatürk 1937-ci ildə demişdi: “Biz Orta Doğunun, Batı imperializminin köləsi olmasına yol verməyəcəyik”. İndisə Ərdoğanın 2012-ci ildə dediyinə baxın: “Mən Amerikanın Böyük Orta Doğu projesinin eş başqanıyam”. Eş başqanı bizdəki siyasətçilərin dilində “həmsədr” deməkdir. Ərdoğan 2012-ci ildə özü ilə bağlı çox böyük gerçəyi açıqladı. 2012-ci ildə – çoxillik ardıcıl çarpışmalar sonucunda prezidentliyə yiyələnməklə yanaşı, Türkiyəni Atatürkçü düşüncə sistemindən, eləcə də böyük Türklük yolundan döndərib ərəbləşməyə yönəldəndən sonra! Din pərdəsi altında ərəbləşmə-farslaşma ulusal kimlik olaraq Türklüyün ölümü deməkdir.
Prezidentlikdən başqa da böyük bir yetki yiyəsi (eş başqanı) olduğunu düşünən Ərdoğanda uğurlardan başgicəllənməsi yarandı: istər ölkə içində, istərsə də ölkə dışında o özünü danışığında, davranışlarında sınır tanımayan diktator kimi aparmağa başladı. Görünür elə buna görə Ərdoğan son çağlar “eş başqanlığı” yetkisi əlindən alınmış durumdadır. Ərdoğandan alınmış eş başqanlığı indi Putinə ötürülmüş kimidir. Ancaq bu eş başqanlığı Ərdoğan təki Putin üçün də uğursuzluqla sonuclanacaq; musiqi sifariş verən üçün olduğundan! Bir cəbhədə – Ukrayna cəbhəsində – ötkəmliklə savaş aparan Putini Amerika daha bir cəbhədə savaşmağa sürüklədi. Putin istəsə, Amerika ona indi açıq-açığına bir “eş başqanı” titulu da bağışlayar – Suriya savaş cəbhəsini hələlik (yalnız hələlik!) ona bağışladığı kimi! Amerikan-ingilis birliyi belə bağışlamaların böyük ustasıdır: al, kef et! İndi Putin kef içindədir – bir çağlar Ərdoğan kef içində olduğu sayaq…
Ərdoğanın indiki günü
Ərdoğan son illərdə Putini batırmağa girişmiş Batıya qarşı gedərək yersiz yerə Putinə əluzatmalarda bulunurdu. Yersiz yerə nə üçün? Bütün başqa faktlar bir yana, erməni adına Qarabağı əldə saxlayan Putin Azərbaycandakı ANTİMİLLİ, ANTİDEMOKRATİK rejimlə yaxınlıq axarında Azərbaycanla bağlı saldırqan politikalar yürütdüyü üçün! Ərdoğan bilindiyi kimi, Putinin Krımı Ukraynadan qoparmasını da gözardı etdi…
Bu gün Suriyada başlıca oyunçuya çevrilən Putin Ərdoğanı çox qıcıqlandırır – görəvindən salınmış birisi kimi. Ərdoğanı qıcıqlandırıb özündən çıxaran başqa nədənlər də var. Ərdoğan indi bir yandan iç, o biri yandan dış politikalarında çoxsaylı uğursuzluqlarla üzləşməkdədir. Başqa sayaq desək, PKK başda olmaqla iç politikalarında uduzmuş Ərdoğan indi dış politikalarında da uduzmuş durumdadır. İçdə bir yandan müxalifətlə, o biri yandan PKK-HDP birliyi ilə baş-başa gələn Ərdoğan dışda dünənki dostu-qardaşı Putinlə baş-başa gəlməli olur. Bu da Batının gözəl düşünülmüş oyunu!
Ərdoğan bugünlərdə Putinlə bağlı kəskin bir çıxışda bulundu: “Suriyada dövlət terroru əsdirən bir Əsəd var. Nə yazıq ki, bu adamı Rusiya ilə İran savunur. Kimi savunurlar? Rejimi. Rejimlə işbirliyi quran ölkələr tarixə bunun hesabını verəcəklər”. Olduqca ilginc çıxışdır – özü Azərbaycandakı REJİMƏ o başdan bu başa arxa duran birisinin çıxışı! 2003-cü ildə prezident seçkisi başa çatmadan, meydanda xalqın qanı axıdılırkən REJİM başçısını böyük “kalaba” nədənilə qutlayanın, sonralar da bu yolu gedənin birisi… REJİMLƏ iş birliyi quran! Deyilənə görə, oğlu Bilal ölkədən qaçıb. İndilikdə olar da, olmaz da, ancaq yaxın gələcəkdə böyük qaçış olacağı gözləniləndir. Öz ölkəsində, öz dövlətində başqalarına eş başqanlığı yapanlar, yağı əlinə oynayanlar gec-tez HESAB VERƏCƏKLƏR! Regiondakı son gəlişmələrlə birgə, qarşıdan gələn seçkilər bu işdə başlıca təkanverici rolunu oynaya bilər…
Suriyada, bütövlükdə bölgədə baş verənlərə gəlincə, uzun çəkəcək sürə baxımından biz özümüzü başlanqıcda saya bilərik: oyunçuların çoxluğu, istəklərin çalpaşıqlığı üzündən bu xəmir hələ çox su aparacaq!




Oktyabr 9th, 2015
admin
Posted in
Tags: 