Deyirlər İslam barış (sülh) dinidir. Deyirəm necə barış dinidir ki, şəriətin 6 rüknəsindən biri “cihad”dır. Yəni din uğrunda savaş.
Peyğəmbərdən başlayaraq bütün xəlifələr – dinə başçılıq edənlər savaş aparıblar, savaşdıqlarını yeniblər, sərvətlərini talayıblar, özlərini bir sıra işlərdə çalışdırıblar. Bu da olub onların “barış”ı. Bu nəyə bənzəyir?! – Rusiya erməninin içində üstümüzə gəldi, torpaqlarımızı əlimizdən alıb erməniyə verdi; Xocalı vəhşəti törədi; indi yaraqlanıb erməninin içində onu qoruyur. Bizə də deyirlər savaş olmaz, barış yolu ilə məsələni çözün. Deyirik, yaxşı, torpaqlarımızı qaytarın, biz də yanaşmada barış yolunu qoruyaq. Qaytarmırlar, həm də deyirlər barış olsun. Yəni torpaqlarımızdan əl çəkək, barış olsun.
Din başçıları da elə, vurub qol- qıçını qırır, talayır, deyir məni qəbul elə, barış bağlayaq. Əgər elə barış sevərsənsə, sənin dinini qəbul etməyənlə barış bağla, niyə üstünə ordu çəkirsən?! Savaşla inandırmaq cəhalətdir. İnsanı bir cəhalətdən çıxarıb başqa cəhalətə soxmaqdır.
İslam dini yarandığı gündən ərəb dünyasında hansı cəhaləti ortadan qaldırdı?! – Əminliklə demək olar ki, heç birini. Hamı bir şey əzbərləyib: “qızları basdırırdılar, İslam onun qarşısını aldı”. Bu faktdan sallaşmaq özü gerilikdir. Bəs onda ərəb oğullarını kim doğurdu?! Adı çəkilən fakt sadəcə bir-iki qövmün içində olub. Din dünyabaxışını da belə bir faktla sınırlaşdırmaq (məhdudlaşdırmaq) və bunu az qala bütün bəşəriyyətin uğuru saymaq, doğurdan da gerilikdir.
İslam Xilafət yaratdı. Xəlifə saraylarında hərəmxanalar, pozğunluqlar baş alıb getdi. Bu pozğunluqlar min ildir davam edir. Bu gün də ərəblər dağınıq, qarışıq, pozğun durumdadır. 10 qadınla nigah bağlayan şeyxlər də ərəbdir, 10 yaşlı uşağın əlinə bıçaq verib kişinin başını kəsdirən də. Bəs İslam dininin qutsallığı, hünəri nədədir?! Min ildir ortada heç bir insanca dirçəliş yoxdur.
Türklərdə hərəmxanaçılıq eybəcərliyi olmayıb. İslamı qəbul edəndən sonra Osmanlı sultanlarının saraylarında hərəmxanalar əmələ gəldi, türk milli kimliyi də aradan getdi.
Dinən deyir insan Allahın yolundan çıxıb, ona görə dünya məhv olur. Soruşmaq gərəkdir, bəs Allahın yolu hanı, necədir, nə vaxt insan bu yola düşəcək?!
Deyirlər Allahın yolu namaz qılmaqdır. – Yaxşı, milyonlarla insan namaz qılır.
Deyirlər Allahın yolu oruc tutmaqdır. – Milyonlarla insan oruc tutur.
Deyirlər Allahın yolu həcc ziyarətidir. – Milyonlarla insan həcc ziyarətinə gedir. Allahın yolu “cihad”dırsa bu boyda İŞİD ortaya çıxıb, gündə baş kəsir…
Allahın yolu yoxdur, çünkü din Allah anlamını verə bilmədi, cəhalət yolsuzluğu yaratdı, insan yolsuzlaşdı. Allah Quranda insanları hədələyib deyir ki, öləndən sonra sizə qan-irin içirdəcəm, odda yandıracam. Quranın dediyindən belə görünür ki, İŞİD elə Allahın dediyi kimi eləyir, sadəcə öləndən sonra yox, sağlığında. Başqa sözlə, Quranda Allah insan üçün İŞİD başçısı kimi davranır.
Hələ bununla belə, müsəlman, beyninə yeridilən bir şeyi deyib durur: Məhəmmədən sonra Dünyabaxış yaradıcısı olmayacaq, Qurandan sonra kitab yazılmayacaq. Baxın, bunlar geriliyi, qanı- qadanı yasalaşdırırlar, Feodalizm təfəkkürünü qoruyurlar. Dirçəlişin yolunu göstərənlərə də kafir deyib damğalamağa çalışırlar. Göz görəki İslam dünyanı qurtarmaq yox, dağıtmaq gedişləri hazırlayır. Odur ki, qabağa, yəni gələcəyə getmək istəyən millət İslamı geridə buraxmalıdır.
Mən bir inamçıyam, ateist deyiləm. Mən ruhaniyyatı anlayan, inamın nə demək olduğunu dərk eləyən bir vətən övladı olaraq ilk növbədə türk ulusuna səslənib bu fikirləri deyirəm. Ancaq bəşərsevər olduğum üçün bu çağırışı ərəblərə də, farslara da, başqa müsəlmanlara da özgün sayıram.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
07 Ata Ayı, 37- ci il. Atakənd.
(sentyabr, 2015.)




Oktyabr 1st, 2015
admin
Posted in
Tags: 