ASİF ATA – 80

Soylu Atalı

MÜTLƏQƏ İNAM RUHANİYYATI

Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarımız!
Bundan sonra Ulusumuzun sabahı ürəklərimizə düşən İnam Ata Günəşinin İşığıyla aydınlaşacaqdır. Yurdumuza İnamın gəlişi sizi bu ümidlə müjdələməkdədir. Gəlin Sabahımıza üz tutaq – Ata Yolumuzu, Müqəddəs Kitabımızı tanıyaq, onu evimizin və qəlbimizin ən ali neməti kimi alaq və qoruyaq. Gəlin, Atamızı dinləyək, onun yaratdığı müqəddəsata tapınaq. Doğrulaq və yeni bəşər mədəniyyətinin cövhəri olaq. Sizdən çətin zəhmətlərə qatlaşmaq umuruq.Ancaq bu, Musanın öz qövmündən umduğu qədər aşırı çətinlik deyil.
Yadınızdadırmı, Tövrat, Musanın hökmü onun qövmünü necə xilas elədi?! İnam Ata sizə daha ali bir Kitab verir. Ona görə Onun hökm vermək haqqını tanıyın. O, sizə “azad və müqəddəs xalq olun” tələbi ilə səslənir. Bu vaxta qədər heç kim sizə bu tələblə yanaşmayıb. Sizin öz içinizdən irəli durmayan və sizi anlamayan bunu edə bilməz. İndi sizi anlayan Kimsə və sizin içinizdən çıxmış bir Ulu bu tələblə irəli durur. O, sizin çiyninizə aldadan və aşağı basan yük qoymur. Yükü öncə öz çiyninə götürür, sizdən isə Onu eşitməyinizi istəyir.
Əziz soydaşlarımız! Bu yazıya tərifləyən, təqdim eləyən bir yazı kimi baxmayın. Ulusal və bəşəri olan müqəddəs bir İrsin barmaq sayda qoruyucularının doğma ərki kimi yanaşın. Əslində bu yazının sonunda deyəcəyimiz fikirləri önündə deməklə diqqətinizin yolunu da lap başlanğıcdan bəlirləmək istədik.
İndi sizə təqdim elədiyimiz Müqəddəs İrsin cövhəri haqqında yığcam bilgi verək. Bunun üçün öncə Asif Atanın Ömründən bir neçə yarpaq söz açmalıyıq. Asif Atanın yaşadığı ömrü şərti olaraq iki dövrə bölməklə sonradan deyəcəyimiz fikirlərə müəyyən yön verə bilərik.
Birinci dövr əsasən Onun axtarışları ilə bağlı olub. Asif Atanın ilk axtarışları Rusiyanın Moskva şəhərində – tələbəlik illərində başlayıb. Yurduna bağlı qayğıları, düşüncələri Onu dünyanın bütün mənəvi irsini öyrənməyə sövq edib. Öyrənib ki, Yurdumuzu tanısın və öyrəndikləri sırasında onun yerini müəyyən eləsin. Ancaq öyrəndikləri arasında öz Yurduna, Ulusuna dair heç nə tapmayıb. Bir millətin adının indiyə qədərki bəşər mədəniyyətində olmaması bu millətə nə vəd edir?! Adsız, dəyərsiz, təsirsiz hara qədər getmək mümkün¬dür?! Öz içindən yönəldilməyən, başqasının buyuruğu ilə yaşayan bir toplumun sabahına inanmaq olarmı?! Kölgələrdə sürünən, öz mənliyini qurmayan, siması bilinməyən bir toplum “millət” adlana bilərmi?! Nədir bunun səbəbi, bu millətin var olmasına nədir mane olan?!
Bu cür suallar Asif Atanı Azərbaycanın qədimliyini öyrənməyə yönləndirdi. Araşdırdı, fəhm etdi, öyrəndi və öyrəndiklərini ciddi mənalandırıb “Azərbaycanımız – Azərbaycanlığımız” silsiləsində birləşdirdi. Asif Atanın bu dəyər sistemi haqqında biz çox yerdə yazmışıq, ayrıca kitabça halında hazırlayıb yaymışıq da. Odur ki, burada o dəyərlərin yalnız adlarını göstərməklə yetərlənəcəyik: “Zərdüştlüyümüz – İşıqçılığımız”; “Dədə Qorqudluğumuz – Ağsaq-qallığımız”; “Babəkliyimiz – Xürrəmdinliyimiz”; “Hürufiliyimiz – Ənəlhəqliyimiz”; “Füzuliliyimiz – Aşiqliyimiz”; “Muğamlığımız – Loğmanlığımız”; “Sazçılığımız – Tanrıçılığımız”. Asif Ata bu fikirdəydi ki, belə zəngin dəyərləri olan xalqı balaca saymağa heç kimin haqqı yoxdur. Ona görə də bu dəyərlərin məzmununu xalqa qaytarmağın yollarını düşündü. Bu axtarışlar onu Azərbaycan uğrunda böyük Ruhani Mücadiləyə çəkib aparır. Tələbəlik illərini başa vurub ədəbiyyat mühitinə daxil olandan sonra onun ciddi mübarizəsi başlamışdı. Ədəbiyyat tənqidçiliyindən yararlanaraq, böyük məqsədlərinə doğru yol açmağa çalışırdı. “Qatar poeziyası, təyyarə poeziyası” yaratmağın eybəcərliyini ifşa elədikcə “intellektualların”, “novatorların”, atom əsri təbliğ edənlərin antixəlqi mahiyyətini açıb göstərir, məişət problemlərini ədəbiyyatın başlıca qayəsinə çevirməklə milli-insani problemlərin üzərinə pərdə çəkənləri qınayırdı. Onun bu əməllərinə cavab olaraq, ilk müqavimətlər göründü. Rəsmi qəzet və jurnallarda əleyhinə yazılar, məqalələr çıxmağa başladı. Bu addımlar böyük təqibin ilk xəbərdarlıqları idi. Artıq Əfəndiyevi Atalığa doğru aparan Yolun zəhmi ağarırdı. Hünərlər dənizinə baş vurmusansa, üzməlisən, sən də öz hədəfinə doğru. Asif Atanın içindən ucalan bu səs, bu çağırış fərəhli bir ümid bəsləyib yetirirdi. Belə bir fərəhli ümidlə O, Azərbaycan Dövlət Universitetinin böyük Toplantılar odasında (“Akt zalı”nda) “Etik və Estetik Tərbiyə Klubu” yaratdı. Bu kluba axışan insanlara Azərbaycanlaşan mənalar, məzmunlar bəxş edirdi. Böyük maraq, intizar, narahatlıq içində axışıb gələn insanlar yavaş-yavaş Onun ideyalarının, böyük məqsədlərinin ilk rüşeymlərini öyrənməyə başladılar. Bu insanlar artıq necə yaşamağın, necə duymağın, necə vətənləşməyin tələbləri ilə görüşürdülər.
İnsanlar burada özlərini tapmağa başlayanda şər duyuq düşdü, qeyzləndi, mane olmağın yollarını aradı və tapdı: Rəsmi konfransın keçirilməsini, mikrofonun işləmədiyini, zalın təmir ediləcəyini bəhanə gətirdi. Klub Respublika “Bilik” cəmiyyətinə köçürüldü, adı “Ocaq” qoyuldu. “Klubun sədri Ocağın Atası ilə əvəz olunmalıdır” ideyası da burada yarandı. Ocaq Məramı aydınlaşmağa başladı, Ocağı yaşatmağa and içildi. Artıq burada böyük ideyalar, böyük fikirlər dilə gətirildi: İnsanlaşmaq, özünü daxildən dəyişmək, Müqəddəsliyə tapınmaq, Dünyanın Dünyadan böyük mənasına pənah gətirmək… Ruhani İntibaha başlamağın zəruriliyi ağıllara yeridilir, düşüncələri fəth edirdi. “İnsanlaşma olmadan Müstəqil Vətən, Azad Xalq yaratmaq mümkün deyil” fikri güclü cazibə yaradırdı.
Söz yox ki, imperiya (SSRİ) içində belə bir hərəkatın başlaması, yaşaması müşkül bir iş idi. “Bilik” cəmiyyəti rəhbərliyinin ürəyinə dolan qorxu, çaşqınlıq, şübhələr qapını Ocağın üzünə burada da bağlatdı. “Xatanı” özlərindən vaxtında uzaqlaşdırmağın yolu bu idi. Ocaq isə yanmalıydı. Ata rayonlara, şəhərlərə səfərlər edir, təhsil müəssisələrində olur, tələbələrlə, müəllimlərlə, elm adamları ilə, fəhlələrlə görüşlər keçirirdi. Hər yerdə sevgi ilə, sevinclə qarşılanırdı. Yataq¬xanalarda, kitabxanalarda keçirdiyi görüşlərin sorağı sürətlə yayılırdı. Nəhayət, xəbərdarlıq başladı, rəsmi tələblər Asif Atanın özünə çatdırıldı: “Ocağı söndür, görüşə getmə – işdən qovularsan, hörmətdən salınarsan”. O vaxtkı Evladlara da xəbərdarlıqlar edilirdi: “Bu adamdan əl çəkin, o, marksizm əleyhinə, kommunizm əleyhinə iş aparır, millətçiliyi yayır, pantürkizmə xidmət edir və s.”
Hətta Asif Atanı partiyadan, işdən çıxarmaq, elmi adını, müəllimlik dərəcəsini əlindən almaq qərarı verilir. Aparırlar, gətirirlər, dindirirlər, mənəvi-psixoloji təsir göstərirlər. Basqı tükənmir, azalmır. Ailəsi dağılır. O bu basqılar altında tamam tək qalır və gizli fəaliyyətə keçir. Bundan sonra Ata Ömrünün (şərti bölgümüzə görə) ikinci mərhələsi başlayır. Fiziki yaşamağın özü belə sual altında qaldığı bir halda hərəkat yaratmaq?! Yatmağa yeri yox, yeməyə çörəyi. Hansı güc insanı ayaqda saxlamalıdır ki, belə çətin aşırımları aşa bilə?!
Bu dövrdən Asif Atanın işi iki yöndə gedirdi: həm hərəkatın təlimini, fəlsəfəsini yazmaq, həm də bu işi həyata keçirən insanlar yetişdirmək. Bu ömrü yaşamaq sıradan birisinin işi deyildi, bu artıq Peyğəmbərlik idi, ancaq ənənəvi Peyğəmbərlikdən fərqli bir səviyyədə. Məzmunca ənənəvi Peyğəmbərliyə uyğun, – yəni İnam yaratmaq, İnamına tən yaşamaq və onu həyata keçirmək üçün əziyyətlərə qatlaşmaq. Fərq isə məramında, meyarında, biçimində idi. Hal fərqi, anlayışlar fərqi, ideyalar fərqi “peyğəmbər” sözünə sığmadığı üçün Ruhani İntibahçılıq hərəkatı Ruhani Atalıq məzmununda ifadə olundu. (“Ata sözü Peyğəmbər sözündən üstündür” deyirdi Asif Ata). Atalıq məzmununda vüqarlı olmaqla, səbirli olmaqla yanaşı, həm də hökmlü olmaq tələbi yaşayır. Təvazökar olmaqla gedişatı dəyişmək mümkün deyil. Asif Atanın yaratdığı İnam İnsana və insandakı bu ali keyfiyyətlərə bağlıdır. Ancaq hanı elə bir mühit ki, insandakı ali keyfiyyətləri sevgi ilə qarşılasın?! Bütün dövrlərdə olduğu kimi, Asif Atanın çağdaşları da onun fikirlərini, çağırışlarını süngü ilə qarşıladılar. Əski Peyğəmbərlərə ən çox avamlar təpki göstərirdilər, Asif Ataya isə ən çox elmli, bilikli, savadlı çağdaşları ağız büzdülər: – “XX əsr hara, peyğəmbərlik hara, – sən ən yaxşı halda ədəbiyyat tənqidçisi ola bilərsən. Heç filosof da ola bilməzsən, çünki sənin fəlsəfi əsərlərində bir dənə də olsun, başqa fəlsəfələrdən sitat yoxdur, onların şərhi yoxdur”.
Asif Ata Peyğəmbərliyi elmə, biliyə, idraka əsaslanırdı. Əski Peyğəmbərlərdə isə fanatizm, fantaziyalara əsaslanan sehr, möcüzə üstünlük təşkil edirdi.
Asif Atanın fəlsəfəsi İnam Fəlsəfəsidir. O, ənənəvi fəlsəfələrə bənzəmir. Burada geniş şəkildə şərhçilik yoxdur. Eyni zamanda O, öz fikirlərini gücləndirmək və sübuta yetir¬mək üçün ənənəvi fəlsəfələrdən, baxışlardan nümunə götürmür. Bu, həm də İnsan fəlsəfəsidir. Bu fəlsəfə Asif Atanın Mütləqə İnam Sivilizasiyası carçılığına yön verməklə, gələcəyi ümum¬bəşər səviyyəsində gözəlliyə, Müqəddəsliyə, İnsana – İnsanlığa bağlayan düşüncə sistemidir.
Asif Atanın başlıca məqsədi dini İnamla əvəz eləməkdir. O, dinin alleqorik və mifik baxışlarla insanı yönəltmək üçün aldadıcı manevrlərini rədd edir. Bu manevrlərin insanlığa zərbə vuraraq siyasətin inkişafına yaradığını vurğulayır. Asif Ata hesab edir ki, insanı transsendental, fövqəltəbii qüvvələrin xidmətçisinə çevirməklə bəşəriyyəti ağ günə çıxartmaq olmaz. İnam işi insana daxili ali güc, qüvvət verməlidir. Yalnız bu halda o, mənəvi Kamilliyə yüksələ bilər. İnsanı Qorxuya inandırmaqla itaətdə saxlamaq – Vicdana, Ədalətə yol açmır. Dində insan nə eləyirsə, “Göylər Səltənəti”nin xoşuna gəlmək və orada özünə yer eləmək üçün eləyir. Təmənnalı ibadət, təmənnalı xidmət insanı ölümlü, keçici “uğurlara” şirnikdirir. İnam deyir: Ölməzliyə – təmənnasızlıq, fədakarlıq, özündənkeçmə səviyyəsində qovuşmaq mümkündür. İnsan Mütləqi Göylərdə deyil, içində tapmalıdır. İçindəki Mütləq onu həqiqətə yönəldər, vicdanlı və ədalətli edər. Ədalətin təməli göylərdə deyil, insanın içindədir. Dində insan bəndəliyə, qul psixologiyasına alışdırılır. İnamda isə insan həqiqi qiymətini tapır. Mütləqə İnam baxışına görə, “İnsan – daxilində Mütləq daşıyan, gerçəklikdən, şəraitdən, mühitdən, zamandan üstün olan, Mütləqiliyə meyil edən və Mütləqləşməyə qadir olan ruhani varlıqdır”. Bununla da həyat nizamının, gözəlliyinin, müqəddəsliyinin “o dünya”dan asılılığı rədd olunur və İnsan özünə tapşırılır.
İkinci, dində Dünya yoxdan yaranır, özü də dünyadan kənardakı “İradənin” təsiri ilə. Sonra isə heçdən yaranan dünya heç (fani) sayılır. Dünyada yaşamaq formal hesab olunur – ömür ikinci və “əsas dünyaya” – “o dünyaya” keçid mərhələsi kimi təqdim olunur. İnsan dünyanı sevmir (fanini sevməzlər), sevgisini o biri dünyaya yönəldir. O biri dünyanın qayğısı ilə yaşamağa tərbiyə olunan insan heçliyə çevrilir. Dünyanın gözəlliyi də, ahəngi də, məzmunu da maddiləşdirilir, axirət qarşısında törəmə bir vasitə kimi dəyərləndirilir Dünya.
İnamda Dünya Özündən – Əzəli, Əbədi, Kamil, Sonsuz Dünyalıq Mənasından yaranır. Əzəli olan faniləşə bilməz, Əbədi olan dayana bilməz, Sonsuz olan tükənə bilməz, Kamil olan idarə oluna bilməz. Əzəlinin ötəri olan təzahürü var, Əbədinin keçici olan təzahürü var, Sonsuzun sonlu olan təzahürü var, Kamilin qeyri-kamil olan təzahürü var. Bunlar Dünyadakı hadisələrdir. Dünya öz hadisələriylə daim təzələnir, ancaq Dünya Dünya olaraq qalır. Məna yox olmur, – yox olmayacaq.
Dində Vətən və millət yoxdur. Əgər dünya fanidirsə, insan o dünyaya hazırlaşırsa, bu dünyada özünə vətən yaratmağa, dəyər yaratmağa həsr olunmağa nə hacət?! Hər kəs peyğəmbərin ümmətidir və onlar peyğəmbərin çağırışı ilə axirətə – babalarının gəldiyi yerə qayıtmalıdırlar. Onsuz da qiyamət qopanda dünya dağılacaq.
İnamda Vətən – milləti bəşər səviyyəsinə qaldıran əbədi, ölməz dəyərlərin yaşadığı ünvandır. Əbədi, ölməz dəyərlərin yaşadığı müqəddəs ünvan fani ola bilməz. Nisbi, keçici, ötəri müqəddəslik olmur. Vətən və millət bir-birinə bağlı ölməz məsələlərdir. Millətsiz bəşər yoxdur. Asif Ataya görə xalq, millət bir şeydir. “Xalq Ruhunda həmişə əbədi keyfiyyətlər saxlanılır.
… Xalq cəmiyyət qanunlarına əməl eləyir, ancaq öz qanun¬ları əsasında yaşayır. Bu səbəbdən də qəsbkarların yaratdıqları eybəcər mühitdə belə, xalq xalq olaraq qalırdı. Çünki xalq insanların sadəcə cəmi deyil, Birliyidir. Bu Birlik Mənəviy¬yatın dərinliyində mövcud olur, bu dərinliyə isə cəmiyyət müdaxilə edə bilmir” (“Yol. Ata Sözü” kitabından).
Buradan da Asif Atanın millətçilik məsələsi öz izahını tapmış olur. Çoxları düşünürlər ki, Asif Atada millətçilik var, Peyğəmbərlik isə ümumbəşər hadisəsidir. Ancaq unutmaq olmaz ki, Peyğəmbər xalqda yaranır. Peyğəmbərlik insani problemləri ilk öncə öz xalqında – yaşadığı mühitdə aşkarlayır. Ümumbəşəri problemlər isə xalqlarda mövcud olan insani problemlərin ümumiləşməsi və genişlənməsidir. Peyğəmbər konkret bir xalqın nümayəndəsidir. Öz xalqına yaramayan bəşərə də yaramaz. Öz xalqını sevdiyi üçün bəşəri də sevir. Xalqda ali, gözəl, müqəddəs nə varsa, o, elə bəşərilik deməkdir. İnsanilik – millilikdə aşkarlanan və bəşəriliyə doğru inkişaf edən azadlıq və humanizm yaradır.
Vətənləşmədən dünyalaşmaq mənasızlıq və xülyəvilikdir. “Bütün dünya mənim vətənimdir” deyənlər Vətəni dərk eləmirlər. Vətənin özünü dünyaya çevirməyən dünyanı tanımaz və sevməz. Vətənsizlər ülviyyəti görmürlər. Öz millətini doğrultmaq bəşəriyyəti doğrultmaqdır, öz milləti vasitəsilə bəşəriliyə xidmət etməkdir.
Hökmdarlar öz millətindən bəşəriyyətə ağa düzəldirlər, başqa sözlə, öz millətləri vasitəsilə dünyaya ağalıq edirlər. Milləti bəşəriyyətə qarşı qoyanda imperiya yaranır.
Peyğəmbərlik millətin insani keyfiyyətlərini aşkarladığı üçün bəşəridir.
Asif Ata İnamının adı İnsanilikdir, yəni əslində bəşərilikdir. Azərbaycan İnamın həm mərkəzidir, həm də bir bölgəsidir. İnsana səcdə üzərində qurulan Mütləqə İnam dünyabaxışının carı “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı İnsanlaşmaqdadır” məzmunundan ibarətdir.
Asif Atanın İnam İşinin yönü, yuxarıda vurğuladığımız kimi, Ruhani İntibahı həyata keçirən insanlar yetişdirməkdən ibarət idi. Mütləqə İnam Dünyabaxışının yaşaması və yayılması üçün Ruhani Qurum yaranmalı və hərtərəfli biçimini tapmalı idi. Bu qurum “Ocaq” adı daşıyırdı. Asif Ata Ocağın qaydalarını, iş prinsiplərini, üslubunu başa gətirməklə əslində yeni sivilizasiya tarixini başlamış oldu. Burada insanlararası münasibətlər Ruhani quruculuğun ana xətti idi. İndiyə qədərki ruhaniyyat tarixinin qorxu və təlqin ənənəsi İnam Ruhaniyyatında inanmaq və dərk eləmək səviyyəsi ilə əvəz olunurdu. Bunun özəyində isə, ilk növbədə, Atanın Özünü yaratması dayanırdı. Onun Ömrü Evladları üçün həm də ruhani bir örnək idi. O, Evladlarını müqəddəs tabeçiliyə (səcdəyə) çağırırdı, bunsuz İnamın baş tutmasının mümkünsüzlüyünü anladırdı. Bununla belə, heç kimə “bəli, baş üstə” halı aşılamırdı, qüsurlu Ataya tabe olun demirdi. Qüsurlu Ata olmur, Ata qüsursuzluq deməkdir. Özünü kamilləşdirməyən, Mütləqə tən yaşamayan şəxs peyğəmbər ola bilməz. Asif Atanın Ömrü əzablarla yoğrulmuş, sarsıntılar odunda təmizlənmiş, müqəddəs fikirlər, düşüncələr selinə qarışmış, ali mənəviyyatla qurulmuş bir Ömürdür. Bu səbəbdən də səcdəyə layiqdir.
Ümumən Ocaqda özünəməxsus münasibət qanunları qüvvədədir. Bunlar Asif Atanın Ruhani Hökmlərindən və yaratdığı Özüylədöyüş xəttindən qaynaqlanır. Özüylədöyüş “Yenidəndoğulma” ideyasının gerçəkləşmə üsuludur. Özüylədöyüş vasitəsilə cəmiyyətçilik aradan qaldırılır, əhvallarda, münasibətlərdə ülviyyət bərqərar olur. Bununla da ideal tələbi ilə Ruhani mühit formalaşır. İnamın tələbi özünü dərkdir. Özünü dərk prosesi həqiqətin yaşamasını və gerçəkləşməsini şərtləndirir. Bu yöndən Asif Ata hər bir Evladı ilə xüsusi məşğul olub. Aylarla, illərlə səbr edib, dözüm göstərib – onların ağlına işıq salıb, ürəyinə qüvvət verib. “Vətən necədir, dünya nə haldadır, insan kimdir” kimi suallara cavab tapmağı hər bir Evladının ömründə yaradıcı tələbə çevirib. Onlara öyrədib ki, insani yaşamaq mübarizədir, xalqı yaratmaq özündənkeçmə əməlidir. Yalnız Mütləq olan İnsanidir. İnsani olmayan Xəlqi deyil. Xəlqi olmayan əməl, əhval, münasibət xalqı yarada bilməz.
Bura qədər Asif Atanın İnam, Atalıq, Ruhani Qurum, Mübarizə məsələlərindən qısaca bəhs elədik. İndi isə bir neçə kəlmə Müqəddəs İrs haqqında söz deyək. Mütləqə İnam dünyabaxışının ideya və prinsipləri burada hərtərəfli ifadə olunmuşdur. Bu İrsə, əsasən Asif Atanın Müqəddəs Kitab və Kəlamları daxildir. Bu vaxta qədər Asif Atanın 10-a qədər kitabı Ocaq Evladları tərəfindən müxtəlif tirajlarla çap olunmuşdur.
Ocaq ilsırasının 29-ilindən Asif Atanın Müqəddəs İrsi üzərində yeni mərhələdə iş başlanmışdır və 30-ilin sonuna doğru bu iş yekunlaşmışdır. Ocağın Evladları tərəfindən həyata keçirilən bu iş ondan ibarətdir ki, Ata İrsi təsnifatlaşdırılmış, sistemləşdirilmiş və 10 cilddə tərtib olunmuşdur. Bu cildlər əski və əsil türkcədə “Qutsal Bitiqlər” adlanır. Nəşrin ümumi adı “Qutsal Onluq”, yaxud qısaca “Onluq” adlanır. Aşağıda onun cədvəl biçimini dərc edirik:

Qutsal Bitiqlərin cədvəl biçimi

Bitiyin (cildin) adı. (İçindəki əsərlər)

I. Mütləqə İnam

Mütləqə İnam

II. Mütləqləşmək – Var olmaq

Mütləqləşmək – Var olmaq

III. Anlam İnsaniliyi

Təzadlar; Rəmzlər; Mənalar

IV. Görmək İnsaniliyi

Mütləqilik; Olan və Olmayan; Varlıq – Yoxluq; Ruhani Xətt; Münasibətlər; Hallar

V. Fəlsəfənin Təməli
İnam Fəlsəfəsi; Təməl

VI. Qutsal Quruculuq

Yol. Ata Sözü; Sədaqət; Ruhani Hökmlər; Ruhani Sənədlər; Müqəddəs Kəlamlar

VII.Yetməli Olduğunuz

Adamlıq – İnsanlıq; Adamdan – İnsana; İnsana Yaramaq; Özümlük – Özgəlik; Dünənçilik – Sabahçılıq; İnsanilikdən Yaranan; Müqəddəslik; İnsanilik İmkanı; Həqiqət İnsaniliyi; İnsanilik

VIII. Özüllər Özülü

Ruhaniyyat; Əxlaq; Mahiyyət

IX. İçdən Yaranma

Özündən Yüksək; Dünyadan Üstün; Dünyaçılıq – İnsançılıq; Gerçəkliyi Ötmək; Kamilləşmə Əməli; Daxildən Gerçəkləşmək; Bütövlük Həqiqəti

X. Hüquqdan Haqqa

Haqq; Ölçü; Siyasətdən Üstün;

Haqq – Haqsızlıq; İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi; Həqiqət Azadlığı – Cəfəngiyyat Əsarəti

1. Ruhani Sənədlər

2. Yollaşan Aqibət

Atalıq Xilqəti; Ömrüm – Günüm; Bədiiyyat; Muğam Fəlsəfəsi

3. Həqiqətlər

(Ata Söyləmləri və ya Gerçəklik – Ata sınağında)

Bitiqlər (Cildlər) içlərindəki kitabların Mütləqə İnam sistemində ifadə elədikləri məna yaxınlığına görə təsnifatlaşdırılıb. Bundan başqa,
3 Yan Bitiq (əlavə cild) hazırlanıb (bunlar Onluğun əlavəsi sayılır).
Birinci Yan (əlavə) Bitiqdə Asif Atanın Ocaq quruculuğuna aid olan Ruhani Sənədlər – Evladlara Atanın buyuruqları, onları Ruhani Səfərlərə, əməllərə yönəltmələri, Ailə Gününə Xeyir-duaları, Evladların Atadan Ruhani ad almaları və b.k. öz əksini tapmışdır.
İkinci Yan Bitiyə Asif Atanın Ömür Yolunu, sənətə baxışını əks etdirən Əsərləri daxildir.
Üçüncü Yan Bitiqdə isə Asif Atanın fəlsəfə ilə, ədəbiyyatla, dinlə, ictimai-siyasi hadisələrlə bağlı çoxsaylı deyimləri ifadə olunmuşdur.
Bundan sonra Ocaq Müqəddəsatı həm ayrı-ayrı Müqəddəs Kitab və Kəlamlar biçimində (Asif Atanın sağlığında olduğu kimi) qorunub saxlanacaq, həm də “Onluq” şəklində artırılıb yayılacaqdır. Asif Atanın Müqəddəs Kitablarında (Bitiqlərdə sıralama baxımından) quruluş dəyişikliyi aparılsa da, mənasına, məzmununa, üslubuna, cümlə və fikir quruluşuna toxunulmayıb və bundan sonra da, Mütləqə İnam Ocağı olaraq, toxunulmasını yolverilməz hesab edirik. Kitab və Kəlamları uyğun sıralamaqla “Onluq” şəklinə salmaqda məqsəd Ocaq Ruhaniy¬yatının toplu halında əldə olunmasını və öyrənilməsini sadələşdirməkdir.
Atanın elə Kitabları var ki, cəmi bir neçə yarpaqdan ibarətdir. Bunları ayrıca nəşr elətdirmək çətindir və nəşrlər arasında fasilələrin olması pərakəndəlik yaradır. Bir kitabı əldə edən o birini əldə edə bilmir. Beləliklə, İnamı sistemli şəkildə öyrənməkdə çətinlik yaranır. Ancaq işin əsas məqsədi təkcə bu çətinliyi aradan qaldırmaq deyil. Burada həm də böyük türk xalqına ruhaniyyat Ocağı yaratmaq, onu bəşəriyyətin gələcəyində Kitablı, Sözlü, Peyğəmbərli bir xalq olaraq görmək məqsədi güdülür. Asif Ata buyurur: “İstədim ki, türk xalqı heç kimdən fəlsəfə dilənməsin”. Bəli, türk xalqı özünə böyük mədəniyyət yaratmalıdır ki, başqa mədəniyyətlər onun yönünü türklükdən qırağa döndərməsin.
Asif Atanın kitablarının müxtəlif adlarda və cildlərdə olmasına baxmayaraq, onları ümumi bir ad altında – “Mütləqə İnam Ruhaniyyatı” kimi qəbul eləmək gərəkdir.
İnam Kitabla gəlir. Bu Kitab Göylərin diktəsi və tələbi ilə yazılmayıb. O, İnsan qəlbinin, idrakının Anlama qovuşması ilə meydana çıxan müqəddəs fikirlər sistemidir.
İnam Bəşər Ruhunun ölməzliyinə bağlıdır.
İnamın məqsədi İnsanilikdir.
İnamı Dinə bərabər tutmaq olmaz. Din etnik keyfiyyətlərin içinə girdi və onları içəridən dəyişikliyə uğratdı. Qəbul edildiyi xalqlarda insani, bəşəri imkanların üzə çıxmasına yardımçı olmadı. Din özü məqsədə çevrildi. Bu səbəbdən də ideologiyalaşdı – ulusallığın (milliliyin) zərərinə. Başqa sözlə, din konseptual ideologiya kimi çıxış elədi. İdeologiya mənafelərin nəzəri təminatçısıdır. Ona görə də din siyasətin əlavəsi kimi formalaşdı.
Mütləqə İnam ümumbəşər səviyyəli dünyabaxış olmaqla özülündə türklük keyfiyyətləri daşıyır. İnam başqa xalqların öz ruhaniyyatlarını yaratması üçün stimul verir. İnam hesab edir ki, hər bir xalq özünəməxsus ruhani keyfiyyətlərini aşkarlamalı, Özümlüyünü – bənzərsizliyini qorumaqla ümumbəşəri birliyə nail olmalıdır. İnam türklüyü başqa xalqların etnik keyfiyyətlərinin içinə daşıyıb, onların simasını dəyişmək istəyində bulunmur. İstənilən bir xalqın özünəməxsusluğu pozuntuya uğrayırsa, bəşərin siması zədələnir. Siyasət – xalqların özünəməxsusluğunun dəyişdirilməsindən yaranır. Hər bir xalqın mahiyyəti onun bəşəri məzmunudur. Buraya müdaxilə edib dəyişiklik yaratmaq – siyasətin özgələşdirmə əməlidir. Xalqların xarakterində üstünlük və ya əskiklik başqa şeydir. Üstünlük Özümlüyə doğmalaşmaqdır, əskiklik özümlüyə yadlaşmaq. Bir xalqın xarakter özünəməxsusluğu mahiyyət özünəməxsusluğuna bərabər deyilsə, o, ruhaniyyat vasitəsilə bu bərabərliyə yetməlidir. Ruhaniyyat xalq ruhunu qorumaq üçündür. Ruhaniyyatsız xalqın gələcəyi yoxdur. Xalqları çağdaş Avropa tərəqqisi ilə gələcəyə aparmaq mümkün deyil. Avropa tərəqqisi xalqları simasızlaşdırır. Ümumən Avropaçılıq dünyanı çöküşə gətirib çıxartdı. Səbəbi Şərq xalqlarının geriliyində axtarırlar. İnsani tənəzzülü texniki tərəqqi və iqtisadi yürüşlərlə ört-basdır eləməyə çalışırlar. İnam deyir – Xilas Peyğəmbərlik hadisəsindədir. Avropanın zərərli iqtisadi-texniki sistemini uçurub bəşəriyyəti İnam Yoluna döndərmək lazımdır. Kapitalizm demokratiyası bütün eybəcərlikləri ilə özünü göstərdi. Nicat İnsanlaşmaqdadır, İnamdadır. İnamçılıq uzun yoldur, ancaq Azadlığın yeganə yoludur.
İstəkli sabahdaşlarımız! Asif Atanın (İnam Atamızın) Müqəddəs Onluğunu sizə təqdim edirik. Burada həyatın dərin fəlsəfi mahiyyəti açılır və insan taleyinin azadlığa qovuşma imkanları əks olunur. İnsanın qarşısında həyatın mənası bütün gözəlliyi ilə aşkarlandıqca, Ölməzliyə inam yaranır. Bu inam İnsanı özünə qaytarır. İnsanın bütün cəhətləri İnam vasitəsilə dərk olunur. Özünüdərkdə cəmiyyətin yaşatdığı ədalətsizlik, gerilik, köhnəlik bilinir və onun aradan qaldırılması zərurət kimi düşüncələrə təsir göstərir. İnsan qəlbində ali həqiqətə ehtiraslı pərəstiş yaranır, həm də adiliyə, süniliyə qarşı güclü bir etiraz baş qaldırır. İnsanlarda özünə, Ulusuna, Yurduna qarşı inamsızlıq aradan gedir. Biz sizin qarşınızda öz ömrümüzdə, düşüncələrimizdə yetdiklərimizdən çıxış edirik. Bu vaxtacan hər bir işimizə (bir millət olaraq) “başa gəlməyən iş” kimi baxa-baxa xəlqi quruculuqdan məhrum olmuşuq. Biz özgələrin gücünə, bizi öyrətmələrinə, bizi yenmələrinə inanmışıq. Öz gücümüzə, öz yaratdıqlarımıza inanmaq, inamsızlığa son qoymaq vaxtıdır. Yurdumuza İnam gəlib! İndi biz Mütləqə İnam Ruhaniyyatı ilə dünyanı öyrətmək imkanı əldə etmişik.
İnamımız, Ocağımız, Fəlsəfəmiz, Kitabımız, Peyğəmbərimiz – bizi Azadlığa qovuşduran və Gələcəyə aparan Müqəddəs Sərvətimizdir.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv