Soylu Atalı. İnanmaq əsilliyi

Din xarici İradəni əsas götürərək fərdi iradəni itaətdə saxlamağı qəsd etdi. Bununla da guya pis əməllərin qarşısını alacağına bir inam yaratmaq istədi. Ancaq heç kəs öz iradəsini xarici İradəyə təslim eləmədi.
Əslində heç bunun yolu da yoxdur. Eyni halda bu heç gərək də deyil. Heç bir real əsası olmayan, gerçəkliyə bağlı olmayan tələb ki, Xarici Qüvvə adıyla irəli sürülür, bunu həyata keçirməyin mexanizmi mövcud deyil.
İradə mənəviyyatın və idrakın tələblərinə doğmalaşanda ülviyyət yaradır. Xarici İradənin tələbi ilə ülviyyət yaranmır. İradə boş və mənasız şərtlərdən imtina edəndə özünü təsdiq edir.

xxx

Elmi araşdırıcılar deyirlər: Allah ideyası ilk dəfə insanların ağlına qorxudan gəlib. Ədəbiyyatlarda deyildiyi kimi, təbiət hadisələri qarşısında aciz qalan insanlar bu hadisələri fövqəlqüvvələrin elədiklərini düşünürdülər. Əlbəttə, Allah ideyasını təkcə bu məntiqə bağlamaq materializmdə məhdudlaşmaq olardı. Axı insanın müqəddəslik, mütləqilik ehtiyacı və axtarışı da var. Təəssüf ki səmavi sayılan dinlər ibtidai inanclardan bir addım qabağa getsələr də, insanın müqəddəslik, mütləqilik ehtiyacını ödəyə bilmədilər. Allahın qorxulu olduğunu mütləqiləşdirdilər. Qorxu sevgini əvəz elədi. Bütün qorxuları, qorxuncları bir sifətdə birləşdirdilər, vahid qorxu yaratdılar. Qorxuya haqq qazandırıldı, bəraət verildi, həyat qorxusuz təsəvvür edilmədi. “İnsan qorxmalıdır ki, pis iş görməsin” məntiqi uyduruldu. İnsan məsuliyyətə yüksəlmədi, qorxuya endirildi. Əslində bütün pis işləri qorxaqlar törədirlər. Yaxşı işləri isə cəsarətlilər, məsuliyyətlilər həyata keçirirlər.
Elm təbiət hadisələrinin sirrini açıb izah elədikcə Qorxunc Qüvvənin şüurlara hakim kəsilməsi üçün ikinci dünya məntiqini (məntiqsizliyini) gücləndirməyə çalışdılar. Ölümdən o tərəfdə iki həyat olduğu sunuldu insan ağlına. Bunlardan biri cənnət – əyləncə, məzə; o biri cəhənnəm – əzab, işgəncə, – ölümdən betər qorxu. Bu uydurmada insan ölümdən yüksəkdə dayanan ölməzliyi tanıya və ona yetə bilmir. Dünyanı oyun-oyuncaq elan eləyən din insanı komediya obrazına çevirir.

xxx

Politeizmdən monoteizmə keçid bəşəriyyətə nə verdi?! Əvvəl Allah çox idi, indi birdir. Bu nəyi dəyişdirir?! Əgər Allah ideyasının mənası, məzmunu dəyişmirsə, çoxallahlıqda olduğu kimi qalırsa, onda təkallahlığın önəmi nədir?! Məsələn, Zevslə səmavi dinlərin Allah ideyası arasında xüsusi fərq yoxdur. Poseydon, Hefest, Apollon… Zevsə tabedirlər, Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil, Rizvan… Səmavi Allaha. Poseydonlar ikinci dərəcəli Allahdırlar, Mikayıllar isə mələk lisanında təxminən həmin funksiyanı yerinə yetirirlər. Zevs yunanca danışır, Səmavi Allah (ivrit, yaxud) ərəbcə. Alahların adı yunancadır, mələklərin adı ərəbcə…

xxx

Din insanların etiqad göstərmələrini onların qarşısında məcburi vəzifə kimi qoyur. Ona görə də ya qorxu, ya da şirnikdirmə vasitələrindən istifadə edir. Vəzifə zorakı qaydada yerinə yetirilir.
“Vəzifə” elə asılılqıdır ki, insan onu könüllü daşımır.
İnsanın könlünə daxil olmayan etiqad yaşanmır, zorən icra olunan vəzifəyə çevrilir.

xxx

Din insanın sevgisini qazanmayıb, onun həyatına soxulub. Ona görə də insanın üzərində Allah xofu yaradıb. Allah xofu insanın ideala olan sevgisini əvəz edib. Mütləqə İnam İnsanın ideala olan sevgisini onun özünə qaytarmaq üçün yarandı. Bu məqsədin gerçəkləşməsi üçün Allahı insanın başının üstündən düşürmək, mütləqiliyi, müqəddəsliyi onun içinə gətirmək gərəkdir. Onda insan var olacaq.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız var olsun!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv