
Öncələr də yazmışdım, – Millətləşmə çox ağır bir sürəcdir. Özəllikcə Türklərdə. Nədən? – Türklərdə ən güclü keyfiyyət azadlıqsevərlikdir. Bu keyfiyyət onlarda güclü döyüşkənlik qabiliyyəti formalaşdırıbdır. Azadlıqsevərlikdən mərdlik, birüzlülük doğur. Çünkü ikiüzlü, namərd olan azadlıqsevər ola bilməz. Türklər bu keyfiyyətlərindən böyük mədəniyyətlər yaradıblar, bu mədəniyyətlərini dünyanın hər yerinə yayıblar. Min ildir adları ilə çağımza kimi yaşayan Oğuz xan, Atilla, Alpərtonqa, Bilgə, Gültəkin, Tonyukuk, Babək…vurğu elədiyimiz özəlliklərin daşıyıcıları olublar. Ancaq nə yazıqlar ki, onların yaratdıqları tarix yazılmayıb. Ona görə də ayrı-ayrı xalqların yazdıqları tarixin içindən axtarılıblar. Bir çox hallarda isə onları danıblar, vurublar, silməyə çalışıblar. Böyük Avesta mədəniyyətini, Doğuya (Şərqə) yürüş edərkən, Makedoniyalı İsgəndərin, 7-ci yüzildən sonra isə Azərbaycanı işğal edən ərəblərin məhv etmələri bəşəriyyətə açıq bir tarixdir.
Ərəblərlə döyüşən Babəkin Xürrəmillik adlı dünyagörüşü vardı. Dünyagörüş ideyasız, fəlsəfəsiz olmur, ancaq ortada ciddi bir şey qalmayıb, çünkü ərəblər məhv ediblər. Xürrəmilikdə ruhun bir bədəndən başqa bədənə köçməsi, içində Şirvin (Qüdrət Tanrısı) gəzdirməsi Göy Tanrıçılığın uzantısı idi. Eləcə də Hürufilik baxışı. Bu baxışın gerçək görsənişi, hərflər aracılığı ilə, Tanrının öyrənilib dərk olunması idi. Ancaq mahiyyəti qədim Türk Pantezmindən qaynaqlanırdı. Bu, Nəsiminin Hürufilik yaradıcılığında açıq-aydın görünür. Ancaq ərəb-islam dünyagörüşünə bağlı insanlar Babəki vurmağa, Nəsimini müsəlmanlaşdırmağa çalışırlar. Hər cür qarayaxmalarla əngəllər yaradıb bu etnosun (türklərin) millətləşmə sürəcinin qarşısını almağa çalışırlar. Türkün adını çəkənlərə, onun dəyərlərini yayanlara olmazın acıq-kin bəsləyirlər. Bəziləri özlərinə Türk adı götürüb dirənişlərini bu ad altında gerçəkləşdirirlər. Onlardan biri Bəxtiyar Tuncay adlı ərəb zehniyyətli şəxsdir. Tarixi uçqunların altından Türk dəyərlərinin, az da olsa, faktlarını yayımlayan ayrı-ayrı insanlarımız var. Bunlara qarşı bəxtiyarlar anındaca hücumlar düzənləyir, “qaynaq göstərin, boş nağılları topluma sırımayın” kimi jestlərlə dəyərlərimizi də, onları yayanlarımızı da aşağılamağa çalışırlar.
Bu millətin içində az da olsa, zəif də olsa millətləşmə sürəci başlayıb. Elə bil qarşıya tikilənlərin başına qar yağır, özlərini pis hiss edirlər. Baxın, “Törə” sözü türklərdən ərəblərə keçmiş sözdür. Tərsliklə (israrla) üzə dayanıb bütün sözlərimizin də, dəyərlərimizin də ərəblərdən gəldiyini yeritməyə çalışırlar.
Sanki bu millət qısırdır, öz sözü, öz düşüncəsi, öz dəyəri olmayıb, ola da bilməz. Bilmək gərəkdir, bütün bəşər xalqları içərisində ən güclü mədəniyyət, dəyər yaratmaq keyfiyyəti türklərə xasdır. O başqa məsələ ki, yaratdıqlarına yiyə durmayıblar. Ona görə də onun-bunun mədəni basqılarının altına giriblər. 7-ci yüzildən (ərəblərin basqılarına uğradığımız çağlardan) adımız, kimliyimiz, şüurumuz, gözümüzün baxarı zədələnibdir. İndiki ərəb zehniyyətçiləri elə düşünürlər ki, elə belə də qalmalıyıq, bu, bizim xoşbəxt qismətimizdir. Özümüzə, öz milli kimliyimizə üz tutmağımız sanki ən ağır suç imiş. Deməli, tarixi qaynaqlarımız yoxdursa, ya da azdırsa, özgələşməyimizlə barışmalıyıq. Tarixi axtarışlar etməyimiz, şərəfli keçmişimizin olmasını bilməyimiz, yeni dəyərlər yaratmağa çalışmalarımız yolverilməzdir, hətta böyük suçdur.
Babəkdən söz açırsan, içindən xəyanət çıxarırlar, Nəsimidən söz salırsan, içindən ərəbçilik çıxarırlar, Şah İsmayıl xaindir, Atatürk pisdir i.a. Necə hər yolu qullanıb bu millətin toparlanmasına əngəl olurlar. Məncə, bütün bu məsələlər Milli dövlətimizin olmamasına görə asan yeriyir. Yenə sosisal şəbəkələrdə milli tərpənişlər, milli dirənişlər, az da olsa, var. Dövlətin strukturları, televiziyaları isə milli kimlik şüurumuzu məhv etməyə köklənibdir. Ancaq hər addımda gözümüzə “inkişaf külü” üfürülür.
Millətimizə fəlakətlərdən qurtulmaq, işıqlı Gələcəyə yetmək diləyirəm.
Atamız Var olsun!
14 Şölə Ayı, 47-ci il.