Xaliq Bahadır. Trampın Orta Doğu turnesi

 

ABD prezidenti D.Tramp Orta Doğuya gəldi, qayıtdı. Başında ABD-nin durduğu Böyük Ortadoğu Projesinə uyğun olaraq Orta Doğu illərdi qazan kimi qaynayır. Tramp  birilərinin yazdığı kimi, qaynayan qazanın altını çəkməyə gəlməmişdi- Proje qazancını birbaşa əldə etməyə gəlmişdi. Etdi də: 13-16 may turnesi sonucunda 4 trilyon dolllarla ölkəsinə döndü.
Trampın etdiyini indiyədək hansısa ABD prezidenti etməmişdi. Başqa sözlə, onlar İkinci Açun Savaşından bu yana Amerikanın gözətimi altına keçmiş Ərəb ölkələrindən aldıqlarını, demək olar, gizli əllərlə üstüörtülü almışdılar. Tramp Amerika açmadı, eləcə çoxillik gizlini kəsinliklə açıb ortaya qoydu. Bu isə yalnız Ərəb ölkələrinə deyil, yalnız Orta Doğuya deyil,açunun bütün TƏK ADAM rejimlərinə mesajdır: hakimiyətinizi itirmək istəmirsizsə, xalqdan oğurladıqlarınıza Amerikanı ortaq etməlisiz!

Budur bir sıra müxalifət öncülərimizin gecə-gündüz öydükləri “Yeni dünya düzəni”.

Qəzzədəki sayı 50 mini aşan qırğınlara səsini çıxarmayan, ərəb-müsəlman qardaşlarına yardım əlini uzatmayan Ərəb dövlət başçıları Trampa daha çox pul vermək üçün yarışa girdilər. Qətər dövləti 1,5 trilyon, Birləşmiş Ərəb Əmirlikləri 1,4 trilyon verdi. Səudlar yığımı 4 trilyon dollara çatdırdılar.

Tramp beləcə Orta Doğudan yüksək qazancla qayıtdı. Qayıtdıqdan sonra belə bir gözlənilməz bildiridə bulundu: “Amerika dahademokratiya yaymayacaq, yad kültürləri dəyişməyəcək, öz sınırlarını qoruyacaq”. Trampın bu bildirisiylə bağlı bizdək Amerika aşiqlərinin reaksiyalarını, yozumlarını görmək istədim, görmədim.

Amerikanın dönməz demokratiya yayıcılığı ilə bağlı onların yeni hansı yalanlarla çıxış edəcəklərini bilmək istədim. Susdular. Ola bilsin, indiyədək olmuş bir sıra qarşılıq yazılarına görə. Onlar illərlə Amerikanın dönməz demokratiya yayıcılığı ilə bağlı yalançı yazılar yazdılar. Yüksək yalanlara görə yüksək də bəyəni qazandılar. Mənsə, 20-30 bəyəni qazanan gerçəkləri yazdım.

İllərlə hakimiyətin yalanlarına dözməyən mən müxalifətin də yalanlarına dözümsüz olduğumdan məni “müxalifətin müxalifəti” olmaqda suçladılar. Keçmiş yoldaşlar, məni bağışlayın: mən hakimiyətdə olanda da kəsinliklə yalana qarşı olmuşam, sistem müxalifətində olanda da, sistemdənqıraqmüxalifətdə də yalana qarşıyam. Biləsiniz: belə davranışlar göstərişlə olmur, ideala bağlılıqla olur! İnanın, bilsəm, yalan mənim sevgili Ulusuma, Ölkəmə, Dövlətimə azacıq uğur qazandırar, ailə tərbiyəmdən qırağa çıxaraq mən sizdən qat-qat artıq yalançı olaram. Ancaq, bilirəm, yalanla gedilən yolun sonu yolsuzluqdur…

Gələk Trampın dediyinə: “Amerika demokratiya yaymayacaq”. Yaddaşınızı qurdalayın, görün Amerika Sovetlər dağılandan bu yana harada demokratiya qurub? Bəlkə, Qafqazda, bəlkə, Türküstanda, bəlkə, az qala yüz ildən bəri ağalıq etdiyi Orta Doğuda? Bəlkə, bəlkə…

Amerikanın indilik sonunci “əl işi” Suriyadır. Orada nə etdi? Başına 10 milyon dollar qoyduğu Məhəmməd-Əhməd- əl Colani- əl Şəranı başa çıxarıb… özü üçün şəriət dövləti qurdu.

Amerikanın faciəsi Teodor Drayzerin yazdığı “Amerika faciəsi”ndən qat-qat artıq içindəki demokratiyanı dışında sümürgəçi imperializmə dönüşdürməsindədir.

Tramp: “… yad kültürləri dəyişdirməyəcək…” deyir. Bu, Amerika başda olmaqla  imperialist güclərin yardımıyla qurulan Tək Adam rejimlərinin (“yad kültürlərin”) dəyişməz qalacağı deməkdir. Nə üçün? Gerçək hökuməti, gerçək parlamenti, gerçək məhkəmə-hüquq sistemi olmayan belə rejimlərlə əməkdaşlığın imperialist güclər üçün daha əlverişli olduğu üçün!

Kor-kor, gör-gör: gəldi, ölkəsinin var-yatırına təkbaşına yiyələnmiş dövlət başçılarını bağlı qapılar ardında 4 trilyon dollarlıq “tərlədib” getdi. Hakimiyəti itirmək qorxusundan kimsənin cınqırı daçıxmadı.Çıxardı, adına “yeni dünya düzəni” deyilən mexanizm avtomatik işə düşərdi. Onunla birgə onlar da “işə” düşərdilər- bölgədəki “gözü çıxan” qardaşlar kimi…

Amerikalı diplomatdan soruşmuşdular: “Nəyə görə hər yerdə çevriliş olur, Amerikada olmur?” Diplomat “ürəyiaçıqlıqla” demişdi: “Amerikada Amerika elçiliyi yoxdir, ona görə”.

Tramp sonda Amerikanın “… öz sınırlarını qoruyacağını” deyib.Burası qaranlıq qalır: Amerikanın sınırları harada başlayır, harada qurtarır? Bir çox görsənişlərdən Amerikanın sınırlarının Çinədək uzandığı görülməkdədir. Bunun adı isə, yanılmıramsa, Amerikanın özünüqoruma (başqa sözlə, sınırlarını qoruma) Doktrinasıdır.Bir çağlar Rusiya prezidenti Putin də oxşar doktrinlə çıxış etmişdi, ancaq, bir qazanda iki qoçun başı… qaynamaz oldu! O çağdan bu çağa anlamazla qanmazın vurçatlasın savaşı gedir…

Ayrıca olaraq Amerikanın Orta Doğu politikasına gəlincə, keçmiş dövlət katibi Kondoliza Raysın da dediyi kimi, Amerika 80 ildən bəri oradaimperialist çıxar güdükləriylə, əlverişli rejimlər biçimləməkdədir.İraq parçalanıb, Liviya parçalanıb, Suriya parçalanıb, qalan Türkiyə ilə İrandır. İraqla Suriyadan sonra onlarda da üçüncü, dördüncü Kürdüstan senariləri BOP düzəninə uyğun gerçəkləşdirmə dönəmindədir…

Trampın Türkiyə Böyükelçi olaraq atadığı, eləcə də Suriya təmsilçisi olaraq görəvləndirdiyi keçmiş bankir dostu Tom Barak da Orta Doğu ilə bağlı Batının yeni doktrinasını açıqladı: “Batının bölgəni, eləcə də Suriyanı bölməsi nəsillərə mal oldu, biz bu yanlışı etməyəcəyik. Batılıların işə qarışma dönəmi qapandı. Türkiyənin, Körfəz ölkələrinin, Avropanın yanındayıq”. Belə bir qarış-quruş, qaranlıq açıqlama!

ABD-nin çoxillik imperialist politikalarını izləməyənlər, oxuyub öyrənməyənlər Trampa da, onun Türkiyə, Suriya görəvlisi Tom Baraka da ürəkdən inanıb sevinə bilərlər: “Amerikanın- Batılıların işə qarışma dönəmi qapandı” deyə. Üstəlik, ardından: “Türkiyənin, Körfəz ölkələrinin, Avropanın yanındayıq”  vurğusu gəlir. Belə yerdə birisi Əzrayıla “balama dəymə” demişdi.

Bütün bu söyləmələrlə yanaşı, BOP olduğu kimi qalır. BOP-a uyğun olaraq   Türkiyə Ərdoğanın əliylə içdən dağılma durumuna gətirilir, ABD-nin Suriyada yaratdığı, yüksək düzəydə donatdığı 100 minlik “Kürdüstan ordusu” düyməyə basılma anını gözləyir.

ABD-nin 44-cü prezidenti demokrat Barak Obama 2009-cu il Qahirə çıxışında Trampdan da, Tom Barakdan da daha dərinlərə gedərək, 1953-cü il İran olayları içində olmaqla, Amerikanın “yanlış” politikalardan qaynaqlanan çevrilişlər yoluyla Orta Doğunu yaman günə qoyduğunu bildirmişdi.

Obama iki dönəm prezident oldu, Nobel Barış Ödülü alaraq dönəmini başa vurdu. Nə oldu? Başqa bir dönəmdə deyil, Obamanın prezidentliyi dönəmində adına “Ərəb yazı” deyilən bir qurğu ardıcıl çevrilişlər yoluyla Orta Doğuda böyük qırğınlara nədən oldu. Bütün bunlara görə istər-istəməz düşünməli olursan: “Amerikianı kimlər yönətir: prezidentlərmi, prezidentlərin arxasındakı imperialist gücmü?”İstər Demokratlar, istərsə də Respublikaçılar dönəmində Demokratik dəyərlərin imperialist çıxarlara yenilməsi gerçək gücün danılmaz göstərgəsidir. O üzdən Amerikanın istər Demokrat, istərsə də Respublikaçı prezidentlərinin dedikləri ilə etdikləri çox da üst-üstə düşmür. Belə bir  nədənlə də Amerikanın başlıca missiyası olaraq bildirilən demokratiya yayıcılığından daha çox antidemokratik rejim yayıcılığına, Tək Adam rejimləriylə əməkdaşlığa üstünlük verilir. Oxşar davranış Avropaya da özgüdür. Bu baxımdan bizim müxalifətin Amerikaya, Avropaya yönəlik“Allahdan buyruq, ağzıma quyruq” istəkli demokratiya umacağı bütünlüklə yersizdir: ən azı, Tanrının  Azərbaycana bol-bol verdiyi qaynaqlar(minerallar) tükənənədək…

“Amerika gələcək, Avropa gələcək, demokratiya gətirəcək” kimi yalanlarla oyalanınca özümüz əl-ələ verib öz gələcəyimiz üçün çalışmalıyıq. Demokratiyanı isə Ölkəmizdən öncə özlüyümüzdə- düşüncəmizdə, davranışlarımızda doğurmalı, doğrulamalıyıq.Burasını da bəlli bilməliyik: az-çox demokratik partiyaları özgüdükçü düşüncələri, özəl istəkləri üçün avtoritarizmə dönüşdürmüş qondarma liderlərlə demokratiya gəlişəcək, genişlənəcək duruma gələsi deyil.Bir daha vurğulayıram: Azərbaycan kimi toplumlarda gerçək öndər-gerçək lider olaraq demokratiyanı doğurmaq, doğrulamaq gərəkir: yüz il öncə Azərbaycanda Məhəmməd Əmin, Türkiyədə Atatürk bunu etmişdi.

Partiya gücündən dövlət gücünədək: doğurmaq, doğrulamaq- işin çətini də, başlıca gərəkən də budur!

Gerçək Demokratiya ilə gerçək Özgürlük isə istər partiyada, istərsə də dövlətdə Demokratiyanın dörd Özül Prinsipinin oluişduğu yerdə olur. O Prinsip kvartetinin bütünlüklə gerçəkləşmədiyi yerdə yalnız Tək Adam rejimli yalançı-aldadıcı demokratiya olur!

Belə yerdə, Məmməd Araz demiş: Ayaq saxla, çevrənə bax, ötəri belə…

Doğru gözüylə baxsan (baxa bilsən), gerçəyi görəcəksən!

Son olaraq. Avtoritar rejimləri, başqa sözlə, Tək Adam rejimlərini yapay-saxta seçkilər yoluyla illər uzunu ayaqda tutan imperialist güclər ölkə qaynaqlarına, o qaynaqlardan gələn gəlirlərə rejimlə birgə yiyələnərək sümürgəçi ortaqlıq yaradırlar. Avtoritar rejimləri güclü tutan başlıca etkənlik o ortaqlıqdır. Ortaqlığın hansı nədənlərdənsə pozulduğu yerdə avtoritarizmin çöküşü başlayır…

Ancaq başlıca qurtuluş yolu gerçək liderlərin yön verəcəyi Ulusal Dirənişdir!

Sözardı

Müxalifətimizin bəlli bir kəsiminin demokratiyanın İsa Məsihi olacaq biri kimi dəyərləndirdiyi Tramp bugünlərdə dedi: “Azərbaycanla neft-qaz tərəfdaşlığından məmnunuq”. Tramp üçün ( bütünlükdə anqlosakslar üçün) neft-qaz ölkəsi Azərbaycan demokratiya potensialından uzaq Ərəbistanın bir parçası yerindədir.

03.06.2025

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv