Xaliq Bahadır. Amerika gələcək…

Gerçək bir müxalifətçi dostumuz Rusiya-Ukrayna savaşı başlayandan tez-tez yazırdı: “Ukraynada savaşı bitirəndən sonra Amerika Güney Qafqaza, o sıradan Azərbaycana demokratiya gətirəcək”. Bir gün dözməyib ona kiçicik bir yanıt yazısı yazdım: “Amerika 1990-ların o başından Azərbaycandadır. Amerikaya Azərbaycanda demokratiya gərəksəydi, Amerika Azərbaycanda demokratiya olmasını istəsəydi, Azərbaycanda çoxdan demokratiya olardı. İstəmədi, olmadı”.
O dostumuz yapay suçlama ilə tutulub, türmədədir. Prof.Dr. Qubad İbadoğlu yapay suçlama ilə tutuqlananda ABD elçiliyi belə bir basmaqəlib bildiri yayımladı: “Qubad İbadoğlunun tutulmasını diqqətlə izləyirik”. Sözsüz, ABD elçiliyi o dostumuzun da tutulmasını “diqqətlə izləyir”, üstəlik, “dərin narahatlıq” keçirir. Özü də təkcə ona görə deyil, onun kimi yapay suçlamalarla tutulan bir çox başqa müxalifətçilərə görə də.
Ölkədəki sonu görünməyən qanunsuz politik tutuqlamaları biz də izləyirik, Avropa, Amerika da izləyir. Biz antidemokratik, korrupsioner rejim üzündən üzüntülü yoxsulluq içində izləyirik, onlar antidemokratik, korrupsioner rejimlə sümürgəçi sıx əməkdaşlıq içində izləyirlər!
Bugünlərdə Azərbaycanla Çin arasında əməkdaşlıq bağlaşmaları bağlandı. Bunun ardından ABD Konqresi Azərbaycanda demokratiya, özgürlük, insan hüquqları, ayrıca olaraq “çoxsaylı siyasi dustaqlarla” bağlı “dözülməz” durumu gündəliyə daşıdı. Bütün belə çağlarda olduğu kimi, müxalifətimiz “Amerika gələcək” sevinciyə yekə bir yazı yayımladı. Müxalifətçilərimiz ölkə boyu tökülüşüb yazıya bəyəni plan-öhdəliyini bircə günün içində artıqlamasıyla yerinə yetirdilər. Başqa buna bənzər gerçəkçi yazılarım kimi mənim bu yazımı da üç-beş gün sonra belə uzaq başı 20-30 bəyənən olacaq.
Bir cəbhəçi böyük sevinc duyğusuyla mənə yazır: “Baxın, sizin yazılarınızı oxuyan yoxdur…” O yazıq cəbhəçi nə bilsin: bir çağlar “Azadlıq”da mənim bu tip (başqa sözlə, gerçəkçi) yazılarımı yasaqlayan biriləri indi “bəyəni” yasaqına əl atıblar…
Yazılarımın necə bir istəklə oxunduğunu ən azı qulağıma gələn pıçıltılardan bilirəm. Hakimiyətdə olduğu kimi, müxalifətdə də boğucu havadan doğan gerçəklik çatışmazlığı olduğunu gözəl bilirəm. Sovet dönəmindən ardıcıllıqla demokratiya, özgürlük savaşı aparan birinə bunları ayrıca anlatmağa gərək yoxdur!
Görə-görə gələnə göstərgə gərək deyil.
Amerikanı kim haracan istəsə, lap sonsuzluğadək (istəsə, Trampın özünədək) sevə bilər, ancaq xalqı “Amerika bizə demokratiya gətirəcək” deyə sonsuzluğadək aldatmaq istəyi yolverilməzdir. Müxalifətin ən güclü çağlarında belə yanlış yol tutulduğu üçün indiki acınacaqlı sonuca varıldı. İllərlə Amerikanın, Avropanın bizə demokratiya gətirməyəcəyini yazdım, “Azadlıq”dan üzübəri çoxsaylı yasaqlarla üzləşdim. Biriləri ulusal çıxarlar üçün deyil, öz çıxarları üçün Amerikanın, Avropanın bizə demokratiya gətirəcəyi yönündə propaqanda cəbhəsi oluşdurdular. Amerikanın, Avropanın Türk-müsəlman ölkələri üçün demokratiyası olmadığını dönə-dönə yazdım.
Mənim çoxillik inancıma görə, demokratiya bizim içimizdə doğulmalı, içimizdə boy atmalı, içimizdən ölkəmizi sarmalıdır. İçdə (partiyalarda) demokratiyanı boğanlar ulusu aldadaraq qıraqdan demokratiya gözləməyə yönəltdilər: “Amerika gələcək, Avropa gələcək demokratiya gətirəcək”.
Az qala qırx ildir SSRİ dağılıb, bu uzun sürədə bəlli Avropa coğrafiyasından qıraqda bir dənə də demokratiya qurulmayıb. Nədən? Sümürgəçi imperializmə belə gərəkdiyindən! Onlara gərəkən odursa, sənə də gərəkən Çağdaş Demokratik Hüquq Dövləti qurmaqla özünü qorumaq, özünü yaşatmaq olmalıdır. Gözümüzün önündə Amerika Orta Doğuya gəldi, nə oldu? Antidemokratik, Tək Adam rejimli dövlətlər: İraq, Tunis, liviya, Suriya… bir-birinin ardınca darmadağın edildi, var-yatırına əl qoyuldu. Orta Doğuda toplam 11 milyon adam qırıldı. Hamısı da demokratiya qurmaq üçün deyil, imperialist çıxarlar üçün…
Sırada İranla Türkiyə…
ABD-nin ən azı son yüz illik keçmişini bilmək gərəkdir: ABD Güney Amerikada nələr etdi, hansı rejimləri qurdu, hakimiyət başına gətirdiyi diktatorlara necə arxa durdu. O geopolitik çıxarlara bağlı antidemokratik davranışlar üzündən ABD xalqların gücüylə çoxdan Güney Amerikadan çəkilmiş durumdadır.
ABD İkinci Dünya savaşından sonra özünün ordu bazası ilə Səudiyə Ərəbistanına yerləşdi. O çağdan bu çağa orada demokratiyanın cücərtiləri belə baş verməyib.
ABD 1946-cı ildən özünün ordu bazasıyla Türkiyədə yerləşmiş durumdadır. ABD uzun sürəli yerləşim dönəmində Türkiyədə nə etdi? ABD İngiltərə ilə birgə politik islam (siyasal islam) düzəni uyğulamaq üçün Tayyib Ərdoğan, Abdullah Gül kimilərini hakimiyətə gətirərək Atatürkün qurduğu demokratik, laiq Türkiyəni demokratiyanın, laiqliyin itirildiyi ölkəyə dönüşdürdü.
Bu gün Türkiyədə demokratiya yolçularına açıq bir yol varsa, o… türmə qapılarıdır. Politiklər, hqquqçular, jurnalistlər, öyrəncilər, bir sözlə, demokratiya, qanunçuluq yolçuları bir ucdan tutuqlanıb türməyə göndərilir. O sıradan, Zəfər Partiyasının Başqanı Prof.Dr. Ümid Özdağ. Yapay suçlama ilə tutuqlanan Ümid Özdağa, gerçək suç görsənişləri olmadığından, yalnız tutuqlanandan 72 gün sonra beş il öncəki çıxışları ilə bağlı “iddianamə” irəli sürüldü. Bu fakt 23 illik Ərdoğan dönəminin Türkiyəni necə bir acınacaqlı hüquq sisteminə gətirib çıxardığının parlaq görsənişlərindəndir.
ABD Böyükelçiliyinın görəvlisi Nancy Mc Eldowayn Türkiyədə Ərdoğan rejiminin ölkədə hüquq sistemini acınacaqlı duruma gətirdiyindən danışmaq yerinə dolayısıyla Ərdoğana arxa duraraq tutuqlu Ümid Özdağı belə tanıdır: “Tərs, uzlaşmasız, aqressiv milliyətçi”. Sözsüz, ABD diplomatının bu “öygüsünü” Ümid Özdağın tutulma nədəni qazandırıb. Ü.Özdağ Ərdoğanın eş başqanlığında BOP dövlətlərinin Türkiyəyə yönəlik tuzağı ilə bağlı açıqlamalarda bulunurdu.
Tərslik, uzlaşmasızlıq, milliyətçilik nədədir? Prof.Dr. Ümid Özdağın uzaqlardan yönətilən, Türkiyəni içindən yenib parçalamağa yönəlik Apo açılımına, sığınmaçı politikalarına, eləcə də Ana Yasa dəyişkliyinə kəsinliklə qarşı çıxmasında, bütün bunlardan dolayı dönməz barışmazlıq sərgiləməyində. Bunlar hamısı bir yerdə gerçək liderə özgü yurdsevərlik görsənişləridir!
Ümid Özdağın bir suçu varsa, o da Baxçalı kimilərinə qoşulub Ərdoğançılıq yapmamasıdır. BOP dövlətlərini ilgiləndirən demokratiya deyil, Ümid Özdağın antiTürkiyə Projesinə qarşı sərgilədiyi duruşdur. Belə “qlobal” Projelərdə İnsan hüquqları keçərsiz olur!
Çinlə əməkdaşlıq bağlaşmasından sonra Konqresdə rejimə yönəlik təpkilərdən dolayı yazırlar: “Azərbaycandakı dözülməz antidemokratik durumla bağlı Konqresdə dinləmələr, nələr olacaq”. Ancaq işlərinə gəlmədiyindən yazmırlar: Konqresdə indiyədək Azərbaycandakı antidemokratik durumla bağlı neçə yüz hay-küylü dinləmələr olub. Dinləmələr, ritorik təpkilər, sonra da xalça altından gizli uzlaşmalar- ortada otuz ili aşan belə bir demokratiya-antidemokratiya oyunu…
Unutmamalıyıq: Qurucu babalarımız yüz il öncə islamdan öncəki Türklük dəyərlərindən, Türk gələnək-görənəklərindən yararlanaraq Amerikaya, Avropaya örnək demokratiya qurdular. İçimizdə o nüvədən varsa, biz də oxşar yol tuta, oxşar quruluş, oxşar yöntəm qura bilərik.
Son söz Bilgə xaqan deyəndir: Ey Türk Ulusu, özünə dön, sən özünə dönürkən böyük olursan!..
P.S.Aprelin 29-da ABD Konqresində “Azərbaycanda insan hüquqları” adına dinləmələr olub. Bəlli olduğu kimi, Konqresdə indiyədək Güney Azərbaycanla da bağlı oxşar dinləmə-söyləmələr olub. Amerika-İran ilişkiləri pisləşincə ortaya Güney Azərbaycan sorunu atılır, Tehranla anlaşma-düzəlişmədən sonra sorun “çözülmüş” olur. Bizsə abdallar kimi o dinləmə-söyləmələrə aldanaraq sevincək oluruq…
30.04.2025

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv