Bu gün ünlü şair, “Bulaq” xalq yaradıcılığının yaradıcılarından biri Tahir Talıblının doğum günüdür. Ona sağlam ömür, könül xoşluğu diləyirik.

 

“Əyri – Düz”

Rəhmətlik Paşa dayımın sözüydü:
“Əyri dünyada, düz axtarma

İçim səhvlərnən hörülü,
Səf-səf səhvlər naxış oldu.
Nə axa-axa duruldu,
Naxış özü, yanlış oldu.

Düz görmədim əyri yöndə,
Hər yanda bir ayrı gördüm.
Ayrı yöndə, ayrı donda,
Hər üzdə bir əyri gördüm.

Hər şey dəyişdi içimdə,
Gur axan çaylar qurudu.
Nə nişanda, nə biçimdə,
İçimdə sirrər qarıdı.

Atam İslama demədim,
Anam Havadan gizlədim.
Daha gücüm çatmır, Allah
Daha nəvədən gizlədim.

Daha gücüm çatmır, Allah
Daha belə yaşamağa,
İçimdə ölən adamın
Cəsədini daşımağa.

Hər şey bitər, yetər, ancaq
Nə qəbir var, nə başdaşı.
Bir başdaşı isladacaq,
Nə gözlərimdə göz yaşı.

Sevgilər də keçər, ancaq
Nə iz qalar, nə baş daşı.
Bir başdaşı isladacaq,
Nə gözlərində  göz yaşı.

Olacaqlar oldu getdi,
Ya yaz gəldi, ya qış getdi.
Dostlar çoxu öldü getdi,
Çoxu da ölməmiş getdi.

Hər şey dəyişdi içimdə,
Gur axan çaylar qurudu.
Bu nişanda, bu biçimdə,
İçimdə dərdlər qarıdı

Heç görmədim ayrı yöndə,
Hər yanda bir ayrı gördüm.
Ayrı yöndə, ayrı donda,
Hər üzdə bir əyri gördüm.

Əlləriynən tikan yolan,
Çiynində duz daşıyan –
Əyri-əyri səhvləriynən,
Bir Kişiydi
Düz yaşıyan.

Tahir Talıblı

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv